Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1469/2023 04.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:15 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 2004-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Üçtəpə kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamin əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 9,815 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək hər birində 5,392 qram və 4,423 qram olmaqla iki bükümdə qablaşdırıb üzərində qanunsuz saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 18 noyabr 2022-ci il tarixdə saat 17:00-da ünvan 1 ünvanının qarşısında saxlanılmış, Baş İdarədə xidməti otaqların birində saat 19:20-dən etibarən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən onun qanunsuz olaraq əldə etməklə saxladığı 02 ədəd bükümdə külli miqdarda - ayrı-ayrılıqda çəkiləri 5,392 qram və 4,423 qram olmaqla ümumi təmiz çəkisi 9,815 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, evin tək uşağı olmaqla ətir mağazasında işləyərək 600 manat maaş almış, xəstə anasına və evə kömək etmişdir. Demək olar ki məsciddə böyümüş, namaz qılmış, mərsiyə demişdir. Heç vaxt narkotik vasitə istifadə etməmiş, narkotik aludəçiləri ilə oturub-durmamışdır. 10 noyabr 2022-ci il tarixdə sosial şəbəkədə “Hacı Taleh qardaşımıza azadlıq” adlı video çəkib paylaşmışdır. Üstündən səkkiz gün keçəndən sonra Lökbatan qəsəbəsində dostu ilə birlikdə məhəllələrində olarkən dörd nəfər mülki geyimli şəxs özlərini təqdim etmədən dostunu qırağa çəkmiş, ona isə təzyiq göstərərək maşına atıb aparmışlar. Sonradan həmin şəxslərin «banditizm»in polis əməkdaşları olduğunu, onu da həmin idarəyə apardıqlarını bilmişdir. İdarədə ona “bu videonu sən çəkmisən? bu videoya görə gedərsən Hacı Taleh qardaşının yanına” deyə bildirmişlər. Polis əməkdaşları ona “ya silah götürməlisən, ya vətən xaini olmalısan, ya da cibinə narkotik qoymalısan” demişlər. Polis əməkdaşları özləri vəkil çağırmışlar və videoçəkilişlə onun üzərinə axtarış keçirmişlər. Axtarış zamanı onun üzərindən telefon, daraq və 10 manat pul aşkar etmişlər. Həmin vaxt polis əməkdaşı ondan narkotiki götürüb cibinə qoymasını tələb etmiş, o da narkotiki sağ yan cibinə qoymuşdur. Ona şiddət göstərmişlər və dişi sınmışdır. Bədənindəki izlərin itməsi üçün onu on gün zirzəmidə saxlamışlar. Onu zirzəmiyə salandan sonra nəsə bir vərəq gətirərək imzalamasını tələb etmişlər. Həmin vərəqdə nə yazıldığını oxumağa imkan verilməmiş və o, məcbur qalıb həmin vərəqi imzalamışdır. Ona görə də məhkəmədən bu məsələlərin diqqətə alınmasını və işinə obyektiv baxılaraq ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, habelə ilkin təhqiqat mərhələsində verdiyi izahatında göstərmişdir ki, o, arada psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Bir neçə gün öncə yaşadığı ünvana yaxın yerdə yolun kənarı ilə gedərkən oraya qoyulmuş və səliqəli şəkildə bükülmüş iki ədəd büküm olduğunu görmüşdür. Həmin bükümlərin yolun kənarında olması onun diqqətini cəlb etmiş, həmçinin o narkokuryerlərin narkotik vasitələri bu cür heç kimin şübhələnmədiyi yerlərə qoyması barədə eşitmişdir. O, gedib həmin bükümləri götürüb içərisinə baxdıqda bükümlərdə psixotrop maddə “şüşə” olduğunu görmüşdür. Həmin bükümləri götürüb üzərində saxlamış və daha sonra həmin bükümlərdəki psixotrop maddəni istifadə etməyi planlaşdırmışdır. O, psixotrop maddə metamfetamin istifadə etmiş, lakin bu maddələrin satışı ilə məşğul olmamışdır. 18 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində ünvan 1 ünvanının yaxınlığında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, səmimi olaraq etiraf edib üzərində metamfetamin olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Baş İdarəyə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Baş İdarədə müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, o, buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd sellofan bükümü, əynində olan gödəkçənin sol iç cibindən “İphone” markalı mobil telefonu, gödəkçənin sol yan cibindən 01 ədəd darağı masanın üzərinə qoymaqla təqdim etmişdir. Üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 10 manat pul və şalvarın sol arxa cibindən əlavə 10 manat pul aşkar edilmişdir. Təqdim etdiyi bükümlər açılarkən içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sonra aşkar edilmiş bükümlər bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən başqa hər hansı əşya aşkar edilməmişdir. Aşkar edilmiş “İphone” markalı mobil telefon götürülmüş, 20 manat pul sübut əhəmiyyəti kəsb etmədiyindən ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını, istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O, əməlini səmimi olaraq etiraf etmiş, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O, aşkar edilmiş psixotrop maddəni tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bir neçə aydır psixotrop maddə metamfetamindən istifadə etmişdir. Onun üzərində psixotrop maddə olması barədə başqa şəxslərin məlumatı olmamışdır (cild 1, iş vərəqə 37-38, 58-60, 73-75). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 18 noyabr 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 18 noyabr 2022-ci il tarixli qərar qəbul edilmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3 və özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 1 ünvanına yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar 18 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 1 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə 25 saylı Vəkil Bürosunun vəkili X3 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və ona müdafiəçisi ilə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Sonra sonuncu şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində metamfetamin olduğunu bildirib əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd sellofan bükümü, əynində olan gödəkçənin sol iç cibindən “İphone” markalı mobil telefonu, gödəkçənin sol yan cibindən 01 ədəd darağı masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 10 manat pul və şalvarın sol arxa cibindən əlavə 10 manat pul aşkar edilmişdir. Təqdim edilən bükümlər açılarkən içərisində psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Aşkar edilmiş bükümlər bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən başqa hər hansı əşya aşkar edilməmişdir. Aşkar edilmiş “İphone” markalı mobil telefon götürülmüş, 20 manat pul sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamini yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını, istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış psixotrop maddəni satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 18 noyabr 2022-ci il tarixli protokoldan və həmin prosessual hərəkətin videogörüntüsünün köçürüldüyü DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən onun əynində olan şalvarının sağ yan cibindən iki ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 31-33). Məhkəmə-kimyəvi ekspertizasının 19 noyabr 2022-ci il tarixli 6/6647 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün N26” möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən ...” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,392 qram və 4,423 qram, ümumi təmiz çəkisi 9,815 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in Siyahısına (Siyahı 1) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 9,635 qram təşkil etmişdir (cild 1, iş vərəqə 43-47). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 aprel 2023-cü il tarixli 2042 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 185-186). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarı ilə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirinin aparılması barədə 18 noyabr 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqə 116-117). Cəlilabad rayon Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunaraq göstərilmişdir ki, kənddə yaşadığı müddətdə qonşuları ilə mehriban və səmimi olmuş, onun barəsində ərazi nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqə 157). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 140-141). Məhkəmə istintaqının gedişində müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən hər hansı xəsarətinin olub-olmamasına dair müvafiq sorğu göndərilmiş və həmin sorğuya Bakı İstintaq Təcridxanası tərəfindən 21 avqust 2023-cü il tarixli 3-16-17/38/2-5757/2023 saylı məktubla cavab verilmişdir. Həmin cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı onun bədənində xəsarətlər aşkar olunmamışdır. Bakı İstintaq Təcridxanasının həmin cavabına əlavə edilmiş tibbi kitabçanın surətindən də müəyyən olunur ki, təcridxanaya daxil olarkən Təqsirləndirilən şəxs bədənində heç bir xəsarət olmamışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, “… aşkar olunmuş psixotrop maddə metamfetaminin külli miqdarda olması və iki ədəd bükümdə qablaşdırılmış halda olması olması Təqsirləndirilən şəxs həmin psixotrop maddəni satış məqsədilə əldə edib saxladığına dəlalət edir” kimi əsassız qənaətə gəlmişdir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş psixotrop maddənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddəninin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən əlavə mötəbər sübutların ədə edilməsi məqsədilə onun istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin sahibinin tam anket məlumatlarının, 01 noyabr 2022-ci il tarixdən 18 noyabr 2022-ci il tarixədək bu nömrəyə daxil olan və çıxan zənglərin siyahısının, bu telefon danışıqlarının hansı stansiyadan ötürülməsi barədə antenn məlumatlarının, qəbul olunan və göndərilən SMS-lərin siyahısının, SMS mətnlərinin, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən telefonla aparılan danışıqların və məlumatların "xxxx" MMC-dən götürülməsi barədə vəsatətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 14 fevral 2023-cü il tarixli qərarı ilə vəsatət təmin edilmişdir. "xxxx" MMC-nin 15 mart 2023-cü il tarixli məktubu ilə yuxarıda qeyd olunan məlumatlar CD disk şəklində təqdim edilmişdir. Həmin diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı cinayət işi üzrə əhəmiyyətli hallar, psixotrop maddənin satışı barədə danışıqların aparılması müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “İphone” markalı mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilərkən də cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar olunmamışdır (cild 1, iş vərəqə 93, 134-137, 142-144, 173-175). Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində onun üzərində tapılmış psixotrop maddənin - maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, satışla bağlı ittihamı qəbul etməyərək özünü qismən təqsirli bilməklə psixotrop maddəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 9,815 qram qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi, şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxs psixotrop maddəyə aidiyyəti barədə məlumatı əldə etmiş və psixotrop maddənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları da ifadələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış psixotrop maddəni satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmadığını göstərmişlər. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı psixotrop maddənin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin yalnız iki bükümdə və külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X4rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin ona heç bir aidiyyatının olmamasına, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən onun üstünə qoyulmasına, polis əməkdaşları tərəfindən ona qarşı təzyiq göstərilməsi, habelə döyülməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülərək müxtəlif xəsarətər alması, etmədiyi cinayətin zorla boynuna qoyulması barədə şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmiş, Nərimanov rayon Prokurorluğunun 11 mart 2023-cü il tarixli qərarı ilə onun şikayət ərizəsinə dair toplanmış yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqə 158-159). Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müqavilə üzrə onun hüquqlarını müdafiə etmiş müdafiəçisinin imzası ilə təsdiq olunmuş ərizə ilə istintaq orqanına müraciət edərək onu yaxalayan polis əməkdaşları ilə üzləşməkdən imtina etdiyini bildirmişdir (cild 1, iş vərəqə 204). Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məsləyə baxılarkən da Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına bildirdiyi mövqeni təkrarlamış, yəni məhkəmədə də özünü qismən təqsirli bildiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan külli miqdarda psixotrop maddə olan metamfetamin əldə etməsinə dair ibtidai istintaqın ilkin mərhələsində dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşlarının narkotik vasitəni üzərinə götürüb etirafına nail olunması məqsədilə ona qarşı zorakılıq tətbiq edilməsi nəticəsində aldığı xəsarətlərin izlərinin itməsi üçün «on gün zirzəmidə» saxlanması barədə israrı isə Bakı İstintaq Təcridxanasının yuxarıda şərh olunan 21 avqust 2023-cü il tarixli 3-16-17/38/2-5757/2023 saylı məktubu ilə tam təkzib olunur. Belə ki, həmin məktubdan müəyyən olunur ki, 18 noyabr 2022-ci il tarixdə saxlanmış Təqsirləndirilən şəxs artıq 21 noyabr 2022-ci il tarixdə tibbi müayinədən keçirilməklə Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, ailənin yeganə övladı olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 18 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 21, 82-86). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 9,635 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 44). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 9,635 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1469/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1469/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver