Məhkəmə qərarları › İş №1(101)-1469/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1469/2025

23.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1469/2025 23.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X5 (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 nömrəli yataqxanada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 9,738 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək sellofan kəsikləri, habelə siqaretin gümüşü və qızılı kağızından ibarət 20 ədəd bükümdə qablaşdırıb bir ədəd “Winston” siqaret qutusunda toplayıb üzərində saxlamaqla daşımış, 17 fevral 2025-ci il tarixdə saat 08:30 dəqiqədə Qaradağ Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsində yerləşən 1 nömrəli yataqxananın qarşısında saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 09:45- dəqiqədən etibarən üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol iç yan cibindən qeyd edilən bükümdə qablaşdıraraq bir ədəd “Winston” siqaret qutusunda topladığı, ayrıayrılıqda təmiz çəkiləri 0,072 qr.,0,105 qr.,0,118 qr.,0,112 qr.,0,096 qr.,0,102 qr.,0,186 qr.,0,016 qr.,0,046 qr.,0,095 qr.,0,085 qr.,0,083 qr.,0,075 qr.,0,106 qr.,3,305 qr., habelə dağılmış halda 5,136 qr. təmiz çəkidə, ümumi təmiz çəkisi 9,738 qram olan külli miqdarda kustar üsulla hazırlanmış, külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluqla bağlı məhkumluğu olmuşdur. 2015-ci ilin mart ayından azadlıqdadır. Maddi imkanı yaxşı olmamışdır. Anası və atası xəstədir. 2024-cü ilin əvvəlləri narkotik vasitələrdən istifadə etmişdir. Saxlanılan zaman onun üstündə metamfetamin olmamışdır. O, heç kimdən narkotik vasitə istəməmiş və verməmişdir. Həmçinin narkotik vasitələrlə bağlı heç kimlə telefon danışığı olmamışdır. Səhər 17 fevral 2025-ci il tarixdə, saat 8-9 radələrində işə getməyə hazırlaşan zaman 2 nəfər mülki geyimli polis əməkdaşları və 2 nəfər Post Patrul Xidmətinin əməkdaşları onun evinə basqın etmişlər. Yaşadığı binanın 3cü mərtəbəsindən düşərkən pilləkəndə 4 nəfər onu döymüş, nə baş verdiyini demədən birbaşa ayaqyalın şöybəyə aparmış və axşama kimi orada saxlamışlar. Saat 4 radələrində polis əməkdaşları tərəfindən cibinə narkotik qoyulmuş və telefonla çəkiliş aparılmışdır. Daha sonra narkoloji dispanserə aparılmış, orada narkotik vasitədən bir il bundan öncə istifadə etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı gün ərazidə xidmət edərkən 2 nəfər olmuşlar. Səhər saatlarında Şahlar Əskərov küçəsində Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs onları gördükdən sonra şübhəli hərəkətlər edərək yayınmağa başlamışdır. Yaxınlaşıb suallar verdikdən sonra narkotik vasitənin təsiri altında olmasından şübhə edərək Təqsirləndirilən şəxs 38-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə təhqiqatçı və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən bir ədəd telefon, “Vinston” siqareti, siqaretin içində 6 və 11 ədəd büküm olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün “Patı” adlanan narkotik vasitə olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı gün saat 08:30 radələrində xidmətdə olarkən Şahlar Əsgərov küçəsində 1 saylı yataqxananın qarşısında Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını görüb yaxınlaşmışlar. Təqsirləndirilən şəxs suallar verərək adını, soyadını və nə məqsədlə həmin ərazidə olduğunu soruşmuşlar. Bu suallardan sonra özünü itirərək suallardan yayınmağa başlamış və bir qədər söhbət etdikdən sonra narkotik vasitənin təsiri altında olması şübhəsi yaranmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Şöbədə təhqiqatçı üzərinə baxış keçirmiş və “Vinston” siqareti, siqaretin içində bükümlər aşkarlanmışdır. Sorğu zamanı üzərində aşkarlanan bükümləri öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 1) Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 21-22) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək 17 fevral 2025-ci il tarixdə tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 32-33) şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs kimi tutularaq hüquqları Təqsirləndirilən şəxs izah edilmiş, eyni zamanda ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququ izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə edilmiş və bu barədə ona öncədən bildirilmişdir. Şəxsi axtarış zamanı orada polis əməkdaşları və müdafiəçi X1 iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol iç cibindən “Viniston” siqaret qutusunu, 1 ədəd alışqanı, gödəkcənin sağ yan cibindən üzərində “NAFTİZİN” yazısı olan flakonu və gödəkcənin sağ iç yan cibindən bir ədəd qara rəngli “Honor” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusu açılarkən içərisində 3 ədəd ağ selefona bükülmüş, 6 ədəd siqaretin qızılı kağızına bükülmüş, və 11 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər aşkar olunmuşdur. Həmin bükümlər açılarkən içərisində ağ rəngli, iysiz, duz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən metamfetamin “patı” olduğunu, həmin bükümləri xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 20 yanvar dairəsinin yaxınlığından tanımadığı İran vətəndaşından 70 (yetmiş) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bükümlər məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüş, həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış və 47 saylı möhürlə möhürlənmiş, bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli, “Honor” markalı mobil telefon aparatı istintaqa təqdim edilməsi üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi, üzərində “NAFTİZİN” yazısı olan bir ədəd flakonun qapağı əl ilə burulmaqla açıldığı vaxt içərisindəki mayedən profilaktiki müalicə xarakterli dərman pereparatına bənzər spesifik burun damcısının qoxusu gəldiyi üçün iş üzrə hər hansı bir əhəmiyyət kəsb etmədiyindən həmin flakon Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/724 nömrəli ekspert rəyindən görünür ki,(cild 1, iş vərəqə 38-43) tədqiqata təqdim edilmiş, üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri olan zərf, 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,072 qr.,0,105 qr.,0,118 qr.,0,112 qr.,0,096 qr.,0,102 qr.,0,186 qr.,0,016 qr.,0,046 qr.,0,095 qr.,0,085 qr.,0,083 qr.,0,075 qr.,0,106 qr.,3,305 qr., habelə dağılmış halda 5,136 qr. təmiz çəkidə, ümumi təmiz çəkisi 9,738 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Təmiz çəkisi 9,738 qram olan metamfetaminin tədqiqata 0,160 qram sərf edildikdən sonra qalıq qalan təmiz çəkisi 9,578 qram olmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 50-57) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(002)-41/2025 saylı qərarından görünür ki, (cild 1, iş vərəqə 71-73) Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 122-123) Təqsirləndirilən şəxs götürülmüş 0,072 qr.,0,105 qr.0.118 qr.0.112 gr..0,096 gr.,0,102 qr..0,186 qr..0,016 qr., 0,046 qr..0,095 qr..0,085 qr..0,083 qr..0,075 gr.,0,106 gr3.305 gr., habelə dağılmış halda 5.136 qr. təmiz çəkidə, ümumi təmiz çəkisi 9,738 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut hesab edilmiş, ümumi təmiz çəkisi 9,738 qram psixotrop maddə metamfetaminin ekspert tədqiqatından qalıq 9,578 qr. hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin MSSK-na verilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, (cild 1, iş vərəqə 91-92) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək ona Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə 04 (dörd) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cazəsı təyin edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 04 (dörd) il müddətində azadlıqdan məhrum etmə cazəsı təyin edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 105-108) "xxxx" MMC-nin 06 mart 2025-ci il tarixli, BKCX/LGL-390/25 nömrəli məktubu ilə təqdim edilmiş bir ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, “Mushteri zenglerinin detallashmasi_ MSİSDN_998842695” adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* mobil telefon nömrəsi ilə işləyən mobil telefon cihazı 17 fevral 2025-ci il tarxdə Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində olmuşdur. Mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 109) Təqsirləndirilən şəxs məxsus “Honor X6b” markalı telefon cihazının yaddaşında olan fotoşəkil qalereyasında, eləcədə yaddaşın digər hissələrində, habelə kontaktlar siyahısı, daxil və xaric olan zənglər, SMS bölümlərində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Narkoloji Ekspertizasının xx.xx.2025-ci il tarixli 2600 nömrəli ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 115-116) Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 878 saylı ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 117-119) Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham edilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 124-125) 17 fevral 2025-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirildiyi elan edilmiş və Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa masanın üzərinə qoyması təklif eilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin yaxasını açaraq sağ əlini gödəkçənin iç sol aşağı hissəsinə salaraq bir ədəd ağ rəngli “Winston” siqaret qutusu, bir ədəd alışqan, bir ədəd “Naftizin” dərman flakonu, gödəkcənin sağ iç cibindən isə bir ədəd mobil telefon cihazı çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı siqaret qutusunu açaraq onun içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs onun içrəsində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra siqaret qutusunun içərisində bükümlər olduğu məlum olmuş və təhqiqatçının suallarına Təqsirləndirilən şəxs onları 15 fevral tarixində İran vətəndaşından öz istifadəsi üçün 70 manata aldığını və həmin kütlələrin “patı” adlandırılan narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra bükümlərə ətraflı baxış zamanı bükümlərin 3 ədədinin ağ sellofana bükülü, 6 ədədinin siqaretin qızılı, 11 ədədinin isə siqaretin gümüşü kağızına bükülmüş bükümlərdən ibarət olduğu müəyyən edilmişdir. Baxış zamanı həmin bükümlərdə ağ rəngli, iysiz, duz şəklində kütlələr olduğu aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və heç bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş kütlələr bir ədəd zərfdə qablaşdrılıb, imzalanıb möhürlənərək götürülmüşdür. Proses zamanı Təqsirləndirilən şəxs müdafiəçinin aşkar edilmiş kütlələrin onun üzərindən çıxıb-çıxmadığı, eləcədə polis əməkdaşları tərəfindən hər hansı bir zorakılıq, yaxud təsirə məruz qalıb-qalmaması barədə suallarına içərisində kütlələr olan bükümlərin həqiqətən də onun üzərindən çıxdığını təsdiq edərək polis əməkdaşları tərəfindən hər hansı bir zorakılıq, yaxud təsirə məruz qalmadığını bildirmişdir. Video çəkiliş zamanı Təqsirləndirilən şəxs tərəfindən hər-hansı bir etiraz səsləndirilməmiş və vəsatət verilməmişdir. Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasından 19.062025-ci il tarixdə daxil olmuş məktub və ona əlavə edilmiş tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bədəninə baxış keçirilən zaman yeni zədə-xəsarət izi aşkar edilməmişdir. Daxili İşlər Nazirliyi Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsindən xx.xx.2025-ci il tarixdə daxil olmuş məktub və ona ələvə edilmiş MSY-də saxlanılan şəxslərin uçotu kitabı ilə Tibbi Müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyatı kitabından görünür ki, Təqsirləndirilən şəxs Karimbala oğlu 17.02 2025-ci il tarixda saat 08:45-də 38ci polis bölməsinin təhqiqatçısı, polis mayoru Fariz İldırımov tərəfindən CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs MSY-nə daxil olarkən alın nahiyəsində səthi hematoma zədələri olmuş, şifahi sorğu zamanı həmin zədələri tutulmamışdan öncə almasını bildirmişdir. "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə daxil olmuş diskdə cinayət işi üzrə şahid qismində cəlb edilmiş Şahid1 Nürəddin oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2025-ci il tarixdə saat 08:31-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi M.Seyidov küçəsində 2/4 anten dairəsində olduğu müəyyən edilmişdir. Cinayət içi üzrə şahid qismində cəlb edilmiş Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2025-ci il tarixdə saat 08:33-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi M.Seyidov küçəsində 2/4 anten dairəsində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-cü maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən “Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-cü maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Əməldə cinayətin əlamətləri yalnız sübutlara əsasən müəyyən edildiyindən və iş üzrə mümkün sübutların həcmi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermədiyindən məhkəmə hesab edir ki, toplanmış sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət etmir və məhkəmənin müəyyən etdiyi hallara uyğun deyil. Verilmiş ittihamdan göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixiotrop maddə olan metamfetamini satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır. Lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin satış məqsədi ilə hərəkətlər etməsi sübuta yetirilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə ittihama münasibətdə bildirir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qararına əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Verilmiş ittihamdan göründüyü kimi, təqsirləndirilən şəxsdən “Winston” siqaret qutusunda topladığı, ayrı-ayrılıqda təmiz çəkiləri 0,072 qr.,0,105 qr.,0,118 qr.,0,112 qr.,0,096 qr.,0,102 qr.,0,186 qr.,0,016 qr.,0,046 qr.,0,095 qr.,0,085 qr.,0,083 qr.,0,075 qr.,0,106 qr.,3,305 qr., habelə dağılmış halda 5,136 qr. təmiz çəkidə, ümumi 9,738 qram çəkidə narkotik vasitə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə bu hissədə bildirir ki, şəxsin narkotik vasitə saxlaması və gəzdirməsi onun bu hərəkətləri satış məqsədilə etməsi anlamına gəlmir. Belə ki, bunlardan başqa şəxsin istehlakçı ilə razılıq əldə etməsi, narkotik vasitələrin hazırlanması üçün avadanlığın olması və satış məqsədilə olan digər hallarda nəzərə alınmalıdır. Lakin məhkəmə istintaqı zamanı tətqiq olunmuş sübutlardan təqsirləndirilən şəxsin göstərilən narkotik vasitələri satış məqsədilə əldə etməsi sübuta yetirilməmişdir. Məhkəmə yuxarıda göstərilən sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.3-cü maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu vaxtdan, yəni 17 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.3-cü maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Qaradağ Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq çəkisi 9,578 qram olan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus “Honor X6b” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumuna qaytarılmalıdır. İş materiallarında olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məxsus “Honor X6b” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumuna qaytarılsın. Qaradağ Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq çəkisi 9,578 qram olan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 55 (əlli beş) saata görə 605 (altı yüz beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli Hakimlər Hafiz Kamranov Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar