Məhkəmə qərarları › İş №1(101)-147/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-147/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-147/2023 02.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Əkbərov Məhəmməd Hüseyn oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, Zərərçəkmiş şəxs, müdafiəçilər, “Arbitrium” Vəkil bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 11 avqust 1994-cü ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşaq olan, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 170.3, 180.2.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 5 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 22 may 2020-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 11 ay 28 gün vaxtından əvvəl cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə, xx xxxx 1998-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti yetkinlik yaşına çatmadığı vaxt törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yeni Ramana qəsəbəsi nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında və silah qismində istifadə edilən əşya tətbiq etməklə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmə hədəsi ilə bağlı basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qaynı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə istifadəsində olan “Samsung” markalı mobil telefonla internet sosial şəbəkəsinin “odnoklassniki.ru” saytında “Seva Real yaladan” adı ilə qeydiyyatdan keçərək, özünü həmin vaxt saytda onlayn olan Zərərçəkmiş şəxs qadın kimi təqdim etmiş və ona güzgü qarşısında dayanmış yarımçılpaq vəziyyətdə şəxsiyyəti istintaqa məlum olmayan qadın şəkillərini öz şəkilləri adı ilə göndərib, cinsi əlaqədə olması üçün Zərərçəkmiş şəxslə 100 (bir yüz) manata razılaşaraq, 27 yanvar 2022-ci il tarixdə saat 04:26-dan həmin günü saat 07:07-dək olan müddət ərzində onunla onlayn əlaqə saxlayıb kirayə yaşadığı ünvan 5 ünvanının qarşısına dəvət etmiş və həmin tarixdə saat 08 radələrində qeyd olunan ünvanın yaxınlığında Zərərçəkmiş şəxs qarşısını kəsərək üstündə olan pulunu çıxarıb verməsini tələb etmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində saxlayıb gəzdirdiyi silah qismində istifadə olunan istintaqa məlum olmayan bıçaq tətbiq etməklə, Zərərçəkmiş şəxs qarın nahiyəsinə dirəyib, onu hasara doğru sıxışdırmış, ona həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın etməklə, Zərərçəkmiş şəxs əynindəki şalvarının arxa sol cibində olan 703 (yeddi yüz üç) manat pulunu götürmüş, sonra içərisində 50 (əlli) manat dəyərində ***-***-**-** saylı “Bakcell” nömrəsi olan əlində saxladığı 1800 manat (bir min səkkiz yüz) dəyərində “İphone 12 Pro” markalı mobil telefonunu tələb etməklə sonuncuya maddi ziyan vuraraq quldurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında və silah qismində istifadə edilən əşya tətbiq etməklə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmə hədəsi ilə bağlı basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 yeznəsi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan “Samsung” markalı mobil telefonla internet sosial şəbəkəsinin “odnoklassniki.ru” saytında “Seva Real yaladan” adı ilə qeydiyyatdan keçərək, özünü həmin vaxt saytda onlayn olan Zərərçəkmiş şəxs qadın kimi təqdim edib, ona güzgü qarşısında dayanmış yarımçılpaq vəziyyətdə şəxsiyyəti istintaqa məlum olmayan qadın şəkillərini öz şəkilləri adı ilə göndərərək, cinsi əlaqədə olması üçün Zərərçəkmiş şəxslə 100 (bir yüz) manattı razılaşıb, 27 yanvar 2022-ci il tarixdə saat 04:26-dan saat 07:07-dək olan müddət ərzində onunla onlayn əlaqə saxlayaraq kirayə yaşadığı ünvan 5 ünvanının qarşısına dəvət etdikdə həmin günü saat 08 radələrində qeyd olunmuş ünvanın yaxınlığında Zərərçəkmiş şəxs qarşısını kəsərək üstündə olan pulunu çıxarıb verməsini tələb etmiş və həmin vaxt üzərində saxlayıb gəzdirdiyi, silah qismində istifadə olunan istintaqa məlum olmayan bıçağı tətbiq etməklə Zərərçəkmiş şəxs qarın nahiyəsinə dirəyərək onu hasara doğru sıxışdırıb, ona həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın etmiş və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs əynindəki şalvarının arxa sol cibində olan 703 (yeddi yüz üç) manat pulunu götürmüş, sonra içərisində 50 (əlli) manat dəyərində ***-***-**-** saylı “Bakcell” nömrəsi olan əlində saxladığı 1800 manat (bir min səkkiz yüz) dəyərində “İphone 12 Pro” markalı mobil telefonunu tələb etməklə sonuncuya maddi ziyan vuraraq quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. 27 yanvar 2022-ci il tarixdə saat 08 radələrində yaşadığı evdə çay dəmləyərkən bir nəfər tanımadığı şəxsin, yəni sonradan adını bildiyi bu iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs onun yaşadığı evin həyətində gəzdiyini görmüş və həyətə çıxaraq həmin şəxsi səsləmişdir. Mustafa ona əhəmiyyət verməmiş və həyətdən çıxıb getmişdir. O da Mustafanın arxasınca gedərək həyətə girməyinin səbəbini soruşmaq istəmişdir. Mustafanın arxasınca gedərkən qarşıdan qohumu Təqsirləndirilən şəxs1 gəldiyini görmüş və Mirağanı səsləyərək həmin şəxsi saxlamağını bildirmişdir. Mirağa Mustafanı saxlamış və o, Mustafadan yaşadığı evin həyətində nə etmək istədiyini soruşmuşdur. Mustafa isə taksi sürücüsü olduğunu və bir nəfər şəxsi axtardığını bildirmişdir. O da Mustafanın sinəsindən itələyərək etdiyi hərəkətin düzgün olmadığını bildirmişdir. Bundan sonra həmin məhəllədə yaşayan tanımadığı şəxs yaşadığı evin qapısından çölə çıxdıqda onunla söhbət edən Mustafa qışıqraraq soyğunçuluğa məruz qaldığını bildirmişdir. O da qohumu Mirağa ilə birlikdə oradan uzaqlaşmışlar. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, bacısın əri Təqsirləndirilən şəxs2 ilə birlikdə məişət əşyalarının təmiri ilə məşğul olmuş və Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində xalasının yaşadığı evdə yaşamışdır. Mütəmadi olaraq bacısının əri Təqsirləndirilən şəxs2 ilə birlikdə işləməyə getmişdir. 27 yanvar 2022-ci il tarixdə saat 08 radələrində Xəyalla birlikdə işə getmək üçün Xəyalın Sabunçu qəsəbəsi, Natavan küçəsində yerləşən yaşadığı evə getmişdir. Natavan küçəsi ilə hərəkətdə olan zaman bir nəfər şəxsin, yəni sonradan adını bildiyi bu iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs iti addımlarla ona tərəf gəldiyini və Xəyalın da həmin şəxsin arxasınca gəldiyini görmüşdür. Bu zaman Xəyal onu səsləyərək Mustafanı saxlamağını bildirmiş, o da Mustafanı saxlamış və Xəyaldan nə baş verdiyini soruşmuşdur. Xəyal Mustafanın evin həyətinə daxil olaraq gəzdiyini bildirmişdir. Xəyal Mustafanı vurmaq istədikdə o, Xəyala mane olmuş, bundan sonra o, Xəyalı sakitləşdirib oradan uzaqlaşdıraraq yaşadığı evə aparmışdır. Evdə olarkən Xəyal ona işə getmək istəmədiyini bildirmiş və o, tək işləməyə getmişdir. 28 yanvar 2022-ci il tarixdə isə polis əməkdaşları tərəfindən Sabunçu rayon Polis İdarəsinǝ dəvət edilmiş və o da könüllü olaraq polis idarəsinə gəlmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 6 ünvanında yaşayır. 27 yanvar 2022-ci il tarixdə səhər saatlarında “Ok.ru” sosial şəbəkəsində istifadəçi adını xatırlamadığı qadınla mesajlaşıb tanış olmuşdur. Onunla mesajlaşdıqda həmin şəxs pul müqabilində cinsi münasibətə daxil olduğunu bildirmiş və qadının 100 manat pul müqabilində cinsi münasibət təklifini qəbul etmişdir. Həmin şəxs ona öz sifəti düşmədən müxtəlif fotoşəkillər göndərmiş və Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 155 saylı orta məktəbin yaxınlığında yaşadığını bildirmişdir. O da hazırlaşıb həmin şəxsin dediyi ünvana şəxsi avtomobili ilə getmişdir. Saat 08:04-də həmin şəxsə 155 saylı məktəbin yanından şəkil çəkərək göndərmiş və həmin ünvanda olduğunu bildirmişdir. Həmin şəxs ona avtomobilini orada saxlamağını, aptekin yanından küçə ilə aşağı gəlməyini və gümüşü rəngli dayanmış avtomobilin yanındakı evə girməyini bildirmişdir. O da idarə etdiyi “Kia Rio” markalı avtomobilini saxlayıb, avtomobildən düşmüş və həmin şəxsin ona bildirdiyi küçə ilə aşağı doğru hərəkət etməyə başlamışdır. Təqribən 40 metr irəlilədikdən sonra sol tərəfdə yerləşən dalanda dayanmış iki nəfər əvvəllər tanımadığı, sonradan adlarının Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu bildiyi bu iş üzrə təqsirləndirilən şəxslər ona salam vermişlər. O da dayanıb, onlarla salamlaşmışdır. Onlar ona əl verib, görüşəndə o da onlara əl uzatmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 ondan hara gəldiyini soruşduqda, o da cavabında bir nəfər şəxsi axtardığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 əli ilə onun sol qolundan tutaraq, şalvarının belindən bıçağı çıxardıb əlində saxlamış və ona pulunun olduğunu və pul verməyini tələb etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 onun sağ çiyin nahiyəsindən yapışmışdır. O, Xəyala pulunun olmadığını dedikdə, Xəyal “bura qız yanına gəlmisən, 100 manat pulun var” demiş, sonra Mirağa bıçağı onun qarın nahiyəsinə sıxaraq onu təhdid etməyə başlamışdır. Bu zaman Xəyal onun şalvarının arxa sol cibində olan 703 manat pulunu götürmüşdür. Sonra isə əlində olan “İphone 12 Pro” markalı telefonunu götürməyə çalışdıqda o, buna etiraz etmişdir. Bu zaman həmin məhəllədə yaşayan tanımadığı şəxslərdən biri yaşadığı evin qapısından çölə çıxmışdır. O, həmin kişiyə “görmürsünüz nə edirlər?” deyə müraciət etmiş, bu şəxsləri tanıyıb-tanımamasını soruşmuş, bu zaman Xəyal və Mirağa əllərini ondan çəkərək, oradan qaçıb uzaqlaşmışlar. Bundan sonra baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Həmin hadisə təxminən 5-10 dəqiqə davam etmiş, hadisə zamanı o, heç bir xəsarət almamış, yalnız 703 manat pulu götürülərək ona maddi ziyan vurulmuşdur. Həmin vaxt tək olduğundan Xəyal və Mirağanın onu döyərək və ya bıçaqla sağlamlığına xəsarətlər yetirəcəklərindən qorxaraq müqavimət göstərməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq zərərçəkmiş şəxs Quliyev X5 onun böyrünə sıxdığı bıçaq mətbəx bıçağı olmuş, telefonunu əlindən dartan Xəyal olmuş, həmin telefonunun qiyməti 1800 manat olmuş, cibindən götürülmüş pul 7 ədəd 100 manatlıq, 3 ədəd 1 manatlıq əskinaslardan ibarət olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hər iki təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxslərə qarşı heç bir iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, ünvan 7 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hadisə baş verən günü səhər saatlarında küçədə səs-küy eşitmiş və o, küçə qapısından çölə çıxarkən görmüşdür ki, bu iş üzrə təqsirləndirilən şəxslərdən biri əlini zərərçəkmiş şəxsin çiyninə qoyub, amma hansı olduğunu görə bilməmişdir. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs “yaxamı burax deyə” qışqırmışdır. O, “nə edirsiniz?” deyə soruşmuş, həmin an təqsirləndirilən şəxslər Xəyal və Mirağa aralanıb getmişlər. Zərərçəkmiş şəxs ondan həmin şəxsləri tanıyıb-tanımadığını soruşmuş, o isə tanımadığını bildirmişdir. Zərərçəkmiş şəxsin sonradan kiməsə zəng etdiyini görmüş, amma kim olduğunu bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid bildirdi ki, o, təqsirləndirilən şəxslərin qonşuluqda yaşadığını bilməmiş, həmin şəxsləri əvvəllər görməmiş, onların qonşuluqda kirayədə yaşadıqlarını istintaq zamanı bilmişdir. O, səs-küy eşitdiyinə görə çölə çıxmışdır. Onun hadisənin şahidi olmağı 2-3 dəqiqə çəkmişdir. Onların aralarında 10-15 metr məsafə olmuşdur. Heç kimin əlində bıçaq görməmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Şahid Firiddun oğlu göstərmişdir ki, o, Masallı rayonu, Hişkədərə kəndində qeydiyyatda olsa da 2001-ci ildən ailəsi ilə birlikdə ünvan 7-da yaşayır. Onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qonşu kimi tanımış, ancaq onlarla münasibəti olmamış, eləcə də aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs2 əslən Lerik rayonundan, Təqsirləndirilən şəxs1 isə Bərdə rayonundan olmuş, bildiyi qədər isə onlar yeznə-qayındır və hər ikisi əvvəllər məhkum olunmuşdur. Xəyal Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, nömrəsiz fərdi yaşayış evində kirayə yaşayır, Mirağa isə qohumu kimi Xəyalın evinə gəlib-getmişdir. 27 yanvar 2022-ci il tarixdə saat 08 radələrində evdə olan zaman vanna otağında əl-üzünü yuyarkən küçə tərəfdə olan pəncərədən səs eşitmiş, belə ki, kiminsə dalaşmasını və ucadan qışqıraraq, “buraxın məni, başınıza oyun açaram, nə istəyirsiniz məndən” deməsini eşitmiş, həmin vaxt qonşulardan kiminsə dalaşmasını fikirləşərək nə baş verməsini öyrənmək üçün çölə çıxmış, küçə qapısından çölə çıxdıqda evindən təxminən 25 metr aralıda yəni, ünvan 5 ünvanının qarşısında Xəyal və qohumu Mirağanın sonradan adını bildiyi Zərərçəkmiş şəxs hasara dirəməsini, Xəyalın əli ilə Mustafanın çiynindən tutmasını, Mirağanın isə Mustafanın qarşısında dayanıb ucadan söhbət etməsini görmüş və başa düşdüyü qədər onlar Mustafadan nəsə istəmiş, Xəyal və Mirağa onu görüb Mustafadan əl çəkmiş və üzü qəsəbə içinə doğru getmiş, Mustafa isə ondan “dayı bunları tanıyırsan, kimdirlər” deyə soruşmuş, Mustafaya cavab olaraq qonşuluqda yaşasalar da münasibətinin olmadığını bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs mobil telefonu ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq Sabunçu qəsəbəsi, Natavan küçəsində iki nəfər tanımadığı şəxsin ona bıçaqla hədə-qorxu gələrək cibindən pulunu götürməsini bildirmiş, daha sonra Mustafa hadisə yerindən aralaşaraq aptekə tərəf getmiş, bundan təxminən 10-15 dəqiqə sonra şəxsi avtomobilinə əyləşib işə gedərkən Mustafanın həmin ərazidə piyada gəzibdolaşmasını, yəni həmin şəxsləri axtarmasını görmüş, həmin vaxt maşını ilə Mustafanın yanından ötüb keçmiş, sonrakı hadisələrdən xəbəri olmamışdır (cild 2, iş vərəqi 6-8). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, HK-1 N-437 DİN ***-*******26 nömrəli raportun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 08:15 radələrində vətəndaş Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng edərək, Nəsimi rayonu, 20 Yanvar küçəsi, mənzil 15-in sakini ***-***-**-**-dǝn zəng edərək qeyd olunan ünvanda iki nəfər naməlum şəxsin vətəndaşın önünü kəsərək bıçaq çıxartması və 700 manat pulunu alaraq uzaqlaşması barədə məlumat vermişdir (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs törədilmiş cinayət barədə xx.xx.2022-ci il tarixli, 074-27030 nömrəli ərizəsindən görünür ki, o, həmin tarixdə saat 08 radələrində Sabunçu qəsəbəsində yerləşən 155 saylı orta məktəbin yaxınlığında olduğu vaxt ona yaxınlaşan iki nəfər tanımadığı şəxs ondan həmin yerə nəyə görə gəldiyini soruşub onu kənara dalana çəkmiş və dalanda həmin şəxslərdən biri cibindən bıçağı çıxararaq onun bədəninə dayayaraq ondan pul tələb etmişdir. Həmin şəxslərdən digəri onun şalvarının arxa cibindən 703 manat pulunu götürmüşdür. Həmin şəxs onun əlində olan “İphone 12 Pro” markalı telefonunu götürməyə çalışdıqda o, etiraz etmiş, bu zaman orada yaşayan kişi qapıdan çölə çıxmış, o, həmin kişidən bu şəxsləri tanımasını soruşduqda həmin şəxslər əllərini ondan çəkərək oradan getməyə başlamışlar. Bundan sonra o, DİN-in 102 Xidmətinə zəng edib, hadisə barədə məlumat vermişdir. Həmin şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsini xahiş edir (cild 1, iş vərəqi 9). İşdə olan zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs bu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 10-11). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2022-ci il tarixdə “odnoklassniki.ru” sosial şəbəkəsində "Seva Real yaladan" adı ilə qeydiyyatdan keçmiş şəxsin göndərdiyi fotoşəkillər, eləcə də həmin şəxslə danışdığı sms mətnlərinin fotoşəkilləri götürülmüşdür (cild 1, iş vərəqi 19-23). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xəsarətin aşkar olması barədə Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin məsul növbətçi əvəzi Azər Nəbiyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə saat 08 radələrində Sabunçu qəsəbəsi Natavan küçəsində vətəndaş Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətinin törədilməsində şübhəli bilindiyinə görə şöbəyə gətirilən 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 baş və burun nahiyəsində sıyrıqlar aşkar olunmuşdur. O, bu xəsarətləri polis əməkdaşlarından qaçarkən yıxılaraq aldığını bildirmişdir (cild 1, iş vərəqi 24). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsin tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilən şəxsləri: X7, X3, X16 və Təqsirləndirilən şəxs2 nəzərdən keçirib Təqsirləndirilən şəxs2 digər 3 nəfər şəxs arasından göstərib, onun arıq bədən quruluşlu, boyunun qısa olmasından tanıdığını göstərmişdir (cild 1, iş vərəqi 33-36). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli il üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, o cümlədən Təqsirləndirilən şəxs2 digər şəxslə birlikdə bıçaqdan istifadə etməklə ona qarşı quldurluq etməsi və 703 manat pulunu ələ keçirməsini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək onu ifşa etmişdir (cild 1, iş vərəqi 37-39). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, o cümlədən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə bıçaqdan istifadə etməklə ona qarşı quldurluq etməsi və 703 manat pulunu ələ keçirməsini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək onu ifşa etmişdir (cild 1, iş vərəqi 110-112). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefon apartına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 məxsus ”Samsung” markalı mobil telefon aparatına baxış keçirilmiş, müəyyən edilmişdir ki, mobil telefonun arxa və ön hissəsi qara rəngdədir, ümumən işlək vəziyyətdədir. Mobil telefonu işə saldıqda telefonda "telefon", "whatsapp", "waze" "musiqi" "facebook" "mesajlar", "kontaktlar", "google play movies", "netflix", "office", "galaxy store", spotify" "yt music", "samsung members", "viva video", "leobank" və s. tətbiqləri görünür. "Telefon" keçidinin üzərinə basdıqda adla yaddaş vurulmuş və adı olmayan müxtəlif mobil telefon nömrələrinə zənglər edildiyi, eyni zamanda zənglər qəbul edildiyi görünür. Mobil telefonun sms yazmaq üçün lazım olan keçidin üzərinə basdıqda adla yaddaş vurulmuş və adı olmayan müxtəlif mobil telefon nömrələrinə smslər yazıldığı görünür. Mobil telefonda olan "google chrome" tətbiqini açdıqda və həmin tətbiqin "history" bölməsinə keçid etdikdə baxış keçirilən telefonda 04:38 və 09:17-də "odnoklassniki.ru" sosial şəbəkəsinə giriş olunduğu görünür. Bundan başqa “google.az” internet saytının axtarış hissəsinə daxil olduqda "aynanin qarwisinda cekilmiw qiz wekilleri" adı ilə axtarış aparıldığı görünür. Bundan başqa, Zərərçəkmiş şəxs təqdim etdiyi fotoşəkillərdən də görünür ki, onunla yazışan "Seva Real yaladan" adı ilə "odnoklassniki.ru" sosial şəbəkəsində qeydiyyatdan keçmiş şəxsin həmin sosial şəbəkədə sonuncu dəfə 09:18-də aktiv olduğu görünür. Həmçinin, Zərərçəkmiş şəxs telefonuna "odnoklassniki.ru” şəbəkəsində ayna qarşısında dayanmış şəxsiyyəti məlum olmayan qadının yarı çılpaq şəkilləri göndərilmişdir (cild 1, iş vərəqi 62-68). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı İstintaq təcridxanasına daxil olarkən üzərində müəyyən xəsarətlərin aşkar olunması barədə araşdırma aparılmış, araşdırmanın nəticəsi üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə rədd edilmişdir (cild 1, iş vərəqi 186-188). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin təqdim etdiyi CD formatlı diskə baxış zamanı həmin diskdə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan hər hansı bir məlumat və SMS mətnləri aşkar edilməmişdir (cild 1, iş vərəqi 195-197). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin təqdim etdiyi CD formatlı diskə baxış zamanı həmin diskdə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan hər hansı bir məlumat və SMS mətnləri aşkar edilməmişdir (cild 1, iş vərəqi 198-200). İşdə olan və məhkəmədə tədqiq edilmiş Bakcell MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ***-***-**-** saylı nömrə 01 yanvar 2022-ci il tarixdən 28 yanvar 2022-ci il tarixə kimi olan müddət ərzində “Bakcell” şəbəkəsində istifadə olunmamışdır (cild 1, iş vərəqi 194). İşdə olan və məhkəmədə tədqiq edilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2022-ci il tarixli, 074-13528-1222 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-in 181.2.1 vǝ 181.2.5-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə əlaqədar həmin cinayət hadisəsi ilə bağlı bıçağı müəyyən etmək mümkün olmamış, şahid olaraq Şahid Firiddun oğlu müəyyən edilmiş, lakin digər şahidlər müəyyən etmək mümkün olmamışdır (cild 2, iş vərəqi 4). İşdə olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-cu il tarixli, 574 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb, həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddəsinin təsiri altına düşmür, onun hazırkı psixi vəziyyətinə görə tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 10-11). İşdə olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-cu il tarixli, 660 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb, həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddəsinin təsiri altına düşmür, onun hazırkı psixi vəziyyətinə görə tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 13-14). İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 himayəsində xx.xx.2021-ci il təvəllüdlü Fatimə adlı qızı vardır (cild 2, iş vərəqi 15-16). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X8 məxsus “Samsung” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 12-30). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 7-ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 23-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarında göstərilən tövsiyələrini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 27 yanvar 2022-ci il tarixdə saat 08 radələrində yaşadığı evdə çay dəmləyərkən bir nəfər tanımadığı şəxsin, yəni sonradan adını bildiyi bu iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs onun yaşadığı evin həyətində gəzdiyini görməsi, həyətə çıxaraq həmin şəxsi səsləməsi, Mustafanın ona əhəmiyyət verməyərək həyətdən çıxıb getməsi, onun Mustafanın arxasınca gedərək həyətə girməyinin səbəbini soruşmaq istəməsi, onun tələbinə əsasən Mirağaın Mustafanı saxlaması, Mustafanın sinəsindən itələyərək həyətində gəzməsini düzgün hərəkət olmadığını bildirməsi, Mustafaya qarşı quldurluq etməməsi barədə məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların həmin ifadələri elan edilmiş ağır cinayət məsuliyyətindən və cəzadan yayındırmaq məqsədi güdür, özünümüdafiə xarakteri daşayır və cinayət işi üzrə toplanmış mötəbər subutlarla təkzib olunduğundan inandırıcı hesab olunmur. Belə ki, hadisə yerində zərərçəkmiş şəxslə aralarında mübahisə olmasını məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslər özləri etiraf etmiş, bunu həmçinin iş üzrə Şahid təsdiq etmişdir. Zərərçəkmiş şəxs isə təqsirləndirilən şəxslərlə hadisə yerində aralarında təkcə mübahisə deyil, sonuncuların onun qarın nahiyəsinə bıçaq dirəyərək cibindən 703 manat pulunu götürmələrini, habelə əlindən mobil telefon almağa cəhd etdikləri barədə məhkəmədə ətraflı ifadə vermişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 məxsus mobil telefona baxış keçirilərkən telefonda olan "google chrome" tətbiqini açdıqda və həmin tətbiqin "history" bölməsinə keçid etdikdə baxış keçirilən telefonda saat 04:38 və 09:17-də "odnoklassniki.ru" sosial şəbəkəsinə giriş olunduğu, “google.az” internet saytının axtarış hissəsinə daxil olduqda "aynanin qarwisinda cekilmiw qiz wekilleri" adı ilə axtarış aparıldığı müəyyən edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs təqdim etdiyi fotoşəkillərdən də müəyyən edilmişdir ki, onunla yazışan "Seva Real yaladan" adı ilə "odnoklassniki.ru" sosial şəbəkəsində qeydiyyatdan keçmiş şəxsin həmin sosial şəbəkədə sonuncu dəfə 09:18-də aktiv olmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs telefonuna "odnoklassniki.ru” şəbəkəsində ayna qarşısında dayanmış şəxsiyyəti məlum olmayan qadının yarı çılpaq şəkilləri göndərilmişdir. Bütün bunlar ona dəlalət edir ki, zərəçəkmiş şəxs hadisə yerinə təsadüfən gəlməmiş, onu hadisə yerinə aldatmaqla məhz təqsirləndirilən şəxslər çağırmış və ona qarşı cinayət hadisəsini törətmişlər. Məhkəmə Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməklə təzyiqlərə məruz qalması barədə ifadələrini “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-28-ci bəndlərindəki tövsiyələrinə uyğun şəkildə təhlil etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsi ilə bağlı məhkəməyə verdiyi vəsatətində bildirmişdir. Lakin, o, döyülməsini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, məhkəmə istintaqı zamanı məhkəmə Təqsirləndirilən şəxs2 şəxsi işini və tibbi kartoçkasını onun saxlanıldığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasından tələb edib baxışını keçirmiş, onun həm Sabunçu rayon Polis İdarəsinin Müvəqqəti saxlama Yerinə, həm də İstintaq təcridxanasına qəbul edilən zaman üzərində baxış keçirilərkən burnunun üstündə yara, sol gözün altında yara, sol qaşın altında yara, sağ gözün üstündə qızartı, sol qulaqda göyərti, sağ çiyinin üstündə sıyrıq, sağ biləyindən yuxarı qolunda köhnə kəsik izləri aşkar olunduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 izahat verərək həmin zədələri saxlanılan zaman polisdən qaçarkən yıxılaraq aldığını bildirmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından isə görünür ki, Təqsirləndirilən şəxs2 Bakı İstintaq təcridxanasına daxil olarkən üzərində müəyyən xəsarətlərin aşkar olunması barədə araşdırma aparılmış, araşdırmanın nəticəsi üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında və silah qismində istifadə edilən əşya tətbiq etməklə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmə hədəsi ilə bağlı basqın edərək quldurluq etmələri təsdiq olunur, onlar həmin cinayət əməlini törətməkdə təqsirlidirlər, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, himayəsində 2 azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.3 və 180.2.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 5 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 22 may 2020-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 11 ay 28 gün vaxtından əvvəl cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqi 189-191, 229-239). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən və məhkəmə qərarından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti yetkinlik yaşına çatmadığı vaxt törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqi 192-193, 242-251). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi ağır cinayətə görə cəzadan azad edildiyi xx.xx.2020-ci il tarixdən hazırkı iş üzrə ittiham olunduğu cinayəti törətdiyi vaxta kimi altı il keçmədiyinə görə məhkəmə onu məhkumluğu olan şəxs hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə residiv təhlükəli sayılır. Bu baxımdan, Təqsirləndirilən şəxs2 qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyinə görə məhkəmə onun törətdiyi əməli cinayətlərin təhküləli residivi kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 92.0.3-cü maddəsinə əsasən cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi ağır cinayətə görə cəzadan azad edildiyi xx.xx.2021-ci il tarixdən hazırkı iş üzrə ittiham olunduğu cinayəti törətdiyi vaxta kimi üç il keçmədiyinə görə məhkəmə onu məhkumluğu olan şəxs hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu baxımdan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi mövcud deyildir. Təqsirləndirilən şəxs2 əməlində residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal məhkəmə zamanı müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza həddi və növü təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, habelə onların hər birinin cinayətdə iştirak dərəcəsini nəzərə alır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də əməlində cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Digər Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hal olduğundan məhkəmə onun barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün hesab etmir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma haqqında protokoldan və qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 cinayət törətməkdə şübhəli şəxs qismində 27 yanvar 2022-ci il tarixdə tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 yanvar 2022-cu il tarixdən hesablanmış və hazırkı hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 49, 92-94, 212-214). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma haqqında protokoldan və qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 cinayət törətməkdə şübhəli şəxs qismində 28 yanvar 2022-ci il tarixdə tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 yanvar 2022-cu il tarixdən hesablanmış və hazırkı hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 122, 159-161, 215-217). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 27 yanvar 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 28 yanvar 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və iş materiallarında saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefon aparatı onun yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə mülki iddia verilməmişdir və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 28 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və iş materiallarında saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefon aparatı onun yaxın qohumlarından birinə qaytarılsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar