Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-147/2024 11.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1975-ci ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu ödənilmiş, Ağcabədi rayonunun Hüsülü kəndində qeydiyyatda olub, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 72-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 2,958 qram narkotik vasitə olan külli miqdarda heroini əldə edib üzərində saxlayaraq daşımış və 8 sentyabr 2022-ci il tarixdə saat 21:30-da özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində saxlanılaraq PŞ-nə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən şəffaf sellofona bükülmüş vəziyyətdə bir ədəd bükümdə təmiz çəkisi 2,958 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulana qədər mebel sexində usta işləmişdir. İttiham aktında saxlanılma vaxtı ilə bağlı yazılanları təsdiq etmir. Saxlanılarkən tək olmamışdır. Yanında ondan başqa iki nəfər - Elçin adlı işçisi və Samir adlı mühafizəçisi olmuşdur. Onun iş alətlərinə nəzarət etdiyi üçün mühafizəçiyə gündəlik 5 manat pul vermiş, bu səbəbdən işdən çıxdıqdan sonra sonuncu ilə görüşmüşdür. Bu zaman qara rəngli maşın onların yanında saxlamış və maşından polis əməkdaşları düşmüşdür. Həmin şəxsləri əvvəllər tanımamışdır. Polis əməkdaşları onları saxlayıb üzərlərini yoxlayandan sonra, hər üçünü bölməyə aparmışdır. Bölmədə ondan məhkum edilib-edilmədiyini soruşmuş, məhkum oldunğunu biləndən sonra polislərdən biri digərinə onun barəsində cinayət işinin başlanması üçün göstəriş vermişdir. Sonra onun qarşısına narkotik vasitə qoyulmuş və ifadəsində həmin narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməsini tapşırmışlar. Polis əməkdaşlarının dedikləri ilə razılaşmadığı üçün ona fiziki zor tətbiq edilmiş, dubinka ilə döyülmüşdür. Nəticədə dirsəyində yara, qabırğasının üzərində isə şiş yaranmışdır. İstintaq təcridxanasına qəbul edilərkən həkim müayinəsi zamanı döyüldüyünü bildirmişdir. Ekspertizadan 3-4 ay sonra keçirildiyi üçün bədənində xəsarət izləri qalmamışdır. Fiziki zorakılığa məruz qalması barədə Sabunçu Rayon Prokurorluğuna şikayət etmiş, prokurorluğun əməkdaşı bununla bağlı onun ifadəsini almış, lakin, üstündən iki ay keçməsinə baxmayaraq ona cavab verilməmişdir. İbtidai istintaq zamanı adından yazılmış ifadəyə təzyiq altında imza etmişdir. Vəkildən imtina etməsinə dair ərizəni özü yazmamışdır. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Saxlanılarkən üzərində narkotik vasitə olmamış, cibində 20 manat pul və telefonu olmuşdur. Həmin telefon bölmədə polis əməkdaşları tərəfindən ondan götürülmüşdür. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 13-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 8 sentyabr 2022-ci il tarixdə sahə inspektoru Şahid1 ilə birlikdə inzibati ərazidə xidmət apararkən axşam saat 21:30-da Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsindəki dairənin yaxınlığında özünü şübhəli aparan bir nəfər şəxsə yaxınlaşıb, ondan şəxsiyyətini təsdiq edən sənədin təqdim etməsini xahiş etmişlər. Həmin şəxs ona verilən suallara dağınıq cavablar vermiş, onlardan uzaqlaşmağa çalışmışdır. Bu səbəbdən sonuncuya özləri ilə Sabunçu RPİ-nin 13-cü PB-nə getməsini təklif etmiş və sonuncu razılaşmışdır. Bundan sonra onlar həmin şəxslə bərabər 13-cü PB-nə getmişlər. Orada həmin şəxsin şəxsiyyəti müəyyən edilmiş və Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Rəhbərliyə məruzə edildikdən sonra onların iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək şübhəli şəxs qismində tutulmuş, üzərinə baxış keçirilmiş və baxış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş içərisində tünd qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin bükülünün içərisindəki maddənin «kakos» olduğunu, həmin narkotik vasitəni 8 sentyabr 2022-ci il tarixdə Suraxanı rayonu, Zığ qəsəbəsindən üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilərək götürülmüş bir büküm maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunduqdan sonra prosesin video çəkilişi olan CD disk protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilk dəfə 8 sentyabr 2022-ci il tarixdə 13-cü PB-də görmüşdür. Saxlanılarkən 3 nəfər olmuşlar. Bölmədə onlardan başqa təxminən 15 nəfər olmuş, onların hər biri narkotik vasitələrlə bağlı saxlanılmışdır. Təxminən 10 dəqiqə sonra Vüqar və başqa Elçin adlı digər iki nəfəri də bölməyə gətirmişlər. Onları bölməyə günorta saatlarında gətirmiş və bir gün birlikdə saxlamışlar. Polislər Vüqarı xidməti otaqlardan birinə salmış, həmin otaq MSY-nə yaxın olmuşdur. Otaqdan səs-küy səsləri gəlmiş və sonuncunun döyüldüyünü təxmin etmişdir. Təxminən yarım saat sonra Vüqarı yenidən MSY-nə gətirmişlər. Vüqardan nə baş verdiyini soruşduqda, polislərin onu döydüyünü, qarşısına narkotik vasitə qoyaraq özünə məxsus olduğunu etiraf etməsini istədiklərini, qəbul etmədiyi üçün fiziki təzyiqlərə məruz qaldığını bildirmişdir. 13-cü PB-də işləyən Şahid3 adlı polis əməkdaşını tanıyır, lakin, Vüqar MSY-nə gətirilən zaman Səyyadı orada görməmişdir. X4 adlı polis əməkdaşı gətirmişdir. Elçin otaqda olarkən səs-küy eşitməmiş, onları artıq prokurorluğa apardıqları üçün sonuncunun qayıtmasını görə bilməmişdir. Daha sonra onları yenidən MSY-nə gətirmiş, sonra isə Bakı İstintaq Təcridxanasına aparmışlar. Vüqarın polislərə narkotik vasitənin ona məxsus olmadığını bildirərək etiraz etdiyini eşitmişdir. Vüqar xidməti otaqdan qayıtdıqdan sonra onun üzündə və ya bədəninin başqa bir hissəsində xəsarət izi görməmişdir. Hər hansı sənədlərə imza edib-etmədiyi barədə aralarında danışıqları olmamışdır. Bölmədə qaldığı gün saxlanılan digər şəxslərin də xidməti otağa aparıldığını görmüş, lakin, səs-küy eşitməmişdir. Barəsində olan cinayət işinin məhkəmə baxışında verdiyi ifadəsində Vüqar və ya digər şəxslər barədə heç nə bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, SAbunçu RPİ-nin 13-cü PB-nin əməkdaşıdır. Təqsirləndirilən şəxsı tanımır. Onun saxlanmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxsə narkotik vasitənin ona məxsus olmasını etiraf etməsi üçün nə fiziki, nə də psixi təsir-təzyiq göstərməmişdir. 8 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs bölmədə görməmişdir. Rabil Quliyevi tək saxlamış, onu saxladığı zaman yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusatlar ilə əlaqədar prokurorluqda ifadə verməmiş, ondan heç nə soruşulmamışdır. İşin 29-30-cu vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş içərisində tünd qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmiş, sorğu zamanı həmin bükülünün içərisindəki maddənin «kakos» olduğunu, 8 sentyabr 2022-ci il tarixdə Suraxanı rayonu Zığ qəsəbəsində üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış və götürmə prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur. İşin 84-cü vərəqindəki protokoldan görünür ki, şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin əks olunduğu bir ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin CD diskdə əks edilmiş görüntülər 8 sentyabr 2022-ci il tarixdə saat 22:35-də qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X1 xidməti iş otağıdır. X3 şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş içərisində tünd qəhvəyi rəngli maddəni çıxarıb təqdim edir. Sorğu zamanı həmin bükülünün içərisindəki maddənin «kakos» olmasını, 8 sentyabr 2022-ci il tarixdə Suraxanı rayonu, Zığ qəsəbəsində üzdən tanıdığı, lakin, anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik vasitə olan heroin zərfə qoyulur, möhürlənir və imzalarla təsdiq olunur. İşin 39-43-cü vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 9 sentyabr 2022-ci il tarixli, 6/4973 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №160» möhür əksi. «Təqsirləndirilən şəxs üzərindən...» və s. sözlər, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,958 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi 2,958 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq qaldı 2,858 qram. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. İşin 99-100-cü vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 sentyabr 2022 il tarixli, 5530 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 102-108-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,958 (tədqiqatdan sonra qalan 2,858) qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilmişdir. Həmin qərara əsasən, Təqsirləndirilən şəxs üzərinə səxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 92-94-cü vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin 7 yanvar 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 oktyabr 2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşin 16-cı vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 sentyabr 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 74-77-ci vərəqlərindəki qərardan görünür ki, 10 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Sabunçu rayon məhkəməsinin qərarı ilə 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Tibbi kitabçanın kserosurətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs həbs olunmamışdan əvvəl zədə almadığını bildirmiş, baxış zamanı onun sol said nahiyəsində köhnə çapıqlar qeyd olunmuşdur. İşdəki Sabunçu rayon Prokurorluğundan daxil olmuş araşdırma materialından görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən qeyri-qanuni hərəkətlərə məruz qalması barədə rayon prokurorluğunda araşdırma aparılmış və qeyd olunan xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən 14 oktyabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, saxlanılarkən üzərində psixotrop maddə metamfetamin olmadığını, onun polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, fiziki və psixi təzyiq nəticəsində həmin maddənin özünə məxsus olmasını etiraf etdiyini bildirmişdir. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, Bakı İstintaq Təcridxanasından daxil olmuş məktub, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə ifadəsinə tənqidi yanaşır, cəzadan yayınmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 8 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Azərbaycan Respublikası Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,958 (tədqiqatdan sonra qalan 2,858) qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərinin olduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 8 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,958 (tədqiqatdan sonra qalan 2,858) qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərinin olduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-147/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-147/2024
11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver