Məhkəmə qərarları › İş №1(101)-1470/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1470/2025

06.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1470/2025 06.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X3 (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xəlilrəhmon qızının, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 31 avqust 2024-cü il tarixdə saat 21:00 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında ictimai yerdə şəxsiyyəti istintaqa məlum olmayan “Eşqin” adlı şəxslə ucadan nalayiq ifadələrlə danışmasına qonşusu Zərərçəkmiş şəxs haqlı irad bildirməsini bəhanə edib aralarında yaranmış mübahisəni heç bir əsaslı səbəb olmadan münaqişəyə çevirərək “Eşqin” adlı şəxslə bir qrup şəxs halında hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, ictimai qaydalara, əxlaq normalarına hörmətsizlik edib ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-xuliqanlıq edərək əvvəlcə “Eşqin” adlı şəxs Zərərçəkmiş şəxs ağız nahiyəsinə yumruqla vurub üst dodağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmiş, o isə Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruqla vuraraq qapalı kəllə beyin travması, baş beynin sol alın, təpə-gicgah və ənsə paylarının hematoması, sol alın payının lövhəvari subdural hematoması ilə müşayiət olunan ənsə sümüyünün xətti sınığı ilə nəticələnən və dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarətlər yetirərək xuliqanlıq niyyətilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, içki içən və söyüş söyən adam olmamışdır. Təqsirləndirilən şəxs və ailəsi onların evlərinin yanına kirayədə yaşamaq üçün təzə köçmüşlər. Hadisədən 1 həftə əvvəl Təqsirləndirilən şəxs onun qabağını kəsmiş, lakin dostları uzaqlaşdırmışlar. Onun 2 yaşlı qızı var. Hadisə baş verən gün qızı ilə gəzməyə çıxmış, qonşulardan bəziləri söyüş söymüş, o yaxınlaşıb söyüş söyməmələrini istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs də Eşqin adlı bir qonağı orada olmuşdur. O, məhəllədə söyüş söyməmələrini bildirəndə ona “Ağsaqqal, yeri çıx get” demişlər. Onunla belə danışmamalarını bildirəndə Təqsirləndirilən şəxs qonağı Eşqin ona yumruq atıb dişlərini qırmış, o uşağı Vüqara vermək istəyəndə, uşaq qucağında ola-ola ona bir də yumruq atmışdır. Bu vaxt Təqsirləndirilən şəxs anası da qaçıb Təqsirləndirilən şəxs “sənin qonağınla dalaşırlar” demiş, Təqsirləndirilən şəxs də gəlib onu arxadan beş barmaqla vurmuş və o üzü üstə yerə yıxılmışdır. Hadisədən sonra 10 gün xəstəxanada olmuşdur. Təqsirləndirilən şəxs cavan olması səbəbi ilə barışmış, ona dəymiş ziyanın ödənildiyini qeyd etmişdir. Heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, dəfələrlə Zərərçəkmiş şəxs söyüş söydüyünə görə xəbərdarlıq etmişdir. O, binanın 1-ci mərtəbəsində yaşamış, yay vaxtı pəncərələr açıq olmuş, Zərərçəkmiş şəxs pəncərənin qarşısında söyüş söyməməli olduğunu demişdir. Hadisə baş verən gün, yəni 31 avqust axşam saatlarında bacısı qızının 1 yaşı tamam olması səbəbilə məclis olmuş, məclisdə onun qonaqları da olmuşdur. Eşqin onunla işləmiş, onların yaşadıqları məhəllədən bir məhəllə aralıda yaşamış, onunla birlikdə məclisdə iştirak etməyə gəlmişdir. Zərərçəkmiş şəxs söyüş söyməyə başlamış, o da çölə çıxıb yenə xəbərdarlıq etmişdir. Zərərçəkmiş şəxs yenə də nalayiq ifadələr işlətməyə başlamış, o da dözməmiş və Zərərçəkmiş şəxs sağ əli ilə üzündən bir yumruq vurmuş və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Daha sonra o özü tibbi yardım çağırmışdır. Hadisə baş verəndə orada heç kim olmamış, Eşqin evdə olmuş, daha sonra onun atası və qonşular yaxınlaşmışlar. Şahid1 qonşuları olmuş, hadisəni evinin pəncərəsindən görmüş və yaxınlaşmışdır. O, Zərərçəkmiş şəxs arxadan yox üzbəüz dayananda söyüş söyməməsini deyib vurmuş, bu vaxt Zərərçəkmiş şəxs yanında uşaq olmamışdır. O, heç vaxt beşbarmaq istifadə etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, bina evində yaşayır. Təqsirləndirilən şəxs də onunla eyni binada ailəsi ilə birlikdə 1-ci mərtəbədə kirayə qalmışdır. Hadisə baş verən gün axşam saatlarında yaşadığı binanın 3cü mərtəbəsindən zərərçəkmiş şəxsin nalayiq ifadələr işlətdiyini eşitmişdir. Həmin gün avtomobilini binanın çıxışının qarşısında saxlamış, uşaqlarını bağdan Novxanıya aparmağa getmək üçün evdən çıxmış, Ümid də pilləkənləri onun qarşısında düşmüşdür. Avtomobilini işə salanda mübahisə yarandığını və dalaşdıqlarını görmüşdür. Zərərçəkmiş şəxs nalayiq ifadələri Ümidin ünvanına yox ünvansız işlətmişdir. Ümid qaça-qaça blokdan çıxıb zərərçəkmiş şəxsə “yenə sən söyüş söyürsən?” deyərək yumruqla vurmuş, zərərçəkmiş şəxs də yerə yıxılmış və başı yerə dəymişdir. Bu vaxt zərərçəkmiş şəxsin uşağı da qucağında olmuşdur. Ümid zərərçəkmiş şəxsi vuranda zərərçəkmiş şəxs arxaya gedib yıxılmış, uşaq da üzərinə düşmüşdür. Hadisə baş verən vaxt Ümidgillin 2 metr yaxınlığında 2-3 nəfər kişi olmuş, daha sonra məhəllə camaatı yığılmışdır. Zərərçəkmiş şəxs çox söyüş söyən olmuş və bu birinci hadisə olmamışdır. Hadisə baş verən vaxt zərərçəkmiş şəxs Ümidgilin pəncərəsinin altında olmuş, hadisə də orada baş vermişdir. Zərərçəkmiş şəxs məhəllədə bütün qonşularla dalaşmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Ümid onun oğlu, zərərçəkmiş şəxs isə qonşusudur. Zərərçəkmiş şəxs hər zaman içkili vəziyyətdə binanın qarşısında söyüş söymüş və o da dəfələrlə söyüş söyməməsi üçün xəbərdarlıq etmişdir. Həmin gün nəvəsinin ad günü olmuş və evdə qonaqlar olmuşdur. Qonaqları yola salanda qonşu yenə söyüş söymüş, onun qızı da orda olduğu üçün Ümid qonşunu vurmaq istəmiş, lakin o Ümidin əlindən tutaraq qonşusunu vurmağa qoymamışdır. Buna baxmayaraq qonşusu içkili olduğu üçün yerə yıxılmış, başı yerə dəymiş və qanamağa başlamışdır. Hadisə baş verən vaxt ətrafda məhəllənin uşaqları olmuşdur. Lakin, Ümidlə qonşusunun yanında heç kim olmamışdır. Bu vaxt qonşusu içkili olmuş, nəinki uşaq, heç özünü belə saxlamaq iqtidarında olmamışdır. Sonra o qonşusu üçün X8 çağırmış və X7 aparmışdır. Səhəri gün qonşusunun yanına baş çəkməyə getmiş və qonşusu ondan 5000 manat pul istəmişdir. O, pulunun olmadığını bildirmiş, qonşusu da şikayət etmişdir. Xəstəxanada olanda həkim ona qonşusunda heç nə olmadığını bildirmişdi. Qonşusunun yoldaşı da ona səs yazıları göndərərək yoldaşının 3-4 ay qabaq yıxılıb başından zərbə aldığını bildirmişdir. Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 1) Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, (cild 1, iş vərəqə 19-20) Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Abşeron rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan X4 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, (cild 1, iş vərəqə 21) Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 02:57-də 17 saylı X8 Stansiya Briqadasının müşayiəti altında X7 gətirilmişdir. Qapalı kəllə beyin travması, baş beyin sol alın-təpə gicgah ənsə paylarının hemorrogik ocaqları, sol alın payı nahiyəsi ilə lövhəvari subdural hematoma, ənsə sümüyünün xətti sınığı, üst dodağın yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 21/591 №-li ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 29-32) 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər - qapalı kəllə beyin travması, baş beynin sol alın-təpə-gicgah və ənsə paylarının hematoması, sol alın payının lövhəvari subdural hematoması ilə müşayiət olunan ənsə sümüyünün xətti sınığı, üst dodağın selikli qişasının əzilmiş yarası bərk küt əşya(əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilkdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 58-59) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək 15 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 68) Təqsirləndirilən şəxs şübhəli bilindiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 70) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(002)-277/2024 saylı qərarından görünür ki, (cild 1, iş vərəqə 85-88) Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 15 noyabr 2024-cü il tarixdən hesablanmışdır. İfadənin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 91-94) Təqsirləndirilən şəxs 31 avqust 2024-cü il tarixdə saat təxminən 21 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs adlı şəxslə aralarında yaranmış mübahisənin qeyd olunan ünvanda baş verməsini bildirmişdir. İş materiallarında olan Məhkəmə-Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 3683 №-li rəyindən görünür ki, (cild 1, iş vərəqə 118-119) yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçib ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cildi 1, iş vərəqə 132-133) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, (cild 1, iş vərəqə 167-168) Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli T398/2025 №-li rəyindən görünür ki, (cild 1, iş vərəqə 201-204) Vət.Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər - qapalı kəllə beyin travması, baş beynin sol alın-təpə-gicgah və ənsə paylarının hematoması, sol alın payının lövhəvari subdural hematoması ilə müşayiət olunan ənsə sümüyünün xətti sınığı, üst dodağın selikli qişasının əzilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə yarana bilərdi, dərəcəsinə görə qapalı kəllə beyin travması, baş beynin sol alın-təpə-gicgah və ənsə paylarının hematoması, sol alın payının lövhəvari subdural hematoması ilə müşayiət olunan ənsə sümüyünün xətti sınığı həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, üst dodağın selikli qişasının əzilmiş yarası isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs olan xəsarətlərin üz nahiyyəsinə yetirilən bir yumruq zərbəsindən və sonra onun arxası üstə yer səthinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilməsi inkar olunmur. Cinayət təqibi üzrə icraatın ayrılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 217-218) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 126.2.4 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsi haqqında ********* nömrəli cinayət işindən Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti yetirən şəxsin müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarxli qərardan görünür ki, (cildi 1, iş vərəqə 221-222) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2017-ci il tarixli hökmü Bakı Şəhəri Probasiya İdarəsinə daxil olmamışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün probasiya şöbəsinə göndərilməsi barədə göstəriş iş materiallarında aşkar olunmamışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 7(012)- 286/2025 saylı qərarından görünür ki, xx.xx.2017-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasını çəkməkdən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamın Azərbaycan Respublikası CM-nin 126.2.4-cü hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı, ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2- ci maddəsi ilə yanaşı, CM-in 221-ci maddəsinin də tərkibini yaradır. Məhkəmə məhkəmə istintaqı zamanı tətqiq olunmuş sübutlara qiymət verərkən qeyd edir ki, təqsirləndirilən şəxs özünü qismən təqsirli bilmiş və zərərçəkmiş şəxsi söyüş söydüyü üçün vurduğunu qeyd etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmədə ifadə verərkən bildirmişdir ki, o məhəllədə uşağı ilə gəzərkən təqsirləndirilən şəxs və onun tanışları tərəfindən döyülmüşdür. Həmçinin Şahid1 məhkəmədə ifadə verərkən zərərçəkmişin Təqsirləndirilən şəxs tərəfindən yumruqla vurulduğunu bildirmişdir. Cinayət işi materiallarında olan Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli T398/2025 №-li rəyindən görünür ki, Vət.Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər qapalı kəllə beyin travması, baş beynin sol alın-təpə-gicgah və ənsə paylarının hematoması, sol alın payının lövhəvari subdural hematoması ilə müşayiət olunan ənsə sümüyünün xətti sınığı, üst dodağın selikli qişasının əzilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə yarana bilərdi, dərəcəsinə görə qapalı kəllə beyin travması, baş beynin sol alın-təpə-gicgah və ənsə paylarının hematoması, sol alın payının lövhəvari subdural hematoması ilə müşayiət olunan ənsə sümüyünün xətti sınığı həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, üst dodağın selikli qişasının əzilmiş yarası isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən zərəçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirmə yuxarıda göstərilən sübutlarla sübuta yetirilir. Həmin əməlin xuliqanlıq niyyəti ilə törədilməsi hissəsində məhkəmə aşağıda göstərilən halları qeyd etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində Namiqin məhəllədə gəzərkən ünvansız söyüşlər söydüyünü və bu səbəbdən məhəlləyə düşərək onu yumruqla vurduğunu bildirmişdir. Şahid1 məhkəmədə ifadə verərkən bildirmişdir ki, o Təqsirləndirilən şəxslə bir blokda yaşayır. Hadisə günü zərərçəkmiş şəxs ünvansız söyüşlər söyərək məhəllədə gəzirdi. Həmin vaxt o blokdan həyətə düşürdü. Bu zaman Ümid binanın birinci mərtəbəsində olan yaşadığı mənzildən çıxaraq məhəlləyə qaçmış və zərərçəkmişi yumruqla vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs heç bir səbəb olmadan (yəni zərərçəkmiş şəxs tərəfindən söyülmədən) bu əməli törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamın Azərbaycan Respublikası CM-nin 221.2.1-ci hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Məhkəmə bildirir ki, təqsirləndirilən şəxsin əməli vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olur. Məhkəmə əməlin bir qrup şəxs halında xuliqanlıq etməsi hissəsində bildirir ki, təqsirləndirilən şəxs ittihamın bu hissəsində özünü təqsirli bilməmişdir. Lakin, zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən qeyd etmişdir ki, onu əvvəl təqsirləndirilən şəxsin Eşqin adlı tanışı, daha sonra Təqsirləndirilən şəxs yumruq ilə vurmuşdur. Həmçinin Şahid1 ifadəsində qeyd etmişdir ki, Ümid zərərçəkmiş şəxsi vurarkən onun yanında 2-3 nəfər kişi olmuşdur. Həmin şəxslər təqsirləndirilən şəxsin yanında dayanmışdırlar. Şahid2 (təqsirləndirilən şəxsin atası) məhkəmədə verdiyi ifadəsində qeyd etmişdir ki, oğlu Ümid zərərçəkmiş şəxsi vurmamış və təsirləndirilən şəxsin yanında heç kim olmamışdır. Məhkəmə göstərilən sübutlardan zərərçəkmiş şəxs və Şahid1 ifadəsini daha inandırıcı hesab edir və həmin sübutlar ittihamın bu hissəsində yekun nəticəyə gəlmək üçün kifayət edir. İş materiallarında olan cinayət təqibi üzrə icraatın ayrılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsi haqqında ********* nömrəli cinayət işindən Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti yetirən şəxsin müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” plenum qərarında göstərilmişdir ki, başqa şəxslər haqqında cinayət təqibi üzrə icraat ayrılmışsa, hökmdə həmin şəxslərin soyadları göstərilmədən, cinayətin haqqında icraat ayrılmış başqa şəxslərlə birlikdə törədildiyi qeyd edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını və 59.1.13-cü maddəsinə əsasən cinayət nətiəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017ci il tarixdə Abşeron rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə az ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80.1.2-ci maddəsinə əsasən “az ağır cinayət törətməyə görə məhkum edilən şəxs ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən yeddi il keçdikdə icra edilməmişdirsə məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur”. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 7(012)- 286/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən ona təyin edilmiş 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasını çəkməkdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-2-ci maddəsinə əsasən “ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə əsasən “Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə - altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etiraf edici, zərərçəkmiş şəxsin və Şahid1 ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələrinin sanksiyalarına uyğun olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə az ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu vaxtdan, yəni 15 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 15 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xəlilrəhmon qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 22 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli Hakimlər Hafiz Kamranov Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar