Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1471/2024 17.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər Şamaxı Rayon Xalq Məhkəməsinin 15 fevral 1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 215-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1998-ci ildə cəzasının sonu ilə azad olunmuş, məkumluğu ödənilmiş, Şamaxı şəhəri, H.Ciddi küçəsi, ev 76-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 9-cu cərgə, ev 35-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə təkrarən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 19 mart 2022-ci il tarixdə saat 23 radələrində ictimai yer hesab edilən ünvan 1 ünvanında yerləşən «Qala altı» kafesinin qarşısında tanışı Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən, sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib ətrafdakı şəxslərin gözü qarşısında xuliqanlıq niyyətilə üzərində olan silah qismində istifadə etdiyi zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilməyən bir tərəfi kəsici, ucu batıcı xassəyə malik turist bıçağını çıxarıb həmin bıçaqla Zərərçəkmiş şəxs1 zor tətbiq edib qəsdən bədən nahiyəsindən bir dəfə vurmaqla ona qarın nahiyəsinin sol yarısının qarın boşluğuna nüfuz edən, nazik bağırsağı və böyük piyliyi zədələyərək daxili qanaxma ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən 16 avqust 2023-cü il tarixdə saat 02 radələrində ictimai yer hesab edilən ünvan 2 ünvanında yerləşən “Çinar” adlı kafenin qarşısında naməlum şəxslərlə bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 ilə mübahisə edib, ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib ətrafdakı şəxslərin gözü qarşısında şəxsiyyəti naməlum şəxslərlə birlikdə bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 zor tətbiq edib bədəninin müxtəlif nahiyyələrindən qəsdən yumruq və təpiklə zərbələr vuraraq sonuncuya sol göz yuvası ətrafı yumşaq toxumaların hematoma halında əzilməsi və həmin gözün ağlı qişasına qansızma, sağ təpə-gicgah və sol qulaqaltı-çeynəmə nahiyələrinin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, qaynaqçı işləyir. O, adətən cibində bıçaq gəzdirən deyil, amma 19 mart 2022-ci il tarixdə bayram günü o evdən çıxarkən bərbərə gedirmiş və üstündə bıçaq qalmışdır. O, dostu Xalislə qarşılaşmışdır. Onun Xalislə arasında mübahisə yaranmış, yerə yıxılmışlar. Xalis içkili imiş, amma o, içkili deyilmiş. Sonra onlar bir-birlərinə nalayiq sözlər işlətmişlər. O, böyük kimi Xalisə demişdir ki, bu vəziyyətdə olmasın və evə getsin. O, bıçaq çıxarıb Xalisə xəbərdarlıq etmişdir. O, dəqiq xatırlamır ola bilər ki, onlar yıxılanda Xalisin qarın boşluğuna bıçaq vurmuşdur. Onun Xalisi bıçaqlamaq niyyəti olmamışdır. Sonra o Xalislə ayrılmış və getmişdir. O, həbs olunmuş və 4-6 ay təcridxanada saxlanılmışdır. Onun barəsində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə də cinayət işi başladılmışdır. Sonra onun barəsində qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilmişdir. 3-4 ay sonra, yəni 16 avqust 2023-cü il tarixdə “Çinar” adlı restoranın qarşısından keçərkən dostu Fəridlə rastlaşmışdır. Fərid içkili imiş. O, Fəridə şillə vuraraq içki içməməsini demişdir. O, Fəridi bıçaqlamamış və ona yalnızca şillə vurmuşdur. Onun 50 yaşı var. O əməlindən qismən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, zərərçəkmiş şəxslərlə barışmışdır. O, evlidir və 2 övladı yetkinlik yaşına çatmışdır. Onun bir övladı hərbi xidmətdədir, digər övladı isə 25 yaşındadır və iş qabiliyyətini itirmiş, xəstədir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun dostudur. O, əvvəllər problemləri olduğuna görə çoxlu spirtli içki qəbul etmişdir. 19 mart 2022-ci il tarixdə o, “Qalaaltı” kafesində oturub pivə içmişdir. O, kafedən içkili çıxarkən İlham onu görüb ona böyük kimi evə getməyini demişdir. İlham ondan yaşca böyük kimi onu vurmuşdur. O, İlhamdan uzaqlaşıb evə getmişdir. O, 19-cu Polis Bölməsinə aparılmışdır. O, azadlığın məhdudlaşdırılması cəzası almışdır. İlhamın bir övladı hərbi xidmətdə, digər övladı xəstədir. İlham ona görə həbs olunmuşdur. O, Təqsirləndirilən şəxsla barışmışdır və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 19 mart 2022-ci il tarixdə saat 23:00 radələrində “Qalaaltı” kafesində İlham olmamışdır. O, istintaq zamanı sənədlərə sadəcə imza çəkmişdir. O, sərxoş olduğundan ola bilər ki, özüözünü vurmuşdur, o, xəstəxanada müalicə almışdır. O, DİN-in 102 Xidmətinə zəng etməmişdir. O, İlhamla bağlı Hüquq-Mühafizə Orqanlarına şikayət etməmişdir. İlham onun özünü bıçaqlamağına görə cəza çəkir. Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Belə ki, cinayət işinin 1-ci cild 142-144-cü vərəqələrində olan ifadəsində Zərərçəkmiş şəxs1 aşağıdakıları göstərmişdir: «... İlhama bir iki yumruq zərbəsi endirmişdir. Həmin vaxt İlham cibindən bir ədəd açılıb-bağlanan bıçaq çıxarmış və onun tərəfə bir neçə zərbə atmışdır. Həmin vaxt bıçaq onun qarın nahiyəsinə dəymiş, lakin xəsarət almasını hiss etməmişdir. Sonra onlar yerə yıxılmışlar. Bundan sonra oradan keçənlər onları ayırmışlar. O, oradan kənarlaşıb “Qalaaltı” kafesinə getmişdir. Kafedə olan zaman qarın nahiyyəsindən qan axmağa başlamış və halı pisləşmişdir. Bu zaman başa düşmüşdür ki, İlham bıçaqla ona zərbə atan zaman bıçaq qarın nahiyəsini deşmişdir. O, yaxınlıqda yerləşən təcili tibbi yardım stansiyasına yaxınlaşmış və daha sonra huşunu itirmiş, nə baş verdiyini xatırlamır. İlhamla uzun müddətdir ki, dost münasibətindədirlər. Bu səbəbdən də İlhamdan ilk öncə şikayət etməmişdir. Lakin, sonradan İlhamın yaşadığı ərazidə özündən razı gəzməsi onda qıcıq yaratmışdır. Bu səbəbdən də o, DİN-nin 102 zəng xidmətinə və Nəsimi RPİ-nə müraciət edərək İlhamın cəzalanmasını istəmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsi yadında deyil. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanıyır. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, dostu ilə “Çinar” adlı restoranda oturub spirtli içki qəbul edirmiş, bu vaxt restoranda İlham və onun yanında 10 nəfər adlarını bilmədiyi bir neçə şəxs də var imiş. Onların arasında mübahisə yaranmış və onlar kafenin arxa tərəfinə getmişlər. İlham ona şillə vurmuşdur. İlham ərk edərək onun üstünə bıçaq çəkmiş, amma İlham onu bıçaqlamamışdır. Onunla mübahisə edərkən İlham tək imiş, o, digər 10 nəfəri tanımamışdır. O, Təqsirləndirilən şəxsla barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 99-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Elşad Vəliyevin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 00:10 radələrində KTM-dən, Zərərçəkmiş şəxs1 İlar oğlunun ünvan 3 ünvanında qarın nahiyyəsinin kəsilmiş yara xəsarəti alması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 101-102-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 mart 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanıdır. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Cinayət işinin 1-ci cild 116-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış vətəndaş Zərərçəkmiş şəxs1 09 may 2022-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu 3-cü mikrorayon dairəsində yerləşən “Qalaltı” restoranının yaxınlığında tanışı Təqsirləndirilən şəxs ilə mübahisə etmiş, həmin mübahisə zamanı İlham üzərində gəzdirdiyi bıçaq ilə onun qarın nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Onunla aralarında olan dostluq münasibətinə görə ilk öncə ondan şikayət etməmişdir. Təqsirləndirilən şəxs tutularaq qanun qarşısında cavab verməyini xahiş etmişdir. Cinayət işinin 1-ci cild 174-176-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin 14 iyun 2022-ci il tarixli, 587 nömrəli ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarət - qarın nahiyəsinin sol yarısının qarın boşluğuna nüfuz edən, nazik bağırsağı və böyük piyliyi zədələyərək daxili qanaxma ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət işinin 2-ci cild 184-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 oktyabr 2022-ci il tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq götürülmüşdür. Cinayət işinin 2-ci cild 120-122-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2023-cü il tarixli, 3-16-16/2-3/1997 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu batıcı xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan düzəliş edilməmişdir. Cinayət işinin 2-ci cild 84-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin X5 Xidmətindən daxil olmuş 16 avqust 2023-cü il tarixdə ünvan 2 ünvanının qarşısında baş vermiş hadisənin görüntülərini özündə əks etdirən bir ədəd CD diskə keçirilmiş baxış zamanı diskdə olan xx.xx.2023-cü il tarixdə qeydə alınmış videogörüntünün Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsinin digər tərəfini özündə əks etdirməsi, görüntünün 9-cu dəqiqəsində yolun əks tərəfindən yerləşən ictimai iaşə obyektindən bir neçə nəfər şəxsin çıxaraq bir qədər kənarda yerləşən qara rəngli markası və dövlət qeydiyyat nişanlı naməlum avtomobilin qarşısında toplanması, 21-ci dəqiqəsində həmin şəxslərdən birinin digərinin qolundan tutaraq həmin yerin yaxınlığında olan yeraltı piyada keçidinin yanına aparması, ardınca digər şəxslərin də həmin yerə getməsi, həmin vaxt aralarında mübahisə baş verməsi, hadisə yerində təxminən 5-6 nəfər şəxsin olması, görüntünün 24-cü dəqiqəsində qeyd olunan yerdə toplanmış şəxslərin yenidən əvvəlki istiqamətdə geri qayıtmaları müəyyən olunur. Cinayət işinin 1-ci cild 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 16 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, o, ərizə yazaraq bildirmişdir ki, ünvan 4 ünvanının qarşısında Qoca adlı şəxs və onun dostları tərəfindən döyülmüş, onun cibindən 300 manat pul vəsaiti götürülmüşdür. Cinayət işinin 1-ci cild 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 avqust 2023-cü il tarixli sərxoşluq hallarının tibbi müayinəsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 yüngül alkoqol sərxoşluğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 12-13-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 avqust 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 4 ünvanıdır. Hadisə yerinə baxış keçirilərkən vətəndaş Zərərçəkmiş şəxs2 tanıdığı Peyman və digər onların dostları tərəfindən döyüldüyünü bildirmişdir. Hadisə yeinə baxış keçirilərkən iş üçün əhəmiyyətli heç bir əşya və ya predmet aşkar edilməmişdir. Hadisə yerinə baxış keçirilən zaman fotoçəkiliş aparılmışdır. Cinayət işinin 2-ci cild 114-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin 16 sentyabr 2023-cü il tarixli, 1203 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - sol göz yuvası ətrafı yumşaq toxumaların hematoma halında əzilməsi və həmin gözün ağlı qişasına qansızma, sağ təpə-gicgah və sol qulaqaltı-çeynəmə nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 saat əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X12 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdirlər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (baş, əl, ayaq və.s) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyil. Cinayət işinin 1-ci cild 36-39-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 avqust 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs üzünə təsdiq edərək, hadisə zamanı Təqsirləndirilən şəxs iki dəfə onun sifətindən şillə ilə vurduğunu, bıçaqla onu hədələdiyini bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir Cinayət işinin 1-ci cild 77-79-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 20 avqust 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi sonuncu barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə araşdırılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Cinayət işinin 2-ci cild 169-172-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 08 fevral 2024-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs qabaqcadan bir qrup şəxs halında əlbir olduğu naməlum şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ayrıca icraata başqa cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 içki içməməsi üçün ancaq şillə vurmuş, Zərərçəkmiş şəxs1la mübahisə zamanı isə ikisi də yerə yıxıldıqdan sonra ola bilər ki, əlindəki bıçaq Zərərçəkmiş şəxs1 dəymiş olsun. Təqsirləndirilən şəxs müxtəlif ziddiyətli ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bildiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlilər göstərməmişdir. Əksinə biri-digəri ilə ziddiyyət təşkil edən ifadələr verməklə məhkəməni yalnış istiqamətə yönəlməyə çalışmışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı irəli sürülmüş ittihamla bağlı ifadəsində göstərilən xüsusatları yuxarıda sadalanan müqayisəli qaydada yoxlamış və həmin ifadəni ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Bundan başqa, məhkəmə iclasında dindirilərkən Zərərçəkmiş şəxs1 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs bir böyük kimi onu vurmuş, o, sərxoş olduğundan ola bilər ki, özü-özünü vurmuşdur. Məhkəmə kollegiyası, zərərçəkmiş şəxsin məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verməsini araşdırılmış sübutların məcmusu və işin fakiki halları ilə müqayisəli təhlil edib onun ibtidai istintaq vaxtı verdiyi ifadəsinin daha inandırıcı ifadə olaraq işin faktiki hallarına uyğun hesab edir. Məhkəmə zərərçəkmiş şəxsin bilavasitə hadisədən dərhal sonra, Rayon Polis İdarəsində verdiyi ifadəsində hadisə barədə məlumatları daha düzgün, həqiqətə uygun və dolğun təsvir edilməsini nəzərə alır, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini sonradan düşünülmüş, işin faktiki hallarına uyğun olmayan, iş üzrə mötəbər sübutlarlarla təkzib olunan, onun yaxını olmuş təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmağa yönəlmiş ifadələr və dəlillər kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında dostluq-tanışlıq münasibətləri olduğundan, onun təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək üçün istintaq zamanı verdikləri ifadələrdən fərqli ifadə vermişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 171-172-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Xalq Məhkəməsinin 15 fevral 1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 215-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1998-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cild 80-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Psixiatriya Xəstxanasından daxil olmuş 05 sentyabr 2023-cü il tarixli, 1/4235 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə Bakı şəhəri 2 nömrəli X1 stasionar müalicə üçün müraciət etməmişdir. Cinayət işinin 2-ci cild 85-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 14 sentyabr 2023-cü il tarixli, 11647 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 2-ci cild 118-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2893 saylı 16 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansi psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlüləliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respblikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Bundan başqa, cinayət işinin 1-ci cild 129-cu vərəqəsində olan 25 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 162-163-cü vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 4(006)-301/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 may 2022-ci il tarixdən hesablanmaqla, 25 avqust 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 201-203-cü vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 4(006)-428/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin müddəti, 25 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 244-246-cı vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 4(006)-508/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin müddəti, 15 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 257-263-cü vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 4(006)-537/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və sonuncu məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin 2-ci cild 178-179-cu vərəqələrində olan Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X4 06 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 04 (dörd) ay 11 (on bir) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 18 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 2-ci cild 60-67-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 4(006)- 423/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 avqust 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 (bir) ədəd bıçaq məhv edilməli, 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 04 (dörd) ay 11 (on bir) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 07 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 (bir) ədəd bıçaq məhv edilsin. 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1471/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1471/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver