Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1471/2025 24.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X2 ibarət tərkibdə, Qasımova Sevinc Mayıl qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,125 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla 29 mart 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 5B ünvanının qarşısına daşımış, 29 mart 2025-ci il tarixdə saat 16:40 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 5B ünvanının qarşısında saxlanılaraq, video çəkilişlə üstünün yoxlanılması zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 5,125 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər metamfetamindən istifadə etmişdir. Psixotrop maddəni adətən tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Psixotrop maddələrdən istifadə edən zaman Bakı şəhəri, Nərimanov rayonu ərazisində üzdən tanımadığı bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxsdən bir neçə dəfə psixotrop maddə metamfetamin alaraq istifadə etmişdir. 29 mart 2025-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslə görüşmüşdür. Orada həmin şəxsdən istifadə etmək məqsədi ilə ona psixotrop maddə satmasını, hazırda pulu olmadığını, gələcəkdə pulunu verəcəyini bildirmişdir. Həmin şəxs də onu üzdən tanıdığı üçün etiraz etməmiş və 01 ədəd şəffaf rəngli sellofan bükümdə psixorop maddə metamfetamini ona verib çıxıb getmişdir. 29 mart 2025-ci il tarixdə saat 16:40 radələrində ünvan 4 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib özünü təqdim etməyini istəmişlər. O da özünü polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, buna görə də üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü təqdim etməyi bildirmişlər. O, artıq çıxılmaz vəziyyətdə olduğunu görüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, sexdə işlədiyi zaman yan obyektdə işləyən bir şəxs ona yaxınlaşmış və dərman qəbul etməyi təklif etmişdir. O da bunu qəbul etmiş və dərmanı qəbul etdikdən sonra vəziyyəti yaxşılaşmışdır. Polis əməkdaşları da onun cibindən həmin dərmanı aşkar etmişlər. 3 nəfər polis əməkdaşı onu Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə aparmışlar. Tutulan zaman videoçəkilişdən istifadə olunmamışdır. Narkotik vasitələrədən istifadə etmiş, lakin satışı ilə məşğul olmamışdır. Moskva şəhərində də dələduzluq cinayəti ilə məhkum edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Nərimanov RPİ-nin 18-ci PŞnın cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyən Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin hərəkətlərindən şübhələndikləri üçün 29 mart 2025-ci il tarixdə, saat 16:00 radələrində Əhməd Rəcəbli küçəsində ona yaxınlaşmışlar. Əməliyyat zamanı videoçəkilişlə şəxsin üzərinə baxış keçirilmiş və aşkar olunmuş bir büküm psixotrop maddə sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin ona məxsus olduğunu etiraf etmişdir. Sonrakı prosessual hərəkətlər bölmədə, təhqiqatçı Vüqar Ələkbərlinin rəhbərliyi ilə həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Nərimanov RPİ-nin 18-ci PŞnın cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 29 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 29 mart 2025-ci il tarixdə günorta saatlarında Nərimanov rayonunun ərazisində saxlamışlar. Saxlanıldıqdan sonra onun üzərinə baxış keçirilmiş, baxış zamanı o üzərində olan psixotrop maddəni təqdim etmişdir. Daha sonra onu bölməyə apararaq təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Bakı şəhər Nərimanov RPİ-nin 18-ci PŞnın cinayət axtarış üzrə baş əməliyyat müvəkkili işləyən Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 29 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O, Ruslan və Şəhriyar birlikdə məlumat əsasında xx.xx.2025-ci il tarixdə saat 16:40 radələrində ünvan 5 ünvanının qarşısına getmişdir. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Turalın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, özünü şübhəli aparmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqəni göstərib özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 6aşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Turala narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Tural da əynində olan qara rəngli cins şalvarın sağ yan cibində 01 ədəd şəffaf sellofan bükümü, 04 ədəd içərisi boş olan alüminium folqa bükümü, 01 ədəd qol saatını və "Volargin" dərman həbini çıxarıb təqdim edərək, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, 04 ədəd alüminium folqa bükümlərin içərisinin boş olmasını, həmin psixotrop maddəni tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm baxış keçirin zaman içərisindən ağ kristallik formalı, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Aşkar edilmiş bükümdə olan ağ kristallik formalı maddə qablaşdırılaraq möhürləndi, üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmişdir. Polis şöbəsində Turalın psixotrop maddə metamfetmaini təqdim etməyi barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğu iştirakçılar və Tural tərəfindən imzalar ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçı Azər Abdullayevə həvalə edilmiş, Azər Abdullayev də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkillərin istirakı ilə onu sübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində askar edilərək qablaşdırılmıs 01 ədəd zərfdə olan bükümə baxış keçirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs zərfin içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni şəxsi istifadə məqsədi ilə tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Şəxsə qarşı hər hansı psixi və fiziki təzyiq göstərilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 mart 2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Bakı şəhərinin müxtəlif rayonları, eyni zamanda Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ətrafında qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, özündə saxlamaqla istifadə etməsi, satışı ilə məşğul olması və daşıması göstərilmişdir (cild 1, i/v 3). Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 29 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, i/v 5-6). Şəxsin saxlanılması və üstünün yoxlanılması haqqında 29 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim edilməsi bildirilmiş və onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş, kristal şəkilli, ağ rəngli spesifik qoxuya malik metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan şalvarın sağ yan cibindən qol saatı, 4 ədəd içi boş olan alüminium folqa bükümü və “Volqarin” dərman həbi aşkar edilmişdir. Aşkar olunmuş büküm, yəni 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində spesifik qoxuya malik, kristal şəkilli, ağ rəngli metamfetaminə bənzər maddə zərfdə qablaşdırılaraq üzəri 224 saylı möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, i/v 9-10). “Şübhəli şəxsin tutulması haqqında” 29 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 25-26). Təqdim olunan maddi sübuta baxış keçirilməsi haqqında 29 mart 2025-ci il tarixli protokoldan görünür ki, iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddi sübuta baxış keçirilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə psixotrop maddə hesab olunan “patı” yəni metamfetamindir. O, üzərindən aşkar edilmiş psixotrop maddəni həmin gün yaşadığı ünvanın yaxınlığında üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsin ona verdiyini və daha sonra istifadə etmək üçün özündə saxladığını bildirmişdir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmişdir (cild 1, i/v 37-38). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1203 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “.... Təqsirləndirilən şəxs (imza) ...) sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,125 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,0 manat təşkil edir (cild 1, i/v 46-50). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-390/2025 nömrəli, 31 mart 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 mart 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 90-94). CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 31 mart 2025-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd zərfdə olan bükümə baxış keçirir və baxış zamanı şəffaf rəngli sellofan bükümün içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlənin aşkar edilməsi, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan ağ rəngli maddənin psixotrop maddə metamfetamin olmasını, həmin maddəni şəxsi istifadə məqsədi ilə tanımadığı şəxsdən əldə etdiyini bildirməsi və yenidən həmin bükümün zərfə qoyularaq qablaşdırılması və götürülməsi video görüntü zamanı qeydə alınmışdır (cild 1, i/v 95-96). CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 31 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini, 04 ədəd içərisi boş olan alüminium folqa bükümü, 01 ədəd qol saatını və “Volgarin” dərman həbini çıxarıb polis əməkdaşlarına təqdim etməsi, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olmasının, 04 ədəd alüminium folqa bükümlərin içərisinin boş olmasını, həmin psixotrop maddəni tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirməsi və həmin maddənin zərfə qoyularaq qablaşdırılması və götürülməsi video görüntü zamanı qeydə alınmışdır (cild 1, i/v 97-98). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 aprel 2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X1 Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə RF CM-nin 159-cu maddəsinin 2-ci hissəsi ilə 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs barəsində Nərimanov RPİ-də CM-nin 128-ci maddəsi ilə istintaq edilən cinayət işi xx.xx.2025-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir (cild 1, i/v 118-119). CD diskə baxış keçirilməsi haqqında 20 may 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Excell formatlı 01 ədəd “504100655_SMS” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 31 mart 2025-ci il tarixədək olan müddət ərzində göndərilmiş smslərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir. Excell formatlı 01 ədəd “2024” və 01 ədəd “2025” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 31 mart 2025-ci il tarixədək daxil olan zənglərin siyahısı və anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir. Excell formatlı 01 ədəd “**********55” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 31 mart 2025-ci il tarixədək daxil olan zənglərin siyahısı və anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir (cild 1, i/v 125). 01 aprel 2025-ci il tarixli, 1777 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sintetik opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 135-136). 01 aprel 2025-ci il tarixli, 950 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, i/v 137-139). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 5,125 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və qalıq qalmış 5,025 qram çəkidə psixotrop maddə metamfetaminin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi, 2 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 1, i/v 144-152). Müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş Məhkəmə Psixiatrik Ekspertiza X5 Şəxsin xx.xx.2025-ci il tarixli, 116 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham edilən cinayət əməlini törədən zaman “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkmişdir. Qeyd olunan psixi pozuntunun gedişində remissiya (yaxşılaşma) vəziyyəti müəyyən olunduğu üçün Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyi remissiya (yaxşılaşma) vəziyyətində olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman və hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür (cild 2, i/v 51-56). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(005)-186/2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə sadələşdirilmiş icraat üzrə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir (cild 2, i/v 59-61). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etmə və saxlama cinayətinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetamin 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiyanın aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2025-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 29 mart 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə icraatı zamanı dəyişdirilməmişdr. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 29 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən salxanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayətlərin təsinfatına görə ağır cinayət törədiyinə və ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyinə görə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan psixotrop maddə 5,025 qram metamfetamin məhv edilməlidir. Digər maddi sübut –02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu andan, yəni 29 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan psixotrop maddə 5,025 qram metamfetamin məhv edilsin. Digər maddi sübut- 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1471/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1471/2025
24.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver