Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1472/2021 22.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmməd küçəsi, ev 42A-da qeydiyyatda olmaqla orada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,106 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və külli miqdarda ümumi təmiz çəkisi 2,327 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, daşıyaraq üzərində saxlamış, 28.04.2021-ci il tarixdə saat 14-15 radələrində Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanardağ küçəsi, “Akkord” beton zavodunun yaxınlığında saxlanılaraq, 12-ci PŞ-nə gətirilib üzərində PŞ-nin inzibati binasında şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan iç cibindən bir ədəd plastik qabın içərisindən altı ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,702 qram, 0,637 qram, 0,021 qram, 0,898 qram,0,056 qram, 0,013 qram olmaqla, ümumi təmiz çəkisi 2,327 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin, iki ədəd qızılı rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,033 qram, 0,073 qram olmaqla, ümumi təmiz çəkisi 0,106 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, təqribən bir ilə yaxındır narkotik vasitə olan heroin və metamfetamindən istifadə edir. 26.04.2021-ci il tarixdə saat 12:00 radələrində o, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxs ilə görüşərək ondan istifadəsi üçün 25 manata narkotik vasitə olan heroin və metamfetamin almış, bükümlərə öz istifadəsi üçün bölmüşdür. Həmin maddələrdən bir qismini istifadə edib, digər qismini isə üzərində saxlamışdır. 28.04.2021-ci il tarixdə o, işləmək üçün Balaxanı qəsəbəsində “Təmiz şəhər” tullantılar zavoduna gedən zaman Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Akkord” beton zavodun yaxınlığında iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Bu zaman o, hər şeyin onlara aydın olduğunu başa düşmüş və onlarla Sabunçu RPİ-nin 12-ci PŞ-nə getmişdir. 12-ci PŞ-də inzibati otaqların birində üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu səbəbdən o, əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan iç cibindən bir ədəd plastmas qabı və içərisində olan 5 ədəd şəffaf sellofana bükülmüş heroini, iki ədəd siqaretin qızılı kağızına bükülmüş metamfetamini və bir ədəd siqaretin ağ kağızına bükülmüş heroini təqdim etmişdir. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılaraq çəkisinin və tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Həmçinin şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və protokol onun, eyni zamanda polis əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi polis leytenantıdır. 28 aprel 2021 -ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmməd küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddənin üzərində saxlamsı, satışı, daşıması və istifadəsi barədə etibarlı mənbədən məlumat ona daxil olmuşdur. Bu barədə raportla şöbə rəisinə yazılı şəkildə məruzə etmiş, əməliyyat qrupu yaradılmış, həmin qrupa o və əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Həmin şəxs sonrakı saatlarda müəyyən edilərək inzibati ərazidə tərəfindən saxlanılmışdır. Onlar həmin şəxsi Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində saxlanılan şəxsin əvvəllər məhkum olunmamış, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Onlar Təqsirləndirilən şəxs Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilməsinin səbəbini izah edib, ona hüquq və vəzifələrini izah etmişlər. Həmçinin ona hüquqlarını müdafiə etməsi üçün 7 saylı büronun vəkillərinin siyahısı tərtib olunmuş siyahını təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə baxış onun xahişi ilə müdafiəçisinin iştirakı olmadan aparılmışdır. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən bükümlər və mobil telefon aşkar edilmiş, həmin bükümlər açıldıqda metamfetaminə və heroinə bənzər kütlələr aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cibində aşkar olunan maddələrin nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyini soruşmuşdur. O, üzərində aşkar olunan maddənin psixotrop və narkotik maddə olduğunu, özü istifadə etmək üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddənin və narkotik vasitənin satışıyla məşğul olmadığını onlara bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 29 aprel 2021-ci tarixli, 6\1709 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs yazısı olan zərfdə 01 plastik qutunun içərisində 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,033 qram, 0,073 qram, ümumi təmiz çəkiləri 0,106 qramağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 bükümdəki metamfetaminin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,702 qram, 0,637 qram, 0,021 qram, 0,898 qram, 0,056 qram, 0,013 qram, ümumi təmiz çəkiləri 2,327 qram tünd qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 06 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin və heroin 2005-ci il 28 iyun tarixli AR Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrinin və narkotik vasitələrin siyahısına daxildir. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 13 iyul 2021-ci il tarixli, 2314 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs huşu aydındır, bədəlliyi bütün növlərdə saxlanılıb. Suallara düzgün cavab verir. Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 30 iyun 2021-ci il tarixli, 1396 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixiki xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixiki xəstəlik və ya psixiki fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur, onun psixiki inkişafında gerilik əlamətləri aşkar edilmir. Hövsələsizlik, əsəbilik, tez özündən çıxmaq, konfiktə meyllik kimi fərdi psixiki xüsusiyyətlərə malikdir. Cinayət işinə əlavə olunmuş kompyuter texniki ekspertizasının 02 iyun 2021-ci il tarixli, 5/483 saylə rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus Hoffman markalı mobil telefon hazırda işlək vəziyyətdədir. Ekran kilidini yaddaşı silmədən ləğv etmək mümkün olmadı. Məhkəmə baxışı zamanı iş materiallarında olan bir ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntülər 28 aprel 2021-ci il tarixdə, saat 15:05-də qeydə alınmışdır. Görüntülərdə Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin inzibati otaqlarından birində özünü təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ondan saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs isə narkotik vasitələrin və psixotrop maddələri qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan iç cibindən bir ədəd plastik qab və içərisindən beş ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngdə maddə, iki ədəd siqaretin qızılı kağızına bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə, bir ədəd siqaretin ağ kağızına bükülmüş içərisində qəhvəyi rəngdə maddə, boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Hofman” markalı mobil telefon çıxararaq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu soruşulduqda o, bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu deyir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddələri haradan əldə etdiyi və nə məqsədlə üzərində saxladığı soruşulduğu zaman o, həmin bükümləri 26 aprel 2021-ci il tarixində, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən cəmi 25 manata aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini deyir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadə üçün əldə etməsi ilə bağlı ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla ağır cinayətdən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, cinayət işinə əlavə olunmuş Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 28.04.21-ci il tarixli raportundan görünür ki, onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan başqa cinayət işinə əlavə olunmuş Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 28.04.21-ci il tarixli əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi ilə bağlı əməliyyat tədbirlərinin həyata keçirilməsi və yaşadığı binanın müşahidəsinin aparılması ilə bağlı qərar qəbul olunmuşdur. Bundan başqa cinayət işinə əlavə olunmuş 09.06.21-ci il tarixli "xxxx" MMC-yə daxil olmuş zənglərin və mesajların açıqlamasından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona müxtəlif telefon nömrələrindən narkotik vasitələrin satışı ilə bağlı bu yönlü sms-lər daxil olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********00 mobil telefon abonentinə 15 aprel 2021ci il tarixdə saat 14:56-da aşağıdakı məzmunda sms daxil olmuşdur: “qaqaw menem burda diyanan 120 manat pul var atam 3 drne torpaq 1 dene pati bidene he yox di gedimde qaqawim yooxsa cixirsan menem qapuvuzdaki”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ailəli və himayəsində iki azyaşlı övladlarının olmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,207 qram təşkil edən narkotik vasitə olan heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,066 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Cinayət işinin materiallarında olan disklər cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 169,90 (yüz altmış doqquz manat doxsan qəpik) məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 ( beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,207 qram təşkil edən narkotik vasitə olan heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,066 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilsin. Cinayət işinin materiallarında olan disklər cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 169,90 (yüz altmış doqquz manat doxsan qəpik) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1472/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1472/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver