Məhkəmə qərarları › İş №1(101)-1474/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1474/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1474/2023 23.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, naməlum mənbədən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd xəncər, həmçinin naməlum mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan 6,295 qram çəkidə psixotrop maddə metamfetamin əldə etmiş, qeyd edilən soyuq silahı gəzdirib idarə etdiyi “Hyundai TG” markalı, **-XP-*** qeydiyyat nişanlı avtomobildə, psixotrop maddə metamfetamini isə üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə saat 23:00-da yuxarıda qeyd edilən ünvanda idarə etdiyi “Hyundai TG” markalı, **-XP-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq həmin avtomobillə birlikdə BMCMİ-yə gətirilmiş və orada 16 mart 2023-cü il tarixdə saat 00:50-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki gödəkçəsinin sol iç cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 6,295 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra 16 mart 2023-cü il tarixdə saat 01:55-dən etibarən qeyd edilən idarənin inzibati binasının həyətində Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə onun idarə etdiyi “Hyundai TG” markalı, **-XP-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış və götürmə zamanı onun qanunsuz olaraq əldə edib gəzdirərək avtomobilin salon hissəsində sürücü əyləşən oturacağının sol tərəfində saxlamaqla daşıdığı soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd xəncər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilir, amma Azərbaycan Respublikası CM-nin 234.1-1-ci madəsi ilə təqsirli bilmir. O, narkotik vasitənin marixuana növündən istifadə etmiş, lakin üzərindən çıxan narkotik vasitə ona məxsus olmamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşı Seymur adlı şəxs və adını bilmədiyi digər əməkdaşlar narkotik vasitəni üzərinə qoymuşdur. O, Elmir adlı şəxs və bir nəfər daxil olmaqla üçü saxlanılmışlar, amma marixauana gətirən Elmir adlı şəxs buraxılmış və polislər onların ikisini aparmışlar. Ona qarşı fiziki təzyiq olmamış, ona yalnız psixoloji təzyiq olunmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisədən əvvəl polis əməkdaşları ilə heç münaqişəsi olmamışdır. Hadisə baş verən gün o işdə olmuşdur. Bıçağı bazardan meyvə-tərəvəz doğramaq üçün almışdır. Elan olunmuş cinayət işinin 27-29-cu vərəqələrində olan şəxsi-axtarış, baxış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza ona məxsusdur. O, protokolu psixoloji təzyiq altında imzalamışdır. Cinayət işinin 31-ci vərəqəsində olan ərizə və ərizədəki imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza ona məxsusdur. O, ərizəni psixoloji təzyiq altında imzalamışdır. Elan olunmuş cinayət işinin 33-34-cü vərəqələrində olan baxış keçirilməsi və əşyaların götürülməsi barədə protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza ona məxsusdur. O, protokolu psixoloji təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 46-47-ci vərəqələrində olan izahatında, 66-70, 99-104 və 228- 232-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...Bakı şəhərində olduğu zaman 15 mart 2023-cü il tarixdə səhər vaxtı sosial şəbəkədə tanış olduğu adını və digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə “whatsapp” vasitəsilə əlaqə saxlayıb ondan 6-7 qram çəkidə “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin almaq istədiyini bildirmiş, o, da 50 manat pul müqabilində həmin psixotrop maddə metamfetamin göndərəcəyinə söz vermişdir. Razılaşdıqdan sonra o, İran İslam Respublikasının vətəndaşının göndərdiyi bank hesabına 50 manat pul köçürmüş, sonra həmin şəxs onun mobil telefonuna psixtorop maddəni gizlətdiyi yerin şəklini və məkan, yəni konum göndərmişdir. O, həmin şəxsin göndərdiyi konum əsasında həmin gün günorta vaxtı tək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisinə gedib psixotrop maddəni gizlədildiyi yerdən götürüb özü istifadə etmək məqsədilə üzərində saxlayıb daşımışdır. 15 mart 2023-cü il tarixdə axşam vaxtı təsadüfən həmkəndlisi və tanışı Şahid5da rayondan Bakı şəhərinə gəldiyini bilib onunla əlaqə saxlamış və onlar Bakı şəhəri, Suraxanı rayonu ərazisində görüşüb birlikdə çay içib vaxt keçirmişlər. Həmin gün saat 23 radələrində ünvan 2 ünvanının yaxınlığında Şahid5lə birlikdə onun idarə etdiyi “Hyundai TG” markalı, **-XP-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman onlara 4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onu və Şahid5 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. ...Videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış, Şahid5 üzərinə isə baxış keçirilmişdir. Ondan üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan gödəkçəsinin sol iç cibində olan 01 ədəd şəffaf sellofan bükümü, gödəkçəsinin sol yan cibində olan 02 ədəd avtomobil açarını, gödəkçəsinin sağ yan cibində olan “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. ...Sorğu zamanı o, üzərindən aşkar edilmiş psixotrop maddəni anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından 50 manat pul müqabilində aldığını, həmin maddəni İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərilən konum vasitəsilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisinə gedib gizlədildiyi yerdən götürdüyünü və özü istifadə etmək məqsədilə üzərində saxlayıb daşıdığını, üzərindən aşkar edilmiş psixotrop maddədən tanışı Şahid5 məlumatının olmadığını bildirmişdir. ...Polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır. Özü də polis əməkdaşlarının göstərişlərinə tabe olmuş, heç bir müqavimət göstərməmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar ona məxsusdur. O, izahatı və protokolları psixoloji təzyiq altında imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 mart 2023-cü il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, həmin maddələri əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, bu məlumatı Baş İdarənin rəhbərliyinə raportla məruzə etmiş və əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə olunmuşdur. 15 mart 2023-cü il tarixdə axşam saat 23:00 radələrində ünvan 2 ünvanının yaxınlığında iki nəfər görmüşlər. Belə ki, xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi idarə etdiyi «Hyundai TG” markalı avtomobilin yanında bir nəfər başqa şəxslə birlikdə olduğunu müəyyən edib onlara yaxınlaşıb saxlayaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmçinin saxlanılan şəxslərdən özlərini təqdim etmələrini təklif etmişlər. Həmin şəxslər özlərini təqdim edib Təqsirləndirilən şəxs və Toğrul adlı şəxs olduqlarını bildirmişlər. Onlar Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib onunla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarı ona elan edib, onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu, əgər üzərində bu kimi qanunsuz maddə və ya predmet saxlayırsa məlumat verməsini bildirmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən səmimi şəkildə etiraf edib hazırda üzərində öz istifadəsi üçün alıb saxladığı bir büküm psixotrop maddə metamfetamin olduğunu qeyd etmişdir. Sonra Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib onları həmin “Hyundai TG” markalı avtomobillə birgə Baş İdarəyə gətirmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış, baxış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol iç cibində olan 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və təqdim etdiyi 01 ədəd bükümün içərisində metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını, həmin maddəni İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərilən konum əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisinə gedib gizlədildiyi yerdən götürdüyünü və özü istifadə etmək məqsədilə üzərində daşıyıb saxladığını bildirmişdir. Bundan sonra Baş İdarənin həyətində saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi həmin “Hyundai TG” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçiriləcəyi ona izah olunmuş və Təqsirləndirilən şəxs avtomobilə baxış keçirilməsinə də heç bir etirazının olmadığını qeyd etmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətinə gətirilib saxlanılmış, Təqsirləndirilən şəxs idarə etdiyi həmin “Hyundai TG” markalı avtomobilə onun özünün və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs avtomobilin salon hissəsində bir ədəd bıçaq saxladığını bildirib, özündə olan açarla “Hyundai TG” markalı avtomobilin qapılarını açıb baxışa təqdim etmiş və avtomobilin qabaq sol qapısını açıb sürücü əyləşən oturacağın sol hissəsinə qoyulmuş bir ədəd bıçaq tipli dəmir predmeti götürüb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bıçağı Şəmkir rayonunda bazarda işlədiyi dövrdə aldığını, təsərrüfat işlərində istifadə etmək məqsədilə idarə etdiyi avtomobildə saxladığını qeyd etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən yanında bir nəfər şəxs də var imiş. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmişdir. Şübhəli şəxsin olduğu yer müəyyən olunmuş, əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs “Hyundai TG” markalı avtomobilin içində deyil, yanında bir nəfər başqa şəxslə birlikdə dayanmışdır. Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında, Suraxanı Rayon Məhkəməsinə yaxın bir yerdə yaxınlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Şahid2, Şahid4 və proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadələrindən görünür ki, sonuncular eyni məzmunlu ifadələr verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid5 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun həmyerlisidir və aralarında tanışlıq münasibətləri vardır. Şahid5 qeyd etmişdir ki, şəxsi işi ilə bağlı Şəmkir rayonundan Bakı şəhərinə gəlmiş, 15 mart 2023-cü il tarixdə Bakı şəhərində olduğu zaman tanışı Təqsirləndirilən şəxs da Bakı şəhərində olduğunu bilmiş və həmin günü axşam vaxtı onlar zəngləşib Bakı şəhəri, Suraxanı rayonu ərazisində görüşüb birlikdə çay içib vaxt keçirmişlər. Həmin gün saat 23 radələrində ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun idarə etdiyi “Hyundai TG” markalı, **-XP-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman onlara 4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs tanış etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “şüşə” adı İlə tanıdığı psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlarda buna etiraz etməyib Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, onun üzərinə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları təqdim etməsi təklif edilmiş və sonuncu üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan gödəkçəsinin sol iç cibində olan 01 ədəd şəffaf sellofan bükümü, gödəkçəsinin sol yan cibində olan 02 ədəd avtomobil açarını, gödəkçəsinin sağ yan cibində olan “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən şəffaf rəngli, kristal formalı maddə aşkar edilmiş və polis əməkdaşları həmin maddənin psixotrop maddə metamfetaminə oxşar maddə olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, aşkar olunmuş 02 ədəd avtomobil açarı isə onun özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından 50 manat pul müqabilində aldığını, həmin maddəni İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərilən konum vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisinə gedib gizlədildiyi yerdən götürdüyünü və özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, üzərindən aşkar edilmiş psixotrop maddədən heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş, baxış zamanı o, əynindəki şalvarının sağ yan cibində olan “Redmi" markalı mobil telefonu və 5 manat pulu çıxarıb təqdim etmişdir. Mobil telefon və pul onun özünə qaytarılmışdır. Baxış zamanı onun üzərindən narkotik vasitə, psixotrop maddə və qanunsuz əşyalar aşkar edilməmişdir. Tanışı Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasından məlumatının olmadığını bildirmişdir. Sonra keçirilmiş şəxsi axtarış və baxışla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və protokolun doğruluğunu imzalarla təsdiqləmişlər. Polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır. Özü də polis əməkdaşlarının göstərişlərinə tabe olmuş, heç bir müqavimət göstərməmişdir. O, narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini qeyd etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 15 mart 2023-cü il tarixli raportundan görünür ki, Asif adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 15 mart 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 173-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 5(005)-551/2023 saylı əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 15 mart 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general mayoru Əbülfət Rzayevin 15 mart 2023-cü il tarixli, 3-13-6/Ə122/2023 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 27-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 mart 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxsna paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol iç cibindən 01 ədəd sellofan büküm, həmin gödəkçənin sol yan cibindən 02 ədəd avtomobil açarını, gödəkçənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Aşkar edilmiş bir ədəd bükümə baxış keçirilən zaman psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşının qoyduğu konumdan götürüb üzərində saxladığını bildirmişdir. 02 ədəd avtomobil açarı Təqsirləndirilən şəxs geri qaytarılmış, 01 ədəd sellofan bükümdə olan maddə və 01 ədəd “Samsung” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai TG” markalı, **-XP-*** qeydiyyat nişanlı avtomobildə 01 ədəd bıçaq saxladığını, həmin avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 31-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu idarə etdiyi “Hyundai TG” markalı, **-XP-*** qeydiyyat nişanlı avtomobildə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işinin 33-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 mart 2023-cü il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai TG” markalı, **-XP-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı, şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilin ön sürücü hissəsində oturacağın yanında 01 ədəd qara rəngli bıçaq tipli predmeti təqdim etmişdir. Aşkar edilmiş həmin predmet qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 52-55-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2023-cü il tarixli, 6/1622 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №6” möhür əksi və “Təqsirləndirilən şəxs aşkar edilmiş...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 6,295 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Cinayət işinin 181-183-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli, 3/517 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmet - zavod üsulu ilə hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir, soyuq silah hesab edilir və təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işinin 132-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 mart 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 176-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 may 2023-cü il tarixli teelefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 174-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 02 may 2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 236-237-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis polkovnik-leytenantı X2 12 may 2023-cü il tarixli cinayət işi materiallarından başqa material ayrılması haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş psixotrop maddəni ə 01 ədəd xəncəri əldə etdiyi mənbənin müəyyən edilməsi üçün ayrıca icraata material ayrılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs , Təqsirləndirilən şəxs üzərinə və sonuncunun idarə etdiyi avtomobilə keçirilmiş baxış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən CD disklərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl, sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol iç cibindən 01 ədəd sellofan büküm, həmin gödəkçənin sol yan cibindən 02 ədəd avtomobil açarını, gödəkçənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Aşkar edilmiş bir ədəd bükümə baxış keçirilən zaman psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşının qoyduğu yerdən götürüb üzərində saxladığını bildirmişdir. 02 ədəd avtomobil açarı Təqsirləndirilən şəxs geri qaytarılmış, 01 ədəd sellofan bükümdə olan maddə və 01 ədəd “Samsung” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai TG” markalı, **-XP-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı, şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilin ön sürücü hissəsində oturacağın yanında 01 ədəd qara rəngli bıçaq tipli predmeti təqdim etmişdir. Aşkar edilmiş həmin predmet qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onda narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən ona psixoloji təzyiqlər olduğu üçün narkotik vasitəni boynuna götürmüş, onun üzərində yalnız meyvə-tərəvəz doğramaq üçün bıçaq olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, sonuncu könüllü olaraq cibindən narkotik vasitəni çıxarıb təqdim edərək, özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxsla birgə saxlanılan tanışı Şahid5 istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, sonuncu şəxsi axtarış zamanı həqiqətən Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar edildiyini bildirmişdir. Bundan başqa, cinayət işinin 189-190-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsinin 10 aprel 2023-cü il tarixli, 114\MEŞ nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir. Həmçinin, cinayət işinin 192-194-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsinin 07 aprel 2023-cü il tarixli, 1167/K nömrəli maddi sübutların ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “metamfetamin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 136-137-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 06 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası X-Mansiysk İD Nijnevartovsk Şəhər Məhkəməsinin 09 iyun 2007-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində olan Rusiya Federasiyası X-Mansiysk İD Nijnevartovsk Şəhər Məhkəməsinin 09 iyun 2007-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 522-ci maddəsində göstərilən tələblərə uyğun olaraq Azərbaycan Respubikası ərazisində tanınması barədə hər hansı məlumat olmadığından, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Cinayət işinin 141-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Düyərli kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 142-143-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı – xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 vardır. Cinayət işinin 157-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 11 aprel 2023-cü il tarixli, 4551 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 178-179-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsinin 17 mart 2023-cü il tarixli 1616 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, müsbət səciyyələndirilməsi isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 16 mart 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 19-cu vərəqəsində olan 16 mart 2023cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 112-114-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 4(005)-384/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 mart 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 6,195 qram çəkidə qalan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai TG” markalı, **-XP-*** qeydiyyat nişanlı avtomobildən götürülmüş 01 ədəd soyuq silah hesab edilən xəncər məhv edilməli, 02 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Cinayət işinin 133-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış qəbzdən görünür ki, X1 Asif Sahib oğlunun üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefonu təhvil almışdır. Cinayət işinin 148-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış qəbzdən görünür ki, X4 «Hyundai TG» markalı, **-XP-*** qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 184 (yüz səksən dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”, xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 6,195 qram çəkidə qalan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai TG” markalı, **-XP-*** qeydiyyat nişanlı avtomobildən götürülmüş 01 ədəd soyuq silah hesab edilən xəncər məhv edilsin. 02 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 184 (yüz səksən dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar