Məhkəmə qərarları › İş №1(101)-1474/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1474/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1474/2024 31.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 25 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 31 may 2024-cü il tarixdə, saat 17:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edən külli miqdarda üzərində “Methadone 40” yazıları olan 4 konvalyutda 40 ədəd dərman həbləri narkotik vasitə metadonu və təmiz çəkisi 26,02 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımaqla 24 oktyabr 2023-cü il tarixdə, saat 06:30 radələrində özünü şübhəli apardığı üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində yerləşən “Spar” marketin qarşısında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün (bundan sonra mətndə - Sabunçu RPİ-nin PPXB-nin) əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə (bundan sonra mətndə - 13-cü PŞ) gətirilmiş və polis şöbəsində üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki parça gödəkçənin sol yan cibindən 1(bir) ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 26,02 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və sağ yan cibindən üzərində “Methadone 40” göstəricisi olan dörd ədəd konvalyut, hər konvalyutda 10 ədəd dairəvi formalı qəhvəyi rəngli həb olmaqla ümumilikdə 40 ədəd metadon həbinin təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram (üzərindəki göstəricilərə əsasən bir həbdə 0,04 qram) təşkil edən külli miqdarda narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən qurudulmuş marixuana və metadon növündən istifadə etmiş, polis əməkdaşları tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində saxlanılarkən üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə metadon və qurudulmuş marixuana olmuş və həmin narkotik vasitələri hazırda məcburi müalicədə olan Natiq adlı dostu üçün tanımadığı şəxsdən almışdır. Belə ki, Natiq adlı dostu barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməklə ayağında “elektron qolbaq” nəzarət vasitəsi olması səbəbindən Natiq gecə vaxtı çölə çıxa bilmədiyindən sonuncu üçün saxlanıldığı gün narkotik vasitə almışdır. Polislər tərəfindən saxlanılarkən yanında Günəşli qəsəbəsindən tanıdığı şəxslər də olmuş, sonuncular onu yolüstü özləri ilə götürmüşlər. Belə ki, o, narkotik vasitə qurudulmuş marixunanı öz istifadəsi üçün almış, dostu ona da metadon alması üçün metadonun pulunu vermiş, lakin sonuncudan ona metadon alıb verməsi qarşılığında əlavə pul almamışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadələrinin bəzi hissələri onun dediyi kimi yazılmamış, saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı fiziki təzyiq göstərilmiş, polislər tərəfindən döyülmüşdür. Üzərində aşkar edilmiş narkotik vasitələri hər hansı şəxsə satmamış, ümumiyyətlə heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış və satmaq məqsədi olmamışdır. Saxlanılarkən yanında olmuş İradə adlı qadına da hər hansı narkotik vasitə satmamış və ya hər hansı əvəz qarşılığında verməmişdir. Məhkəmə tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçildikdən sonra barəsində seçilmiş qətimkan tədbirinin şərtlərinə riayət etmiş, lakin hər hansı polis orqanı tərəfindən ayağına elektron qolbaq taxılması üçün çağrılmamışdır. Barəsində olan cinayət işinə məhkəmədə baxılarkən ayağına elektron qolbaq taxılması ilə bağlı həm Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə, həm Xətai Rayon Polis İdarəsinə müraciət etmiş, lakin həmin idarələrdən ona ayağına elektron qolbaq taxılmamışdır. 5 aprel 2024-cü il tarixdə, gecə saat 1 radələrində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar saxlanılmışdır. İfadəsinin sonunda özünü təqsirli bildiyi törətdiyi əmələ münasibətdə peşmanlıq çəkdiyini, himayəsində bir azyaşlı uşağı olduğunu bildirərək məhkəmədən onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməldə təqsirli bilərək aşağı həddə cəza təyin edilməsini xahiş etdi.

3. Təqsirləndirilən şəxs davam edən məhkəmə iclasları zamanı məhkəmə istintaqının yekun mərhələsində yazılı vəsatət təqdim edərək və həmin vəsatəti şifahi olaraq səsləndirərək Şahid5 ibtidai araşdırma zamanı yalan ifadə verdiyini, 2023-cü ilin oktyabr ayında həbs olunduğu gün İradə Rzayevə ilə əlaqə saxlayıb ondan 125 manat pul müqabilində “patı” adlanan psixotrop maddə almaq üçün sonuncunun kart hesabına pul göndərdiyini, sonradan İradə və dostu Orxanla Şahid5 tanışı olan İran vətəndaşı olan şəxsin “patını” qoyduğu yerə yollandıqlarını, yolda İradə 5 qram “patının” alınmadığını, 4 qram alındığını bildirərək 25 manat pulunu geri qaytardığını, 1-2 saatdan sonra İradənin tanışı onlara “patının” yerini bildirmiş, onların həmin yerə gedərkən 13-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanıldığını, orada fiziki təzyiqlərə məruz qaldıqlarından İradənin onun əleyhinə ifadə verdiyini göstərmişdir.

4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin, həmçinin onun məhkəmə icraatı zamanı da hüquqlarını müdafiə etmiş müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər məhkum olunmamışdır. Bir neçə ildir narkotik vasitə marixuanadan istifadə etmişdir. Narkotik vasitə marixuananı müxtəlif şəxslərdən alıb özü də istifadə etmiş, metadonu isə dostuna vermişdir. Sonuncu dəfə 24 oktyabr 2023-cü il tarixdə heç bir anket məlumatlarını bilmədiyi Nicat adlı şəxsdən 70 manata 40 ədəd metadon və bir qramını 8 manatdan olmaqla bir büküm marixuana almışdır. Həmin narkotiki istifadə etməsi və metadon həblərini isə dostuna verməsi üçün üzərində gəzdirmişdir. 24 oktyabr 2023-cü il tarixdə, səhər saat 06:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində fəaliyyət göstərən “Spar” marketin qarşısında Elvin adlı şəxsə məxsus “Volksvagen” markalı avtomobildə olan zaman 2 nəfər polis əməkdaşı yaxınlaşıb, özlərini təqdim edib ondan və avtomobildə olan digər 3 nəfər şəxsdən şəxsiyyətlərini təsdiq edən sənəd istəmiş, üzərilərində şəxsiyyət vəsiqələri olmadığı üçün verilən suallardan yayınmağa çalışmışlar. Bu zaman polis əməkdaşları onu və avtomobildə olan 3 nəfəri yəni, Elvin, Orxan və İradəni 13-cü PŞ-yə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə 13-cü PŞ-yə getmiş, şöbədə hüquq və vəzifələri ona izah olunduqdan sonra, barəsində tutma protokolu tərtib edilmiş, vəkil dəvət edilməklə ona təqdim edilmişdir. Vəkilin iştirakı olmadan üzərinə baxış keçirilməsi təklif olunduqda, o etiraz etməmiş və vəkilin iştirakı olmadan onu polis şöbəsinə gətirən polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, əynində olan parça gödəkçənin sol yan cibindən şəffaf sellofanda olan, içərisində ot halında spesifik iyə malik kütləni, həmin gödəkçənin sağ yan cibindən psixotrop maddə metadon həblərini və əynindəki idman şalvarının sağ yan cibindən isə bir ədəd “Poco Xiaomi” markalı mobil telefonu təqdim etmişdir. Həmin bükülüdə nə olması sual edildikdə, o, narkotik vasitə marixuana və metadon həblərinin olmasını bildirmişdir. Həmin narkotiki haradan aldığını soruşduqda, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində tanımadığı, yalnız adının Nicat olduğunu bildiyi şəxsdən aldığını, marixuananı özü istifadə etdiyini, metadon həblərini isə dostuna verəcəyini bildirmişdir. Aşkar edilmiş vasitələr qablaşdırılmış və zərfə qoyularaq möhürlənərək imzalanmışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 30-31; 128- 130; 149-151; 218-220;).

5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 24 oktyabr 2023-cü il tarixdə, saat 06:30 radələrində iş yoldaşı Şahid2lə birlikdə Sabunçu rayonu Bakıxanov qəsəbəsi L.Məmmədbəyli küçəsində fəaliyyət göstərən “Spar” marketin qarşısında xidmətdə olan zaman orada “Wolsvagen Passat” markalı **-XS-*** qeydiyyat nişanlı avtomobildə 4 nəfər şəxsin olduğunu və uca səslə danışdıqlarını görüb onlara yaxınlaşmış, bir nəfər qız olmaqla 3 oğlanın söhbət etdiyini görüb onlara özlərini təqdim etmiş və həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etmələri tələb edildikdə onların nədənsə çəkinərək sənədlərini təqdim etməkdən yayındıqlarını görmüşlər. Daha sonra onlar həmin şəxsləri Sabunçu RPİ-nin 13-cü PŞ-yə gətirmişlər və polis şöbəsində həmin şəxslərin Təqsirləndirilən şəxs, Şahid5, Şahid4 və Şahid3 olmaları müəyyən edilmişdir. Həmin şəxslərin hərəkətlərindən narkotik vasitələrin və ya psixotrop maddələrin təsiri altında olmaları şübhələnildiyindən onlar barəsində təhqiqatçı tərəfindən tutma protokolu tərtib edilmiş, vəkillər dəvət edilmiş, daha sonra həmin şəxslər barəsində ayrı-ayrılıqda şəxsi axtarış və götürmə aparılması barədə qərar qəbul edilmişdir. Daha sonra onların iştirakı ilə videoçəkilişlə həmin şəxslərin üzərində şəxsi axtarış və götürmə aparılmış, Orxan, İradə və Elvinin üzərindən hər hansı qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanılması qadağan edilmiş əşyalar olduğu təqdirdə təqdim etməsi təklifi edildikdə Təqsirləndirilən şəxs əynindəki parça gödəkçəsinin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükülüdə bitki mənşəli maddəni çıxartmış və sağ yan cibindən isə “Methadone 40” göstəricisi olan dörd ədəd konvalyut, hər konvalyutda 10 həb olmaqla ümumilikdə 40 ədəd qəhvəyi rəngli 10 həb olmaqla ümumilikdə 40 ədəd həb və bir ədəd “Poco Xiaomi” markalı mobil telefonu təqdim etmişdir. O həmin marixuananı özü istifadə etdiyini, həbləri isə dost-tanışa vermək üçün aldığını, habelə həmin maddələri tanımadığı, yalnız adının Nicat olduğunu bildiyi şəxsdən Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisindən aldığını bildirmişdir. Daha sonra həmin maddələr zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır.

8. Verilən suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Şahid2lə birlikdə gecə saatlarında xidmət apararkən “Spar” marketin qarşısında 4 nəfər şəxsin birlikdə olduğunu görmüş, həmin şəxslərə yaxınlaşıb gecə vaxtı orada nə etdiklərini soruşduqda sonuncular avtomobilə tərəf qaçmış, avtomobilin sürücüsü isə avtomobili işə salmağa çalışmış, lakin avtomobil işə düşməmişdir. Şəxsləri avtopatrula əyləşdirib PŞ-yə gətirmiş, bu zaman xidməti avtomobili özü idarə etmişdir. Onlar həmin şəxslərə yaxınlaşarkən sonradan Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxs avtomobilin qapısının yaxınlığında olan bir ədəd sellofan bükülünün özünə məxsus olduğunu bildirib cibinə qoymuş, PŞ-də Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı ondan aşkar edilmiş narkotik vasitələrlə bağlı hər hansı etiraz etməmişdir.

9. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, gecə saatlarında L.Məmmədbəyli küçəsində bir avtomobilin səliqəsiz formada yolda dayandığını görüb həmin avtomobilə doğru yaxınlaşmış, avtomobildə olan şəxslərdən ad-soyad soruşduqda Təqsirləndirilən şəxs avtomobilin arxa qapısını açıb narkotik vasitəyə bənzər maddəni yerə atıb qaçmağa cəhd göstərmiş, lakin qaça bilməyəcəyini başa düşərək yerə tulladığı predmetləri götürüb cibinə qoyaraq özünə məxsus olduğunu bildirmiş və bundan sonra həmin şəxsləri saxlayıb 13-cü PŞ-yə aparmışlar.

10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs “Xalqlar Dostluğu” ərazisi ilə Günəşli ərazisi arasında yerləşən məkandan götürüb Bakıxanov qəsəbəsinə gəlmiş, dişi ağrıdığından avtomobildən düşüb aptekin açıq olub-olmadığını dəqiqləşdirmək istəmiş, bu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq 13-cü PŞ-yə aparılmışlar. Həmin vaxt bir məhlədə qaldığı Ruslan və yeni tanış olduğu İradə də onunla birlikdə olmuşdur. O, əvvəllər narkotik vasitə istifadə etmiş, lakin şəxsi axtarış zamanı üzərindən hər hansı narkotik vasitə aşkar olunmamışdır. O, Təqsirləndirilən şəxs narkotik vasitə verməmiş, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitməmiş, habelə onunla birlikdə narkotik vasitə istifadə etməmişdir. Avtomobilin sürücüsü dostu olmuş, sonuncu ona zəng edərək boşluq olduğunu, habelə onu gəlib götürəcəyini bildirdikdə onunla razılaşmışdır. İradəni dostunun avtomobilinə minərkən görmüş, Cavidi isə sonradan gedib götürmüşlər. Saxlanılarkən Cavidin üzərində narkotik vasitə olduğunu bilməmişdir. İradə adlı şəxs narkotik vasitə aludəçisidir, o, sonuncunun dəqiq ünvanını bilmir. Cavidi İradə vasitəsilə deyil, daha əvvəldən tanımışdır. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və ya təzyiqə məruz qalmamış, üzərinə narkotik vasitə və sair qanunsuz əşya qoyulması ilə bağlı hədələnməmişdir.

11. Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Şahid4 həmin ifadələrdə göstərmişdir ki, o, arabir narkotik vasitələrdən istifadə etmiş, istifadə etdiyi vasitəni isə tanımadığı şəxslərdən almışdır. 23 oktyabr 2023-cü il tarixdə, saat 14 radələrində tanışı Elvinlə görüşüb gəzişmişlər. Həmin vaxt onun avtomobilində tanımadığı İradə adlı qız da olmuş, sonuncu qalmağa yerinin olmadığını demişdir. Axşam saatlaradək gəzdikdən sonra İradə Bakıxanov qəsəbəsində yerləşən “Qaya” hotelə getmələrini, orada olan Cavid adlı şəxslə işi olduğunu bildirmişdir. Elvin avtomobili deyilən yerə sürmüş, İradə Cavidlə görüşmüş, bu zaman polis işçiləri ona yaxınlaşıb onları Sabunçu RPİ-nin 13-cü PŞ-yə gətirmişlər. Polis şöbəsində barəsində tutma protokolu tərtib edilmiş, vəkil dəvət edilmişdir. Daha sonra üzərində şəxsi axtarış və götürmə aparılmış, lakin həmin vaxt onun üzərində qanunla daşınması və saxlanması qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Amma eşitdiyinə görə Cavidin üzərindən narkotik vasitə aşkar edilmişdir. O, Cavidi heç bir vaxt tanımamış və onunla heç bir əlaqəsi olmamış, onun üzərində narkotik vasitənin olmasından xəbəri olmamışdır(Cild 1,i.v. 78- 79;141-142;).

12. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid5 olduğu yer müəyyən edilərək məhkəmədə iştirakının təmin edilməsi mümkün olmadığından onun ifadəsi tərəflərin vəsatəti ilə elan edilərək tədqiq edilmişdir. Şahid5 həmin ifadələrdə göstərmişdir ki, o, əvvəllər məhkum olunmuş, arabir narkotik vasitələrdən istifadə etmiş, istifadə etdiyi vasitəni isə tanımadığı şəxslərdən almışdır. 23 oktyabr 2023-cü il tarixdə, saat 14 radələrində taksi fəailiyyəti ilə məşğul olan Elvin adlı şəxslə görüşmüş və ona qalmağa yeri olmadığını bildirmişdir. Daha sonra Elvinin tanışı Orxan da avtomobilə əyləşmiş və onlar bir qədər gəzdikdən sonra axşam saatlarında o, Elvindən Bakıxanov qəsəbəsində yerləşən “Spar” marketin qarşısına aparmağını xahiş etmişdir. Orada o, əvvəllər tanıdığı Cavid adlı şəxsi görmək istəmişdir. Cavid adlı şəxs ona bir-iki dəfə metadon vermiş, buna görə ona yenə də metadon verməsini demiş, lakin Cavid “pul versən verərəm” demiş, həmin zaman polis işçiləri gəlib onların hamısını Sabunçu RPİnin 13-cü PŞ-yə aparmışlar. Polis şöbəsində barəsində tutma protokolu tərtib edilmiş, vəkil dəvət edilmişdir. Daha sonra üzərində şəxsi axtarış və götürmə aparılmış, lakin həmin vaxt üzərində qanunla daşınması və saxlanması qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Sonradan o, Cavidin üzərindən narkotik vasitə aşkar edildiyini bilmişdir (Cild 1, i.v. 106-107;135-136;).

13. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi tərəflərin vəsatəti ilə elan edilərək tədqiq edilmişdir. Şahid3 həmin ifadələrdə göstərmişdir ki, o, əvvəllər məhkum olunmamış, arabir narkotik vasitələrdən istfiadə etmiş, istifadə etdiyi narkotik vasitəni isə tanımadığı şəxslərdən almışdır. 23 oktyabr 2023-cü il tarixdə, saat 14 radələrində tanışı İradə ona zəng edib qalmağa yeri olmadığı üçün gəlib onu götürməyini xahiş etmişdir. İradə daha sonra onun yaşadığı evin yaxınlığına gəlmiş və İradəni atasına məxsus “Passat” markalı avtomobilə əyləşdirib biraz gəzmişlər. Daha sonra o, İradəyə evə getməli olduğunu bildirmiş, İradə ondan Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Qaya” hoteldən onun tanışını da götürməyini xahiş etmişdir. Həmin vaxt dostu Orxan da onlarla olmuşdur. O, İradənin dediyi “Qaya” hoteldən onun tanışı Cavid adlı şəxsi götürmüş və bu zaman Orxan aptekdən diş ağrısı dərmanı almaq istəyən zaman polis əməkdaşları yaxınlaşıb onları Sabunçu RPİ-nin 13-cü PŞ-yə gətirmişlər, polis şöbəsində barəsində tutma protokolu tərtib edilmiş, vəkil dəvət edilmişdir. Daha sonra üzərində şəxsi axtarış və götürmə aparılmış, lakin həmin vaxt onun üzərində qanunla daşınması və saxlanması qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Amma eşitdiyinə görə Cavidin üzərindən narkotik vasitə aşkar edilmişdir. Cavidi heç bir vaxt tanımamış və onunla heç bir əlaqəsi olmamışdır, onun üzərində narkotik vasitənin olmasından xəbəri olmamışdır (Cild 1, i.v.53-54; 133-134;).

14. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

15. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, 25 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 26,02 qram narkotik vasitə olan qurudulmuş marixuana və “Methadone 40” göstəricisi olan dörd ədəd konvalyut, hər konvalyutda 10 həb olmaqla ümumilikdə 40 ədəd qəhvəyi rəngli, dairəvi formalı ümumi miqdarı 1,6 qram (üzərindəki göstəricilərə əsasən bir həbdə 0,04 qram) təşkil edən külli miqdarda narkotik vasitə metadon aşkar edilməsi faktına görə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X13 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

16. Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid1 Akif oğlu və Şahid2 tərəfindən tərtib edilmiş 24 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 06:30-da xidməti inzibati əraziləri olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində fəaliyyət göstərən “Spar” marketin qarşısında xidmətdə olan zaman “Volksvagen Passat” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobildə 4 nəfər şəxsin olmasını, yaxınlaşan zaman hərəkətlərindən onların narkotik maddə təsiri altında olması şübhə doğurduğu üçün həmin şəxslərə özlərini təqdim edərək onlardan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsi tələb olunduqda həmin şəxslər suallara qeyri-adekvat cavab verdikləri üçün Sabunçu RPİ-nin 13-cü PŞ-yə dəvət edilmişdir. Şöbədə məlum olmuşdur ki, həmin şəxslərin 25 avqust 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, işləməyən, məhkum oluhnmayan, ünvan 3 ünvanda qeydiyyatda olmaqla ünvan 4 yaşayan Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, evli, məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 6 ünvanda yaşayan Şahid3, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərinə anadan olmuş, əvvəllər Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.2 və 234.1-ci maddələri ilə məhkum olunmuş, fəhləliklə məşğul olan, Bakı şəhəri, ünvan 8 ünvanda qeydiyyatda olmaqla yaşayan Şahid4 və 5 oktyabr 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bir neçə dəfə məhkum olunmuş, ünvan 9 ünvanda qeydiyyatda olmaqla ünvan 10 ünvanda yaşayan Şahid5 olması məlum olmuşdur (Cild 1, i.v.5;).

17. “Şübhəli şəxsin tutulması haqqında” 24 oktyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə bilavasitə şübhə yarandığından Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 24 oktyabr 2023-cü il tarixdə, saat 06:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində fəaliyyət göstərən “Spar” marketin qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-yə gətirilmiş, həmin tarixdə, saat 07:30-da həmin şöbənin təhqiqatçısı, polis mayoru X14 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 24 oktyabr 2023-cü il tarixdə, saat 06:30-dan tutulmuş hesab edilmişdir (Cild 1, 8-17;).

18. “Şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 24 oktyabr 2023cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 07:50-dən 08:10-dək Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı, polis mayoru İlham Babayev tərəfindən həmin İdarənin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid1 Akif oğlu və Şahid2 iştirakı ilə Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan parça gödəkçəsinin sol cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş içərisində ot halında olan maddəni, həmin gödəkçəsinin sağ cibindən isə 40 ədəd həbləri, əynindəki şalvarının sağ cibindən “Poco Xioami” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olması soruşulduqda o, bükümdə ot halında, spesifik iyə malik maddənin narkotik vasitə olan qurudulmuş marixuana və həblərin isə psixotrop maddə metadon olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Nicat adlı şəxsdən aldığını, metadon olan maddələri istəyən olanda verdiyini, marixuananı isə özünün istifadəsi üçün üzərində gəzdirdiyini, nə qədər pul verib aldığını xatırlamadığını bildirmişdir. Aşkar olunmuş həmin bükümdəki narkotik vasitəyə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən ayrı-ayrılıqda kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Protokolda istintaq hərəkəti zamanı “Sony” markalı videokameradan istifadə edilməklə çəkilmiş videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ, protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 25-28).

19. “Şübhəli şəxsin tutulması haqqında” 24 oktyabr 2023-cü il tarixli qərar və protokollardan görünür ki, Şahid3, Şahid4 və Şahid5 Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə bilavasitə şübhə yarandığından Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 24 oktyabr 2023-cü il tarixdə, saat 06:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində fəaliyyət göstərən “Spar” marketin qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-yə gətirilmiş, həmin tarixdə, müvafiq olaraq saat 09:05-də, 11:00-da və 12:50-də Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı, polis mayoru X14 tərəfindən müdafiəçiləri - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri X12, X15 və X3 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşlar. Protokolların məzmunundan görünür ki, Şahid3, Şahid4 və Şahid5 azadıqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 24 oktyabr 2023-cü il tarixdə, saat 06:30-dan tutulmuş hesab edilmişdir (Cild 1, 27-42; 58-67; 87-92;).

20. “Şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 24 oktyabr 2023cü il tarixli protokollardan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X12, X15 və X3 iştirakı ilə Şahid3, Şahid4 və Şahid5 elan edilmiş müvafiq qərarlar əsasında həmin gün, müvafiq olaraq saat 09:50-dən 10:05-dək, saat 11:35-dən 11:50-dək və saat 13:30-dan 13:45-dək Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı, polis mayoru İlham Babayev tərəfindən həmin İdarənin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid1 Akif oğlu və Şahid2, habelə xadimə X5 iştirakı ilə Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində Şahid3, Şahid4 və Şahid5 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Şahid3, Şahid4 və Şahid5 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı onların üzərindən hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı “Sony” markalı videokameradan istifadə edilməklə çəkilmiş videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ, protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 49-52; 74-77; 102- 105;).

21. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 oktyabr 2023-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı dörd ədəd “CD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq dörd ədəd müddətləri müvafiq olaraq 24 saniyə, 1 dəqiqə 56 saniyə, 1 dəqiqə 48 saniyə və 2 dəqiqə 11 saniyə olan həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin, habelə Şahid4, Şahid3 və Şahid5 üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin səliqəli olması, onun həddən artıq sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1;173;).

22. “Məhkəmə-bioloji” ekspertizasının 24 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1485 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr” yazılar və imzalar olan kağız paketdə 1 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi – 26,02 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik maddələr qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 26,02 qram, tədqiqata sərf olundu – 0,02 qram, qalıq çəkisi – 26,0 qram. Aparılmış tədqiqatın dəyərinin 72 (yetmiş iki) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 114-117;).

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) 3-16-16/2-6/5702 saylı, 24 oktyabr 2023cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №160” dairəvi möhür əksləri, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində üzərində “..Methadone 40..” göstəricisi olan dörd ədəd konvalyut, hər konvalyutda 10 həb olmaqla ümumilikdə 40 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə metadondur, 40 ədəd metadon həbinin təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram (üzərindəki göstəricilərə əsasən bir həbdə 0,04 qram) təşkil edir. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Metadon həblərinin ümumi sayı – 40 həb, cəmi tədqiqata sərf edildi – 2 həb, qalıq – 38 həb. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manatdır (Cild 1, i.v. 118- 122;).

24. “Şəxs barəsində cinayət təqibinə xitam verilməsi və MSY-dən azad edilməsi barədə” 25 oktyabr 2023-cü il tarixli qərarlardan görünür ki, Şahid3, Şahid4 və Şahid5 əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinə xitam verilməklə saxlanıldıqları Sabunçu RPİ-nin X9 azad edilmişlər(Cild 1, i.v. 154-156;).

25. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 4(008)-804/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilmiş, ev dustaqlığında olduğu müddətdə üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 18:00-dan səhər saat 10:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cinayət prosesini həyata keçirən orqanların çağırışlarına vaxtlı-vaxtında gəlmək vəzifəsi qoyulmuşdur. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilərək üzərində göstərilən miqdarda narkotik vasitələrin aşkar edildiyini, lakin həbləri satmaq niyyətinin olmadığını, istintaq zamanı ifadələrini oxumadan imzaladığını, həbləri satmaq məqsədi ilə əldə etməsinə dair ifadə vermədiyini, həmin həbləri dostuna aldığını, özünün marixuanadan istifadə etdiyini, əməlindən peşman olduğunu, boşandığını və məhkəmə qətnaməsi ilə uşağının onun himayəsinə verildiyini, himayəsində bir azyaşlı uşağının və əlil qardaşının olduğunu qeyd edərək barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin təmin edilməməmsini xahiş etmişdir. (Cild 1, i.v.162-172;).

26. “Mobil telefona baxış keçirilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd “Poco Xiaomi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən danışıq və ya sms aşkar edilməmişdir (Cild 1, i.v. 174;).

27. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 21 noyabr 2023cü il tarixli, 7618 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi-narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə 8 ildir psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir. Arabir narkotik vasitə olan marixuanadan da istifadə etmişdir (Cild 1, i.v.180-181;).

28. Sabunçu RPİ-nin 13-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı Ramil Cəbiyevin 22 noyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmə mənbəsini və Nicat adlı şəxsi müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v. 183;).

29. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 13 dekabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 1, i.v. 184;).

30. “Diskə baxış keçirilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əsasında alınmış 1 (bir) ədəd CD diskə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair izahlı qaimədən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair kifayət qədər sms mətnləri vardır (Cild 1, i.v.196;).

31. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 4(008)-38/2024 saylı, 20 yanvar 2024cü və 4(008)-108/2024 saylı, 20 fevral 2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 1(bir) ay və 15 (on beş) gün müddətinə uzadılmışdır (Cild 1, i.v. 201-204;250-255).

32. “Sübutların qiymətləndirilməsi, cinayət işi üzrə əməlin tövsif edilməsi və maddi sübut hesab edilməsi haqqında” 1 fevral 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana və 40 ədəd narkotik vasitə metadon həbləri maddi sübut hesab edilməklə tədqiqatlardan sonra qalıq çəkisi 26,0 qram narkotik vasitə qurudulmuş marixuana və 28 həb narkotik vasitə metadon Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin köçürüldüyü 1 (bir) ədəd disk sübut növü hesab edilməklə cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (Cild 1, i.v. 205-210; 236;).

33. “Təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında” 3 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni ittiham elan edilməklə ona hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v.212-213;).

34. “Cinayət işindən başqa bir cinayət işinin ayrılması haqqında” 6 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın və metadonun əldə etmə mənbəyini müəyyən edilməsindən ötrü ********* nömrəli cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılaraq istintaqı aparılması qərara alınmışdır (Cild 1, i.v.224-225;).

35. AA3119228 seriya nömrəli şəxsiyyət vəsiqəsindən və AZ-İİİ№700594 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, 9 yanvar 2016-cı il təvəllüdlü Hüseyn Məmmədzadə Təqsirləndirilən şəxs övladıdır (Cild 1, i.v. 228;).

36. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.K.Məmmədov tərəfindən 17 fevral 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 22 fevral 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.237-243;).

37. Sabunçu RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovniki Fazil Zərbəliyev tərəfindən imzalanmaqla Bakı Ağır Cinayətlər Məhkəməsinə 25 aprel 2024-cü il tarixdə daxil olmuş 16 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ev dustaqlığı qətimkan tədbiri seçilməsinə dair məhkəmə qərarı 13 mart 2024-cü il tarixdə icraata daxil olmuş və məhkəmə qərarının icra müddəti bitdiyi üçün ona elektron nəzarət vasitəsi tətbiq edilməmişdir (Cild 2;).

38. Xətai RPİ-nin rəisi, polis polkovniki Vaqif Müslümov tərəfindən imzalanmaqla Bakı Ağır Cinayətlər Məhkəməsinə 3 may 2024-cü il tarixdə daxil olmuş 25 aprel 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan ev dustaqlığı qətimkan tədbiri seçilməsinə dair məhkəmə qərarının (25 oktyabr 2023-cü il tarixli) icrası Təqsirləndirilən şəxs Xətai RPİ-nin inzibati ərazisində yaşamadığından mümkün olmamış, sonuncu hazırda ünvan 11 ünvanında yaşayır. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsini tətbiq etmək mümkün olmamışdır (Cild 2).

39. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın 30 aprel 2024-cü il tarixli məktubundan göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsinə dair məhkəmə qərarı (25 oktyabr 2023-cü il tarixli) icra edilməsi üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Axtarış İdarəsinə bilavasitə tabe olan X6 müvafiq məktublar 26 oktyabr 2023-cü il tarixdə poçt vasitəsilə göndərilmiş, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin rəis müavini 30 mart 2024-cü il tarixdə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində yaşamadığını və Suraxanı rayonu ərazisində yaşadığını bildirmiş, bu səbəbdən 6 aprel 2024-cü il tarixdə qərar icra edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir (Cild 2;).

40. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6 aprel 2024-cü il tarixli, 4(006)-153/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə əvvəli 5 aprel 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən və “Şübhəli şəxsin tutulması haqqında” 5 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə bilavasitə şübhə yarandığından 5 aprel 2024-cü il tarixdə, saat 01:30-da ünvan 12 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə saat 01:50-də gətirilmiş, həmin şöbənin təhqiqatçısı, polis baş leytenantı Ramil Sadıqov tərəfindən saat 02:30-da şübhəli şəxsi qismində tutulmuşdur. Qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 15 kq 532,38 qram çəkidə narkotik vasitə qurudulmuş marixiuananı satış məqsədi ilə əldə edərək bir qismini üzərində, digər qismini isə (2 ədəd sellofan torbada 49 ədəd bağlamada) ünvan 14 ünvanına daşımış və saxlamış, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, qeyd edilən narkotik vasitə üzərindən və yaşadığı evdən, habelə yaşadığı evdən elektron tərəzi aşkar edilərək götürülmüşdür(Cild 2;).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

41. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

42. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

44. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

45. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

46. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

47. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin a) yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Həmin siyahının 13-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə metadon aralıq məhsulunun şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 1,6 qram müəyyən edilmişdir.

48. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 26,02 qram narkotik vasitə qurudulmuş marixuananın miqdarının şəxsi istehlak miqdarından təxminən 5 dəfə artıq olması, həmçinin ümumilikdə 1,6 qram, yəni külli miqdarda olan 40 ədəd narkotik vasitə metadon həbinin miqdarının şəxsi istehlak miqdarından təxminən 80 dəfə artıq olmaqla külli miqdarda olması, habelə istifadəsində olan mobil telefon nömrəsinə daxil olmuş və çıxmış narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmasına dair sms-mesaj yazışmaların müəyyən edilməsi, məhkəmədə dindirilmiş şahidlər Şahid1, Şahid2, Şahid4 və ifadələri elan edilməklə tədqiq edilmiş Şahid5 və Şahid3 ifadələri, onun özünün psixostimulyatorların istifadəsi nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkdiyi halda ondan aşkar edilmiş predmetin külli miqdarda narkotik vasitə metadon və qurudulmuş marixuananın olması və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

49. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə ümumiyyətlə məşğul olmaması, üzərində aşkar olunmuş narkotik vasitə metadon həbini dostuna alması, sonuncudan bunun qarşılığında hər hansı pul almaması, polis əməkdaşları tərəfindən fiziki, psixi və sair zorakılığa məruz qalması, Şahid5 özünün psixotrop maddə satması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

50. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

51. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

53. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

54. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

55. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin istehlakçısı olmaqla yanaşı digər istehlakçılarla razılıq əldə etməsinə dair mobil telefon vasitəsilə aparılmış müxtəlif sms-mesaj yazışmaların aşkar edilməsi və sair hallar ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə metadonu satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.

56. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

57. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Məhkəmə xüsusi vurğulamaqla qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ev dustaqlığında olmaqla ona qarşı fiziki və ya pisixi zorakılıq tətbiq edilməsi, aldadılması barədə məhkəmədə ifadəsində göstərdiklərini məhkəməyədək icraat zamanı ümumiyyətlə qaldırmamış, onun saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini, onun sərbəst olaraq barəsində hər hansı qanunsuzluq baş verdiyi halda müvafiq dövlət orqanlarına və sair qurumlara müraciət etmək imkanının olmasına baxmayaraq, belə halların olması müəyyən edilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs hüquqlarını hazırkı məhkəmə icraatı zamanı da müdafiə etmiş müdafiəçi müqavilə əsasında onun hüquqlarını peşəkarlıqla və vicdanlı olaraq müdafiə etmiş, lakin Təqsirləndirilən şəxs peşəkar və keyfiyyətli hüquqi yardım almasına baxmayaraq, ibtidai araşdırma zamanı ona qarşı hər hansı qanunsuz hərəkətlərə məruz qalmasına dair hər hansı müraciət etməmişdir. Yalnız məhkəmə icraatı zamanı guya ona qarşı ibtidai araşdırma zamanı fiziki zorakılıq edildiyini bildirmişdir ki, həmin hal da özünün ifadəsindən başqa hər hansı mötəbər sübutla təsdiq edilmir. Eyni zamanda məhkəmə icraatının sonunda məhkəmə icraatının əvvəlində verdiyi ifadələrini də dəyişdirirərək guya Şahid5 psixotrop maddə alması ilə bağlı hadisə vaxtı onunla görüşməyə getdiyini və bu zaman tutulduğunu göstərmişdir. Məhkəmə qeyd edilənlərlə Təqsirləndirilən şəxs özünü müdafiə məqsədilə ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması qənaətinə gəlir.

58. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

59. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

60. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

61. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

62. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

63. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

64. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

65. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

66. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

67. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

68. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hər hansı halın olmamasını qeyd edir.

69. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

70. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

71. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

72. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

73. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

74. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində 3 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığının əvvəli tutulduğu 24 oktyabr 2023cü il tarixdən hesablanmış, həmin məhkəmənin 20 yanvar 2023 və 20 fevral 2023-cü il tarixli qərarları ilə təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanma müddəti 1 (bir) ay və 15 (on beş) gün müddətə uzadılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 5 aprel 2024-cü il tarixdə dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur.

75. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır.

76. Məhkəmə hökmün 27-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

77. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

78. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

79. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 26 qram olan narkotik vasitə qurudulmuş marixuana və tədqiqatlardan sonra qalıq 38 ədəd narkotik vasitə metadon həbi məhv edilməli, 4 (dörd) ədəd disk və "xxxx" MMCdən əldə edilmiş 1 (bir) ədəd disk olmaqla, cəmi 5 (beş) ədəd disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

80. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

81. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 152 (bir yüz əlli iki) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

82. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

83. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

84. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

85. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 26 qram olan narkotik vasitə qurudulmuş marixuana və tədqiqatlardan sonra qalıq 38 ədəd narkotik vasitə metadon həbi məhv edilsin, 5 (beş) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 152 (bir yüz əlli iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar