Məhkəmə qərarları › İş №1(101)-1478/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1478/2023

11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1478/2023 11.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-1478/2023 nömrəli cinayət işi üzrə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq, külli miqdarda təmiz çəkisi 147,880 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, 06 fevral 2023-cü il tarixdə saat 08:40-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X4 8-ci patrul bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsində özünü şübhəli apardığına görə saxlanılaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən satış məqsədi olmadan əldə etdiyi bir bükümdə külli miqdarda təmiz çəkisi 147,880 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən cinayət işi üzrə 11 dekabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı vəsatət verərək, vəsatətində qeyd etmişdir ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitəni şəxsi istehlakı üçün əldə etmiş, əldə etdiyi narkotik vasitə ona uyğun qiymətə olduğu üçün ittihamda qeyd edilən çəkidə əldə edib daşımışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən 01 sentyabr 2022-ci il tarixdən 06 fevral 2023-cü il tarixədək olan telefon məlumatları Sabunçu rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qərarı əsasında götürülərək həmin məlumatları özündə əks etdirən bir ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı diskdə mövcud olan məlumatların tədqiqi zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir fakt aşkar edilmədiyi qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı yuxarıda qeyd edilən baxış protokolunun tədqiqi zamanı protokola əlavə edilmiş diskə mövcud nasazlıqdan dolayı baxış keçirilməsi mümkün olmamışdır. Odur ki, məhkəmə öz təşəbbüsü ilə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***- ***-**-** saylı mobil telefon nömrəsindən məlumatların təkrar götürülməsi barədə qərar qəbul edərək "xxxx" MMC-yə ünvanlamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən əldə edilmiş telefon məlumatlarına keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, şəxsiyyəti məlum olmayan mobil nömrə istifadəçiləri tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə pul müqabilində narkotik vasitə satılmasına dair smslər ünvanlamışdır. Belə ki; -xx.xx.2022-ci il tarixdə ********** saylı mobil telefon istifadəçisindən “Xəyyam Aqildi sənə ehdiyac var yarı daw divijenya lazımdı mənə”, -xx.xx.2023-cü il tarixdə ********** saylı mobil telefon istifadəçisindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə “Xəyyam salam qaqa qaqa qonaqım var idi 30 manat pulum var yarı daş biraz kola alındimaq olar?”, -xx.xx.2023-cü il tarixdə ********** saylı mobil telefon istifadəçisindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə “Qaqa salam necəsən qaqa daş lazım idi internet yoxumdu alındırmaq olr?” kimi smslər göndərilmişdir. Həmçinin, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı sənədlərin tədqiqi mərhələsində araşdırılmış cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 fevral 2023-cü il tarixli, 6/719 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 147,880 qram narkotik vasitə - heroindir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ Siyahısına əsasən heroinin çəkisinin 0,15 (sıfır tam yüzdə on beş) qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq miqdar, xalis çəkisinin 2 (iki) qramdan yuxarı olması külli miqdar hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 147,880 qram narkotik vasitə heroin şəxsi istehlak miqdarından 985 dəfə, külli miqdarından isə 73 dəfə çox olmaqla onun narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımasını istisna edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 8 və 9-cu bəndlərinə göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, 06 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda təmiz çəkisi 147,880 qram narkotik vasitə heroin məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edilmişdir. Qeyd olunan səbəblərdən Dövlət ittihamçısı Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, ona irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokuroruna qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinlədikdən sonra, dövlət ittihamçısının vəsatətində qeyd olunan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən, Dövlət ittihamçısı vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli, təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-1-ci maddəsinə əsasən Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.10-cu maddəsinə əsasən həmin Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Bu səbəblərdən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 1 ay müddətinə uzadılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 12 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına 72 manat miqdarında pul ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 159,318.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin, təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs qətimkan tədbiri 1 ay müddətinə uzadılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 təqsirləndirilən şəxsə göstərilmiş 12 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına 72 manat miqdarında pul ödənilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Leyla Əsgərova-Məmmədova Hakimlər: Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar