Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1479/2022 23.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 21 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 4nvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və şəxsiyyəti istintaqa məlum olmayan Tural adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 2,876 qram külli miqdarda qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 10,690 qram külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etdikdən sonra aralarında olan cinayətkar razılaşmaya görə o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və şəxsiyyəti istintaqa məlum olmayan Tural adlı şəxsdən ibarət qrup üzvlərinin satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri həmin çəkidə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini daşıyaraq əvvəlcədən təyin olunmuş Bakı şəhəri, Suraxanı rayonu ərazisindəki istintaqa məlum olmayan yerdən naməlum tarixdə və vaxtda əldə edib üzərində daşıyaraq əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindəki kiçik ölçülü boz rəngli 01 ədəd parça torbada saxlamış, 14 mart 2022-ci il tarixdə saat 15:50 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 6 ünvanının qarşısında piyada hərəkətdə olduğu vaxt saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi 6 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis bölməsinə gətirilmiş və həmin gün saat 17:10 dəqiqədə üzərində aparılan axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindəki kiçik ölçülü boz rəngli 01 ədəd parça torbadan satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,405 qram, 0,401 qram, 0,364 qram, 0,404 qram, 0,215 qram, 0,439 qram, 0,438 qram və 0,210 qram olmaqla ümumi təmiz çəkisi 2,876 qram külli miqdarda qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, eləcə də, 29 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,895 qram, 0,439 qram, 0,438 qram, 0,912 qram, 0,935 qram, 0,628 qram, 0,427 qram, 0,439 qram, 0,407 qram, 0,405 qram, 0,433 qram, 0,418 qram, 0,362 qram, 0,339 qram, 0,359 qram, 0,401 qram, 0,428 qram, 0,456 qram, 0,400 qram, 0,132 qram, 0,151 qram, 0,052 qram, 0,105 qram, 0,135 qram, 0,112 qram, 0,097 qram, 0,166 qram, 0,146 qram və 0,073 qram olmaqla ümumi təmiz çəkisi 10,690 qram külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və narkotik vasitə və psixotrop maddələrin satışı prossesində istifadə edilən, üzərində heroinə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, dünyada pandemiya başladıqdan sonra işlərinin pis getməsi səbəbindən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 3 il olar ki, narkotik vasitə istifadəçisidir. O, əvvəllər metamfetaminin 1 qramını 60 manata telefon vasitəsilə tanımadığı şəxslə əlaqə saxlayaraq almışdır. Tutulan günü onun üzərindən heç nə aşkar olunmamışdır. O, narkotik vasitəni evində saxlamışdır. Narkotiki bükümlərə bölmüşdür ki, lazım olanda rahat-rahat götürüb istifadə etsin. Saxlanılan gün işin içinə ailəsini qarışdırmasınlar deyə üzərinə polis əməkdaşları tərəfindən qoyulan narkotikləri boynuna götürmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, narkotik vasitəni tutulmamışdan 3-4 gün əvvəl əldə etmişdir. Adətən metamfetamindən, son zamanlar heroindən də istifadə etmişdir. Aşkar olunan tərəzi onun olmuşdur. Polislər onu yaşadığı binanın qarşısında saxlayaraq üzərinə baxış keçirmiş, heç nə aşkarlanmamış, onu maşında gəzdirib, narkotik satıcısı adı deməsini təklif etmiş, sonra polis əməkdaşları onu maşında döymüş, daha sonra yaşadığı ünvana gətirmişlər və evə baxdıqdan sonra evdə saxladığı narkotiki aşkar etmişlər. Evdə aşkar olunanların hamısı, o cümlədən tərəzi ona aiddir. Sonra o, polis bölməsinə gətirilmiş, çəkiliş aparılmış, çəkiliş zamanı o, polis əməkdaşlarının onu öyrətdikləri kimi videoçəkilişdə danışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. Çalışdığı Baş İdarəyə daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələrin satış məqsədi ilə daşıması, Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması bildirilmiş, məlumatın yoxlanılması məqsədi ilə tərəflərindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, Baş İdarənin baş əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. 14 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 6 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğu vaxt qrupun üzvləri həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və onu əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış etmiş və Təqsirləndirilən şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsinin xidməti otaqların birində Baş İdarənin Təhqiqat qrupunun baş təhqiqatçısı Şahid3 əməliyyat qrupunun üzvü Şahid2, müdafiəçinin və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından əvvəl ona qanunla qadağan edilmiş əşyaların təqdim edilməsi təklif edilmiş, o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindəki kiçik ölçülü boz rəngli 01 ədəd parça torbada 29 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddəni və 08 ədəd bükümdə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddəni və 01 ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, əynində olan göy rəngli cins şalvarın cibindən "Poco" markalı, boz rəngli 01 ədəd mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 26 manat pul vəsaiti aşkar edilmiş, şəxsiyyət vəsiqəsi və mobil telefon sübut əhəmiyyəti olduğundan götürülmüş, pul vəsaiti isə şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, 29 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələrin ümumi çəkisi 8,98 qram, 08 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələrin çəkisi isə 2,44 qram müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş həmin kütlələr Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd boz rəngli parça torbaya, daha sonra isə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri Tural adlı şəxsin vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşından əvvəlcədən təyin edilmiş Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən yerdən öz şəxsi istifadəsi və maddi ehtiyacları üçün satış məqsədilə əldə etdiyini, narkotik vasitə aludəçisi olduğunu, əvvəllər məhkum olunmadığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu, başqa heç bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamadığını, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin qramını 20 manatdan satışını həyata keçirdiyini, gözündə olan qızartının tutulmamışdan əvvəl özünün yıxılması nəticəsində yarandığını, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir fiziki və psixi təzyiqə məruz qalmadığını, təhqiqatçıdan daha əvvəl üzərində heç kimin axtarış aparmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı–təhqiqatçı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində digər polis əməkdaşı Şahid2 Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 1, iş vərəqi 121-123). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4nvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 8-9). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BNMİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4nvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 14 mart 2022-ci il tarixdə, saat 15:50 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 6 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq hava, əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq 5-ci Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 13). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş DVD diskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd kiçik ölçülü, boz rəngli parça torbanı təqdim etmiş, həmin torbanın içindən 29 (iyirmi doqquz) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 8 (səkkiz) bükümdə, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlələr və 1(bir) ədəd elektron tərəzi aşkar olunmuş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun əynində olan göy rəngli, cins şalvarın sol yan cibindən bir ədəd "Poco" markalı mobil telefon, 26 (iyirmi altı) AZN pul, özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Daha sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 8,98 qram (səkkiz tam yüzdə doxsan səkkiz qram), metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2,44 qram (iki tam yüzdə qırx dörd qram) olmuşdur. Sonra həmin kütlələr qablaşdırılış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, pul sonuncuya geri qaytarılmışdır (cild 1, iş vərəqi 33-35). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1482 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..." sözləri olan kağız paketdəki səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,405 qram, 0,401 qram, 0,364 qram, 0,404 qram, 0,215 qram, 0,439 qram, 0,438 qram, 0,210 qram, ümumi təmiz çəkisi 2,876 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 29 ǝdəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,895 qram, 0,439 qram, 0,438 qram, 0,912 qram, 0,935 qram, 0,628 qram, 0,427 qram, 0,439 qram, 0,407 qram, 0,405 qram, 0,433 qram, 0,418 qram, 0,362 qram, 0,339 qram, 0,359 qram, 0,401 qram, 0,428 qram, 0,456 qram, 0,400 qram, 0,132 qram, 0,151 qram, 0,052 qram, 0,105 qram, 0,135 qram, 0,112 qram, 0,097 qram, 0,166 qram, 0,146 qram, 0,073 qram, ümumi təmiz çəkisi 10,690 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr"in siyahısına (Siyahı 1) daxildir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (cild 1, iş vərəqi 41-47). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “Təqsirləndirilən şəxs şəxsi axtarış” adlı video faylda 13 dəqiqə 37 saniyəlik video kadrın olduğu müəyyən edilmiş və sübut əhəmiyyəti kəsb edən aşağıdakı hallar müəyyən olunmuşdur: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis baş leytenantı Şahid3 tərəfindən saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçisi X3, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından əvvəl ona qanunla qadağan edilmiş əşyaların təqdim edilməsi təklif edilmiş, o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindəki kiçik ölçülü boz rəngli 01 ədəd parça torbada 29 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddəni və 08 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni və 01 ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, əynində olan göy rəngli cins şalvarın cibindən 01 ədəd “Poco” markalı, boz rəngli, 01 ədəd mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 26 manat pul vəsaiti aşkar edilmiş, şəxsiyyət vəsiqəsi və mobil telefon maddi sübut əhəmiyyəti olduğundan götürülmüş, pul vəsaiti isə şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələrin çəkisi elektron tərəzidə çəkilmiş və 29 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələrin ümumi çəkisi 8,98 qram, 08 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələrin çəkisi isə 2,44 qram müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş həmin kütlələr Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd boz rəngli parça torbaya, daha sonra isə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİNin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlələri Tural adlı şəxsin vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşından əvvəlcədən təyin edilmiş Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən yerdən öz şəxsi istifadəsi və maddi ehtiyacları üçün satışı üçün əldə etdiyini, narkotik vasitə aludəçisi olduğunu, əvvəllər məhkum olunmadığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu, başqa heç bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamadığını, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışını qramını 20 manatdan həyata keçirdiyini, gözündə olan qızartının 16 mart 2022-ci il tarixdə səhər saatlarında özünün yıxılması nəticəsində yarandığını, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir fiziki və psixi təzyiqə məruz qalmadığını, təhqiqatçıdan daha əvvəl üzərində heç kimin axtarış aparmadığını bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videokadrda görüntülənən şəxsin özü olduğunu təsdiq etmişdir (cild 1, iş vərəqi 73-75). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “Poco” markalı mobil telefon aparatının arxadan qoruyucu koburalı olan, arxa qapağı qızılı rəngli olan mobil telefon aparatı olması müəyyən edilir. Mobil telefon aparatı giriş kodu “123569” nömrəlidir. Mobil telefon aparatında *#06#yes kodu yığıldıqda mobil telefon aparatının **********02062/00 və **********02070/00 İmei kodlu mobil cihaz oldğu müəyyən edildi. Mobil telefonun daxilindəki məlumatlara baxış keçirilməsi məqsədi ilə mobil telefon adapter vasitəsi ilə əlavə enerjiyə qoşuldu və aktiv vəziyyətə gətirildi. Mobil telefonun “yığılmış”, “qəbul edilmiş”, “zənglər” və “SMS”lər bölməsində heç bir məlumatın olmadığı müəyyən edildi. Mobil telefonun “Whatsapp” bölməsində danışıq aparılan və ya məlumat bölüşülən hər hansı bir iş üçün əhəmiyyət kəsb edə biləcək telefon danşıqlanı və yazışmaların aparıldığı müəyyən edilmədi. “Telefon rəhbəri” bölməsində müvafiq ad, soyad və ya adlandırma ilə hər hansı nömrənin qeydiyyatının apırlmadığı müəyyən edildi. Mobil telefonun içərisindəki GSM nömrəsinin hansı mobil operatora məxsus olmasını müəyyən etmək üçün mobil telefonun daxili menyusundan müvafiq bölmələrə giriş etməklə GSM nömrənin “Azerfon” mobil operatoruna məxsus olduğu müəyyən edildi. “Azerfon” mobil operatorunun müəyyən kodunu yığmaqla gələn SMS-dən həmin mobil nömrənin ***-***-**-** nömrəli olduğu müəyyən edildi (cild 1, iş vərəqi 104-105). İşdə olan əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan və raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2,876 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, ümumi təmiz çəkisi 10,690 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə olan heroinə məxsus izlər olan 01 ədəd tərəzi və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd disk cinayət işi üzrə maddi sübut hesab edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı ümumi təmiz çəkisi 2,796 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, tədqiqatdan sonrakı ümumi təmiz çəkisi 10,590 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə olan heroinə məxsus izlər olan 01 ədəd tərəzi Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin Maddi sübutların saxlama kamerasına təhvil verilmiş, 01 ədəd disk iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 111-114,116, 184). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 14 mart 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 133-136). İşdə olan Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddələri və narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi üçün bir sıra müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müəyyən etmək mümkün olunmamışdır (cild 1, iş vərəqi 140). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2763 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 141-142). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 956 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edur. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamaı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Bunda görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır (cild 1, iş vərəqi 148-150). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş təhqiqatçısı vəzifəsində çalışan Şahid3 tərəfindən “şəxsi axtarış və götürmə aparılması haqqında” 14 mart 2022-ci il tarixli protokol tərtib edilərkən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin 29 büküm 8,98 qram olduğu halda 8 büküm 2,44 qram, narkotik vasitə heroin isə 8 büküm 2,44 qram olduğu halda 29 büküm 8,98 qram olaraq qeyd edilməsi kimi texniki səhv olaraq qəbul edilməsi, sözügedən protokolda psixotrop maddə metamfetamin 29 büküm 8,98 qram, narkotik vasitə heroin isə 8 büküm 2,44 qram olaraq oxunması qərara alınmışdır (cild 1, iş vərəqi 151-166). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 130). İşdə olan cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Tural adlı və İİR vətəndaşı barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılması qərara alınmışdır (cild 1, iş vərəqi 169-174). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində narkotik vasitə və psixotrop maddə olmaması, polislərin narkotik vasitə və psixotrop maddəni onun evindən aşkar etməsi, həmin narkotikləri şəxsi istifadəsi üçün əldə etməsi, üzərinə şəxsi axtarış zamanı videoçəkilişdə polis əməkdaşlarının onu öyrətdikləri kimi danışması, işin içinə ailəsini qarışdırmasınlar deyə üzərinə polis əməkdaşları tərəfindən qoyulan narkotikləri boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi qiymətləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirlən şəxs cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdür. Məhkəmə təqsirləndirilən şəxsin aşkar olunan narkotiklərin və tərəzinin ona aid olması barədə etirafedici ifadələrini, habelə təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotiklərin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların müxtəlifliyini, çoxlu sayda xırda bükümlərə bükülməsini, ondan tərəzinin aşkar edilməsini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, narkotiklər onun üstündən şəxsi axtarış zamanı aşkar edilmiş və məhz satış məqsədilə əldə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməklə təzyiqlərə məruz qalması barədə ifadələrini “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-28-ci bəndlərindəki tövsiyələrinə uyğun şəkildə təhlil etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsi ilə bağlı ilk dəfə məhkəmədə verdiyi ifadəsində bildirmişdir. Lakin, o, döyülməsini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən və həmin tədbirin müddəti uzadılarkən nə təqsirləndirilən şəxsin özü, nə də ki, onun müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi və ya hər hansı təzyiqə məruz qalması barədə heç nə bildirilməmişdir. Buna baxmayaraq, məhkəmə istintaqı zamanı məhkəmənin tələbi əsasında Təqsirləndirilən şəxs saxlanıldığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasından daxil olmuş şəxsi işi və tibbi kitabçasındakı sənədlərin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs təcridxanaya qəbul edilərkən müəssisənin tibbisanitar hissəsində üzərinə baxış keçirilən zaman sol gözünün ətrafında tünd-bənövşəyi rəngli qançır izləri aşkar olunmuş, bununla bağlı Təqsirləndirilən şəxs verdiyi izahatda həmin zədəni həbs olunmamışdan əvvəl ehtiyatsızlıq nəticəsində aldığını bildirmişdir. Onun üzərində hər hansı digər zədələrin olması həmin sənədlərdən müəyyən olunmamışdır. Üzərinə şəxsi axtarış keçirilən zaman və daha sonra verdiyi ifadələrində də Təqsirləndirilən şəxs həmin zədə ilə bağlı eyni məzmunlu izahatlar vermişdir. Bundan başqa, məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Binəqədi rayon prokurorluğundan daxil olmuş məktubda bildirilmişdir ki, Təqsirləndirilən şəxs döyülməsi, təzyiqlərə məruz qalması ilə bağlı Binəqədi rayon prokurorluğuna müraciət daxil olmamış və bununla bağlı heç bir araşdırma aparılmamışdır. Bütün bunlar məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Qaracayeva Mədinə və xx.xx.2017-ci il təvəllüdlü Qaracayev Osman adlı iki azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 17 mart 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 mart 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 24, 106-110, 207-211). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 14 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,796 qram narkotik vasitə heroin, 10,590 qram qram psixotrop maddə metamfetamin və 01 ədəd tərəzi məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 14 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: Təqsirləndirilən şəxs götürülmüş və Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,796 qram narkotik vasitə heroin, 10,590 qram qram psixotrop maddə metamfetamin və 01 ədəd tərəzi məhv edilsin; - şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1479/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1479/2022
23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver