Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1479/2023 28.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də aşpaz işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 10 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 11 mart 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 10 mart 2023-cü il tarixdə saat 16:50 radələrində Bakı şəhəri, Qaradağ rayon Polis idarəsi 10-cu Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq, Qaradağ RPİ, 10-cu Polis bölməsinin inzibati binasına gətirilərək, müdafiəçinin iştirakı ilə həmin gün saat 18:00 radələrində üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin çöl sağ yan cibindən 1 ədəd şəffaf selofan kəsiyinin içərisində ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 8,364 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, hadisə günü o, işə gedəndə yaşadığı evin yaxınlığında 4 nəfər polis əməkdaşı onu tutub 10-cu Polis bölməsinə aparmışlar. Orada rəisin yanına aparılmış, rəis ona iranlının adamı olduğunu bildirib, buna görə həbs olunmasını, narkotiklə rəsmiləşdirilməsini tapşırmışdır. O, özü bundan bir müddət əvvəl sosial şəbəkələrdə namaz qılan şəxslərin həbs edilməsi ilə bağlı etirazlarını bildirmişdir və hesab edir ki, onu da bu etirazlarına görə həbs etmişlər. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs özünün 14 ildir ki, gəmidə aşpaz işlədiyini, hər 6 aydan bir komisiyyadan keçdiyini və əgər narkoman olsa, onun işdə saxlanılmasının mümkünsüz olduğunu, saxlanılarkən bölmədə ona qarşı təzyiqlər olunduğunu və döyüldüyünü, istintaq təcridxanasına gedəndə tibbi yoxlamadan keçirildiyini, lakin üzərində xəsarət izlərinin olmadığını, onu ailəsi ilə təhdid edərək narkotiki boynuna götürməyə məcbur etdiklərini, həbs olunandan sonra ailəsi tərəfindən şikayətlər edildiyini, tutulmamışdan qabaq sosial şəbəkələrdə paylaşımlar etdiyini, təcridxanada olanda döyülməsi barədə ailəsinə məlumat verdiyini, istintaqda onu ailəsi ilə təhdid etdikləri üçün, həm də onu aldatdıqları üçün bütün sənədlərə imza etdiyini, özünün heç bir dini təriqətin üzvü olmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq tədqiq olundu. Həmin ifadəsində özünü CM-nin 234.1- 1-ci maddəsi ilə qismən təqsirli bilən Təqsirləndirilən şəxs göstərmişdir ki, o, "xxxx" MMC-də aşpaz işləmişdir. 09 mart 2023-cü il tarixdə axşam saatlarında yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində evə gedən zaman yerdə ağ kağızın içərisində olan şəffaf selofan kəsiyinə bükülmüş bükülünü görmüşdür. Həmin bükülü onun diqqədini cəlb etdiyindən, bükülünü yerdən götürərək əynində olan qara rəngli gödəkçənin çöl sağ yan cibinə qoymuşdur. O, fikirləşmişdir ki, bir müddətdən sonra həmin bükümün içərisinə baxar. Lakin evə getdikdən sonra heç bir şərait olmadığından bükümün içərisinə baxmamışdır. xx.xx.2023-cü il tarixdə saat 16:50 radələrində Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli olduğunu ona bildirmiş və onu Qaradağ RPİ, 10-cu Polis bölməsinə gətirmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunmuş və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya varsa, təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli gödəkçənin çöl hissədən sağ yan cibinə qoyduğu selofan içərisində kağızına bükülmüş içərisində qara rəngli maddə olan bir bükümü təqdim etmişdir. Bundan əlavə onun üzərinə baxış keçirilmiş və başqa qadağan olunmuş əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı onun təqdim etdiyi 1 ədəd selofan kəsiyində olan büküm polis əməkdaşalrı tərəfindən açılmış və bükümdə qara rəngli, spesifik iyə malik bərk maddə aşkar edilmişdir. Həmin maddə içərisi boş olan kağız paketə qoyulmuş, möhürləndikdən sonra onun tərəfindən imzalanmışdır. O, narkotik vasitələrdən istifadə etməmişdir. Polis əməkdaşlarına təqdim etdiyi bükümün içərisində nə olduğunu bilməmişdir (cild 1, iş vərəqi 64-68). Elan olunmuş ifadə ilə bağlı suallara cavab verən Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, polis işçiləri onu aldadıb çəkiliş vaxtı narkotiki tapmasını bildirməyi tapşırdığından, belə olacağı halda, 500 manat cərimə ödəyib azad oluna biləcəyini dedikləri üçün bu cür ifadə verdiyini, vəkilin ona hər şeyin yaxşı olacağını dediyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Qaradağ RPİ, 10-cu Polis bölməsinin Cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 10 mart 2023-cü il tarixdə 10-cu Polis bölməsinə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Ceyhun adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə ondan və sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar birlikdə Lökbatan qəsəbəsi, S.Orucov küçəsinə getmiş və müşahidə aparmağa başlamışlar. Xarici əlamətlərinə görə Ceyhun adlı şəxsə oxşayan bir nəfəri S.Orucov küçəsi, 49 ünvanının qarşısında görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib həmin şəxsin həqiqətən də Ceyhun olduğunu dəqiqləşdirdikdən sonra sonuncuya narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyib 10-cu Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən şəffaf selofanın içərisində 1 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülünü açdıqda içində qara rəngli, iysiz, bərk kristal şəkilli narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu bilmədiyini, 09 mart 2023-cü il tarixdə Lökbatan qəsəbəsində evə gedərkən yerdən tapdığını və üzərində saxladığını bildirmişdir. Həmin maddə qablaşdırılmış, zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə məhkəmə-kimyəvi ekspertizasına göndərilmiş və həmin kütlənin narkotik vasitə heroin olduğu öz təsdiqini tapmışdır. Həmçinin 11 mart 2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib-etmədiyini dəqiqləşdirmək üçün Narkoloji Dispanserdə müayinəsi aparılmış, ondan götürülmüş sidik nümunəsi ilə narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmişdir. Şahid1 onlarda Təqsirləndirilən şəxs hansısa dini təriqətin üzvü olması və sosial şəbəkələrdə paylaşım etməsi barədə məlumatların olmadığını, həmin şəxsin qeyd olunan səbəblərə görə həbs edilmədiyini, Ceyhunun narkotiklə rəsmiləşdirilməsi barədə heç kim tərəfindən ona göstəriş verilmədiyini ifadəsinə əlavə etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Qaradağ RPİ, 10-cu Polis bölməsinin sahə inspektoru Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə müəyyən edilərək saxlanılması və polis bölməsində üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitə heroinin aşkar edilərək götürülməsi tədbirində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 10 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində Qaradağ RPİ, 10-cu Polis bölməsində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılarkən, sonuncu, əynindəki qara rəngli gödəkçənin çöl sağ yan cibindən şəffaf selofan içərisində ağ rəngli kağıza bükülmüş 1 ədəd bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində qara rəngli, iysiz, bərk kristal şəkilli narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin hansı maddə olduğunu bilmədiyini, 09 mart 2023-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində evə gedərkən yerdən tapdığını və üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bundan sonra həmin maddə götürülərək qablaşdırılmışdır (cild 1, iş vərəqi 36-37). Cinayət işində olan DVD diskə baxış keçirilməsi haqqında 11 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskdə 1 ədəd faylda xx.xx.2023-cü il tarixdə lentə alınmış videogörüntülər qeydə alınmışdır. Baxış zamanı həmin görüntülərin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin videoçəkilişi olması və videogörüntülərlə xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun bir-biri ilə uyğunluq təşkil etməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 55). Cinayət işi üzrə narkotik sərxoşluğu vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müayinə edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 11 mart 2023-cü il tarixli 1223 saylı aktdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs sidiyində OPİ(+) müsbət, MDP(+) müsbət aşkar edilmişdir (cild 1, iş vərəqi 40). Məhkəmə-kimyəvi ekspertizasının 11 mart 2023-ci il tarixli 6/1496 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN Zərflər üçün 222” möhür əksi, “Təqsirləndirilən şəxs” və s. ad soyad və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 8,364 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısna (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 44-48). Məhkəmə-narkaloji ekspertizasının 10 aprel 2023-cü il tarixli 2041 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 104-105). Ambulator məhkəmə-psixatrik ekspertizasının 08 may 2023-cü il tarixli 1266 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdiyi əməl barəsində anlaqlı hesab olunur, Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 106-109). İbtidai istintaq orqanının 26 may 2023-cü il tarixli qərarına əsasən, şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 8,364 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi, videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 8,264 qram (8,264-1-0,1) narkotik vasitə heroin məhkəmənin hökmünə qədər saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 168). Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 11 mart 2023-cü il tarixli qərarı ilə Qaradağ rayon Polis idarəsi Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 10 mart 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 83-85). Cinayət işində olan şəxsiyyət vəsiqələrinin surətlərindən, ailə tərkibi haqqında arayışdan və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində üç azyaşlı uşağı vardır, yaşadığı ərazi və iş yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 89-95). Cinayət işinə əlavə edilmiş M/V 011896 №-li və Mİ 003978 №-li vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs atası X3 İ Qarabağ müharibəsinin veteranı, qardaşı X2 isə İİ Qarabağ müharibəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert komissiyasının xx.xx.2022-ci il tarixli məlumat arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu – xx.xx.2009-cu il təvəllüdlü Elcan İlyasov üçüncü dərəcəli əlil kimi qeydiyyatdadır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2023cü il tarixli tələbnaməsindən görünür ki, idarənin informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat mövcud deyildir (cild 1, iş vərəqi 110). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, hadisə günü işə gedəndə yaşadığı evin yaxınlığında 4 nəfər polis əməkdaşının onu tutub 10-cu Polis bölməsinə apardıqlarını, orada ona iranlının adamı olduğunu, buna görə həbs olunmasını bildirdiklərini və narkotiklə onun işinin rəsmiləşdirilməsinin tapşırıldığını, özünün bundan bir müddət əvvəl sosial şəbəkələrdə namaz qılan şəxslərin həbs edilməsi ilə bağlı etirazlarını bildirdiyini və onun da bu etirazlara görə həbs edildiyini fikirləşdiyini, saxlanılarkən bölmədə ona qarşı təzyiqlər olunduğunu və döyüldüyünü, istintaq təcridxanasına gedəndə tibbi yoxlamadan keçirildiyini, lakin üzərində xəsarət izlərinin olmadığını, onu ailəsi ilə təhdid edərək narkotiki boynuna götürməyə məcbur etdiklərini, istintaqda onu ailəsi ilə təhdid etdikləri üçün, həm də onu aldatdıqları üçün bütün sənədlərə imza etdiyini, özünün heç bir dini təriqətin üzvü olmadığını bildirərək müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İlkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə yaşadığı Lökbatan qəsəbəsi, S.Orucov küçəsində evə gedən zaman yerdə ağ kağızın içərisində olan şəffaf selofan kəsiyinə bükülmüş bükülünü gördüyünü, həmin bükülü onun diqqətini cəlb etdiyindən onu götürüb əynində olan qara rəngli gödəkçənin çöl sağ yan cibinə qoyduğunu, xx.xx.2023-cü il tarixdə saat 16:50 radələrində Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirdiyini, həmin şəxslər özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli olduğunu ona bildirərək Qaradağ RPİ, 10-cu Polis bölməsinə gətirdiklərini, baxış zamanı o, əynində olan qara rəngli gödəkçənin çöl hissədən sağ yan cibinə qoyduğu selofan içərisində kağızına bükülmüş içərisində qara rəngli maddə olan bir bükümü təqdim etdiyini, həmin büküm polis əməkdaşları tərəfindən açıldıqda, bükümdə qara rəngli, spesifik iyə malik bərk maddə aşkar edildiyini, həmin maddə içərisi boş olan kağız paketə qoyulduğunu, möhürləndikdən sonra onun tərəfindən imzalandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 onlarda Təqsirləndirilən şəxs hansısa dini təriqətin üzvü olması və sosial şəbəkələrdə paylaşım etməsi barədə məlumatları olmadığını, həmin şəxsin qeyd olunan səbəblərə görə həbs edilmədiyini, Ceyhunun narkotiklə rəsmiləşdirilməsi barədə heç kim tərəfindən onlara göstəriş verilmədiyini bildirdilər. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 11 mart 2023-cü il tarixli qərarı ilə Qaradağ rayon Polis idarəsi Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 10 mart 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və bölmədə ona qarşı təzyiqlər olunması və döyülməsi ilə bağlı gətirdiyi dəlillərin yoxlanılması məqsədilə müvafiq sorğular edilmişdir. Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16- 17/38/2-6225/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı bədənində gözlə görünən xəsarət aşkarlanmamışdır. Məktubla daxil olmuş tibbi kitabçanın surətindəki qeydlərdən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinə zamanı xəsarət almadığını bildirmiş, onun üzərində xəsarət izləri aşkar edilməmiş, həmçinin o, hal-hazırda şikayəti olmadığını bildirmişdir. Bakı şəhəri, Qaradağ rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 1031 x-23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsirlərə və təzyiqlərə məruz qalması ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə iclasında fiziki təzyiqlərə məruz qalması və döyülməsi, həmçinin dini əqidəsinə və sosial şəbəkələrdə etdiyi paylaşımlara görə həbs edilməsi barədə dəlillər gətirsə də, bunlar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi dəlilləri və məhkəmədə ziddiyyətli ifadələr verməsini məsuliyyətdən yayınmaq üçün onun tərəfindən seçilmiş müdafiə taktikası kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində üç azyaşlı uşağının olmasını, həmçinin həmin uşaqlardan birinin ağır xəstəliyini, Təqsirləndirilən şəxs atasının İ Qarabağ müharibəsinin veteranı, qardaşının isə İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsə münasibətdə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 10 mart 2023-cü tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Qaradağ RPİ, 10-cu Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 10 aprel 2023-cü il tarixli 2041 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan kustar üsulla hazırlanmış 8,264 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 110 (yüz on) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 8,264 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1479/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1479/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver