Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1480/2021 08.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, məhkumluğu olmayan, Bakı şəhəri Yasamal rayonu 11ci Xrebtovi küçəsi ev 179B-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o 23 yanvar 2021-ci il tarixdə axşam saatlarında şəxsiyyəti istintaqa məlum olmayan “Həsən” adlı İran İslam Respublikası vətəndaşının Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yol kənarında istintaqla müəyyən olunmayan qaydada yerləşdirdiyi bir ədəd bükümdə təmiz çəkisi 4,623 qram olan kustar üsulkı hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroini, bir ədəd bükümdə təmiz çəkisi 2,463 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan təsiredici maddəsi preqabalinin ümumi miqdarı 8,1 qram, yəni külli miqdar təşkil edən «Alyse (preqabalin) 150 mq» yazısı olan qutuda, 04 ədəd konvalyutda, cəmi 54 ədəd ağ rəngli kapsullarından ibarət preqabalin tərkibli dərman preparatlarını qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımış, 23 yanvar 2021-ci il tarixdə saat 21:00 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ- nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş və inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz-tünd göy rəngli qolsuz gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 4,623 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroini, bir ədəd bükümdə təmiz çəkisi 2,463 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan təsiredici maddəsi preqabalinin ümumi miqdarı 8,1 qram, yəni külli miqdar təşkil edən «Alyse (preqabalin) 150 mq» yazısı olan qutuda, 04 ədəd konvalyutda, cəmi 54 ədəd ağ rəngli kapsullardan ibarət preqabalin tərkibli dərman preparatları və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o 16 yaşından bəri narkotik vasitə istifadəçidir və bu barədə özünü təqsirli bilir. Narkotik vasitə satışı ilə məşğul olmamış, narkotik vasitəni pulsuz əldə etmirdi, pulu az olanda narkotik vasitə əldə etmək istədiyi halda haradan alacağını bilməyən başqa bir şəxs olduqda pulu həmin şəxs verirdi, o tanıdığı satıcılardan alırdı, sonra isə onu bölüşürdülər. Lakin ittiham olunduğu Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə özünü təqsirli bilmir, çünki o həmin dərmanları qanunsuz olaraq əldə etməmişdir, o Bakı Narkoloji Dispanserdə qeydiyyatdadır və həkimimin ona yazdığı resept əsasında aptekdən «Alyse» adlı dərman preparatını aldı və onu müalicəsi üçün istifadə etməyi nəzərdə tutmuşdu. Həmin dərman preparatını heç kəsə satmamışdır və belə məqsədi də olmayıb. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün üzərində 5 qram heroin var idi və onu bir gündə istifadə etməyi üçün əldə etmişdi. Aşkar edilmiş tərəzəni isə narkotik vasitə istifadə edərkən dozanı aşmamaq üçün miqdar müəyyən edərkən istifadə edirdi. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o "xxxx" MMC-nin təsisçisidir, şirkət dərman preparatlarının satışı ilə məşğul olur, həmçinin iki lisenziyaları var və onun əsasında güclü təsiredici dərman və psixotrop maddələrin satışı ilə də məşğul olurlar. Yalnız həkimlər tərəfindən yazılmış və möhürlənmiş reseptlər əsasında güclü təsiredici dərman və psixotrop maddələrin şəxslərə satışı müəssisədə mümkündür. Həmin reseptləri onlar əvvəlcə qeydiyyat kitabında qeydiyyata alırlar və 1 il müddətində aptekdə saxlayırlar. Reseptin kserosurətini isə müştəriyə qaytarırlar. O özü təsisçisi olduğu aptekdə satıcı funksiyasın yerinə yetirmir və aptekin daxilində digər otaqda olur. Buna görə də hal-hazırda məhkəmə iclas zalında gördüyü təqsirləndirilən şəxsi tanımır. polis əməkdaşları aptekdə hər hansı resepti axtarmayıblar. Lakin zərurət yarandığı təqdirdə o saxlanılan reseptlər arasında bu işlə əlaqədar olaraq axtarış edə bilər və əgər tapa bilsə, onu məhkəməyə təqdim etməyə hazırdır. Reseptsiz həmin dərmanların aptekin əməkdaşları tərəfindən satılması mümkün deyil, bu hala yol vermirlər. Eyni zamnda ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda, yəni ünvan 34-də qeydiyyatda olsada, Nəsimi rayonu Komfort MTK, bina K, blok 8, mənzil 56-da ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Bakı şəhər Narkoloji mərkəzində Yasamal rayonu ərazisi üzrə həkim-narkoloq vəzifəsində işləyir. Bakı şəhəri Yasamal rayonu 11-ci xrebtovi küçəsi ev 179B-da yaşayan Təqsirləndirilən şəxs Bakı şəhər Narkoloji Mərkəzində 2014-cü ilin sentyabr ayından opioidlərin qəbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə qeydiyyatdadır və həmin vaxtdan da həkim nəzarətində həm stasionar həm də ambulator müalicə almışdır. O, Təqsirləndirilən şəxs 2020- ci ilin sentyabr ayının 21dən etibarən tanıyır. Həmin tarixdə Araz mərkəzə yuxusuzluq və bədənində olan ağrılarla əlaqədar müraciət etmişdir. O, Arazdan ağrıların nə səbəbdən yaranmasını soruşduqda, Araz ona demişdir ki, «mən bədənimdə olan ağrıların azalması üçün hər gün yarım və bir qram arasında kakos deyilən narkotik vasitə heroin və şüşə deyilən psixotrop maddə metamfetamin qəbul edirəm, bu məndə asılılıq yaratdığından yalnız kakos deyilən narkotik vasitə heroin və şüşə deyilən psixotrop maddə metamfetamin qəbul etdikdə, bədənimdə olan ağrıları hiss etmirəm». O da Arazı təkrar müayinə etmiş, ona stasionar şəraitdə müalicə olunması təklif olunmuşdur. Araz stasionar müalicədən imtina etmiş, ona demişdir ki, «bədənimdə ağrılar vardır, xahiş edirəm mənə ağrıkəsici kimi Alyse ağrıkəsici dərmanını yazasınız». O da Araza qəbul etməsi üçün birinci dəfə 42 ədəd Alyse dərman həbini resept əsasında təyin etmişdir. Araz çıxıb getmiş, bundan sonra Araz onun yanma bir neçə dəfə gəlmiş, o, hər dəfə Araza Alyse 150 my-lıq dərmanını təyin etmiş, hər dəfə Araza stasionar şəraitdə müalicə olunmasının zəruriliyini izah etmiş, lakin Araz stasionar müalicədən imtina etmişdir. Axırıncı dəfə 2021-ci ilin yanvar ayının 12-də ona bədənində güclü ağrıların olması ilə əlaqədar müraciət etmişdir, həmin vaxt Araz ona gündə 3-4 qram narkotik vasitə heroin qəbul etməsini demiş, o da Araza 56 ədəd Alyse dərman həbini yazmışdır və ona üzərində imzası və möhürü olan resepti vermişdir. Bundan sonra Araz daha onun yanına gəlməmiş, sonradan istintaq zamanı bilmişdir ki, Arazın üzərində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və 54 ədəd Alyse dərman həbinin aşkar olunduğundan, o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araz ümumiyyətlə onun yazdığı dərmanı gündə iki dəfə qəbul etməli idi, lakin ağrılarən kəskinləşməsi ilə əlaqədar gündə 4 ədəd də dərman həbi qəbul edə bilərdi, onun dərmanı ona yazdığı tarixdən tutulduğu tarixədək 11 gün müddət keçmişdir, ola bilsin ki, yazdığı dərman ona ağrıların kəsilməsində kömək etməmişdir, ona görə də dərman qəbul etməyib narkotik vasitə qəbul etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Araz onun oğludur. O, narkomandır. Onun müalicəsi üçün illərdir çalışır, lakin o hələ də sağalmayıb, Arazın narkotik vasitə satışı ilə məşğul olmasına şahid olmamış və bu barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021ci ilin yanvar ayında Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxsı Yasamal rayonu, Xrebtovı küçəsi ərazisində saxladılar. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən bir neçə ədəd metadon həbləri, 1 büküm heroin, 1 büküm metamfetamin və 1 ədəd tərəzi aşkar edildi və onlar qablaşdırılıb möhürlənərək götürüldü. Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik və psixotrop maddələri həm şəxsi istifadəsi, həm də satmaq üçün daşıdığını bildirdi. Şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə olundu. Təqsirləndirilən şəxs üzərində aşkar edilən psixotrop maddələri aptekdən aldığını onlara demədi, bu barədə heç söhbət olmadı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Yadigər qızı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı2 yekun nitqi söyləyərək, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsindən imtina edərək, həmin maddə üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, dövlət ittihamçısı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi üzrə cinayət təqibindən imtina etdiyindən, məhkəmə cinayət təqibinə qeyd olunan maddə üzrə icraata xitam verməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxardır. Məhkəmə eyni zamanda iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli həmin epizod üzrə istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə töfsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 23 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan məhkəmə-psixiatrik ekspertizasının 20.04.2021-ci il tarixli, 833 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqh hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyyacı yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2021-ci il tarixli, 6/302 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi...» yazısı olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,623 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,463 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır.Həmin paketdə olan üzərində «Alyse (preqabalin) 150 mq» yazısı olan qutudakı 4 ədəd konvalyutda ümumi 54 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 54 ədəd kapsulda təsiredici maddəsi preqabalinin ümumi miqdarı 8,1 qram təşkil edir (bir kapsulda 0,15 qram preqabalin olmaqla).Tərəzinin üzərində heroin və metamfetamin iz şəklində olduğu üçün, heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasım müəyyən etmək mümkün olmadı. Heroin və metamfetamin müxtəlif növ və tərkibli maddələr olduğu üsün, onlar arasında müqayisəli tədqiqat aparılmadı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilənnarkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına, preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Güclü təsir edən maddələrin və onların külli miqdarının» siyahısına daxildirlər. Heroinin təmiz çəkisi 4,623 qram, tətqiqata sərf edildi 0,1 qram, qalıq 4,523 qram, metamfetaminin təmiz çəkisi 2,463 qram, tətqiqata sərf edildi 0,1 qram qalıq 2,363 qram. 54 ədəd kapsuldan 2 kapsula sərf edildi, qalıq 52 kapsula. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı şəhər Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsin 1495 saylı 27.04.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi üçün 01.09.2014-cü il tarixdən “ Opioniidlərin istifadə edilməsi nəticəsində psixi və və davranış pozuntuları” diaqnozu ilə BŞNM-də qeydiyyatdadır və dəfələrlə müraciət etmişdir, sonuncu dəfə 12.01.2021-ci il tarixdə BŞNM-ə müraciət etmiş və “Aylese” 150 mq №56(1 qutu) təyin edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 12.04.2021-ci il tarixli, 1046 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan 23 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq, 29-cu PŞ-nə gətirilmiş və üzərinə video müşahidə altında şəxsi axtarış keçirilən zaman, o, əynində olan qolu qısa gödəkcəsinin sağ yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni, bir bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni, bir ədəd elektron tərəzini, içərisində 4 ədəd konvolitdə, ümumilikdə 54 ədəd həbi təqdim edərək, masanın üzərinə qoymuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 23 yanvar 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, əməlində cəzanın ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan bir ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 4,523 qram heroin, 2,363 qram metamfetaminin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, «Alyse (preqabalin) 150 mq» yazısı olan qutudakı 4 ədəd konvalyutda ümumi 52 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatı Təqsirləndirilən şəxs tərəfindən reseptlə əldə etdiyindən onun özünə qaytarılmalı, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs üzərlərinə şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan bir ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 4,523 qram heroin, 2,363 qram metamfetaminin, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və «Alyse (preqabalin) 150 mq» yazısı olan qutudakı 4 ədəd konvalyutda ümumi 52 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatı Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1480/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1480/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver