Məhkəmə qərarları › İş №1(101)-1482/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1482/2022

03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1482/2022 03.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs X8 hüquqi varisi olan anası X4 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1984-cü il dekabrın 01-də Ermənistan SSR-də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci il aprelin 04-də saat 23 radələrində ünvan 2 ünvanının ətrafında yerləşən yeməkxanada Şahid2 doğum gününü X8 və Şahid1 iştirakı ilə qeyd etdikdən sonra orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində həmin ərazidəki çayxanaya getdikləri zaman X9 aralarında yaranan şəxsi münasibətlər zəminində mübahisə edib sonuncu onu təhqir edərək sifət və bədənin digər nahiyələrinə yumruqla zərbə vurmaqla ona sol qaşüstü nahiyənin qançır-şişkinliyi, sol qaşüstü nahiyənin, döş qəfəsinin arxa səthinin, sol baldırın sol aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bundan əsəbiləşib qisas almaq niyyəti ilə hadisə yeri, yəni ünvan 2 ünvanının yaxınlığında yerləşərək tikilməkdə olan çoxmərtəbəli binanın yanında saxlanılan, atası Şahid5 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi «Hyundai Sonata» markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürdüyü, istintaqa məlum olmayan bıçaqla X2 yüngül zərərvurmaya aid sol qulaqaltı çeynəmə nahiyəsinin kəsilmiş yarası, habelə həm ümumilikdə, həm də ayrı-ayrılıqda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik döş qəfəsinin ön səthində, mədəni, diafraqmanı, sağ ağciyəri və döş qəfəsinin sol yarısının ön səthində sol ağciyəri, ürəyi zədələyən deşilmişkəsilmiş yara xəsarətlərini, ümumilikdə üç ədəd zərbə yetirib X14 qəsdən öldürmüş, yəni sonuncunu qəsdən həyatdan məhrum etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X14 axşamlar istirahət etməyə görə getdiyi ünvan 2 ünvanının yaxınlığında yerləşən 19 nömrəli məktəbin yanındakı, tanışı Şahid1 işlətdiyi çay evindən tanımışdır. 2022-ci il aprelin 04-də saat 20 radələrində göstərilən yerə tanışları ilə görüşmək üçün getdikdə oradan onun təşəbbüsü ilə Bəhruz, Rəşad və Şahid2 ilə birlikdə sonuncunun ad gününü qeyd etməkdən ötrü yollandıqları həmin ərazidəki kafedə yeyibiçəndən sonra geri gələndə onunla Bəhruz arasında 21 manat məbləğində köhnə borc məsələsinə görə sonuncunun ona borcun gec qaytarması zəminində mübahisə yarandığı vaxt Bəhruz onu və ailəsini təhqir etməklə çiynindən itələdiyindən qarşılıqlı bir-birilərini söyməyə başlayıb əlbəyaxa olmuşlar. Bəhruz onun baş nahiyəsindən və sol gözünün üzərindən vuraraq xəsarət yetirmiş, o da Bəhruzu qorxutmaq üçün çay evinin yanında saxladığı, etibarnamə ilə idarə etməklə atası Şahid5 məxsus «Hyundai Sonata» markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü qapısının gözündən götürdüyü açılıb-bağlanan cib bıçağı ilə Bəhruza yaxınlaşmış, sonuncu ailəsini və onu təhqir etməyə davam edib bununla yanaşı bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamış, Şükür Bəhruzu kənara çəksə də sonuncu ona doğru addımlayaraq yenidən təhqir etdiyi zaman o, bıçaqla Bəhruzun döş qəfəsinə zərbə endirmişdir, sonuncu çay evinin yaxınlığında tikilməkdə olan çoxmərtəbəli binanın sağ tərəfinə qaçmağa başladıqda Rəşad və Şükür Bəhruzun arxasınca, o isə göstərilən binanın sol tərəfinə Bəhruzun qarşına çıxmaqdan ötrü hərəkət etmişlər, o, sonuncunu binanın yanında üzüstə uzanıqlı vəziyyətdə görəndə Bəhruzu silkələsə də səsinin çıxmadığını müşahidə etməklə idarə etdiyi avtomobilə tərəf gedərkən Rəşadın «tez maşın gətirin, xəstəxanaya çatdıraq» qışqırığını eşidib nəqliyyat vasitəsini onun yaşadığı ünvan 1 ünvanına sürmüş, atası Vaqif səsinə oyandıqda o, sonuncuya adam bıçaqladığını və beş-on dəqiqəyə qayıdacağını deyərək evdən çıxmaqla Abşeron rayonunun Novxanı kəndi tərəfə dəniz qırağına getmişdir. Yolda atası zəng edib polislərin onu axtardığını bildirəndə, o, Abşeron rayonunun Masazır kəndi yaxınlığında taksidən düşərək bıçağı gölün ətrafına atmaqla yaşadığı ünvana gəlmiş, binanın həyətinə çatdıqda polis əməkdaşlarının orada olduqlarını görmüşdür. Törətdiyi əməldən artıq dərəcədə peşmandır. İş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X7 ifadəsində göstərdi ki, övladı X17 dolanışığını maşın yuyulan yerlərdə işləyib təmin etmişdir. 2022-ci il aprelin 05-də gecə saat 00 radələrində qardaşının övladı Şahid7 onlara gələrək Bəhruzun bıçaqlandığını, bir qədər sakitləşəndə isə Bəhruzun öldüyünü söyləmişdir. İş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, övladı Təqsirləndirilən şəxs əvvəllər sakit təbiətli, mülayim insan olsa da pandemiya dövründə işsizlik və sıxıntıdan əsəbləri pozulmuşdur. 2022-ci il aprelin 04-də günorta radələrində Rabil evdən çıxarkən gec gələcəyini bildirmiş, həmin tarixdə saat 23 radələrində sonuncu mənzilə daxil olduqda ona bıçaqla bir nəfəri vurduğunu, 5-10 dəqiqəyə qayıdacağını deməklə evi tərk etmişdir. On dəqiqə keçmiş döyülən giriş qapısını açanda polis əməkdaşları Rabili adam öldürdüyünə görə axtardıqlarını bildirmişlər. O, oğluna zəng etdikdən 30 dəqiqədən sonra Rabil evə qayıtmış və polislər tərəfindən aparılmışdır. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, bir ildən artıqdır Şahid1 işlətdiyi ünvan 2 ünvanında yerləşən çayxanada ofisiant kimi işləmişdir. 2022-ci il aprelin 04-də axşam radələrində X17 çayxanaya gəlib həmkəndliləri olan Rəşad və Şahid2 ilə görüşəndən sonra 21 manat verərək borclu olduğu Təqsirləndirilən şəxs gördükdə çatdırmasını ondan xahiş etmiş, bir müddət ötmüş sonuncu çayxanaya daxil olmaqla Rəşadgilin oturduğu masada əyləşmişdir. O, Rabilə yaxınlaşıb sonuncuya Bəhruzun ona verdiyi pulu ötürmüşdür. Göstərilən vaxt müştərilər çox olduğundan başı işə qarışmışdır, başqa heç nəyi xatırlamır. Səhərisi gün çayxanaya gələndə Rabilin Bəhruzu öldürdüyünü bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid1 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən Təqsirləndirilən şəxs və Şahid4 ilə uyğun ifadə vermişdir (1-ci cild, iş vərəqi 17-20 və 2-ci cild, iş vərəqi 167-170). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən Şahid1 ilə oxşar ifadə vermişdir (1-ci cild, iş vərəqi 12-16 və 2-ci cild, iş vərəqi 233-236). Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş Şahid3 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən 2022-ci il aprelin 04-də saat 23 radələrində ünvan 2 ünvanında yerləşən çayxanaların birində çay içməyə getdikdə tikilməkdə olan çoxmərtəbəli binanın yaxınlığından səs-küy eşidərək orada adlarını sonradan öyrəndiyi, Şahid1, Şahid2, Təqsirləndirilən şəxs və X17 olan dörd nəfərdən Rabillə Bəhruzun mübahisə etdiklərini gördüyünü, sonuncuların nə dediklərini başa düşməsə də Rəşadla Şükürün onları aralamağa çalışdıqlarını, daha sonra Bəhruzun yolun sağı ilə qaçdığını gördüyünü, Rəşad və Şükür ilə birlikdə onun da Bəhruzun arxasınca getməklə həmin binanın yanında sonuncunun yerdə üzüstə vəziyyətində uzandığını, yaxınlaşanda Bəhruzun sinə hissəsində qan olduğunu müşahidə etdiklərini, Şükürün çağırdığı təcili tibbi yardım maşını gəlmədiyindən Bəhruzu tanımadıqları şəxsin sürdüyü avtomobillə xəstəxanaya apardıqlarını, yolda rastlaşdıqları təcili tibbi yardım maşınındakı həkimlərin Bəhruzu müayinə edib sonuncunun öldüyünü bildirdiklərini göstərmişdir (1-ci cild, iş vərəqi 171-174). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid6 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən arvadı olan şahid X7 ilə eyni ifadə vermişdir (2-ci cild, iş vərəqi 16-20). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid7 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən bibisi olan şahid X7 ilə analoji ifadə vermişdir (2-ci cild, iş vərəqi 116-118). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 04 aprel tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 2 ünvanındakı hadisə yerinə baxış vaxtı Cavadxan küçəsi, 24 ünvanında olan yolun kənarındakı təcili tibbi yardım avtomobilində olan xərəyin üzərindəki kişi meyitinin döş qəfəsi nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş yaranın və yara ətrafında qana bənzər ləkələrin olması müəyyənləşdirilmiş, sonuncunun üzərindən X13 və X6 məxsus şəxsiyyət vəsiqələri, sonuncu ilə X20 məxsus nikah haqqında şəhadətnamə, bir ədəd «Xiaomi Redmi» markalı mobil telefon aşkarlanıb götürülmüş, daha sonra qeyd olunan hadisə yerindəki yeni tikilən binaların arasında olan asfalt üzərində topa və yayılmış şəkildə qana bənzər ləkələr aşkarlanmış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 5-11). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 05 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:30-da Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun qohumuna məlumat vermək hüququ təmin edilmişdir (1-ci cild, iş vərəqi 38). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 05 aprel tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan bir ədəd jaket, bir ədəd qara rəngli cins şalvar, bir ədəd tünd albalı rəngli gödəkcə götürülmüşdür (1-ci cild, iş vərəqi 49-50). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 05 aprel tarixli protokoldan görünür ki, X8 meyitinin bədən səthində döş qəfəsinin ön səthində epiqastral nahiyədə orta xətt üzrə ayaqaltından 113 sm yuxarıda 1x0,6 sm ölçüdə kənarları hamar, bir ucu küt, digər ucu iti olan yara, döş qəfəsinin sol yarısının ön səthində epiqastral nahiyədə döşyanı xətt üzrə ayaqaltından 114 sm yuxarıda 2x0,4 sm ölçüdə kənarları hamar, bir ucu küt, digər ucu iti olan yara, sol qulaqaltı çeynəmə nahiyəsində 4,2x3 sm ölçüdə kənarları hamar, bucaqları iti, içərisində qansızmalı yumşaq toxumalar görünən kəsilmiş yara, sağ diz oynağı nahiyəsinin ön səthində bir qədər ovalvari formalı 3,4x2,8 sm ölçüdə kənarları nahamar qırmızımtıl rəngli sıyrıq aşkarlanmış, sonuncuya məxsus bir ədəd kofta, bir ədəd şalvar və bir ədəd gödəkcə götürülmüşdür (1-ci cild, iş vərəqi 56-57). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 05 aprel tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs atası Şahid5 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi «Hyundai Sonata» markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir predmet aşkarlanmamış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 58-62). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 05 aprel tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs hadisənin 2022-ci il aprelin 04-də saat 20-21 radələrindən sonra ünvan 2 ünvanının yaxınlığında yerləşən çayxanada baş verdiyini bidirməklə ifadəsini təsdiqləmiş, bir ədəd DVD-R diski protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 63-65). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 06 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan əşyalara baxış vaxtı bir ədəd tünd albalı rəngli gödəkcənin boyunluq, sol qoltuqaltı və sağ qabaq hissəsində qana bənzər ləkələr, bir ədəd idman pencəyinin sinə hissəsində qana bənzər ləkələr və zədələr, bir ədəd köynəyin sinə hissəsində qana bənzər ləkələr və iki ədəd zədə aşkarlanmaqla bir ədəd şalvarın üzərində qan ləkələri müəyyən edilməmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 83-88). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 06 aprel tarixli protokoldan görünür ki, X8 hadisə zamanı əynində olan əşyalara baxış keçirilərkən bir ədəd koftanın, bir ədəd şalvarın və bir ədəd gödəkcənin üzərində qan ləkəsi aşkarlanmamış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 89-92). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun 2022-ci il 06 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub ona göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 93-94). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2022-ci il 06 aprel tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il aprelin 05-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 115-117). İş materiallarında olan 2021-ci il 28 aprel tarixli ƏN-Vİİ seriyalı 746554 №-li nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin və AC seriyalı 080818 №-li sürücülük vəsiqəsinin kserosurətlərindən görünür ki, Şahid5 özünə məxsus «Hyundai Sonata» markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi övladı Təqsirləndirilən şəxs bir il müddətinə etibar etmişdir (1-ci cild, iş vərəqi 149-150). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 13 aprel tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X8 istifadəsində olmuş bir ədəd «Xiaomi Redmi» markalı mobil telefona baxış keçirildikdə 2022-ci il aprelin 01-də və 2022-ci il aprelin 02-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən gələn zənglərə X17 tərəfindən cavab verilməməsi müəyyən edilməklə iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 175). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2022-ci il 08 aprel tarixli 17/382271 №-li məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:10 radələrində üzərinə baxış zamanı aşkarlanan kürək nahiyəsində sıyrılmış və sol baldırın ön aşağı tərəfində qərtməkli yaralar kimi xəsarətləri həbs olunmamışdan əvvəl aldığını bildirmişdir (1-ci cild, iş vərəqi 177). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2022-ci il 05 aprel tarixli 2/6713 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq vəziyyətindədir (1-ci cild, iş vərəqi 184). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 2022-ci il 20 aprel tarixli 083-5882-1222 №-li və eyni tarixli 083-5883-1222 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirici material olmamaqla yanaşı hadisənin baş verdiyi ərazidə müşahidə kamerası olmadığından görüntü əldə etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 212 və 238). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il aprelin 21-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 241- 242). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 30 aprel tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X12 Xidmətinin 2022-ci il 28 aprel tarixli 003-7147-1222 №-li məktubu ilə daxil olan 2022-ci il aprelin 04-də saat 21:00-dan 2022-ci il aprelin 05-də saat 01:00-dək olan müddətdəki görüntülərə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkarlanmamış, görüntülərin köçürüldüyü doqquz ədəd DVD-R diski protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 245-255). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 №-li X5 2022ci il 20 aprel tarixli 1/726 №-li, «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2022-ci il 18 aprel tarixli 3268 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanalarda müalicədə olmamışdır (2-ci cild, iş vərəqi 9 və 11). İş materiallarındakı notariat qaydasında təsdiq olunan 2022-ci il 20 may tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi X7 Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur (2-ci cild, iş vərəqi 27). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X19» publik hüquqi şəxsinin meyitin ekspertizasına dair 2022-ci il 05 may tarixli 47 nömrəli rəyindən görünür ki, X8 meyitində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin ön səthindəki epiqastral nahiyədə orta xətt üzrə ayaqaltından 113 sm yuxarıda olan 1,0x0,6sm ölçüdə deşilmiş-kəsilmiş yara daxilə nüfuz edərək mədəni, diafraqmanı və sağ ağciyəri yaralamaqla yara saat siferblatının 1 və 7 rəqəmlərini birləşdirən xətt üzrə yerləşərək yara kanalının uzunluğu 9-11 sm olub istiqaməti öndən-arxaya, aşağıdanyuxarıya və sağdan-sola doğrudur, yara kanalı boyunca yumşaq toxumalar zədələnmiş; döş qəfəsinin sol yarısının ön səthindəki epiqastral nahiyədə döşyanı xətt üzrə ayaqaltından 114 sm yuxarıda olan 2,0x0,4sm ölçüdə deşilmiş-kəsilmiş yara daxilə nüfuz edərək sol ağciyəri və ürəyi yaralamaqla yara kanalının ümumi uzunluğu 9-11 sm olub istiqaməti öndən-arxaya, aşağıdan-yuxarıya və soldan sağa doğrudur, yara kanalı boyunca yumşaq toxumalar zədələnmişdir, iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici əşya (alət) ilə yetirilmiş ən azı iki zərbə nəticəsində yaranan, həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan həmin xəsarətlər həyati olub sonuncunun ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən 2022-ci il aprelin 04-də əmələ gəlməklə X8 ölümü ilə səbəbli əlaqəlidir; sol qulaqaltı çeynəmə nahiyəsinin kəsilmiş yarası həyati olub sonuncunun ölümündən az əvvəl iti kənara malik olan əşyanın (alətin) təsirindən əmələ gəlməklə dərəcəsinə görə sağlamlığın qısa pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir və X8 ölümü ilə səbəbli əlaqəsi yoxdur; sağ diz oynağı nahiyəsininin ön səthinin sıyrığı həyati olub sonuncunun ölümündən az əvvəl bərk küt əşyanın təsirindən əmələ gəlməklə X8 ölümü ilə səbəbli əlaqəsi yoxdur və xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq müxtəlif şəraitlərdə, o cümlədən sonuncunun öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlməsinin mümkün olduğunu demək olar; X8 ölümünə səbəb döş qəfəsinin ön səthinin daxilə nüfuz edərək ürəyin, ağciyərlərin, diafraqmanın və mədənin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraların törətdiyi kəskin qanitirmə olmuşdur, sonuncunun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,25%-li etil spirti aşkar edilməklə qatılığı X1 yüngül dərəcəli alkoqol sərxoşluğuna səbəb ola bilərdi (2-ci cild, iş vərəqi 30-37). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X19» publik hüquqi şəxsinin sağlamlığa zərərvurmanın təyininə dair 2022-ci il 04 may tarixli 402 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sol qaşüstü nahiyənin qançır-şişkinliyi, sol qaşüstü nahiyənin, döş qəfəsinin arxa səthinin, sol baldırın, sol aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə 2022-ci il aprelin 04-də yaranması istisna olunmur, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur, sonuncu həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir (2-ci cild, iş vərəqi 46-48). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 20 may tarixli 6/2261 №-li rəyindən görünür ki, X13 məxsus olan geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohisssəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olan geyim əşyalarının tərkib liflərindən yoxdur, eyni zamanda sonuncuya məxsus olan geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohisssəcikləri arasında X13 məxsus olan geyim əşyalarının tərkib liflərindən yoxdur, ekspertiza tədqiqatının dəyəri 154 manatdır (2-ci cild, iş vərəqi 54-57). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X19» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2022-ci il 09 iyun tarixli 191/2022-MTKŞ nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən X13 məxsus iki ədəd köynəyin və iki ədəd gödəkcənin ön səthinin sol və sağ yarısının orta hissəsində iki ədəd və qolsuz gödəkcənin arxa səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr mövcud olmaqla həmin zədələr kafi itilikdə ülgücü və ucu, küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmiş, qolsuz gödəkcənin ön və arxa səthlərinin sağ yarısının aşağı hissəsində bir ədəd olmaqla cəmi iki ədəd olan səthi kəsilmiş zədələr iti kənara malik hər hansı iti alətin təsirindən əmələ gəlmişdir, iki ədəd köynəyin və iki ədəd gödəkcənin ön səthinin sol və sağ yarısının orta hissəsindəki iki ədəd deşilmiş-kəsilmiş zədə sonuncunun meyiti üzərində olan döş qəfəsinin ön səthindəki epiqastral nahiyədə deşilmiş-kəsilmiş yara və döş qəfəsinin sol yarısının ön səthindəki epiqastral nahiyədə deşilmiş-kəsilmiş yara ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq uyğunluq təşkil edir, X13 məxsus şalvarın və kəmərin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkarlanmamış, iki ədəd köynəyin və iki ədəd gödəkcənin üzərindəki qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlməklə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur, qolsuz gödəkcənin sol yarısının orta hissəsində, arxa səthinin sağ yarısının yuxarı hissəsində və şalvarın üzərində olan qan ləkələri qan mənbəyi ilə və ya qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlməklə yaxma xarakterikdir, sviter, gödəkcə və şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamış, Təqsirləndirilən şəxs məxsus sviter, gödəkcə və şalvar üzərində qana şübhəli ləkələr müəyyənləşdirilməmişdir (2-ci cild, iş vərəqi 60-70). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X19» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2022-ci il 03 iyun tarixli 227/2022-MTBŞ nömrəli rəyindən görünür ki, AB0 sistemi üzrə Təqsirləndirilən şəxs qan qrupu Oalfabeta (l), X8 qan qrupu Abeta/H (ll) olub tədqiqata təqdim olunan üç ədəd çubuqlu pambıq tamponda, sonuncuya məxsus bir ədəd qolsuz gödəkcə-jiletin, idman gödəkcəsinin, köynəyin, qısaqol maykanın və cins şalvarın üzərində insan qanı ləkələri aşkar olunmuşdur, həmin ləkələrinin qrup mənsubiyyəti AB0 sistemi üzrə təyin olunduqda «A» və «H» antigenləri, qısaqol maykanın üzərindəki ləkələrdə həmçinin beta aqlyutinini alınmaqla X13 məxsus ola bilər, qanın qarışıq olduğu halında isə hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olubsa, ləkələrdə sonuncunun da qarışmış qanının olması inkar olunmur, Rabil Vaqif oğluna Qasımova məxsus qolsuz gödəkcə-jilet, cins şalvar və sviter üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (2-ci cild, iş vərəqi 73-78). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 14 may tarixli 2484 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmamaqla məcburi müalicəyə ehtiyacı yoxdur (2-ci cild, iş vərəqi 81-82). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəməpsixiatrik və məhkəmə-psixiloji ekspertizasına dair 2022-ci il 20 iyun tarixli 1609 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilməklə hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamış, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, nümayişkəranəlik, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, sonuncu fizioloji və ya patoloji affekt vəziyyətində olmamışdır (2-ci cild, iş vərəqi 85-88). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon MKTB-nin 77 saylı MKİS-inin tərtib etdiyi 2022-ci il 13 iyun tarixli 400 №-li arayışdan və eyni tarixli eyni №-li xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ailəsi atası Şahid5, anası X10, bacısı X15 və qardaşı X16 ibarətdir, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (2-ci cild, iş vərəqi 104-105). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2022-ci il 14 may tarixli xx/xx-6907 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs orada qeydiyyatda olmamaqla müalicə almamışdır (2-ci cild, iş vərəqi 109). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun 2022-ci il 25 iyun tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2022-ci il 28 iyun tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, Şahid2 və Şahid1 barəsində Azərbaycan Respublikasının CM-nin 120.2.1.-ci maddəsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 120.2.1.-ci, 120.2.2.-ci, 120.2.4.-cü, 120.2.5.-ci və 221.3.-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, sonuncu barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1.-ci maddəsi ilə icraat başlanması haqqında qərar qəbul edilməsi üçün materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, Təqsirləndirilən şəxs qarşı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən hər hansı işgəncə və ya qeyri-insani davranış göstərilməsi faktı öz təsdiqini tapmadığından həmin xüsusiyyət üzrə cinayət işinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd sviter və bir ədəd gödəkcə, zərər çəkmiş şəxs X8 hadisə zamanı əynində olan iki ədəd köynək, iki ədəd gödəkcə, bir ədəd kəmər, qan nümunələri, bir ədəd «Xiaomi Redmi» markalı mobil telefon, iki ədəd qan nümunəsi saxlanılması üçün prokurorluğa təhvil verilmişdir (2-ci cild, iş vərəqi 132-157 və 159-160). Məhkəməyə təqdim olunan 2022-ci il 12 sentyabr tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs X8 hüquqi varisi X7 Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün etirafedici, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, əməlindən səmimi peşman olmasını işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd sviter və bir ədəd gödəkcə, zərər çəkmiş şəxs X8 hadisə zamanı əynində olan iki ədəd köynək, iki ədəd gödəkcə, bir ədəd kəmər, qan nümunələri, iki ədəd qan nümunəsi məhv edilməli, bir ədəd «Xiaomi Redmi» markalı mobil telefon X8 yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə 154 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri «Yusifbəyli və Partnyorları» vəkil bürosunun vəkili X18 tərəfindən 10 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X11 vəkil işlədiyi Bakı şəhəri «Yusifbəyli və Partnyorları» nəfinə (VÖEN: **********) 60 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il aprelin 05-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2022-ci il aprelin 05-dən hesablansın. İş üzrə 154 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X11 vəkil işlədiyi Bakı şəhəri «Yusifbəyli və Partnyorları» vəkil bürosunun nəfinə (VÖEN: **********) 60 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd sviter və bir ədəd gödəkcə, zərər çəkmiş şəxs X8 hadisə zamanı əynində olan iki ədəd köynək, iki ədəd gödəkcə, bir ədəd kəmər, qan nümunələri, iki ədəd qan nümunəsi məhv edilsin, bir ədəd «Xiaomi Redmi» markalı mobil telefon X8 yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar