Məhkəmə qərarları › İş №1(101)-1482/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1482/2025

21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1482/2025 21.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X4 (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 10 avqust 1994-cü il tarixdə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Nərimanov rayonu, Böyükşor qəsəbəsi, daş karxanası 108 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 30,0 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 6,329 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic yaşayış massivi, “Qayaüstü" adlanan əraziyə daşımış, xx.xx.2025-ci il tarixdə saat 04:40 radələrində Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic yaşayış massivi, “Qayaüstü” adlanan ərazidə saxlanılaraq, video çəkilişlə üstünün yoxlanılması zamanı əynində olan qara rəngli isti gödəkcənin sağ yan cibindən 01 ədəd göy rəngli sellofana bükülmüş bükümdə külli miqdarda təmiz çəkisi 30,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə külli miqdarda təmiz çəkisi 6,329 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, son 5-6 ayda narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən iyləmək yolu ilə istifadə etmişdir. Həmişə özü üçün tanımadığı şəxslərdən maddi imkanı çatdığı qədər narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alıb hamıdan gizlin şəkildə üzərində saxlamışdır. Son vaxtlar isə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etdiyi “Qaqam” kimi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. O, aldığı metamfetamin və heroinə görə İran İslam Respublikasının vətəndaşı kimi təqdim etdiyi “Qaqam” kimi tanıdığı şəxsin “M 10" hesabına pul göndərmişdir. Həmin şəxs isə əvəzində ona "Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə məkan göndərmiş, o da həmin məkandan metamfetamin və heroini götürüb istifadə etmişdir. Sonuncu dəfə də xx.xx.2025-ci il tarixdə saat 01 radələrində “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı, “Qaqam” kimi tanıdığı şəxsdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs də ona "Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini qoyduğu yerin məkanını göndərmişdir. Sonra hazırlaşaraq həmin gün saat təxminən 03 radələrində yaşadığı ünvandan çıxmışdır. Yolda dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı taksi avtomobilinə əyləşib taksi ilə ona göndərilən məkanın olduğu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic yaşayış massivində yerləşən “Qayaüstü” adlanan yerə getmişdir. Orada taksidən enib məkanda göstərilən yeri axtarmağa başlamışdır. Ona göndərilən məkanı tapdıqdan sonra həmin yerdən də “Qaqam” adlı şəxsdən razılaşdıqları kimi bir bükümdə 30 qram psixotrop maddə metamfetamin və bir bükümdə 7 qram narkotik vasitə heroini götürmüşdür. Həmin gün saat təxminən 04:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic yaşayış massivində yerləşən “Qayaüstü” adlanan yerdə olarkən ona polis əməkdaşları yaxınlaşmışlar. Polis əməkdaşları ona narkotik vasitələrin əldə edilməsi, üzərində saxılanılması və daşınmasında şübhəli olduğunu bildirərək üstünün video çəkilişlə axtarılmasının zəruri olduğunu bildirmişlər. O da etiraz etməmiş, bundan sonra polis əməkdaşları üstünü video çəkilişlə axtarmışlar. Həmin vaxt o, fürsət tapıb üzərində olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini tullaya bilməmişdir. Üstü axtarılarkən polis əməkdaşları əynində olan qara rəngli isti gödəkcəsinin sağ yan cibindən bir ədəd göy rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamini, bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini aşkar etmişlər. Həmçinin polis əməkdaşları əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 050- ***-**-** nömrəsi ilə istifadə etdiyi “Techno” markalı mobil telefonu da aşkar edərək götürmüşlər. Aşkar edilmiş psixotrop maddə metamfetamin və narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Sonra onu polis əməkdaşları Sabunçu RPİ-nin 14-cü PŞ-nə aparmışlar. Onu saxlayan polis əməkdaşları üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni, mobil telefonu təhqiqatçıya təqdim etmişlər. O, İran İslam Respublikası vətəndaşının anket məlumatlarını bilməmiş, mobil nömrəsi istifadəsində olmuş “Techno” markalı mobil telefonunda “Qaqam” adı ilə qeyd olunmuşdur. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin pulunu nağd şəkildə ödəyə bilmədiyi üçün “Qaqam” adlı şəxsə bu barədə demiş, “Qaqam” adlı şəxs də bildirmişdir ki, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini ona bir neçə dəfə istifadə etmək üçün verə bilər, pulunu da sonda birdəfəlik ödəyər. Aralarında belə razılıq olduğu üçün narkotik vasitə heroini və psixortop maddə metamfetamini bir neçə dəfə istifadə etmək üçün çox miqdarda əldə etmişdir. Üzərindən aşkar edilmiş metamfetamin və heroindən başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə baxılarkən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir. Məhkəmə istintaqında verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəlcədən ona göndərilən məkanın olduğu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic yaşayış massivində yerləşən “Qayaüstü” adlanan yerdə nə qədər narkotik vasitə olacağından xəbəri olmuşdur. O, usta işləmiş və narkotik vasitə satmağa ehtiyacı olmamış, narkotik vasitələri 3 həftədən bir özü istifadə etmək üçün almışdır. İran vətəndaşının nömrəsini bir nəfərin vasitəsilə əldə etmişdir. O, İran vətəndaşı ilə yazışaraq və danışaraq əlaqə saxlamışdır. O, İran vətəndaşını son 7,8 ayda tanımışdır. Narkotik vasitələri həmişə eyni adamdan almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 2025-ci il tarixdə, fevralın ortalarında şəxsin narkotik vasitələri üzərində daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, şəxsin əlamətlərinə uyğun olaraq şəxsi piyada vəziyyətdə saxlamışlar. Şəxs könüllü olaraq üzərində olan 2 büküm narkotik vasitə, birində metamfetamin, digərində heroin olduğunu etiraf etmiş və həmin narkotik vasitəni İran vətəndaşından əldə etdiyini bildirmişdir. Şəxs saxlanılan vaxt mobil telefonu da üzərində olmuşdur. Narkotik vasitəyə baxış keçirilmiş və qablaşdırılmışdır. Şəxsə qarşı fiziki, psixi təzyiq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid2lə xidmət aparan zaman 17 fevral tarixdə, saat 4-5 radələrində piyada vəziyyətdə olan, üzdən Təqsirləndirilən şəxs oxşayan şəxsə yaxınlaşmışlar. Özlərini təqdim etikdən sonra şəxsə üzərində qanunsuz predmet varsa, təhvil verməsini təklif etmişlər. Şəxs könüllü olaraq metamfetamin, heroin və mobil telefon təqdim etmiş, narkotik vasitələri istifadə etdiyini və İran vətəndaşından əldə etdiyini bildirmişdir. Şəxsi Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə dəvət etmişlər, təhqiqatçının otağında narkotik vasitələrə bir daha baxış keçirilmişdir. Şəxsə qarşı fiziki, psixi təzyiq edilməmişdir. Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 1) Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2025-ci tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 11-13) 17 fevral 2025-ci il tarixdə saat 04:40-da İmanlı X3 RPİ-nin 14- cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 Mayıs oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic yaşayış massivi, “Qayaüstü” adlanan ərazidə saxlanılaraq üzərinə video çəkilişdən istifadə edilməklə üstü yoxlanılan zaman əynində olan qara rəngli isti gödəkcənin sağ yan cibindən 01 ədəd göy rəngli sellofana bükülmüş bükümdə kristal formalı psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd “Tecno” markalı mobil telefon aşkar edilmişdir. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 25) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilinərək 17 fevral 2025-ci il tarixdə, saat 04:40-da tutulmuşdur. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 35-37) 17 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış 02 ədəd zərfin birinin içərisindən 01 ədəd göy rəngli sellofana bükülmüş kristal formalı psixotrop maddə metamfetamin və 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, digər zərfin içərisindən Təqsirləndirilən şəxs istifadəsində olmuş “Tecno” markalı mobil telefon aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/721 nömrəli ekspert rəyindən görünür ki, (cild1, iş vərəqə 42-47) tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi olan “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş tamlığı pozulmuş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 6,329 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 30,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 30,0 qram təmiz çəkisi olan metamfetaminin tədqiqata 0,05 qramı sərf edilmiş, qalıq çəkisi 29,95 qram olmuşdur. 6,329 qram təmiz çəkisi olan heroinin tədqiqata 0,05 qramı sərf edilmiş, qalıq çəkisi 6,279 qram olmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 61-62) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(008)-84/2025 saylı qərarından görünür ki, (cild 1, iş vərəqə 82-87) Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablanmışdır. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 88-90) Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd «Tecno» markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı “Kontaktlar” bölməsinə İran İslam Respublikasına məxsus +98 938 ***-**-** mobil nömrənin “Qaqam” adı ilə qeyd edilməsi müəyyən edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin onun istifadəsində olduğunu, “Qaqam” adı ilə qeyd edilmiş +98 938 ***-**-** mobil nömrənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etdiyi özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsə məxsus olduğunu, həmin şəxsin adını bilmədiyi üçün mobil nömrəni telefonda “Qaqam” adı ilə qeyd etdiyini, narkotik vasitə və psixotrop maddəni məkan əsasında qoyulduğu yerdən götürdükdən sonra “Qaqam” adlı şəxslə aralarında olan yazışmaları heç kimin görməməsi üçün sildiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, (cild 1, iş vərəqə 108-109) Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət işi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(005)-89/2025 saylı hökmündən görünür ki, (cild 1, iş vərəqə 110-116) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 121-122) "xxxx" MMC-dən götürülmüş “CD” diskinə baxış zamanı bir ədəd “CD” fomatlı diskin üzərində “Verbatim” sözü və “6424” rəqəmləri yazılması müəyyən edilmşdir. Həmin disk «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd “6424” adlı arxiv formatı fayl aşkar edilmişdir. Həmin fayl açıldıqda içərisindən 01 ədəd “508655441 SMS” adlı, 01 ədəd “**********41” adlı, 01 ədəd “abuneciler6424” adlı, 01 ədəd “antena6424” adlı “Excel” formatlı fayl aşkar edilmişdir. Həmin 01 ədəd “508655441_SMS” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 20 avqust 2024-cü il tarixdən 20 fevral 2025-ci il tarixədək olan müddət ərzində daxil və xaric olan mesajların siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar edilməmişdir. İkinci 01 ədəd “**********41” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 20 avqust 2024-cü il tarixdən 20 fevral 2025-ci il tarixədək olan müddət ərzində daxil və xaric olan zənglərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar edilməmişdir. Üçüncü 01 ədəd “abuneciler6424” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 20 avqust 2024-cü il tarixdən 20 fevral 2025-ci il tarixədək olan müddət ərzində daxil olan mobil nömrələrin sahiblərinin anket məlumatları göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrənin X5 adına qeydiyyata alınması müəyyən edilmişdir. Sonuncu 01 ədəd “antena6424” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 20 avqust 2024-cü il tarixdən 20 fevral 2025-ci il tarixədək olan müddət ərzində anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2025-ci il tarixdə saat 09:21:07-də “Muzeffer Nerimanov kuch” və xx.xx.2024-cü il tarixdə saat 15:31:13-də və saat 18:01:28-də “Mastaga qes ATS55 etrafi” anten dairəsində olması, qeyd olunan günlərdə digər anten dairəsinin olması müəyyən edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Polis İdarısinin 14-cü Polis Bölməsindən daxil olmuş məktubdan görünür ki, (cild 1 iş vərəqə 123) Təqsirləndirilən şəxs üzərində aşkarlanan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. İş materiallarında olan Məhkəmə-Narkoloji Ekspertizasının xx.xx.2025-ci il tarixli, 3403 saylı ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 124-125) müayinə zamanı İMANLİ ƏLİZAMİN ƏLİF oğlunda OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 3-9 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs oğlunun İİ dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 130-144) Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 151-152) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair Bakı Şəhəri Nərimanov Ratyon Məhkəməsinin 1(005)-89/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü 13 fevral 2025-ci il tarixdə qüvvəyə minmiş və icraya yönləndirilmişdir. Bakı Şəhəri Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü idarəyə daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.3-cü maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.3-cü maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər şəklində izah verilmişdir. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-cü maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.3-cü maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə AR CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini və İİ dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(005)-89/2025 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmiş, barəsində 2 (iki) il müdətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün (26-28 avqust 2024-cü il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azalığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qət olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müdətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur” Belə olan halda məhkəmə hesab edir ki, həmin hökm üzrə təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən “azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsinə əsasən həmin Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə - beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Bu nəticəyə gələrkən məhkəmə eyni zamanda bildirir ki, Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda əldə olunmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğu göstərilmişdir. Həmçinin təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində 2 büküm müxtəlif növ narkotik vasitələr, yəni heroin(6,329 qr) və metamfetamin(30 qr) aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxsin mobil telefonuna xx.xx.2025-ci il tarixdə baxış keçirilərkən onun “Qaqam” adlı şəxslə narkotik vasitələrin dövriyyəsi ilə bağlı yazışmalarının olduğu müəyyən edilmişdir. Lakin həmin yazışmalar təqsirləndirilən şəxsin bildirdiyinə görə heç kim görməməsi üçün onun tərəfindən silinmişdir. Göstərilən bu hallar təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas verir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.3-cü maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.3-cü maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.3-cü maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu vaxtdan, yəni 17 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.3-cü maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Sabunçu Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Tecno” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə verilməlidir. Sabunçu Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq çəkisi 6,279 qram narkotik vasitə olan heroin və qalıq çəkisi 29,95 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sabunçu Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Tecno” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə verilsin. Sabunçu Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq çəkisi 6,279 qram narkotik vasitə olan heroin və qalıq çəkisi 29,95 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 43 (qırx üç) saata görə 473 (dörd yüz yetmiş üç) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 28 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli Hakimlər Hafiz Kamranov Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar