Məhkəmə qərarları › İş №1(101)-1483/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1483/2021

11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1483/2021 11.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Verdiktum” Vəkil Bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Dədə Qorqud küçəsi, ev 72-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq ünvan 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Mehdi” adlı İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkə vasitəsilə danışıb ona göndərəcəyi narkotik vasitənin müqabilində 650 (altı yüz əlli) manat ödəniş edəcəyi ilə bağlı razılaşdıqdan sonra “Mehdi” adlı şəxsin istintaqa məlum olmayan vaxtda və istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 191 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş ofisinin inzibati binasının yaxınlığında olan zibil qutusunun yanına yerləşdirdiyi 1 (bir) ədəd göy rəngli sellofan torbanın içərisində 1 (bir) bükümdə təmiz çəkisi 61,263 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroini 24 dekabr 2020-ci il tarixdə, saat 19:00 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib göy rəngli sellofan torbada saxlamaqla daşımış, həmin gün saat 19:40 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 191 ünvanında yerləşən "xxxx" ASC-nin baş ofisinin inzibati binasının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına gətirilmiş və inzibati binada onun əlində olan göy rəngli sellofan torbaya bxış keçirilmiş, baxış zamanı həmin torbanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 61,263 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroini aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, qızı Məryəmin xəstəliyi ilə əlaqədar 2 (iki) dəfə İran İslam Respublikasına getmişdir. Qızının ayağında sümük əyriliyi olduğu üçün o, qızı Məryəmə aid tibbi müayinə sənədlərini 2019-cu ilin qış aylarında İran İslam Respublikasının Təbriz şəhərinə aparmışdır. O, Təbriz şəhərində olduğu vaxt orada taksi sürücüsü işləyən Qulam adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. O, Qulam ilə tanış olduqdan sonra sonuncunun mobil telefon nömrəsini götürmüşdür. Sonra o, növbəti dəfə Təbriz şəhərinə getdikdə Qulama zəng edərək sonuncu ilə orada görüşmüşdür. Sonralar onların arasında yaxşı münasibətlər olduğundan o, Qulamla arabir “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə zəngləşib danışmışdır. Qızının xəstəliyi onu narahat etdiyindən o, təskinliyi narkotik vasitə qəbul etməkdə tapmışdır. O, tutulmamışdan təxminən iki ay əvvəl narkotik vasitə qəbul etməyə başlamışdır. O, narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul etmişdir. O, narkotik vasitələri hər dəfə Bakı şəhərində müxtəlif ünvanlarda tanımadığı şəxslərdən az miqdarda, yəni birdəfəlik istifadə üçün alıb qəbul etmişdir. Sonradan o, hər dəfə bir büküm narkotik vasitə almağın ona sərf etmədiyini fikirləşmişdir. Bundan başqa, o, ən çox tutulmaqdan qorxmuşdur. Ona görə də o, qərara gəlmişdir ki, bir dəfəyə 50-60 qram narkotik vasitə heroin alsın ki, həmin narkotik vasitəni heç olmasa iki ay qəbul edə bilisin, həm də narkotik vasitə heroin ona biraz ucuz başa gəlsin. Bundan sona o, İranda yaşayan tanışı Qulamla əlaqə saxlayıb, sonuncudan narkotik vasitə satan tanışının olub-olmamasını soruşmuşdur. 2020-ci ilin oktyabrın ortalarında o, Qulamla telefonla söhbət zaman Qulama bədəninin ağrıdığını, narkotik vasitə qəbul etmək istədiyini, narkotik vasitəni az-az miqdarda istəmədiyini, bir dəfəyə iki aylıq narkotik vasitəni öz istifadəsi üçün istədiyini demişdir. Qulam da cavabında ona bildirmişdir ki, «mənim Mehdi adlı bir tanışım var, ona deyərəm, bəlkə sənə kömək edər». Bundan sonra o, Qulamdan Mehdinin nömrəsini istəmiş və Qulam da Mehdinin nömrəsini ona vermişdir. O da elə həmin gün “Whatsapp” sosial şəbəkə vasitəsilə Mehdiyə zəng edib demişdir ki, «mənim bədənim ağrıyır, təcili narkotik vasitə qəbul etmək istəyirəm, mənə narkotik vasitə lazımdır, sən mənə iki aylıq qəbul etmək üçün narkotik vasitə təşkil et». Mehdi də ona xəbər edəcəyini bildirmişdir. 24 dekabr 2020-ci il tarixdə axşam saatlarında Mehdi ona “Whatsapp” sosial şəbəkə vasitəsilə zəng edərək bildirmişdir ki, «Yasamal rayonunda Qələbə dairəsi adlanan ərazinin yanında olan “Baku Mall” ticarət mərkəzinin yanında yerləşən “Ziraat” bankın yaxınlığında içərisində narkotik vasitə olan paket, həmin paketin içərisində narkotik vasitə var, onu götürərsən, sonra sənə hesab deyərəm, həmin hesaba 650 (altı yüz əlli) manat pul göndərərsən. Sənə narkotik vasitənin qoyulduğu yerin şəklini də göndərirəm». Sonra isə Mehdi ona həmin yerin şəklini göndərmişdir. Həmin gün saat 19:00 radələrində o, Mehdinin dediyi yerə getmiş və oradakı zibil qabının yanında, içində narkotik vasitə heroin olan sellofan torbanı götürüb oradan uzaqlaşarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini gömrük əməkdaşı kimi təqdim edərək onun əlində olan sellofan torbaya baxış keçirmişlər. Həmin vaxt torbanın içərisində 1 (bir) bükümdə narkotik vasitə olması ehtimal edilən maddənin olduğu məlum olmuş və onu idarəyə dəvət etmişlər. Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin inzibati binasında göy rəngli 1 (bir) ədəd sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı 1 (bir) ədəd sellofan torbanın içərisində qarışıq meyvələrin altında olan karton qutunun içərisində üzəri yapışqanlı lentlə sarılmış halda şəffaf rəngli sellofanda tünd boz rəngli, narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Daha sonra həmin maddə elektron tərəzi ilə çəkilmiş və maddənin çəkisi təxminən 63 qram olmuşdur. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. Onun həmin maddəni satmaq kimi fikri olmamışdır. O, heç kəsə narkotik vasitə satmamışdır. O, ifadəsində, həmçinin törətdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, habelə himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, hər iki uşağının ağır xəstə olmasının nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində Əməliyyat şöbəsinin rəis müavini vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqədar 24 dekabr 2020-ci il tarixdən etibarən tanımışdır. Belə ki, 24 dekabr 2020-ci il tarixdə, saat 18:00 radələrində ona bir nəfər naməlum şəxsin Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitəni Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən «Ziraat» bankın yaxınlığından götürərək həmin narkotik vasitəni daşıyacağı və realizə edəcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının yoxlanılması məqsədi ilə o, bu barədə rəhbərliyə raportla müraciət etmişdir. Bundan sonra əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmiş və o, əməliyyat qrupuna rəhbərlik etmişdir. Əməliyyat qrupunun tərkibinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük idarəsinin Əməliyyat və Təhiqqat şöbəsinin rəisi Şahid5, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Əməliyyat Axtarış şöbəsinin böyük əməliyyat müvəkkili Şahid2, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük idarəsinin Əməliyyat və Təhiqqat şöbəsinin böyük əməliyyat müvəkkili Şahid4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 daxil edilmişər. Sonra Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən «Ziraat» bankın yaxınlığındakı ərazi əməliyyat qrupu tərəfindən müşahidəyə götürülmüşdür. Həmin gün saat 19:40 radələrində onlar naməlum bir şəxsin qeyd edilən ünvanda yerləşən zibil qutularının yanından sellofan paketi götürərək həmin paketlə “Ziraat” bankı istiqamətinə getdiyini görmüşlər. Bundan sonra onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü onlara təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonra onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin daşınmasında və realizə edilməsində şübhələr olduğunu izah etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs saxlamışlar. Onlar Təqsirləndirilən şəxs saxladıqdan sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə Baş idarəyə getmişdir. İdarədə onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün iki nəfər hal şahidi dəvət etmişlər. Hal şahidlərinə hüquq və vəzifələri izah edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan və üzərində “Baku Azerbaijan” yazısı olan 1 (bir) ədəd göy rəngli sellofan torbanın içərisində qarışıq meyvələrin altında olan, üzərində “X14” sözləri yazılmış karton qutunun içərisində üzəri yapışqanlı lentlə sarılmış halda şəffaf rəngli sellofan tünd boz rəngli narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Daha sonra aşkar edilmiş maddə ekspertizaya təqdim olunması üçün 1 (bir) ədəd polietilen zərfə qoyularaq qablaşdırılmışdır. Aşkar edilmiş maddə qablaşdırma ilə birlikdə elektron tərəzi ilə çəkilmiş və qablaşdırılmış halda maddənin çəkisi 65 qram təşkil etmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Mehdi adlı şəxsin təlimatı və mesajları əsasında Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən «Ziraat» bankının yaxınlığındakı zibil qabının yanından götürdüyünü və həmin narkotik vasitəni daşıyaraq Mehdi adlı şəxsin təlimatı əsasında başqa bir ünvana aparıb qoyacağını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyi zaman sonuncunun üzərindən hər hansı narkotik vasitə və qadağan olunmuş predmet, eləcə də əşya aşkar edilməmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 və Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur. O, Fürqanı bir neçə müddətdir ki, tanıyır. Onlar birlikdə “Sədərək” ticarət mərkəzində işləmişlər. Fürqan orada onunla birlikdə ticarətlə məşğul olmuşdur. Fürqan “Sədərək” ticarət mərkəzində pərdə və jalüzlərin satışı ilə məşğul olmuşdur. O, Fürqanla işlədiyi müddətdə heç vaxt sonuncunun narkotik vasitələrdən istifadə etdiyini, habelə narkotik vasitələrin satışı ilə məşğul olduğunu eşitməmişdir. O, Fürqanın oğlunun kirvəsidir. Fürqanın qızı Məryəm 3 (üç) ildən çoxdur ki, sümük əyriliyindən əziyyət çəkmiş və mütəmadi olaraq müalicə almışdır, həmçinin halhazırda da müalicə almaqdadır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 dekabr 2020-ci il tarixli əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 7-8) görünür ki, Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələrin satışı ilə məşğul olan şəxsin və ya şəxslərin müəyyən edilərək ifşa olunması, eləcə də saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 dekabr 2020-ci il tarixli baxış keçirilməsi və götürülmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 9- 10) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə baxış və götürmə istintaq hərəkətləri keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində «Baku Azerbaijan» yazısı olan göy rəngli 1 (bir) ədəd sellofan torbanın içərisində qarışıq meyvələrin altında olan, 1 (bir) ədəd karton qutunun içərisində üzəri yapışqanlı lentlə sarılmış halda şəffaf rəngli sellofanda tünd boz rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddə qablaşdırıldıqdan sonra elektron tərəzidə çəkilmiş və qablaşdırılmış halda maddənin ümumi çəkisi 65 qram təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 dekabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 24-25) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 dekabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 dekabr 2020-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 44-45) görünür ki, “Mehdi can Ürək” adı ilə qeyd edilmiş “+**********37” mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+**********08” mobil nömrəyə “atıram ünvanı 2 dəq döz”, “qaqa gör nə deyirəm Qələbənin kruquna yaxın bu 20 yanvar tərəfə gedəndə Ziraat bank var, ticarət mərkəzini də çəkib atıram, 150 metr qabaqda kubiklər qum zad var ordan sola dön zibil yeşikləri var sağ tərəfdə ikisinin arasına qoymuşam”, “qutular var sağ tərəfdə ikisinin arasında qoymuşam görünmür", “tez götür, götürdün mənə tez də de işimizi bilək” məzmununda mesajlar göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2780 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 56-57) görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus 110147 nömrəli polietilen paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 61,263 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına (Siyahı İ) daxildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 71-72) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 dekabr 2020-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 91-92) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli, onun tutulduğu vaxtdan, yəni 24 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 dekabr 2020-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 115) görünür ki, 24 dekabr 2020-ci il tarixli “əməliyyat qrupunun yaradılması və əməliyyataxtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 155) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 yanvar 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 113) görünür ki, həmin gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilmiş və Təqsirləndirilən şəxs Türkiyə Respublikasının İstanbul şəhəri, Çin Xalq Respublikasının Urumçi şəhəri, X4 Dubay şəhərinə getməsi, həmçinin 2019-cu ilin sentyabr ayından həmin ilin noyabr ayınadək bir neçə dəfə İran İslam Respublikasına getməsi müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 yanvar 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 116-117) görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 61,263 qram təşkil edən narkotik vasitə heroin və həmin narkotik vasitənin olduğu, üzərində “Baku Azerbaijan” yazısı yazılmış göy rəngli sellofan torba maddi sübut kimi tanınmış və saxlanılması üçün qeyd edilən predmetlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhəri Narkoloji Mərkəzi” X10 arayışından (cild 1, iş vərəqə 142) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Narkoloji Mərkəzdə qeydiyyatda yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 yanvar 2021-ci il tarixli təkrar baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 122-130) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “+**********08” mobil nömrədən “Mehdi can Ürək” adı ilə qeydə alınmış “+**********37” mobil nömrəyə “telefonumu söndürmüşəm”, “camaat məni cıracaq”, “neçə gündür bu gün deyə-deyə yola verirəm”, “bunu həll edim atabatasına lənət burada emin marketi açacam”, “qardaş, mən bax düz bu Ziraat bankın qabağındayam” məzmununda mesajlar, “Mehdi can Ürək” adı ilə qeyd edilmiş “+**********37” mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+**********08” mobil nömrəyə “qaqa, çatdın, ya yox?”, “deyir bankın qabağından baxsın, görünür, səsə gəşəng qulaq as, get götür də, tez ol, oynama” məzmununda mesajlar yazılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “TƏBİB” X10 arayışından (cild 1, iş vərəqə 143) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri üzrə tibb müəssisələrində psixiatrik qeydiyyatda yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 566 nömrəli rəyindən (cild 1, iş vərəqə 192-193) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 213) görünür ki, 30 noyabr 2008-ci il tarixdə Təqsirləndirilən şəxs Sərxan Salmanzadə adlı övladı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 may 2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 214) görünür ki, 12 aprel 2014-cü il tarixdə Təqsirləndirilən şəxs Məryəm Salmanzadə adlı övladı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “MediPlanet” klinikasının arayışından (cild 1, iş vərəqə 215) görünür ki, Təqsirləndirilən şəxs uşaqları, yəni Sərxan Salmanzadə və Məryəm Salmanzadə həqiqətən də “MediPlanet” klinikasında dəfələrlə müalicə almışlar, Sərxan Salmanzadə 2 (ikinci) dərəcə piylənmədən, orta dərəcə insulindən, Məryəm Salmanzadə isə bağırsaq infeksiyası, dəmir və vitamin “D” defisitindən əziyyət çəkirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan (cild 2, iş vərəqə 5-7) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi 1 (bir) ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 61,263 qram təşkil edən narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə Azərbacan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 aprel 2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 31-33) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 (üç) ay müddətinə, yəni 24 iyul 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 aprel 2021-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 53) görünür ki, Salmanov X2 Səbinə Sayyar qızı ilə 28 yanvar 2008-ci il tarixdə nikaha daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyul 2021-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 64) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində axtarış və götürmə istintaq hərəkətlərinin keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyul 2021-ci il tarixli axtarış aparılması haqqında qərardan (cild 2, iş vərəqə 65-67) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında təxirəsalınmaz axtarış istintaq hərəkətinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyul 2021-ci il tarixli axtarış aparılması haqqında protokoldan (cild 2, iş vərəqə 70-72) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında axtarış istintaq hərəkəti keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən cinayət işi üzrə sübut əhəmiyyətinə malik olan narkotik vasitə və ya cinayət xarakterli hər hansı başqa əşya və predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi, cinayət təqibinə hissəvi xitam verilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 79-98) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə üzrə yeni məzmunda ittihamın elan edilməsi, “Mehdi” adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrılması, iş üzrə maddi sübut kimi tanınmış və ekpertiza tədqiqatından sonra qalıq çəkisi 61,213 qram təşkil edən narkotik vasiə heroinin, baxış zamanı Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd “Samsung Galaxy J3Pro” markalı mobil telefonun maddi sübut kimi tanınması və üçün Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsə yeni məzmunda ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 101-102) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyul 2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 168-172) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün müddətinə, yəni 13 avqust 2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə əvvəlcə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmiş, lakin sonradan ona qarşı irəli sürülmüş ittihamla razılaşaraq törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlarla müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs bir neçə dəfə İran İslam Respublikasına səfər etmişdir. X15 Respublikasına səfər etməsinin səbəbi azyaşlı qızı Məryəmin ağır xəstə olması və həmin ölkədə müalicə etdirməsi olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs qızı Məryəmin müalicəsi ilə əlaqədar İran İslam Respublikasında səfərdə olarkən orada Qulam adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Daha sonra onların arasında dostluq münasibətləri yaranmışdır. Belə ki, Fürqan Qulam adlı şəxslə mütəmadi olaraq “Whatsapp” sosial şəbəkə vasitəsilə əlaqə quraraq ünsiyyətdə olmuşdur. X9 İslam Respublikasında tanış olması və onların arasında dostluq münasibətlərinin yaranması cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs Qulam adlı şəxslə bir müddət danışdıqdan sonra sonuncudan narkotik vasitə tapmasını istəmişdir. Bundan sonra X12 adlı şəxsin İran İslam Respublikasının mobil operatoruna məxsus nömrəsini vermiş və Mehdinin Fürqana narkotik vasitə tapa biləcəyini bildirmişdir. X13 adlı şəxslə “Whatsapp” sosial şəbəkə vasitəsilə əlaqə qurmuş və sonuncu Fürqana məhkəmə istintaqında müəyyən edilməyən vaxtda, qaydada və yolla Azərbaycan Respublikasının ərazisinə qanunsuz şəkildə keçirilmiş narkotik vasitə heroini sata biləcəyini bildirmişdir. Fürqan Mehdi adlı şəxsin təklifi ilə razılaşmış və onlar faktiki olaraq Azərbaycan Respublikasının ərazisinə qanunsuz şəkildə keçirilmiş külli miqdarda narkotik vasitə heroinin alqı-satqısı barədə razılıq əldə etmişlər. Onların arasında əldə edilmiş razılığa əsasən külli miqdarda narkotik vasitə heroinin qanunsuz alqı-satqısının bütün mühüm şərtləri, yəni narkotik vasitənin növü, çəkisi, qiyməti, çatdırılma üsulu, narkotik vasitənin Bakı şəhərində yerləşdiyi yerin fotoşəkillər əsasında dəqiq təsviri və sair məsələlər razılaşdırılmışdır. Qeyd edilən məsələlər cinayət işinin materiallarında olan 09 yanvar 2021-ci il tarixli təkrar baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərlə tam şəkildə təsdiq olunmuşdur. Belə ki, qeyd edilən protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “+**********08” mobil nömrədən “Mehdi can Ürək” adı ilə qeydə alınmış “+**********37” mobil nömrəyə - “qardaş, mən bax düz bu Ziraat bankın qabağındayam”, “Mehdi can Ürək” adı ilə qeyd edilmiş “+**********37” mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+**********08” mobil nömrəyə “qaqa, çatdın, ya yox?”, “deyir bankın qabağından baxsın, görünür, səsə gəşəng qulaq as, get götür də, tez ol, oynama” məzmunlu mesajlar vasitəsi ilə Təqsirləndirilən şəxs və Mehdi adlı şəxs külli miqdarda narkotik vasitə heroinlə bağlı danışıqlar aparmışlar. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məxsus telefonda “Mehdi can Ürək” adı ilə qeydin mövcud olması, eləcə də bu adla qeydə alınmış nömrənin İran İslam Respublikasının mobil operatoruna məxsus olması müəyyən edilsə də, Mehdi adlı şəxsin həqiqətən də İran İslam Respublikasının vətəndaşı olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmə istintaqında Təqsirləndirilən şəxs Mehdi adlı şəxslə külli miqdarda narkotik vasitə heroinin alqı-satqısı ilə barədə sövdələşməsi, Təqsirləndirilən şəxs Mehdi adlı şəxsin təlimatı ilə Bakı şəhəri ərazisində külli miqdarda narkotik vasitə heroini əldə etməsi tam şəkildə təsdiq olunmuşdur. Bundan başqa, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həqiqətən də Mehdi adlı şəxslə yazışmasını, sonuncudan öz istifadəsi üçün külli miqdarda narkotik vasitə heroin təşkil etməsini, Mehdi adlı şəxsin ona narkotik vasitə heroini təşkil edəcəyi barədə vəd verməsini, onun Mehdi adlı şəxsin təlimatı əsasında hərəkət etməsini və sonuncunun dediyi yerdən külli miqdarda narkotik vasitə heroini götürməsini dəfələrlə etiraf etmişdir. Təqsirləndirilən şəxs tutulduğu vaxt və bundan sonraki bütün dövr ərzində 24 dekabr 2020-ci il tarixdə tutularkən əlində olan torbada külli miqdarda, yəni təmiz çəkisi 61,263 qram olan narkotik vasitə heroinin olduğunu, həmin vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin çəkidə vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlindən məhkəmə baxışının sonunadək tutularkən əlində olmuş torbadaki narkotik vasitənin növünü və çəkisini mübahisələndirməmiş, əksinə etirafedici ifadə verərək həmin külli miqdarda narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bəyan etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda, yəni 61,263 qram çəkidə narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə Təqsirləndirilən şəxs aşkarlanmış narkotik vasitənin növünü, çəkisini (61,263 qram), aşkar edilmiş narkotik vasitə heroinin digər narkotik vasitə və psixotrop maddələrə nisbətdə insan orqanizminə daha çox təsir etməsini, yəni qeyd edilən çəkidə narkotik vasitənin təxminən iki aydan çox müddət ərzində istifadəsinin mümkünlüyünü, o cümlədən Təqsirləndirilən şəxs “Mehdi” adlı şəxslə yazışarkən sonuncuya göndərdiyi mesajların məzmununu (“telefonumu söndürmüşəm”, “camaat məni cıracaq”, “neçə gündür bu gün deyə-deyə yola verirəm”, “bunu həll edim atabatasına lənət burada emin marketi açacam”) nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkarlanmış külli miqdarda narkotik vasitə heroini əslində öz istifadəsi üçün deyil, məhz satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də ondan aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütüm tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, evli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, hər iki uşağının müxtəlif ağır xəstəliklərdən əziyyət çəkməsini və mütəmadi qaydada müalicə olunmalarına zərurətin olmasını, ələlxüsus azyaşlı qızı Məryəmdə kifayət qədər ciddi xəstəliyin, yəni sümük əyriliyi xəstələyinin olmasını, ailədə yeganə qazan gətirən şəxs olmasını, əvvəllər məhkum olunmamasını, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, əməlində cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına əsasən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 22 fevral 2021-ci il tarixli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasaml rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan və tədqiqatdan sonra qalıq çəkisi 61,213 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, cinayət işinə əlavə edilmiş “Samsung Galaxy J3Pro” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasaml rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan və tədqiqatdan sonra qalıq çəkisi 61,213 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, cinayət işinə əlavə edilmiş “Samsung Galaxy J3Pro” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar