Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1483/2023 06.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X8 və Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan-Rus dilində tərcüməçi X2 iştirakı ilə, xx xxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 2 ədəd bükümdə təmiz çəkisi 13,550 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib üzərində qanunsuz saxlayaraq Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsi 28 ünvanının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 8 fevral 2023cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin tarixdə saat 15:10-da qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, orada saat 17:02-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 2 ədəd sellofan bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 6,416 qram və 7,134 qram olmaqla, ümumi təmiz çəkisi 13,550 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 8 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində Yasamal rayonu, Naxçivani küçəsində taksidən düşüb piyada hərəkət edərkən arxadan kimsə ona səslənmiş, o, həmin şəxsə tərəf dönərkən sol və sağ tərəfdən əlavə 2 nəfər gələrək qollarını burub avtomobilə əyləşdirmişlər. Sonra da həmin şəxslər ondan dindar olub-olmadığını, şiə, yoxsa sünni namazı qıldığını soruşmuşlar. O da şiə namazı qıldığını bildirib kim olduqlarını və hara getdiklərini soruşmuşdur. Bu zaman onun baş nahiyəsinə dalbadal zərbələr endirib başını aşağı əymişlər. Həmin şəxslər ona həbs olunacağını bildirdikdə, onlardan səbəbini soruşmuş, onlar da elə lazım olduğunu bildirmişdir. Onun hansı istiqamətə getdiklərini bilməməyi üçün başını qaldırmağa qoymamışlar. Bundan sonra onu BMCMİ-nin inzibati binasına gətirərək 4-cü mərtəbəyə qaldırıb həmin mərtəbədə üzü divara tərəf dayanmağını demişlər. Daha sonra şkafdan 2 büküm narkotik vasitə götürərək masanın üzərinə qoyub ona məxsus olduğunu bildirmişlər. O, heç tütün məmulatlarından da istifadə etmədiyini demişdir. Lakin onlar ünvanına nalayiq ifadələr işlədərək narkotik vasitənin ona məxsus olmasını bildirmişlər. Sonra dindarların həbs olunduğunu bildirib yerə uzadaraq təpiklə vurmuşlar. Daha sonra evindən 10 kiloqram narkotik vasitə aşkar edəcəklərini bildirmişlər. Anası yaşlı olduğundan və polis əməkdaşlarını görüb qorxaraq öləcəyini düşündüyündən məcbur olub onlarla razılaşmışdır. Lakin polis əməkdaşları onun suallarını cavabsız qoyub ona suallar ünvanlamışlar. O da polis əməkdaşlarına heç bir dini vəzifəsinin olmadığını, heç bir sosial şəbəkədə dini paylaşımlar etmədiyini, dini təhsilinin olmadığını, arabir məscidə getdiyini və “məşhəd” ziyarətində olduğunu bildirmişdir. Sonra polis əməkdaşları ona su vermişlər. Şəxsi axtarış zamanı onların dedikləri kimi narkotik vasitəni cibindən çıxarıb masanın üzərinə qoyaraq yerdən tapdığını və gələcəkdə istifadə etmək istədiyini bildirmişdir. Bundan sonra barəsində olan ekspert rəyində narkotik vasitələrdən istifadə ilə bağlı verdiyi analizin nəticələrinin müsbət olduğunu demişlər. Polis əməkdaşları onun fəaliyyətini araşdıracaqlarını, əgər hər hansı qanunsuz fəaliyyət aşkar edilməzsə azadlığa buraxılacağını bildirmişlər. 14 aprel 2023-cü il tarixli verdiyi ifadədən başqa digər ifadələri təsdiq etməmişdir. Polis əməkdaşları onu saxlayarkən heç bir sənəd göstərməmiş, Saxlanılarkən sadəcə adını demiş, üzərində axtarış aparmadan və heç bir sual vermədən onu avtomobilə əyləşdirmişlər. 8 fevral 17:30 radələrində BMCMİ-nin inzibati binasında üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Sürücü ilə birlikdə 4 nəfər əməliyyat müvəkkili onu avtomobilə əyləşdirərək BMCMİ-nə gətirmişlər. Avtomobildə olarkən başını qaldırmağa qoymamışlar. Polis əməkdaşları avtomobildə baş və boyun nahiyələrinə ovucları ilə zərbələr endirmişlər. Polis əməkdaşları şəxsiyyətini təhqir etmişlər. Polis əməkdaşları BMCMİ-nin inzibati binasının 4-cü mərtəbəsində nömrəsini bilmədiyi otaqda onu sorğu-sual edərək fiziki təsir göstərmişlər. 10 kiloqram narkotik vasitə ilə ittiham edəcəklərindən qorxub 2 büküm narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. 2 büküm narkotik vasitəni təqdim edərək düşünmüşdür ki, 10 kiloqram narkotik vasitəni də rahat şəkildə evinə qoya bilərlər. Şəxsi axtarış zamanı narkotik vasitələrdən istifadə etmək fikrinin olduğunu bildirmişdir. Əməliyyat müvəkkilləri ona yalnız dinlə bağlı suallar vermişlər. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, tutulduğu gündən 2 gün əvvəl “Kubinka” deyilən ərazidə yaşadığı ünvanın yaxınlığında olan zaman yerdən 2 ədəd bükümdə maddə tapmış, həmin maddənin narkotik vasitə olduğunu zənn edərək həmin maddə kütlələrinin onda maraq oyatdığı üçün düşünmüşdür ki, özündə saxlayıb sonra istifadə edər. Odur ki, həmin maddəni elə üzərində saxlamışdır. Saxlanıldığı gün, yəni 8 fevral 2023-cü il tarixdə ünvan 2 ünvanın yaxınlığında olan zaman ona mülki geyimdə şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirərək ondan özünü təqdim etməsini xahiş etmişlər. O da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirərək onu BMCMİ-nin inzibati binasına dəvət etmişlər. O, etiraz etməmiş və sonra onlar, deyilən idarəyə çatanda o, dövlət hesabına vəkillə və rus dilində təhsil aldığına görə rus dilində tərcüməçi ilə təmin olunmuş və bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Bundan sonra onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkili ilə tərcüməçinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. O da həmin vaxt masaya yaxınlaşıb üzərində narkotik vasitə olduğunu bildirib üzərində olan bütün əşyaları, konkret olaraq isə əynində olan şalvarın sağ yan cibindən 2 ədəd bükümdə olan tapdığı narkotik maddəni, əynindəki gödəkcənin sol iç yan cibindən mobil telefonunu və gödəkcənin sol yan cibindən şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi bükümlərə keçirilən baxış zamanı bükümlərin hər biri ayrılıqda açılaraq içərisinə baxış keçirilmiş və həmin bükümlərin içərisində ağ rəngli kristal formalı maddə kütlələrinin olması məlum olmuşdur. Aşkarlanmış maddələr ekspertiza tədqiqatı üçün götürülüb qablaşdırılmış, onlar da həmin zərfi imzalamışlar. Həmin maddələr barədə sorğu edilərkən o, yuxarıda qeyd etdiyi kimi aşkar edilmiş maddələri tutulduğu gündən 2 gün əvvəl təsadüfən yerdən tapdığını və gələcəkdə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar (cild 1,iş vərəqə 90-92). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 8 fevral 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda xx xxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində saxlaması və daşıması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri qismində isə Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 təyin edilmişdir. Bundan sonra 8 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsi 28 ünvanının qarşısında olduğu zaman onlar tərəfindən saxlanılmış və xidməti vəsiqələrini göstərib özlərini həmin şəxsə təqdim etmişlər. Həmin şəxsin şəxsiyyəti barədə sorğu etmiş və həmin şəxs özünü təqdim edərək adını və soyadını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirilmişdir. Həmin vaxt saxlanılmış şəxsin üzərinə şəxsi axtarış aparılması üçün yerində şərait olmadığına görə BMCMİ-nin inzibati binasına gətirilmişdir. Saxlanılmış şəxsin rus dilində orta məktəbdə təhsil alması səbəbindən Baş İdarənin təhqiqatçısı tərəfindən tərcüməçi təyin edilmiş, daha sonra isə dövlət hesabına vəkil təyin edilməklə dəvət edilərək təqdim edilmişdir. Bundan sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan videoçəkilişdən istifadə edilməklə üzərinə tutulmasında iştirak etmiş şəxslərin, yəni yaradılmış əməliyyat qrupunun üzvlərinin, dəvət edilmiş vəkilinin və tərcüməçinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirib əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin 2 ədəd sellofan bükümlərə keçirilən baxış zamanı məlum olmuşdur ki, hər 2 bükümün içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metafetaminə bənzər maddə kütlələri vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd bükümü saxlanılmazdan təxminən 2 gün əvvəl yaşadığı ərazidə yerdən taparaq özündə maraq doğurduğu üçün gələcəkdə şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxsla bağlı əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək üstündə saxlaması və daşıması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən ona xidməti vəsiqələrini və əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar təqdim etmişlər. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarın kim tərəfindən tərtib edildiyini xatırlamamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, küçədə Təqsirləndirilən şəxs üzərinə vizual baxış keçirilməmiş, onu DİN-in BMCMİ-nin inzibati binasına gətirərək üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilənə qədər inzibati binada otaqların birində saxlanılmışdır. Şəxsi axtarışda iştirak etmiş, saxlanılarkən Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs o, Şahid3 və Şahid2 saxlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin dairəsini, həmçinin narkotik vasitəni əldə etdiyi şəxsi müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı küçədə üzərinə baxış keçirilməsi üçün əlverişli şərait olmamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsə məxsus mobil telefon “Redmi” markalı olsa da, texniki səhv nəticəsində bəzi sənədlərdə “Samsung” markalı telefon olmasını qeyd etmişdir. Təqsirləndirilən şəxs məxsus mobil telefon müdafiəçisinə qaytarılmışdır. Sübutların qiymətləndirilməsi barədə qərarda “soyuq silah” barədə xüsusatları qeyd etdiyini xatırlamamışdır. Təqsirləndirilən şəxs üzərindən soyuq silah aşkar edilməmişdir. Ona təqdim edilmiş mobil telefona baxış keçirib müdafiəçiyə geri qaytarmış, lakin ona “İphone” markalı mobil telefon təqdim edilməmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 8 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 8 fevral 2023-cü il tarixdə saat 15:10-da Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsi 28 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 2 ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi 13,550 qram olan psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 38-40). Cinayət işinin materiallarında olan 14 aprel 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, iş üzrə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş Şahid1 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 170-173). Cinayət işinin materiallarında olan 14 aprel 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, iş üzrə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş Şahid3 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 174-178). Cinayət işinin materiallarında olan 17 aprel 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, iş üzrə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş Şahid2 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 183-187). Cinayət işinin materiallarında olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 13 mart 2023-cü il tarixli protokoldan görünür ki, “Samsung” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor ekranlı, daxili antenalı, daxili yaddaşlı və fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara, “Kontaktlar” qovluğu, “SMS” bölməsi, daha sonra mobil telefonda olan “WhatsApp”, “Messenger” və “Whatsapp Business” mobil tətbiqlərinə keçirilən baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir (cild 1, iş vərəqə 139). Cinayət işinin materiallarında olan “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid 9 fevral 2022-ci il tarixdən 9 fevral 2023-cü il tarixədək olan məlumatlara keçirilmiş baxış zamanı iş üzrə istintaq əhəmiyyəti kəsb edən hallar aşkar olunmamışdır (cild 1, iş vərəqə 192). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9 fevral 2023-cü il tarixli 6/784 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, üzərində “Təqsirləndirilən şəxs aşkar olunan maddələr” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə olan 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,416 qram, 7,134 qram, ümumi təmiz çəkisi 13,550 qram olan ağ rəngli kristallik formada olan maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 13,550 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 13,450 qram, cild 1, iş vərəqə 53- 54). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 10 fevral 2023-cü il tarixli 722 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olmuş, lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 197-198). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 22 fevral 2023-cü il tarixli 641/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metafetamin aşkar edilmişdir (cild 1, iş vərəqə 200-202). Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarı ilə “Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə dair” Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 8 fevral 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 124). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 8 fevral 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:10-da qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, orada saat 17:02-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 2 ədəd sellofan bükümlərdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 6,416 qram və 7,134 qram olmaqla, ümumi təmiz çəkisi 13,550 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metafetamini satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən heç bir sübut əldə etməmiş, məhkəmə baxışında da təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı gəldiyi nəticəni həm də təkzibedilməz sübutlar kimi sadaladığı şahid ifadələri, əməliyyat məlumatı və məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə də təsdiq edildiyini vurğulamışdır. Ancaq həmin sübutların heç birində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınmasını təsdiq edən hallar mövcud deyildir. Beləliklə, faktiki olaraq ibtidai istintaq orqanının qiymətləndirdiyi sübutlar əslində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı ifadəsində ondan aşkar olunmuş metafetamini təsadüfən tapdığını və gələcəkdə çəkmək üçün üzərində saxladığını, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələrindən görünür ki, təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni tutulmazdan əvvəl tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Həmçinin, cinayət işinin materiallarında olan 13 mart 2023-cü il tarixli “mobil telefon aparatına baxış keçirilməsi haqqında” və 18 aprel 2023-cü il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Redmi” markalı mobil telefonun daxilində olan məlumatlara, “Kontaktlar” qovluğu, “SMS” bölməsi, mobil telefonda olan “WhatsApp”, “Messenger” və “WhatsApp Business” mobil tətbiqlərinə, istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə aid 9 fevral 2022-ci il tarixdən 9 fevral 2023-cü il tarixədək olan məlumatlara keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 139 və 192). Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən edilməsi barədə məlumat əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 143). Təqsirləndirilən şəxs həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, psixotrop maddənin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini və istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin, Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaqı zamanı etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə, hərtərəfli, tam və obyektiv tədqiq edilərək şahidlərin ifadələri, eləcə də işin birbirini təsdiq edən digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 19 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 13,450 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 206-214). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 25 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülməsinə dair göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və toplanmış materialda hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs barəsində olan Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin 9 fevral 2023-cü il tarixli 71 MEŞ saylı ekspert rəyində onun bədənində heç bir xəsarət izi aşkar olunmamamış, həmçinin araşdırma zamanı polis əməkdaşları da izahatlarında Təqsirləndirilən şəxs döyülmədiyini və ona hər hansı fiziki və mənəvi təsir göstərilmədiyini bildirmişlər (cild 1, iş vərəqə 194-196). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 145). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 fevral 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 25). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 8 fevral 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 102-107). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 8 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 13,450 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 8 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 13,450 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1483/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1483/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver