Məhkəmə qərarları › İş №1(101)-1483/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1483/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1483/2024 07.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X2 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Salman» adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satması barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Salman» adlı şəxsdən, digər naməlum şəxslərə satmaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 25,569 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 küçəsinə daşımış, 31 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində özünü şübhəli apardığı üçün DİN-nin ƏÇPA-nın 8-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 küçəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Sabunçu RPİ-nin 14-cü polis bölməsinin binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən bir bükümdə təmiz çəkisi 25,569 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, son 6 ayda narkotik vasitələrdən istifadə etməyə başlamış, ehtiyacı olanda narkotik vasitəni müxtəlif şəxslərdən almışdır. O, bir nəfərin vasitəsi ilə Salman adlı şəxslə tanış olmuş, onunla Whatsapp mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Salmanın nömrəsi İİR-na məxsus mobil nömrə olmuşdur. O, Salmanın göndərdiyi narkotik vasitələri bir neçə ünvana yerləşdirmiş, bu proses təxminən 10-15 dəfə baş vermişdir. O, narkotik vasitəni aparıb müxtəlif ünvanlara yerləşdirməyin müqabilində müəyyən məbləğlərdə pul əldə etmişdir. O, sonuncu 2-3 dəfə bu işi pul müqabilində görmüş, lakin əvvəllər ünvanlara narkotik vasitələri yerləşdirməyin qarşılığında öz istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, bir neçə il əvvəl miqrant kimi Almaniya Federativ Respublikasına getmiş, təxminən üç il yarım orada yaşamış, 30 noyabr 2022-ci ildə həmin ölkədən Azərbaycan Respublikasına deportasiya olunmuşdur. O, Azərbaycan Respublikasına qayıtdıqdan sonra rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi qaydada taksi kimi fəaliyyət göstərmişdir. İbtidai istintaq zamanı törətdiyi cinayətin təfərrüatları barədə geniş ifadə vermiş və həmin ifadəsini tam təsdiq edir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin ƏÇPA-nın 8-ci PB-nün polis nəfəridir. O, xidmət yoldaşı Şahid2 ilə birlikdə Sabunçu rayonu, Maştağa qəbəsində xidmətdə olarkən hazırda təqsirləndirilən şəxs qismində cəlb olunmuş şəxsin şübhəli olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, şəxs onlara düzgün cavablar verməsi və başqa ərazidə yaşadığı halda onların xidmət ərazisində olması ilə əlaqədar ondan nə ilə bağlı gəldiyini soruşanda vətəndaş onlara qeyri-adekvat cavablar vermişdir. Onlar həmin vətəndaşın üzərində nə olduğunu soruşmuş, həmin şəxs onlara heç bir məlumat verməmiş, daha sonra şəxsiyyətini təsdiq edən sənədi soruşduqda, həmin şəxs şəxsiyyətini təsdiq edən sənədi onlara təqdim etməmişdir. Onlar həmin vətəndaşdan şübhələndikləri üçün onu 14-cü PB-ə dəvət etmiş, bölmədə çəkiliş əsasında vətəndaşın üzərinə baxış keçirilmiş, baxış zamanı şəxs üzərində olan ağ kristala bənzər maddəni təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermiş və onun ifadəsində qeyd etdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - DİN-nin ƏÇPA-nın 8-ci PB-nin polis nəfərləri Şahid2 və Şahid1 tərəfindən tərtib olunmuş 31 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, 31 oktyabr 2023-cü il tarixdə inzibati ərazidə xidmət aparan zaman saat 19.00 radələrində X3 küçəsində «Tayota Prius» markalı avtomobilin yaxınlığında bir nəfər şəxsin mütəmadi sağa-sola diqqət etməklə özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsə bir neçə sual verdikdə o, qeyri-adekvat cavablar verdiyi üçün üzərində nə isə gizlətməsi barədə onlarda şübhə yaranmış, bununla bağlı onu 14-cü PŞ-nə dəvət etmişlər. Bölmədə olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin şəxs üzərində narkotik vasitə olmasını etiraf etmişdir. (i/v: 3) - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 31 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan metamfetaminə bənzər maddəni, içərisində 2 manat nağd pul, 01 ədəd «Kapital Bank»a məxsus Birkart və «Leobank»a məxsus plastik kart, «Cake House» vizit kart, avtomobilə məxsus texniki pasport, etibarnamə və sürücülük vəsiqəsi olan portmanatı, həmin şalvarın sağ yan cibindən 01 ədəd «Xiomi Redmi» markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Tədqiq edilən protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümü haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi soruşulduqda o, həmin kütləni 31 oktyabr 2023-cü il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsində dəqiq xatırlamadığı ünvana əlaqə saxladığı Salman adlı şəxs tərəfindən qoyulduğunu, narkotik maddəni həmin ünvandan götürərək ünvan 6qayıt şəhərində sonradan deyilən ünvana təhvil verəcəyi təqdirdə ona 30 manat pul ödəniləcəyini bildirmişdir. Tədqiq olunan protokolla həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə həmin büküm ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, həmçinin onun üzərindən aşkar edilmiş mobil telefon iş üçün sübut əhəmiyyəti daşıdığından götürülmüş, digər əşyalar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət, əlavə daxil olmadığı və vəsatət qaldırılmadığı bildirilmişdir (i/v: 22-23). - «Video yazıya baxış keçirilməsi haqqında» 02 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə olunmuş Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Samir Allahverdiyev tərəfindən psixotrop maddələrin saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə 31 oktyabr 2023 -cü il tarixli protokola əlavə edilmiş 01 ədəd «DVD» diskdə qeydə alınmış video yazıya baxış keçirilmiş, baxış zamanı müəyyən olmuşdur ki, diskdə olan «VİD_20231031_201012» adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 8 dəqiqə 32 saniyədən ibarət olan video görüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Samir Allahverdiyev 14-cü PŞ-nə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra Təqsirləndirilən şəxs üzərinə 14-cü PŞ-nin xidməti otağında şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən sellofana bükülmüş bir bükümdə psixotrop maddə metamfetaminə bənzər olan maddə aşkar olunaraq götürülür. Həmin şalvarının sağ yan cibindən isə bir ədəd qara rəngli mobil telefon aparatı, 01 ədəd portmanat, içsərisində 2 ədəd plastik bank kartları, 2 manat nağd pul, avtomobilə aid olan qeydiyyat şəhadətnaməsi və etibarnamə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə metamfetaminin olduğunu bildirib, həmin maddəni satış məqsədi ilə İran İslam Respublikasının vətətndaşı Salman adlı şəxsdən əldə edib üzərində saxladığını etiraf etmişdir. (i/v: 48) Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə əks olunmuş video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin video görüntülər «Şəxsi axtarış və götürmə aparılması haqqında» 31 oktyabr 2023-cü il tarixli və «Video yazıya baxış keçirilməsi haqqında» 02 noyabr 2023-cü il tarixli protokolların məzmununa uyğundur. - «Mobil telefon aparatına baxış keçirilməsi haqqında» 08 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, 31 oktyabr 2023-cü il tarixli protokol əsasında Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Redmi Note 12 S» markalı mobil telefon aparatına baxış keçirilmiş və müəyyən olmuşdur ki, həmin mobil telefon aparatının üzərində ***-***-**-** saylı sim nömrə var. Mobil telefon aparatına «whatsapp» proqramı yüklənmişdir, həmin «whatsapp» proqramı ***-***-**-** saylı nömrə ilə istifadə olunur. Mobil telefon aparatının «kontaktlar» bölməsində «Salman dayı» və «Maga» kimi qeydə alınmış İran İslam Respublikasına aid olan «+98914 751 9028», «+98911 469 0722» cəmi 2 ədəd nömrələrin olması müəyyən olunur. Mobil telefon aparatının «whatsapp» bölməsinə daxil olanda müəyən olunur ki, «+98914 751 9028» və «+98911 469 0722» saylı nömrələrlə olan söhbətlər silinib. Mobil telefon aparatının «qalereya» bölməsində 10 ədəd fotoşəkil aşkar olunur. Həmin 3 ədəd fotoşəkillərdə elektron tərəzinin üzərinə qoyulmuş narkotik vasitə heroinə bənzər olan maddə əks olunur, 7 ədəd fotoşəkildə yaşıl xətlə işarələnmiş müxtəlif küçələrin şəkilləri, həmin şəkillərin üzərində «balaca turbanın arxasında yerdə ağ rəngdə əzilmiş adnarazıvı stəkan var əmanət onun içində, 2k1p», «əmanət şəkildə də görsənir əzilmiş adnarazıvı stəkanın içində», «əzilmiş ball sabraniya paçkası var. əmanət onun içində» yazılar müəyyən olunur. Mobil telefon aparatına baxış keçirilən zamanı aşkar edilən 12 ədəd fotoşəkil protokola əlavə olunmuşdur. - «Sənədlərə baxış keçirilməsi haqqında» 07 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon danışıqların və smslərin çıxarışlarına baxış keçirilmiş və müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsindən ***-***-**-** sim nömrəyə 21 oktyabr 2023-cü il tarixlərdə «belə birazdan onsuzda dünən gecə götürdüyüm yerdən götürəcəm. İndi çatmışam evə, çıxıram indi onun evinə gedəcəm. Ala maşında 250 manat pul verdim sənin yanında onun üsünnən götürüb vermişəm ora gəlib səndən almışam. Kim olur olsun mən heç bir narkamanın haqqını yemərəm, mən bilirəm nə nədi, bunun varyoxunu .... birinci, ora gedəcəm bir şey dalınca bilirəm ağrıdasan, üstəlik pulunda gedib, amma mən bu işi belə qoymaram, heç kim deyə bilməz ki Orxana pul verdim getdi aldatdı, var belə adam? Şahin, xəbərin yoxdur burda neynəmişəm. Mən buna səbirli ol həll olunacaq, mən sənə dünəndə dedim ki mən heç kimin pulun yemərəm və qoymaram kimsə yesin, kola alındıracam, nə lombart salmısan e tutaqki dünən yaxşı çıxsaydı kola neyniyəcəkdin indi? Lombardın pulunu verəcəkdin?» mətnli smslər aşkar olunur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsinə 05 avqust 2023cü il tarixdə ***-***-**-** saylı nömrədən «sənə qurban 2 dənə yarı lazımdır», 08 avqust 2023-cü ildə ***-***-**-** «adam kişi olar xəstə malı soxalar adama skoru gəlmişdir», 21-22 avqust və 21 oktyabr 2023-cü il tarixlərdə ***-***-**-** saylı nömrədən «yarı alınır götürmək, qaqa 23 manat göndərdim inşallah haçana gələrsən, arxayın oldumda mən daş verəcəkdin 40 manat sənə tap qalanında pul eliyəcəkdim verəcəkdim orada daşıda vermədin ele danışmışdıq birinci imkanun olsa pulu at olmasa besə hacxana görüşərik kola üçün», 22 avqust 2013-cü il tarixdə ***-***-**-** saylı nömrədən «nolub yenə qız kimi kustun tema varyoxum .... yaşdı quryandan sonra 0,5 çox idi mən nəbilim ki, quruyanda belə olur» mətnli smslərin göndərilməsi müəyyən olunur. (i/v: 120- 136) - Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/5832 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 25,569 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. (i/v: 36-40) - Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 7389 nömrəli, 14 noyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v: 104-105) Cinayət işinin materiallarında olan istintaq orqanının «maddi sübut hesab edilməsi haqqında» 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra 25,519 qram çəkidə qalmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Sabunçu RPİ-yə təhvil verilmiş, həmçinin «şəxsi axtarış və götürmə aparılması» zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i/v: 139-140) Həmçinin cinayət işinin materiallarında olan istintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Redmi Note 12S» markalı mobil telefon aparatı üzərində mobil nömrələrlə birlikdə iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən Sabunçu RPİnin İŞ-də saxlanılmışdır. (i/v: 141-146). İbtidai istintaq orqanının işdə olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» 07 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini satmış şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (i/v: 147). Məhkəmə təqdim olunmuş sübutları qarşılıqlı şəkildə və məcmu halında, tam, obyektiv və qərəzsiz şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham qanuni və əsaslıdır. Məhkəmə bu nəticəyə gələrkən təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi tam etirafedici ifadələrinə, şahidlərin ifadələrinə, istintaq hərəkətlərinin protokollarına, təqsirləndirilən şəxsə məxsus mobil telefon aparatından çıxarışlara, mobil operatordan daxil olmuş sms yazışmaları haqqında çıxarışlara, maddi sübutlara və s. biri digərini tamamlayan və bir-biri ilə uyğunluq təşkil edən sübutlara istinad edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsinin ümumi təmiz çəkisi 25,569 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş metamfetamin psixotrop maddəsinin miqdarı külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlcədən İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamaqla onun vasitəsi ilə psixotrop maddə metamfetamin əldə edərək daşıyıb üzərində saxlaması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələri, qeyd olunan məzmunda kifayət qədər aydın sms yazışmaları, mobil telefonundan aşkar edilmiş fotoşəkillər təqsirləndirilən şəxsin həmin psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini, metamfetamin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamə ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs AFR Herford Ərazi Məhkəməsi tərəfindən 25 avqust 2021-ci il tarixdə AFR CM-nin 243.1.3, 242.1, 56-cı maddələrinə əsasən 3 ay azadlıqdan məhrum etmə (xx.xx.2024-cü il tarixinə kimi şərti) cəzasına və AFR Herford Ərazi Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə AFR CM-nin 243.1.3, 242.1, 55, 53 FMQR-nın 17.2-ci maddələri ilə qəti olaraq 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i/v: 84-85) Cinayət işinin materialları ilə yuxarıda qeyd olunan xarici dövlətin məhkəmə hökmünün və ya digər yekun qərarının tanınması ilə bağlı müvafiq məhkəmə qərarının olması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi müəyyən edilmir və yuxarıda qeyd olunan hökmlər onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Odur ki, məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bununla belə, məhkəmə, Təqsirləndirilən şəxs Almaniya Federativ Respublikasında iki dəfə məhkum olunmasını onun cinayət törətməyə meyilli olan bir şəxs şəxs kimi şəxsiyyətini xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, məhkəməyə səmimi ifadələr verməsini, əməlindən peşman olmasını, öz əməlinə tənqidi münasibət göstərməsini onun barəsində Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə 14 noyabr 2023-cü il tarixli, 7389 nömrəli rəy əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs statusunda olmasını nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 31 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (i/v: 13), Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 31 oktyabr 2023-cü il tarixdən hesablanmışdır (i/v: 66-70). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 25,519 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmasa da, Sabunçu RPİ-nin İŞ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Redmi Note 12S» markalı mobil telefon üzərində GSM nömərləri ilə birlikdə hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 81 (səksən bir) manat məbləğində ekspertiza xərci (i/v: 37) müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs göstərdiyi 40 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 25,519 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. - Maddi sübut qismində tanınmasa da, Sabunçu RPİ-nin İŞ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Redmi Note 12S» markalı mobil telefon üzərində GSM nömərləri ilə birlikdə hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar