Məhkəmə qərarları › İş №1(101)-1483/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1483/2025

06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1483/2025 06.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1994-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çomaxtur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çomaxtur ərazi dairəsi, Çomaxtur kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, İİ Sovxoz, Elşən Yusifov küçəsi nömrəsiz fərdi evdə yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 93,288 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda təmiz çəkisi 157,146 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 1 fərdi evdə və üzərində saxlayaraq daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sabunçu RPİ-nin cinayət-axtarış şöbəsinə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının əməliyyat-axtarış haqqında qanuna müvafiq olaraq 16 fevral 2025-ci il tarixdə saat 14:57-də Sabunçu RPİ-nin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq üstünün yoxlanılması və yaşadığı qeyd edilən fərdi evə baxış keçirilən zaman əynində olan şalvarının sol yan cibindən və evin həyətyanı sahəsində yerləşən istifadə olunmayan tikilidən dörd ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 9,485 qram, 1,855 qram, 1,948 qram, 80,0 qram olmaqla külli miqdarda ümumilikdə təmiz çəkisi 93,288 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd üzəri skoçlu sellofanda təmiz çəkisi 155 qram və həmin sellofanın içərisində olan bir ədəd bükümdə təmiz çəkisi 2,146 qram olmaqla külli miqdarda ümumilikdə təmiz çəkisi 157,146 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin satışında istifadə etdiyi, üzərində cüzi miqdar marixuana hissəcikləri, psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, aşkar edilmiş narotik vasitə marixuana və psixotrop maddə metamfetamin ona məxsusdur. Həmin vasitələri istifadə etmək üçün əldə etmişdir, satmaq məqsədi olmamışdır. Həmin narkotik vasitəni və psixotrop maddəni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşından həbs edilməmişdən bir ay əvvəl almışdır. Narkotik vasitəni və psixotrop maddəni ucuz olduğu üçün çox almışdır. Narkotik vasitələrin əvəzinə İranlının kart hesabına “MilliÖn” terminalından 500 manat pul göndərmişdir. Daha sonra İranlının dediyi yerə gedərək narkotik vasitəni götürmüşdür. Narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından alarkən bütöv olmuşdur. Narkotik vasitələri özü istifadə etdiyi üçün bükümlərə bölmüşdür. Hər dəfə işlə əlaqədar rayonlara getdikdə narkotik vasitələri bükümlərə bölərək aparmışdır. Marixuanadan iki və ya üç gündən bir, metamfetamindən isə on gündən bir istifadə etmişdir. Aşkar olunmuş tərəzidən yalnız narkotik vasitə qəbul etdikdə istifadə etmişdir. 16 fevral 2025-ci il tarixdə təxminən saat 14:50 radələrində yaşadığı evin həyətyanı sahəsində yerləşən tikilidə saxladığı içərisində psixotrop maddə metamfetamin olan sellofan bükümlərdən birini istifadəsi üçün götürmüş və şəxsi işlərilə əlaqədar yaşadığı evdən çıxmış, yaşadığı evin yaxınlığı ilə piyada gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra üzərindən evdən çıxarkən götürdüyü metamfetamin aşkar edilmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilmiş və baxış zamanı həyətdə yerləşən əl damında saxladığı marixananı və metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya pisixi təsir göstərilməmişdir. Yaşadığı evin həyətindən aşkar olunmuş tərəzi və narkotik vasitələr bir yerdə olmuşdur. Narkotik vasitələri bütöv almışdır, sonradan bükümlərə bölmüşdür. Marixuananı ayrı-ayrı bükümlərə bölməmiş, metamfetamin iki büküm olmuş, bir bükümünü isə özü düzəltmişdir. Heç vaxt kiməsə narkotik vasitə verməmişdir. Narkotik vasitəni satış məqsədi ilə əldə etməmişdir. Ucuz olduğuna görə öz istifadəsi üçün çox almışdır. Aşkar edilmiş elektron tərəzi ilə İranlıdan aldığı narkotik vasitənin çəkisini müəyyən edirdi. Həmçinin özü istifadə etdikdə də həmin tərəzidən istifadə etmişdir. İranlı ilə öz telefonu ilə deyil, dost-tanışlarının telefonu ilə əlaqə saxlamışdır. İranlı ilə aralarında olan yazışmalar qalmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 16 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edərək üzərində və yaşadığı evdə saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 da daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 14-15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, İİ Sovxoz, Elşən Yusifov küçəsində saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olub-olmamsı sorulmuş, olduğu təqdirdə təqdim edilməsi təklif olunmuşdur. Təklifə əsasən Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bir ədəd sellofan bükümünü çıxardaraq onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən madəddədən başqa yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamamsı soruşulmuş, Təqsirləndirilən şəxs səmimi etiraf edərək yaşadığı evin həyatyanı sahəsində yerləşən tikilidə istifadəsi üçün narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin saxladığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxslə birlikdə onun yaşadığı evə getmişlər. Təklifə əsasən Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində yerləşən istifadə olunmayan tikiliyə daxil olaraq orada saxladığı bukumləri və bir ədəd tərəzini götürərək onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərin içərisində metamfetamin və marixuana olduğunu deyərək, sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən istifadəsi üçün aldığnı bildirmişdir. Daha sonra həmin bükümlər qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 15-ci polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş: 16 fevral 2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda, xx.xx.1994-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çomaxtur kəndində qeydiyyatda olan, lakin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz, nömrəsiz fərdi evdə kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin kirayədə yaşadığı ünvanda külli miqdarda narkotik vasitə gizlətməsi bildirilmişdir (cild 01, i/v 04). Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə və şübhəli şəxsin üzərinə və yaşadığı ünvana baxış keçirilməsinə dair 16 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu Rayon Polis İdarəsi cinayət-axtarış şöbəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sabunçu rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvanda külli miqdarda narkotik vasitə gizlətməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat – axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 16 fevral 2025-ci il tarixdə, saat 14:57 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci sovxozda yaşadığı evin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs paltarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri verməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 bükümdə sarımtıl sellofana bükülmüş kütləni təqdim etmiş və bu kütlənin narkotik vasitə metamfetamin olduğunu bildirmişdir. Daha sonra Vəliyevin üstü yoxlanılmış və üstündən heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs razılığı əsasında həyətindəki tikiliyə baxış keçirilmiş və Təqsirləndirilən şəxs 02 bükümdə sellofana bükülmüş yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, 03 bükümdə ağ rəngli sellofana bükülmüş narkotik vasitə metamfetaminə bənzər kütləni və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən və həyətindəki saxlanc yerindən aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Nadir” adlı şəxsin vasitəsilə Sabunçu rayon ərazisində gizlədilən yerdən əldə etdiyini bildirmişdir (cild 01, i/v 10-11). “Şübhəli şəxsin tutulması haqqında” 16 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 24). Baxış və götürmə aparılması haqqında 16 fevral 2025-ci il tarixdə qeydə alınmış videogörüntülərin əks olunduğu DVD diskə baxış keçirilməsi zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən 03 ədəd şəffaf rəngli sellofan, 01 ədəd sarı rəngli sellofana bükülmüş spesifik iyə malik metamfetaminə bənzər maddə, 02 ədəd ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik marixuanaya bənzər maddə və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur (cild 1, i/v 34-35). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli, 7/315 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs imza.... ” yazı və imzalar olan 01 (bir) ədəd kağız paketdə bir ədəd üzəri skoçlu sellofanda təmiz çəkisi 155 qram və həmin sellofanın içərisində olan bir ədəd bükümdə təmiz çəkisi 2,146 qram olmaqla, ümumi çəkisi 157,146 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Həmin paketin içərisində olan bir ədəd elektron tərəzinin üzərində cüzi miqdar marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70,0 manat təşkil edir (cild 01, i/v 42-45). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli, 6/719 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №161” dairəvi möhür əksi olan “vətəndaş Təqsirləndirilən şəxs (imza)...” sözləri, soyad və İmzalar qeyd edilmiş kağız paketdə olan 4 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi- 9,485 qram, 1,855 qram, 1,948 qram, 80,0 qram ümumi təmiz çəkisi- 93,288 qram ağ rəngli kristallik maddə xarici görünüş və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Bir ədəd elektron tərəzidə psixotrop maddə olan metamfetaminin və narkotik vasitə heromin izləri vardır. Metamfetamin və heroin iz şəkildə olduğu üçün çəkisi müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,0 manat təşkil edir (cild 01, i/v 47-50). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-83/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 fevral 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 93-99). DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 19 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın yaxınlığında saxlanılan zaman çəkilmiş videogörüntülərin qeydə alınması öz əksini tapmışdır. Belə ki, video çəkiliş zamanı əvvəlcə Sabunçu RPİ-nin Cinayət-axtarış şəbəsinin əməkdaşları özlərini təqdim edirlər, sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Bundan sonra Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona narkotik vasitələrin saxlanılmasında və gəzdirməsində şübhəli bilindiyi üçün saxlanıldığını, video çəkiliş vasitəsi ilə üstünün yoxlanılacağını bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üstünün yoxlanılmasına etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs də etiraz etmir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofan bükümünü çıxardaraq təqdim edir və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu deyərək, sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən istifadəsi üçün aldığını, yaşadığı evin həyətyanı sahəsində yerləşən tikilidə narkotik vasitə və psixotrop maddə saxladığını bildirir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin zəruri olduğunu, bunun üçün könüllü olaraq icazə verməsini xahiş edir, Təqsirləndirilən şəxs də onun yaşdığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirərək, birlikdə yaşadığı Bakı şəhəri,Sabunçu rayonu, Pirşağı qəsəbəsi, İİ Sovxoz, Elşən Yusifov küçəsi nömrəsiz fərdi evin qarşısına gəlirlər, sonra onuniştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə daxil olurlar, əməliyyat müvəkkili Şahid1 Elvin Vəliyevə narkotik vasitənin yerini onlara göstərməsini və həmin narkotik vasitəni təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində yerləşən tikiliyə daxil olaraq orada saxladığı üç ədəd sellofan bükümünü, bir ədəd üzəri skoçlu sellofan bükümünü, həmin sellofanın içərisində olan bir ədəd bükümü və bir ədəd elektron tərəzini tikilidən götürərək polis əməkdaşlarına təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açıldıqda üzərindən aşkar edilən bükümlə birlikdə dörd ədəd bükümün içərisindən maddələr, iki ədəd bükümün içərisindən isə yaşımtıl rəngli bitki mənşəli kütlə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən dörd ədədinin içərisindən aşkar olunmuş maddələrin psixotrop maddə metamfetamin, iki ədəd bükümlərin içərisindən aşkar olunmuş bitki mənşəli kütlənin isə marixuana olduğunu deyərək, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddələr və bitki mənşəli kütlələt olan bükümlər əməliyyat müvəkkili Şahid1 tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir iştirak edən şəxslər tərəfindən imzalanır (cild 1, i/v 100-101). Maddi sübut kimi tanıma haqqında 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd qablaşdırılmış kağız paketin içərisində bir ədəd üzəri skoçlu sellofanda təmiz çəkisi 155 qram və həmin sellofanın imərisində olan bir ədəd bükümdə təmiz çəkisi 2,146 qram olmaqla, ümumi çəkisi 157,146 qram olmuş narkotik vasitə qurudulmuş marixuana, bir ədəd qablaşdırılmış kağız paketin içərisində dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9,485 qram, 1,855 qram, 1,948 qram, 80,0 qram ümumi təmiz çəkisi 93,288 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi maddi sübut hesab olunmuş, narkotik vasitə qurudulmuş marixuananın tədqiqata 0,1 qram sərf edilməsi nəzərə alınmaqla 157,046 qram qalığı, psixotrop maddə metamfetaminin tədqiqata 0,2 qram sərf edilməsi nəzərə alınmaqla 93,088 qram qalığı elektron tərəzi ilə birlikdə saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, i/v 105-106). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 126-127). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin 03 mart 2025-ci il tarixli, 1230 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəsissəsində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 165-166). AA6161772 və AA3828233 seriyalı şəxsiyyət vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci təvəllüdlü X7 olmaqla iki azyaşlı uşağı vardır (cild 1, i/v 168). Sübutların qiymətlədirilməsi haqqında 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı fərdi evə baxış keçirilən zaman video görüntüləri əks olunmuş DVD disk cinayət işi üzrə maddi sübut hesab edilməsi və cinayət işinə əlavə edilməsi qərara alınmışdır (cild 1, i/v 169-179). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narotik vasitə marixuananın və psixotrop maddə metamfetaminin ona məxsus olduğunu lakin həmin vasitələri satmaq məqsədinin olmadığını bildirməklə özünü qismən təqsirli bilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı psixotrop maddə metamfetaminin və narkotik vasitə marixuananın miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, eyni zamanda üzərində heroin və metamfetamin izləri və cüzi miqdarda marixuana hissəcikləri olan bir ədəd elektron tərəzinin aşkar edilməsi, üzərindən aşkar edilmiş maddələrin növ müxtəlifliyi, həmin narkotik vasitənin və psixotrop maddənin xırda bükümlərə bölünməsi, həmçinin ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs yalnız kannabinoidlərdən (marixuanadan) istifadə etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak məqsədilə deyil, satış məqsədilə əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satmaüç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahısına əsasən təmiz çəkisi 5,0 qram olan marixuana xeyli miqdar, 500,0 qram olduqda isə külli miqdar, 50000,0 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Həmin Qanunun “Psixotrop maddələr” adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 2,0 qram olduqda isə külli miqdar, 400,0 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs verilmiş ittihamda ağırlaşdırıcı əlamətin düzgün göstərilməməsi məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 93,288 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda təmiz çəkisi 157,146 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahısına əsasən 157,146 qram marixuana xeyli miqdar hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin külli miqdar, narkotik vasitənin isə xeyli miqdar olması ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın tövsifinə təsir etmir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarının 16-cı bəndində göstərilmişdir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4- 1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində müəssisələrində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 16 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 16 fevral 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə icraatı zamanı dəyişdirilməmişdr. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 16 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən salxanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan narkotik vasitə 157,046 qram qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq qalan psixotrop maddə 93,088 qram metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarında olan ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 135,0 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu andan, yəni 16 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan narkotik vasitə 157,046 qram qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq qalan psixotrop maddə 93,088 qram metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. Cinayət işi üzrə maddi sübut- 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 135,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar