Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1484/2023 23.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 10:10-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, "Bolmart” marketin yaxınlığında yaşamış və barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 2,594 qram psixotrop maddə-metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımaqla Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin yaxınlığında 22 fevral 2023-cü il tarixdə saat 13:25 radələrində Bakı şəhəri, Sabunçu RPİ-nin 15-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq polis bölməsinə gətirilmiş və polis bölməsində videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 2,594 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, bir ilə yaxın müddətdir ki, psixotrop maddələrdən istifadə etmişdir. 22 fevral 2023-cü il tarixdə Balaxanı qəsəbəsindən üzdən tanıdığı şəxsdən 50 manat dəyərində bir qram şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almış və şalvarının sağ yan cibinə qoymuşdur. 22 fevral 2023-cü il tarixdə saat 13:25 radələrində o, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin yaxınlığında piyada gəzən zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Bundan sonra onlar özlərini təqdim etmiş, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları olmuşlar. Polis əməkdaşları onu psixotrop maddələrdən istifadə etdiyində şübhəli bilindiyi üçün onu polis bölməsinə dəvət edərək gətirmişlər. Polis bölməsində barəsində tutma protokolu tərtib olunmaqla, vəkil dəvət edilmiş və vəkil ona təqdim edilməklə hüquqları ona izah edilmişdir. bundan sonra onu saxlayıb polis əməkdaşlarının iştirakları ilə onun üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılan zamanı vəkil iştirak etməmişdir. Barəsində açılan cinayət işi ilk əvvəl AR CM-in 234-cü maddəsi ilə başlanmış, sonradan əsassız şəkildə AR CM–nin 234.4.3-cü maddəsinə tövsif olunmuşdur. O, aldığı psixotrop maddə metamfetaminin çəkisini ölçməmiş, təxmini 1 qram olduğunu bilmişdir. Videoçəkiliş zamanı üzərindən aşkar olunan psixotrop maddə metamfetaminin çəkisi müəyyən edilməmiş, birbaşa qablaşdırılıb möhürlənmiş, şəxsi-axtarış və götürmə zamanı ona uzadılan ərizəyə imza etməmişdir. O, bir qram psixotrop maddə metamfetamini 2-3 gün istifadə etmiş, ayda təxmini 150-200 manat pul narkotik vasitə istifadəsinə xərcləmişdir. Psixotrop maddə metamfetamini aldığı andan tutulan ana kimi təxmini 1 saat vaxt keçmiş, aldığı psixotrop maddəni istifadə edə bilməmişdir. O, latın qrafikalı əlifbanı bilmədiyi üçün sənədlərə imza etməmiş, polis əməkdaşları tərəfindən mənəvi təzyiqə məruz qalmişdir. O, heç vaxtı narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin sahə inspektoru Şahid2 ifadəsində göstərdi ki, 22 fevral 2023-cü il tarixdə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin dövriyyəsi ilə məşğul olur. Bununla bağlı polis bölməsinə əməliyyat qrupu yaradılmış və o da həmin qrupun üzvü təyin edilmişdir. Daha sonra həmin günü saat 13:25 radələrində əməliyyat tədbiri keçirilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Zabrat qəsəbəsi «Ayxan» marketin yaxınlığında saxlanılaraq polis bölməsinə gətirilmişdir. Polis bölməsində vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilərək, hüquq və vəzifələri ona izah edilmiş, daha sonra onun üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı vəkilin iştirak etməməsi barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra videoçəkiliş və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla daşınması qadağan edilən əşyanın və ya maddənin olub-olmaması və əgər varsa təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir büküm çıxardıb təqdim etmiş, həmin bükümdə metamfetamin olduğunu bildirmişdir. Ramin metamfetamini öz şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsindən üzdən tanıdığı şəxsdən 50 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılıb polis bölməsinə gətirilərkən və polis bölməsində olarkən daim müşayət altında olduğu üçün onun üzərində saxladığı psixotrop maddəni atmaq imkanı olmamışdır. Onun təqdim etdiyi bükümə baxış keçirilmiş və kristal formada maddələr aşkar edilmiş, sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmədə ifadəsi elan edilmiş şahid Sabunçu RPİ-nin 15-ci PB-də əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 22 fevral 2023-cü il tarixdə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin dövriyyəsi ilə məşğul olurmuş. Bununla bağlı polis bölməsinə əməliyyat qrupu yaradılmış və o həmin qrupun üzvü təyin edilmişdir. Daha sonra həmin günü saat 13:25 radələrində əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Zabrat qəsəbəsi «Ayxan» marketin yaxınlığında saxlanılaraq polis bölməsinə gətirilmişdir. Polis bölməsində vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş, hüquq və vəzifələri izah edilmiş, daha sonra onun üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı vəkilin iştirak etməməsi barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra videoçəkilişlə onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla daşınması qadağan edilən əşyanın və ya maddənin olub-olmaması və əgər varsa təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir büküm çıxardıb təqdim etmişdir, həmin bükümdə metamfetamin olduğunu bildirmişdir. Ramin metamfetamini öz şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsindən üzdən tanıdığı şəxsdən 50 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılıb polis bölməsinə gətirilərkən və polis bölməsində olarkən daim müşayət altında olduğu üçün onun üzərində saxladığı psixotrop maddəni atmaq imkanı olmamışdır. Onun təqdim etdiyi bükümə baxış keçirilmiş və müəyyən edilmişdir ki, kristal formada maddələr aşkar edilmişdir. Daha sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1085 saylı rəyindən görünür ki, «Azərbaycan Respublikası DİN zərflər üçün №161» dairəvi möhür əksləri olan «saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş...» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,594 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 38-42) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 2034 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 87-88) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-də xidməti otaqda şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 büküm aşkar edilmiş və bükümə baxış keçirildikdən sonra zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. (iş vərəqə 30-31) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “videodiskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-də xidməti otaqda vətəndaş Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarını iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, bundan əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində qanunla daşınması və qadağan edilmiş əşyanın olub olmamasını əgər varsa təqdim etməsi təklif edilmiş, o, özü əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir büküm çıxardıb təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə metamfetamindir və o, şəxsi istifadəsi üçün almışdır. Daha sonra aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənmiş və imzalanmışdır. (iş vərəqə 44) İş materiallarında olan AR DİN Suraxanı RPİ-in 15-ci PŞ-nin xx.xx.2023-cü il tarixli, 49- 4/1-2536 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini əldə etdiyi şəxsi müəyyən etmək mümkün olmamışdır. (iş vərəqə 86) İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(008)-162/2023 saylı qərarından görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-də əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin bölmənin rəisi, polis polkovnik leytenantı Tural Nəzərov tərəfindən təsdiq edilmiş 22 fevral 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. (iş vərəqə 7-8; 71-72) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 2,594 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,544 qram psixotrop maddə metamfetamin Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. (iş vərəqə 89-93;114) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü özündə əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (iş vərəqə 89-93;114) Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan, xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan, görünür ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi olmadan psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımaqda şübhəli bilinərək tutulmuş və cinayət işi AR CM-in 234.1-1-ci maddəsi ilə başlanmışdır.(iş vərəqə 1;12) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla, daşımış, bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (iş vərəqə 51) Eyni zamanda, iş materiallarında olan xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına dair xx.xx.2023-cü il tarixli, 49-4/1-2536 saylı cavab məktubunda Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə edilməməsi qeyd edilmiş, eləcə də, əməliyyat tapşırığında Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olub-olmasının müəyyənləşdirilməsi istiqamətində həmin tapşırıqla bağlı cavab məktubunda hər hansı nəticə öz əksini tapmamışdır. (iş vərəqə 97;100) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 2034 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması onun narkotik vasitə istifadəçisi olduğunu və üzərindən aşkar olunana psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini bir daha sübut edir. Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, Təqsirləndirilən şəxs əməli AR CM-in 234.1-1-ci maddəsindən AR CM-in 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (iş vərəqə 89-93) Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddə metamfetaminin 2,594 qram çəkidə olması Təqsirləndirilən şəxs psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən faktlardır. Lakin, ibtidai istintaq orqanı psixotrop maddənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilib-edilməməsi, eləcə də digər sübutların əldə edilməsinin vacibliyini nəzərə almamışdır. Məhkəmə baxışı zamanı da araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş və ifadəsi elan edilmiş polis əməkdaşları Şahid2 və Şahid1 da həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində qeyd etmişlər ki, saxlanılan zaman Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq, aşkar olunan psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyi bildirilmişdir. Beləliklə, ibtidai istintaq orqanı ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. AR CPM-in 21-ci maddəsində insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmadan qorunmasına yönəlmiş mühüm bir prinsip-təqsirsizlik prezumpsiyası təsbit edilmişdir. Təqsirsizlik prezumpsiyası beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair başlıca sənədlərdə-insan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Adı çəkilən konstitusiya normasında təqsirsizlik prezumpsiyası təkcə təqsirləndirilən şəxsə deyil, hər bir şəxsə mənsub olan hüquq kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Şərh olunan maddənin məzmununa əsasən sübutlarla bağlı elə şübhələrdən söhbət gedir ki, iş üzrə toplanmış materiallarda onların mövcud olması şəxsin təqsiri barədə məsələni birmənalı şəkildə həll etməyə imkan vermir. Belə şübhələr cinayət işinin faktiki tərəfi ilə, yəni cinayət işi üzrə sübut edilməli olan ayrı-ayrı hallarla bağlı ola bilər. Cəza təyin etmənin ayrı-ayrı məsələləri, habelə cinayət və ya cinayət prosessual qanunun tətbiqi ilə bağlı yaranan şübhələr qanunvericiliyin təfsiri vasitəsilə həll edilir. Lakin belə şübhələr (cinayət və ya cinayət prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olan və aradan qaldırılmamış şübhələr) də təqsirləndirilən və ya şübhəli şəxsin xeyrinə həll olunur. Bu tipli şübhələr qanunvericilikdəki boşluqlarla, ayrı-ayrı normalar və müxtəlif normativ hüquqi aktlar arasındakı kolliziya ilə bağlı ola bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli izahatında, xx.xx.2023cü il tarixli şübhəli şəxs qismində ifadəsində, xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadəsində psixotrop maddə metamfetamini hissə-hissə istifadə etmək üçün tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını və üzərində daşıdığını bildirmişdir. (iş vərəqə 34-36; 48-49; 57-59) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan olunduqdan sonra tərtib edilən bütün sənədlərə imza etməkdən imtina etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə deyil, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərək, əldə etdiyi psixotrop maddə metamfetamini şəxsi istifadə məqsədilə alması barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həm üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı, həm də ekspert rəyləri, özünün və şahid ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında”, “videodiskə baxış keçirilməsi haqqında” protokollar xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması barədə protokol, xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərar, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərar, xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli, 49-4/1-2536 saylı cavab məktubu və iş materiallarında olan digər mötəbər sübutlar onun psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etməsini tam təsdiq edir. Beləliklə, məhkəmə tərkibi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2,594 qram psixotrop maddəmetamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Nərimanov rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum edilməklə və 03 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə cəzasını çəkib qurtardığına görə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə təyin edilmiş əlavə cəzanın müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. (iş vərəqə 84-85) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilir. Azərbaycan Respublikası CM-nin 83.4-1-ci maddəsinə görə əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə ehtiyatsızlıqdan cinayət törətdiyinə görə onun əməli cinayətlərin residivini yaratmır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də, onun əməlində cinayətlərin residivi halı müəyyən olunmur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 vardır. Məhkəmə AR CM-in 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, CM-in 61-ci maddəsinə görə onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)- 162/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 13; 65- 70) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli 2034 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ona narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu RPİ-nin saxlancında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2,594 qram psixotrop maddə metamfetaminin tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,544 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntüləri əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq, ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,544 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntüləri əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyərini təşkil edən 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza: Əhməd Quliyev hakimlər: imza: Telman Hüseynov imza: Fərid Namazov Əhməd Qul
Məhkəmə qərarları › İş №1(101)-1484/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1484/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver