Məhkəmə qərarları › İş №1(101)-1485/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1485/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1485/2023 13.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuror, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmün əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 78, mənzil 1-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 06 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 fevral 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 1451 qram (1 kq 451 qram) kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, S.Hüseyn küçəsində yerləşən parkın qarşısına qədər daşımış, 06 fevral 2023-cü il tarixdə, saat 22 radələrində qeyd olunan ünvanda şübhəli olduğuna görə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin (bundan sonra: RPİ-nin CAŞ-nin) əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞnə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sağ iç cibindən bir ədəd sellofanın içərisindən külli miqdarda təmiz çəkisi 1451 qram (1 kq 451 qram) kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik istifadəçisidir, lakin narkotik satıcısı deyildir. O, özünü 234.4.3-cü maddə ilə təqsirli bilmir. Bir dəfə məhkumluq həyatı yaşamışdır. Sosial şəbəkədən tanıdığı şəxs ondan pul yollamasını istəmiş, qarşılığında ona narkotik vasitə sata biləcəyini bildirmişdir. O, işi ilə əlaqədar pulu olmadığını demiş və pul verməyəcəyini bildirmişdir. Həmin şəxs ona narkotik verəcəyini demiş, pulunu sonra verməsini istəmişdir. O, razılaşmış, taksi ilə həmin şəxsin dediyi 3 saylı xəstəxananın yaxınlığına getmişdir. Taksidən düşmüş, uşaq sürüşkəninin yanında sellofan bağlama görmüşdür. O, öz istifadəsi üçün cəmi 100 manatlıq narkotik sifariş versə də, orada təxminən 2 kq narkotik olmuşdur. Həmin şəxs ona 2 kq narkotik göndərəcəyini demədiyindən narkotikin miqdarına görə təəccüblənmiş və götürdüyü həmin malı atıb maşına tərəf qaçmış, lakin küçədə onu polis əməkdaşları saxlamışlar. Atdığı təqribən 2 kq narkotiki də götürüb onu bölməyə gətirmiş, həmin narkotiki adına sənədləşdirmiş və 1,5 kq. yazmışlar. Bölmədə ona həmin narkotikin ona aid olduğunu demiş, narkotiki aldığı şəxsə aldığı narkotikin müqabilində 1000 manat pul verdiyini deməsini istəmişlər. O, narkotikin ona aid olmadığını dedikdə, polislər ona taksi sürücüsünü də, onu da 234.4.3-cü maddə ilə həbsə yollayacaqları ilə hədələmişlər. O da ona görə hansısa kişinin anasının gözünün yaşlı olmasını özünə sığışdırmadığından narkotiki öz üzərinə götürmüşdür. Həmçinin onu tutanlar ona “elə eləmə ki, bu 2 kq. mal sənin evindən çıxsın” deməklə onu hədələmişlər. O da evində olan yaşlı anasını fikirləşmiş, polis işçisinin gəlib onun evindən narkotik çıxarmasını özünə sığışdırmamış və narkotiki üzərinə götürmüşdür. Təhqiqatçı ittihamda göstərilən narkotiki qablaşdırıb bantla bağlamış, o da üstünü imzalamışdır. O, narkotikin saktışı ilə məşğul olmamış, onun narkotik satışı ilə bağlı hər hansı sms yazışması olmamışdır. 3-4 dəfə video çəkiliş aparılmış, ona narkotiki satış məqsədilə gətirtdiyini deməsi tapşırılmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, polis əməkdaşı onu da, taksi sürücüsünü də tutulduqları yerdə maşının içində döymüşlər. Lakin xəsarət yetirməmişlər. O, narkotiki öz istifadəsi üçün almış, lakin pulu olmadığından taksi sürücüsünə 8 manat pul tapıb verə bilməmiş, ona getdiyi yerdə pulu dostundan alıb verəcəyini demişdir. 2 kq. heroin narkotik vasitəsini 1000 manat pul müqabilində almaq inandırıcı deyildir. İbtidai istintaq zamanı ona danışmağa imkan yaradılmamış, hakim qarşısına çıxarılarkən orda danışması tapşırılmışdır. Ümumiyyətlə istintaq vaxtı narkotikin ona aid olmadığını desə də, onun narkotik tələbatına görə ağrıdığını görüb, ona boynuna götürməsi müqabilində narkotik təklif etmişlər. Müstəntiq və təhqiqatçı izahat və ya ifadə alan zaman ona təzyiq göstərməmişlər. Ona qarşı olan qanunsuzluqlarla bağlı heç kimə şikayət etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində verpmiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bir müddət olar ki, narkotik vasitə heroin qəbul etmişdir. Bədənində olan ağrıları yumşaltmaq üçün narkotik maddə heroindən istifadə etmiş və narkotik vasitə heroini qəbul etmək üçün tanımadığı şəxslərdən almışdır. Son zamanlar maddi vəziyyəti ilə bağlı narkotik maddə əldə etməkdə çətinlik çəkdiyindən narkotik vasitənin satışı ilə məşğul olub özünə də narkotik maddə əldə etməyə çalışmışdır. Belə ki, bir ay bundan əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu, özünü ona İran İslam Respublikasının (bundan sonra: İran və ya İİR) vətəndaşı kimi təqdim etmiş şəxs onun verəcəyi pulun müqabilində ona narkotik vasitə heroin təşkil edə biləcəyini bildirmiş, o da razılaşmışdır. O, İran vətəndaşı ilə sonuncunun istifadə etdiyi, yadında qalmayan telefon nömrəsi ilə özünün istifadə etdiyi nömrəsi ilə “whatsapp” vasitəsi ilə əlaqə saxlayıb həm özünün istifadəsi üçün və həm də satmaq üçün narkotik vasitə heroin istəmişdir. İİR vətəndaşı olaraq bildiyi şəxslə 1000 manatın müqabilində narkotik vasitəni almağa razılaşmış və iranlı onun istədiyi narkotik vasitə heroini qoyulacaq yeri ona deyəcəyini bildirmişdir. 06 fevral 2023-cü il tarixdə İran vətəndaşı olaraq bildiyi şəxs “whatsapp”-la yazaraq göndərdiyi narkotik vasitə heroini axşam saat 22 radələrində, Bakı şəhəri, Sabunçu qəsəbəsində yerləşən xəstəxananın yaxınlığında, yolun kənarında, hasarın yanından götürə biləcəyini bildirmişdir. Həmin gün yaşadığı evdən taksi sifariş verib ilkin olaraq Sabunçu qəsəbəsinə, oradan da Binə qəsəbəsinə getmək istəmişdir. Həmin gün saat təxminən 22 radələrində İran vətəndaşı olaraq bildiyi şəxsin ona bildirdiyi ünvana sifariş verdiyi taksi ilə gedib çatdıqda taksinin onu gözləməsini, özü isə düşərək həmin yerdə qoyulmuş bir ədəd sellofana qablaşdırılmış narkotik vasitə heroini götürüb əynində olan qış gödəkçəsinin sağ iç cibinə qoymuşdur. Taksiyə yaxınlaşmaq istəyərkən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi S.Hüseyn küçəsində yerləşən parkın yaxınlığında küçə ilə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd istədikdə o polis əməkdaşlarını görərək özünü şübhəli aparmaqla olduqları yerdən aralanmaq istəməsi və polis əməkdaşlarının suallarına qeyri dəqiq cavab verməklə onlardan yayınmağa cəhd etdiyindən polis əməkdaşları onu və onu gözləyən taksi sürücüsünü Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. PŞ-də olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə izah edildikdə həmin vaxt üzərində narkotik vasitə olan heroin olduğundan üzərinə şəxsi axtarış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir ki, vəkil üzərindən narkotik vasitə olan heroinin aşkar olunmasını özü gözü ilə görməsin ki, gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Bununla bağlı olaraq vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-nin xidməti otaqların birində polis əməkdaşları ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməsini təklif etdikdə artıq üzərində olan narkotik vasitə olan heroini polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb üzərində narkotik vasitə olan heroininin olmasını polis əməkdaşlarına bildirmişdir. O, üzərində saxladığı bir ədəd sellofan bağlamada olan narkotik vasitə heroini təqdim edərək həmin sellofanın içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin maddəni bir qismini özü üçün qəbul etmək məqsədi ilə, digər qismini isə satış məqsədi ilə adını, dəqiq anket məlumatlarını bilmədiyi İran vətəndaşı olaraq bildiyi şəxsdən 1000 manata almağa razılaşmış və sonuncunun dediyi ünvandan götürüb üzərində saxlamışdır. Onun üzərindən aşkar olunmuş maddə ekspertiza tədqiqatına təqdim olunması üçün polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla götürülüb qablaşdırılaraq möhürlənmişdir. Polis şöbəsinin xidməti otağında onun üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir. Taksi sürücüsünü əvvəllər tanımamışdır, sifariş əsasında gəlmişdir. Taksi sürücüsünün onun narkotik vasitə əldə etmək üçün Sabunçu qəsəbəsinə gəlməyinin və həmin narkotik vasitəni götürməyi barədə hər hansı bir məlumatı olmamışdır. Narkotik vasitə olan heroini əldə etdiyi şəxsi görməmişdir. Sonuncu ilə “whatsapp”-la əlaqə saxlamış, özünü ona İran vətəndaşı olaraq təqdim etmişdir. O, İran vətəndaşının “whatsapp” proqramı vasitəsi ilə ona bildirdiyi hesab nömrəsinə pulu ödədikdən sonra dediyi ünvana gedib həmin yerdən narkotik vasitə olan heroini götürmüşdür (iş vərəqə: səh. 100-105). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs iki dəfə şübhəli şəxs kimi dindirildiyini, vermiş olduğu ifadələrdə olan imzaların özünə məxsus olduğunu, “özümü təqsirli bilirəm” sözünün onun xətti ilə yazılmadığını, ifadəsini oxumadan qol çəkdiyini, narkotik vasitəni sadəcə istifadə edəcəyi qədər sifariş verdiyini, narkotiki götürməyə getdiyi yerdə isə böyük bağlama gördüyünü, ümumiyyətlə İran vətəndaşının kartına pul atmaq söhbətinin olmadığını, həmin şəxsin özünü cəmi 1 gün əvvəl tanıdığını, ona görə taksi sürücüsünü də tutacaqlarından ehtiyat etdiyini, bir qayda olaraq 5-6 qram heroin aldığını, bunun qarşılığında da 150-200 azn verdiyini, 1000 manata 1 kq heroin satılmadığını, narkotik satışı ilə məşğul olmadığını, polis bölməsində onu döydüklərini, lakin xəsarət almadığını, döyülməsi barədə heç bir instansiyaya heç bir məlumat vermədiyini bildirdi. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Bakı şəhəri Sabunçu RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 06 fevral 2023-cü il tarixdə, saat 22 radələrində həmkarı Şahid2 ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi S.Hüseyn küçəsində yerləşən istirahət parkının qarşısında xidmətdə olduqları zaman iki nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Həmin tanımadıqları şəxslərə yaxınlaşan zaman həmin şəxslərin onları görərək olduqları yerdən aralanmaq istəməsi onlarda şübhə yaratdığından həmin şəxsləri saxlayıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxslərdən birinin anket məlumatlarını soruşduqda həmin şəxs suallardan yayınaraq suallara qeyri dəqiq cavab verməklə narkotik təsir altında olmasına dair şübhələr yaratdığından hər iki şəxsi Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Tərəflərindən saxlanılan şəxs - sonradan anket məlumatları onlara məlum olan X2 və Şahid3 polis bölməsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis bölməsində tərəflərindən narkotik vasitələrin qəbulunda və saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş X2 üzərinə onun və iş yoldaşının iştirakı ilə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə Həmid Həmizadə əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən bir ədəd sellofan bağlamanı təqdim edərək bağlamanın içərisində olan maddə narkotik vasitə olan heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddəni bir qismini özü üçün qəbul etmək məqsədi ilə, digər qismini isə satış məqsədi ilə adını dəqiq anket məlumatlarını bilmədiyi İİR vətəndaşı olaraq bildiyi şəxsdən 1000 manata almağa razılaşmaqla və sonuncunun deydiyi ünvandan götürüb üzərində saxlamasını bildirmişdir. X2 üzərinə şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz olaraq gəzdirdiyi əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o, tədbir iştirakçıları və şəxsi axtarışda iştirak etmiş X3 da etiraz etmədən imza etmişdir. Bundan başqa tərəflərindən Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılmış Şahid3 üzərinə şəxsi axtarış və eyni zamanda idarə etdiyi avtomobilə baxış zamanı qanunsuz olaraq gəzdirdiyi əşya və predmet aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Bakı şəhəri Sabunçu RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, hazırda ailəsini dolandırmaq məqsədi ilə 4 ilə yaxındır ki, özünə məxsus olan «Opel-Astra» markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi olaraq işləyir. 06 fevral 2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olduğu zaman Bakı şəhəri, Binəqədi qəsəbəsindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 3 saylı şəhər kliniki xəstəxanasına, sonradan da Xəzər rayonu Binə qəsəbəsinə gedilməsinə dair sifariş qəbul etmişdir. O, sifariş verən, əvvəllər tanımadığı sərnişini Bakı şəhəri Rəsulzadə qəsəbəsindən götürüb sonuncunun sifarişi ilə saat təxminən 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 3 saylı şəhər kliniki xəstəxanasının qarşısına aparmışdır. Tanımadığı sərnişin avtomobili xəstəxananın qarşısından bir az da irəli sürməsini bildirmiş və həmin vaxtı sərnişinə “whatsapp”-la məlumat gəlmişdir ki, arkalı yerdən parkın içərisinə doğru gəlsin. Sərnişin parkın yaxınlığında avtomobilini saxlatdırmış və düşərək bir iki dəqiqəyə geri qayıdacağını bildirmişdir. O, avtomobili saxlayıb özü də avtomobildən düşüb avtomobilin yanında siqaret çəkmək üçün dayanmışdır. Bu zaman sərnişinin qaçaraq onun avtomobilinin olduğu yerə tərəf gəldikdə onun arxasınca gələn sonradan bildiyi polis əməkdaşları tanımadığı sərnişini və onu saxlayaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparmışlar. Sabunçu RPİ-nin 12-ci PŞ-də olarkən onun üzərinə və idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı üzərində və idarə etdiyi avtomobildə qanunsuz olaraq gəzdirdiyi əşya və predmet aşkar edilməmişdir. PB-də olarkən sonradan ona məlum olmuşdur ki, onunla birlikdə saxlanılmış tanımadığı sərnişin adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Şahid3 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs ilə birgə saxlanıldıqdan sonra onları ayrı ayrı maşınlarda şöbəyə aparmışlar. Həmidin üzərinə axtarış aparılmasını, onun üzərindən narkotik çıxmasını o, görməmiş, sonuncuya təsir, təzyiq olmasını, döyülməsini görməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «şəxsi axtarış və götürmə aparılması haqqında» 06 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 06 fevral 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi S.Hüseyn küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sağ iç cibindən bir ədəd sellofan bağlamada narkotik vasitə heroin aşkar olunuraq götürülmüşdür (iş vərəqə: səh. 25-26). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «baxış keçirilməsi barədə» 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPi-nin 12-cü PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın aparılması “Panasonic” markalı video kamerasi vasitəsi ilə videoçəkiliş aparılaq 1 ədəd DVD diskinə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimində bir nəfər şəxs və mülki geyimdə olan üç nəfər şəxs görüntüyə gəlir. Polis kapitanı xüsusi geyimində olan şəxs özünü 12-ci PŞ-nin təhqiqatçısı Fərid Sofuyev kimi təqdim edir və Sabunçu RPİ CAŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 06 fevral 2023-cü il tarixdə şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Sabunçu RPİ CAŞ-nin əməkdaşları Şahid2, Şahid1 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X4 polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sağ iç cibində saxladığı bir ədəd sellofana qablaşdırılmış vəziyyətdə maddəni təqdim edərək bildirir ki, həmin sellofan bağlamanın içərisində narkotik vasitə olan heroindir. Təhqiqatçı həmin maddəni qablaşdırmaq üçün zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır və bükümlər zərfə qoyulur. Zərf möhürlənir. Bundan sonra üzərinə əlavə axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilmir. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddələr barədə suallar verildikdə həmin maddələri özü üçün qəbul etmək və bir qismini satmaq məqsədi ilə adını, anket məlumatlarını, əlaqə telefonunu və yaşadığı ünvanını bilmədiyi ona şəxsdən 1000 manata əldə etməsini bildirir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 85). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan baxış prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, tədqiq olunan DVD diskə yüklənmiş videogörüntülər Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında 06 fevral 2023-cü il tarixli və baxış keçirilməsi barədə 07 fevral 2023cü il tarixli protokollara uyğundur (iş materiallarına əlavə olunmuşdur). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 07 fevral 2023-cü il tarixli, 6/737 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksi, ...vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı və imzalar olan paketdə bir ədəd bağlamada təmiz çəkisi 1451 qram (1 kq 451 qr) qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: səh. 63-67). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-narkoloji ekspertizasının 18 fevral 2023-cü il tarixli, 942 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 138-139). Cinayət işinin ibtidai istintaqı zamanı iş üzrə götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbada, təmiz çəkisi 1451,00 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlar keçirildikdən sonra qalıq çəkisi 1450,8 qram narkotik vasitə heroin saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (iş vərəqə: səh. 151). Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunaraq götürülməsi barədə müvafiq olaraq 06 fevral 2023-cü il tarixli protokola əlavə edilmiş 01 ədəd «DVD» formatlı disk iş üzrə maddi sübüt kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqə: 143-149). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs əldə etmiş olduğu narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: səh. 153-154). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən 725 dəfədən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə edərək daşıyıb saxlaması, məhkəməyədək icraat mərhələsində əldə etdiyi narkotik vasitənin müəyyən hissəsini satış məqsədilə əldə etməsini etiraf etməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının, daşınmasının və satılmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində polis əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalması barədə göstərdikləri, ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 (iki) ay 18 (on səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (iş vərəqə: səh. 125-126, iş materialları). Hazırkı işə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmiş və götürülməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.4-cü maddələrinin tələbinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərədə tutulan cinayət əməlini törətməsi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 18 (on səkkiz) gün hissəsindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrə - 06 fevral 2023-cü il tarixə təsadüf etmişdir. Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu və bu məhkumluğun doğuracağı hüquqi nəticələrlə bağlı məhkəmə qeyd edir ki, onun Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunduğu əməl qəsdən törədilən və hökmün çıxarıldığı tarixdə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aid olmuşdur və həmin hökmlə Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə, cinayətlərin residivi sayılır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir, lakin əməlinin cinayətlərin residivini yaratması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun barəsində cəzanı ağırlaşdıran hallar qismində nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratması nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 234.4.3-cü maddəsinin sanksiyası daxilində, cinayətlərin residivinə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə törətmiş olduğu cinayət əməlini Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 18 (on səkkiz) gün hissəsindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə törətməsi nəzərə alınmalı, onun cəzasının çəkilməmiş qalan 02 (iki) ay 18 (on səkkiz) gün hissəsindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında cəza təyin edilməli və təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yeni hökmlə ona təyin ediləcək cəzaya qismən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.6 və 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 18 fevral 2023-cü il tarixli, 942 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun əməlinin cinayətlərin residivini yaratmasını və məhkum olunduğu əmələ görə azadlıqdan məhrum etmə növündə cəza çəkməsini nəzərə alır və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 06 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 fevral 2023-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 fevral 2023-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 06 fevral 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1450,8 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir; - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 114,00 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq məhkum edildiyi 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 18 (on səkkiz) gün hissəsindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 18 (on səkkiz) gün hissəsi qismən birləşdirilsin və ona qəti olaraq 8 (səkkiz) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 06 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1450,8 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 114,00 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar