Məhkəmə qərarları › İş №1(101)-1486/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1486/2021

08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1486/2021 08.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X9, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı və həmin şöbənin prokuroru X5, müdafiəçilər: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi1 Əbülfət oğlu və X3, Bakı şəhər 3 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi3, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1996-cı il tarixdə Ağcəbədi rayonu, Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Hindarxı qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi ev 1 mənzil1-də yaşamış,barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə, 28 avqust 1990-cı il tarixdə Sumqayıt şəhərində olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsi,BTZ bağlarında yaşamış,barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə rolları bölüşdürdükdən sonra 19 aprel 2021-ci il tarixdə, saat 03 radələrində şəxsiyyətlərini gizlətmək üçün əvvəlcədən iki ədəd qış idman papağından hazırlanmış maskaları üzlərinə keçirməklə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanına giriş qapısının açıq olmasından istifadə edib mənzilə qanunsuz olaraq daxil olub, hücuma məruz qalmış Zərərçəkmiş şəxs əlləri ilə tutaraq, onu öldürəcəyini bildirərək onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə, zərərçəkmiş şəxsə məxsus içərisində 1.500 (min beş yüz) manat məbləğində nağd pul olan 07 (yeddi) manat qiymətində bir ədəd kassanı, bir ədəd 60 (altmış) manat qiymətində qadın əl çantasını və içərisində 150 (bir yüz əlli) manat qiymətində qızıl boyunbağı olan 50 (əlli) manat qiymətində bir ədəd pul kisəsini ələ keçirib, zərərçəkmiş şəxsə ümumilikdə 1.767 (bir min yeddi yüz altmış yeddi) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirib öz aralarında bölmək məqsədi ilə rolları bölüşdürdükdən sonra 19 aprel 2021-ci il tarixdə,saat 03 radələrində şəxsiyyətlərini gizlətmək üçün əvvəlcədən iki ədəd qış idman papağından hazırlanmış maskaları üzlərinə keçirməklə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanına giriş qapısının açıq olmasından istifadə edib qanunsuz olaraq daxil olub, hücuma məruz qalmış Zərərçəkmiş şəxs əlləri ilə tutaraq, onu öldürəcəyini bildirərək onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə, zərərçəkmiş şəxsə məxsus içərisində 1.500 (min beş yüz) manat məbləğində nağd pul olan 07 (yeddi) manat qiymətində bir ədəd kassanı, bir ədəd 60 (altmış) manat qiymətində qadın əl çantasını və içərisində 150 (bir yüz əlli) manat qiymətində qızıl boyunbağı olan 50 (əlli) manat qiymətində bir ədəd pul kisəsini ələ keçirib, zərərçəkmiş şəxsə ümumilikdə 1.767 (bir min yeddi yüz altmış yeddi) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 hadisədən iki ay əvvəl tanımışdır. 15.04.2021-ci il tarixdə mobil telefonu vasitəsilə Elmanla əlaqə saxlamış və onunla görüşmək istədiyini bildirmiş və Ceyranbatan qəsəbəsində görüşmüşlər. Görüş zamanı o, Elmana maddi vəziyyətinin çətin olmasını və buna görə də oğurluq etmək istədiyini demiş və birlikdə oğurluq etməyi təklif etmişdir. Elmana demişdir ki, Əhmədli qəsəbəsində yaşayan bibisi Zərərçəkmiş şəxs evində təxminən 5000 manat pul olmalıdır, birlikdə həmin pulu oğurlayacaqlar. Elmana bibisinin tək yaşadığını, evin giriş qapısını kilidləmədiyini, qarşısına çıxarsa ona qarşı fiziki güc tətbiq edərək qorxudub pulları əldə edə biləcəklərini bildirmişdir. Elman da onunla razılaşdıqdan sonra ayrılmışlar. 18.04.2021-ci il tarixdə o, Elmana zəng etmiş və Elmanla Ceyranbatan qəsəbəsində görüşmüşdür. Elman görüş yerinə öz idarə etdiyi “Nissan Primera” markalı **-RU-*** dövlət nömrə nişanlı avtomobillə gəlmişdir. 19.04.2021-ci il tarixdə, saat 02 radələrində, Elmanın idarə etdiyi avtomobilə əyləşmiş və birlikdə G. Mehmandarov 19 ünvanına - bibisi Zərərçəkmiş şəxs yaşadığı ünvana gəlmişlər. O, maska kimi istifadə etmək məqsədi ilə əvvəlcədən özü ilə qara papaq götürmüşdür. Saat təxminən 02:30 radələrində qeyd olunan ünvana çatmışlar. Ünvanın qarşısında o, papağı başına taxmış və üzünü həmin papaqla gizlətmişdir. Elman da özü ilə papaq gətirmiş və Elman da papaqdan maska kimi istifadə etmişdir. Bibisi Güllər evdə olan zaman qapını bağlamadığı üçün o, dəqiq bilmişdir ki, qapı açıqdır və onlar rahatlıqla evə daxil olacaqlar. Onlar hasardan tullanaraq evin həyətinə daxil olmuşlar, bibisi onu tanımaması üçün papağı üzünə kimi çəkmişdir. O, evin qapısını açaraq evə daxil olmuş, Elman da onun arxasınca qapıdan evə daxil olmuşdur. Bundan sonra onlar evin ikinci mərtəbəsinə, bibisinin yataq otağına qalxmışlar. Evin işıqları sönülü olmuş, birlikdə evin yataq otağına daxil olmuşlar. Bibisi səsə oyanaraq yuxudan qalxmış və ayaq üstə olmuşdur. Elman bibisinə sakit dayanmasını, pulların yerini deməsini, səs küy salarsa onu öldürəcəyi ilə hədələmişdir. Bibisi Güllər isə onu öldürməmələrini xahiş edərək pulların yerini deyəcəyini bildirmişdir. O, dərhal otaqda olan bibisinin əl çantasını götürmüş və otaqdan çıxaraq evin birinci mərtəbəsinə düşmüşdür. Birinci mərtəbədə sağ tərəfdə bibisinə məxsus kassa olduğunu, bibisinin bütün pulları həmin kassada saxladığını bildiyindən kassanı da götürərək ikinci mərtəbədə olan yataq otağına qalxmışdır. Yataq otağına qalxan zaman Elmanın onun bibisinin boğazıdan tutduğunu və bibisinin də otaqda olan siyirməni axtardığını görmüşdür. O, otağa daxil olan kimi evdə siqnalizasiya işə düşmüş, onlar səsküyün yarandığını gürüb polislərin gəlməsindən qorxaraq dərhal evi tərk etmişlər. Onlar birlikdə gəldikləri qaydada hasardan tullanaraq həyətdən çıxmışlar. Hasardan tullanan zaman kassa onun əlindən yerə düşmüş və kassanın qapısı açılmışdır. Kassanın qapısı açılan zaman kassada olan pullar yerə tökülmüş və o, yerdən pulları götürmüşdür. Bu zaman o, evdən götürdüyü bibisinə məxsus olan əl çantasının içərisi əl çantasının içərisi boş olduğundan onu yerə ataraq oradan qaçmışdır. Elman öz idarə etdiyi avtomobilə əyləşmiş və avtomobili idarə edərək oradan uzaqlaşmışdır. O da Neapol dairəsi istiqamətində qaçmış və oradan da tanımadığı taksiyə əyləşərək yaşadığı Ceyranbatan qəsəbəsinə getmişdir. Elmanla saat təxminən 08 radələrində Ceyrabatan qəsəbəsində görüşmüşlər. Görüş zamanı o, Elmana 120 manat pul verib bildirmişdir ki, kassada 240 manat pul olmuşdur, həmin pulun da yarısını ona verir. Əslində kassada 270 manat pul olmuşdur. O, 150 manat pulu özünə götürərək 120 manatı Elmana vermişdir. Əldə etdiyi 150 manatı öz ehtiyaclarına xərcləmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. 15.04.2021-ci il tarixdə Kənan mobil telefon vasitəsilə onunla əlaqə saxlayıb görüşmək istədiyini bildirmiş və Ceyranbatan qəsəbəsində görüşmüşlər. Görüş zamanı Kənan ona maddi vəziyyətinin çətin olduğundan oğurluq etmək istədiyini deyib ona birlikdə oğurluq etməyi təklif etmiş və bildirmişdir ki, Əhmədli qəsəbəsində yaşayan bibisinin evində təxminən 5000 manat pul olmalıdır, birlikdə həmin pulu oğurlayacaqlar. O, Kənandan evdə kimsənin olubolmamasını soruşmuş, Kənan bibisinin tək yaşadığını, evin giriş qapısını heç bir zaman kilidləmədiyini, bibisi onların qarşısına çıxarsa ona qarşı fiziki güc tətbiq edərək qorxudub pulları əldə edə biləcəklərini demişdir. 18.04.2021-ci il tarixdə Kənan onun istifadəsində olan mobil nömrəsinə zəng etmiş və Ceyranbatan qəsəbəsində görüşmüşlər. O, görüş yerinə öz idarə etdiyi “Nissan Primera” markalı **-RU-*** dövlət nömrə nişanlı avtomobillə gəlmişdir. 19.04.2021-ci il tarixdə təxminən saat 02 radələrində Kənan onun idarə etdiyi avtomobilə əyləşmiş və onlar birlikdə G.Mehmandarov 19 ünvanına, yəni Kənanın bibisinin yaşadığı ünvana gəlmişlər. Saat təxminən 03 radələrində onlar qeyd olunan ünvana çatmışlar. Orada Kənan özü ilə gətirdiyi papağı başına taxmış və üzünü həmin papaqla gizlətmişdir. O da özü ilə gətirdiyi papaqdan maska kimi istifadə etmişdir. Onlar hasardan tullanaraq evin həyətinə daxil olub evə yaxınlaşmışlar. Kənan bibisinin onu tanımaması üçün papağı üzünə kimi çəkmişdir. İlk öncə Kənan evin qapısını açaraq evə daxil olmuş, o da Kənanın arxasınca qapıdan evə daxil olmuşdur. Bundan sonra onlar evin ikinci mərtəbəsinə, Kənanın bibisinin yataq otağına qalxmışlar. Evin işıqları sönülü olmuşdur. Onlar birlikdə evin yataq otağına daxil olmuşlar. Kənanın bibisi səsə oyanaraq yuxudan qalxmış, o, Kənanın bibisinin bir əlini arxaya burub digər əli ilə onun boyun nahiyəsindən bir dəfə vurmşdur. Bundan sonra digər əli ilə onun boğazından tutmuş və ona sakit dayanmasını, pulların yerini deməsini bildirərək, əgər səs küy salarsa onu öldürəcəklərini bildirmişdir. Həmin vaxt əlində avtomobilinin açarı olmuşdur. Kənanın bibisi isə onu öldürməmələrini xahiş edərək pulların yerini deyəcəyini bildirmişdir. Kənan dərhal otaqda olan bibisinin əl çantasını götürüb otaqdan çıxmışdır. Kənanın bibisi ona su içmək istədiyini demiş, onun boğazından tutduğu vəziyyətdə yataq mebelinin yanında olan siyirtməli dolabın üzərində olan sudan içmiş və ondan yataq mebelinin digər yanında olan siyirtməli dolabın yanına getmələrini istəmişdir. O, Kənanın bibisinin boğazından tutaraq onunla birgə yataq mebelinin digər tərəfinə keçmişlər. Kənanın bibisi dolabın üst siyirtməsini açmış və bu zaman yerə nə isə düşmüşdür. O, yerə düşən ağ rəngli pul kisəsini götürmüş və həmin vaxt evdə quraşdırılmış siqnalizasiya səs etməyə başlamışdır. Onlar səs-küyün yarandığını görüb polislərin gəlməsindən qorxaraq dərhal evi tərk etmişlər və birlikdə gəldikləri qaydada hasardan tullanaraq həyətdən çıxmışlar. O, öz idarə etdiyi avtomobili idarə edərək oradan uzaqlaşmış, Kənan isə ondan ayrılaraq özü getmişdir. O, yolda pul kisəsinin içərisinə baxmış və boş olduğunu görüb avtomobilin şüşəsindən çölə atmışdır. Onlar 19.04.2021-ci il tarixdə, saat 08 radələrində Ceyrabatan qəsəbəsində görüşmüşlər. Görüş zamanı Kənan ona 120 manat pul verib bildirmişdir ki, kassada 240 manat pul olmuşdur. Əldə etdiyi 120 manatı öz ehtiyacları üçün xərcləmişdir. İttiham olunduqları cinayət əməlinin hər iki təqsirləndirilən şəxs tərəfindən törətdilməsi aşağıda şərh edilənlərlə tam sübuta yetir. Belə ki, iş məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 4 ünvanda yaşayır, evdar qadındır. 19.04.2021-ci il tarixdə, saat 02:20-də evin darvazasını bağlayıb evə gəlmiş və işıqları söndürərək yataq otağına yatmağa getmişdir. Yataq otağına gedən zaman yorğun olduğundan evin giriş qapısını bağlamaq yadından çıxmışdır. Təxminən 10 dəqiqə sonra yaşadığı evin giriş qapısının açıldığını eşitmişdir. İlk öncə gələnin kim olduğunu soruşmağa başlamışdır. Bu zaman həmin şəxslərin pilləkənlərlə iti addımlarla qalxdığını eşitmişdir. Həmin addımlardan evə girən şəxsin oğru olduğunu düşünmüş və cəld çarpayısından qalxaraq qapıya tərəf qaçmışdır. O, yataq otağının qapısına çatdıqda sonradan adını öyrəndiyi həmin şəxs olan Təqsirləndirilən şəxs2 qapıya çatmışdır. O, qapını arxadan tutaraq Elmanın yataq otağına daxil olmasına mane olmağa çalışsa da, Elman qapının digər tərəfindən güc verərək itələməyə başlamışdır. Elman bir əlinin qapının arasından içəri salıb güc edərək qapını açıb içəri girmiş və cəld şəkildə də onun sol qolunu arxaya buraraq digər əli ilə boğazının arxasından vuraraq boğazından tutub sıxmağa başlamışdır. Həmin vaxt onun boğazından tutan Elmanın əlində bıçaq olduğunu hiss etmişdir. O, yataq otağının qapısının arxasında digər şəxsin də olduğunu hiss etmişdir. Boğazından tutan Elman onun digər şəxsin üzünü görməməsi üçün digər şəxsin qapını açmasına maneə olmuşdur. Bundan sonra onun boğazından tutan Elman “səsivi çıxartma yoxsa səni öldürərik, pulların yerini tez de, biz də tez gedək”sözlərini demişdir. O da Elmana “yaxşı amma su içmək istəyirəm” demişdir. Elman onun boğazından tutduğu vəziyyətdə o, yataq mebelinin yanında olan siyirtməli dolabın üzərində olan sudan içmiş və həmin şəxsə yataq mebelinin digər yanında olan siyirtməli dolabın yanına getmələrini istəmişdir. Elman onun boğazından tutaraq onunla birgə yataq mebelinin digər tərəfinə keçmişlər. O, dolabın üst siyirtməsini açmış və bu zaman termonun üzərində olan ona məxsus içərisində 150 manat dəyərində 01 ədəd qızıl sep olan 50 manat dəyərində 01 ədəd ağ rəngli pul kisəsi yerə düşmüşdür. Elman pul kisəsini yerdən götürərkən o, siyirtmədə olan evin mühafizəsi üçün evin daxilində quraşdırılmış siqnalizasıyanın pultunu götürüb düyməni basmışdır. Bu zaman evdə quraşdırılmış siqnalizasiya səs etməyə başlamışdır. Boğazından tutan Elman onu buraxaraq otağın qapısına tərəf qaçmışdır. Elman qapıya çatdıqda geri çönüb ona baxmış, o, Elmanı daha da qorxudaraq “Siz nəyəsə toxundunuz o da səs elədi, indi polis gələcək” sözlərini demişdir. Bundan sonra Elman cəld şəkildə qaçaraq evi tərk etmişdir. O da Elmanın arxası ilə qaçmış və evin qarşısına çatdıqda Elmanın evin həyətində olan tumbaların üzərindən evin yan hissəsində yerləşən 264 saylı məktəbin həyətinə düşərək oradan qaçdığını görmüşdür. O, dərhal yaxınlıqda yaşayan dayısı oğlu Elşada zəng etmiş və hadisə barədə deyib Elşadı yaşadığı evə çağırmışdır. Təxminən 3-4 dəqiqə keçdikdə siqnalizasının çalması səbəbindən yaşadığı evə polis əməkdaşları gəlmişlər və o, polis əməkdaşlarına hadisə barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları araşdırma aparmışlar və həmin şəxslərin onun evindən düşərək qaçdığı yerdə, yəni 264 saylı məktəbin həyətində ona məxsus olan 250 manat dəyərində 01 ədəd əl çantasını və ona məxsus olan 07 manat qiymətində olan 01 ədəd içərisinə pul yığmaq üçün nəzərdə tutulmuş saxsı qabı sındırılmış vəziyyətdə aşkar etmişlər. Həmin saxsı qabın içərisində 1500 manat pul olmuş və ona qarşı baş vermiş quldurluq cinayəti nəticəsində ona 1957 manat maddi ziyan dəymişdir. Məhkəmədə dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bibisi qızıdır. 19.04.2021-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək iki nəfər maskalı şəxsin onun yaşadığı evə basqın edərək ona zor tətbiq etməklə pul tələb etdiklərini bildirmiş və onu təcili olaraq yaşadığı evə dəvət etmişdir. Güllərin səsindən təlaşlı olduğunu və qorxduğunu açıq aşkar hiss etmişdir. Həmin şəxslərin ona hər hansı bir xəsarət yetirib yetirmədiklərini soruşmuş, Güllər də cavabında yaşadığı evə quraşdırdığı siqnalizasiyanı işə saldığı üçün həmin şəxslərin ona heç bir xəsarət yetirmədən qorxub qaçdıqlarını demişdir. O da Güllərin yaşadığı evə getmiş və ora çatarkən polis əməkdaşlarının da orada olduqlarını və araşdırma apardıqlarını görmüşdür. Cinayət işinin 180-183-cü vərəqlərində olan və məhkəmədə tədqiq edilən protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmədə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin 184-187-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilən protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin 111-124-cü vərəqlərində olan və məhkəmədə tədqiq edilən protokol və fotoşəkillərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsi hadisə yeri olan Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən 18 nömrəli evdə yoxlanılarkən o, öz ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərməklə tam surətdə təsdiq etmişdir. Cinayət işinin 118-124-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilən protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi hadisə yerində, Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən 18 nömrəli evdə yoxlanılarkən o, öz ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərməklə tam surətdə təsdiq etmişdir. Cinayət işinin 6-16-cı vərəqlərində olan və məhkəmədə tədqiq edilən “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə, yəni ünvan 5 ünvana keçirilən baxış zaman 264 saylı tam orta məktəbin həyətindən Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd üzərində “USPA” yazısı olan, iki ədəd zəncirbəndlə açılıb-bağlanan əl çantası aşkar edilərək götürülmüşdür. Cinayət işinin 71-73-cü vərəqlərində olan və məhkəmədə tədqiq edilən protokoldan görünür ki, şəxsin tanınması istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ona tanınmaya təqdim edilmiş xarici görkəmləri ilə kəskin fərqlənməyən eyni cinsli şəxslər sırasından Təqsirləndirilən şəxs2 gözlərindən və sifət cizgilərindən tanıyaraq, məhz Təqsirləndirilən şəxs2 hadisə zamanı onu öldürəcəyi ilə hədələyib pul tələb etdiyini bildirmişdir. Cinayət işinin 174-175-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilən videogörüntülərə baxış keçirilməsi haqqında protokolun məzmunundan görünür ki, 01 ədəd “CD-R” formatlı diskə köçürülmüş hadisə anını əhatə edən görüntülər baxış zamanı bir 19.04.2021-ci il tarixdə, saat 02:54:00-da iki nəfər kişi cinsindən olan şəxsin Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində avtomobillərin arası ilə yaşayış binasının qarşısında hərəkətdə olmaları müəyyən edilmişdir. Bundan əlavə digər video götüntüyə baxış zamanı 19.04.2021-ci il tarixdə, saat 03:04:55-də bir nəfər kişi cinsindən olan şəxsin Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində avtomobillərin arası ilə yaşayış binasının qarşısından qaçaraq hadisə yerindən uzaqlaşması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 videogörüntüdə əks olunan şəxslərin özü və Təqsirləndirilən şəxs2 olduqlarını bildirmişdir. Cinayət işinin 177-178-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilən videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı iş üzrə əhəmiyyət kəsb edəcək məlumatların əldə edilməsi məqsədi ilə 01 ədəd “CD-R” formatlı diskə köçürülmüş hadisə anını əhatə edən görüntülər baxış zamanı bir 19.04.2021-ci il tarixdə, saat 02:54:00-da iki nəfər kişi cinsindən olan şəxsin Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində avtomobillərin arası ilə yaşayış binasının qarşısında hərəkətdə olmaları müəyyən edilmişdir. Bundan əlavə digər video götüntüyə baxış zamanı 19.04.2021-ci il tarixdə saat 03:04:55-də bir nəfər kişi cinsindən olan şəxsin Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində avtomobillərin arası ilə yaşayış binasının qarşısından qaçaraq hadisə yerindən uzaqlaşması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 videogörüntüdə əks olunan şəxslərin özü və tanışı Təqsirləndirilən şəxs1 olduqlarını bildirmişdir. Cinayət işinin 105-106-cı vərəqlərində olan protokoldan görünür ki, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş “CD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 179-cı vərəqlərində olan qəbzdən görünür ki, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 01 ədəd 18sm x 27sm ölçüdə, “USPA” markalı, orta ölçülü qadın çantası zərərçəkmiş şəxsə qaytarılmışdır. Cinayət işinin 105-106-cı vərəqlərində olan məhkəmə-tibb ekspertizası nın 2 aprel 2021-ci il tarixli, 320 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədənində hər hansı bir xəsarət aşkar edilmədi. Cinayət işinin 162-164-cü vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 may 2021-ci il tarixli, 9/2691 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 18sm x 27sm ölçüdə, “USPA” markalı, orta ölçülü qadın çantasının istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 60,00 manat müəyyən olunur. Cinayət işinin 228-229-cu vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 iyun 2020-ci il tarixli, 1354 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini törədərkən hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 230-231-ci vərəqlərində ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 iyun 2020-ci il tarixli, 1355 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməlini törədərkən hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxslər məhkəmədə özlərini qismən təqsirli bilsələr də, özlərinin işin faktiki halları ilə bağlı istər məhkəmədə, istərsə də ibtidai istintaqda verdikləri və məhkəmədə tədqiq edilən ifadələrindən və tanınma, videogörüntülərə baxış, ifadələrin yerində yoxlanılmasına dair protokollar, həmçini hökmün təsviriəsaslandırıcı hissəsində şərh edilən digər faktlarla ittiham olunduqları cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi tam sübuta yetirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və onların hər biri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və onlara həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 157-158-ci vərəqlərində olan tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 33, 46-47, 65-66, 137-146-cı vərəqlərində olan protokol və qərarlardan görünür ki, təqsirləndirilən şəxslərin hər ikisi 20.04.2021-ci il tarixdə saxlanılaraq istintaqa təhvil verilmiş və şübhəli şəxs qismində tutumuşlar, əvvəli 20.04.2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 159-cu vərəqində olan şəhadətnamənin surətindən görünsür ki, Təqsirləndirilən şəxs2 himayəsində 15.11.2019-cu il təvəllüdlü 1 nəfər azyaşlı uşağı var. Təqsirləndirilən şəxs2 himayəsində 15.11.2019-cu il təvəllüdlü 1 nəfər azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmaması CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Hər iki təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CMnin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan 12.01.1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin hallarını-təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, CM-nin 8, 9, 41 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərəl sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, hər iki təqsirləndirilən şəxsə təqsirləndirildikləri maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyanın 5-ci maddəsinin(3, 4 və 5-ci bəndlərinin) tələblərinə əsasən «tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin(və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin) yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırılması(və ya məhkəməyə qədər azad edilmək) hüququna malikdir. Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna malikdir. Bu maddənin müddəalarının pozulması ilə tutulma və ya həbsə alınmaya məruz qalan hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var». Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 158.2. və 158.6-cı maddəsində də birbaşa göstərilir ki, «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Konvensiyanın və CPM-nin yuxarıda şərh edilən tələblərini rəhbər tutaraq hesab edir ki, hər iki təqsirləndirilən şəxsin cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə tutularaq saxlanıldıqları 20.04.2021-ci il tarixdən hesablanmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Hər iki təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və müsadirə olunması təklif edilən əmlak yoxdur, maddi sübut olan “CD-R” formatlı disk cinayət işi materiallarında saxlanılmalı, maddi ziyan olan 1767 manatdan 60 manatının ödənməsi, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 01 ədəd 18sm x 27sm ölçüdə, “USPA” markalı, orta ölçülü qadın çantasının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddia vermədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehlərin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Cinayət işinə əlavə edilmiş hesabatlardan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardımla bağlı Bakı şəhəri, 13 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkillər X6 və X2 hər biri üçün 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat ödənilməlidir. Məhkəmədə isə təqsirəndirilən şəxslərə təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi1 Əbülfət oğlu və X3 hüquqi yardım göstərmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X6 və X2 hər biri üçün 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat fəaliyyət göstərdikləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun, Müdafiəçi1 Əbülfət oğlu və X1 hər biri üçün 90 (doxsan) manat olmaqla ümumilikdə 180 (bir yüz səksən) manat fəaliyyət göstərdikləri Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməli, məhkəmə məsrəfi olan 50 manat pulun 25 manatı Təqsirləndirilən şəxs1 25 manatı Təqsirləndirilən şəxs2 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2021-ci il tarixdən hesablansın, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2021-ci il tarixdən hesablansın, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Məhkəmə məsrəfi 50 manat pulun 25 manatı Təqsirləndirilən şəxs1 25 manatı Təqsirləndirilən şəxs2 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izah edilsin ki, vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehlərin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları var. Göstərdikləri hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X6 və X2 hər biri üçün 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat fəaliyyət göstərdikləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun, Müdafiəçi1 Əbülfət oğlu və X1 hər biri üçün 90 (doxsan) manat olmaqla ümumilikdə 180 (bir yüz səksən) manat fəaliyyət göstərdikləri Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surətinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar