Məhkəmə qərarları › İş №1(101)-1486/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1486/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1486/2023 29.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:15 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1983-cü il tarixdə Cəlilabad rayonunun Abuşabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonunun Abuşabad kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, X9, nömrəsiz fərdi evdə müvəqqəti yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 9,986 qram təşkil edən psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 05 fevral 2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Zabrat şossesində yerləşən “Olimpiya Stadionu”nun yaxınlığında saxlanılaraq 14-cü Polis Bölməsinə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının arxa sol cibindən iki ədəd sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkisi 4,157 qram, 5,829 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 9,986 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, ali təhsillidir, 14 il İranda təhsil almışdır, ruhanidir. Dini qurumlarla iş üzrə dövlət komitəsinin rəsmi icazəsi ilə altı elmi dini kitabı çap olunmuşdur. 6 övladı var, onlardan yalnız biri yetkinlik yaşına çatmışdır. 4 uşağı azyaşlıdır, 1-i isə yetkinlik yaşına çatmamışdır. Bu ilin fevral ayının 1-də övladını Bakıya xəstəxanaya aparmış, həkimin məsləhəti ilə övladının 10 gün xəstəxanada yatmasına qərar verilmişdir. Hər gün həm uşağını görməyə X1 getmiş, həm də ona yemək aparmışlar. Ümumiyyətlə o, hər 25 gündən bir həm dərman üçün, həm də hər ay tibbi analizlərə görə xəstə övladını Bakıya xəstəxanaya gətirib aparmışdır. Buna görə də məcbur olub arada müvəqqəti Ramana Gülçülük qəsəbəsində dostunun evində yaşamışlar. 2022-ci tədris ilində müalicə uzun çəkdiyinə görə övladlarını 2-3 aylıq orada yerləşən 22 nömrəli tam orta məktəbə aparmışdır. Müalicə bitdikdən sonra onlar yenidən kəndə qayıtmışlar. Sonuncu dəfə həmin ünvanda yerləşən evə getdikdə onların 55 manat işığa borcları olmuş, buna görə də işığı kəsmişlər. 05 fevral tarixdə o, "xxxx" ASC-nin əməkdaşı ilə bir neçə dəfə telefonda danışmış, ona gözləməyini və əməkdaşların yaxınlaşacağını bildirmişlər. O da qapının qarşısına çıxıb işıq idarəsinin işçilərini gözləməyə başlamışdır. Təsvir etdiyi qaydada işıq idarəsinin işçilərini gözlədiyi vaxtda ona tanımadığı 4 nəfər şəxs yaxınlaşmışdır. O, əvvəlcə həmin şəxslərin gözlədiyi "xxxx" əməkdaşları olduğunu zənn etmişdir. Amma tam başqa vəziyyət yaranmışdır. Belə ki, həmin şəxslərdən ikisi – adlarını sonradan bildiyi Elçin və Azər adlı polis əməkdaşları onun qolundan tutub zor tətbiq etmiş, sürüyə-sürüyə dartıb onu maşına mindirmiş, qoluna qandal vurmuş və 14-cü Polis Bölməsinə aparmışlar. Saxlanmasının səbəbi barədə əvvəlcə ona heç nə bildirilməmişdir. Bölmədə təxminən saat 13:00 radələrində dəstəmaz alıb namaz qılması üçün şərait də yaradılmışdır. Şəxsi axtarış aparılacağı və ya hansısa qanunazidd əməldə şübhəli bilinməsi barədə heç nə bildirilməmişdir. Orada təxminən 2 saatdan çox gözlədilmiş, sonra da başqa bir otağa keçirilmiş və polis əməkdaşları onu döyməyə başlamışlar. Nəhayət, ona üzərinə narkotik vasitə qoyulacağı və onun da həmin maddəni üstünə götürməyi, guya onda həqiqətən belə maddə olmasını etiraf etməsini tələb etmişlər. Amma o bu işə razılaşmamışdır. Daha sonra onu təhqiqatçının otağına aparmışlar, təzyiqlər davam etdirilmiş, vəkilin iştirakı olmadan zorla 2 büküm narkotik vasitəni onun cibinə qoyub daha sonra çıxardaraq belə şəkildə də rəsmiləşdirmişlər. Etiraz əlaməti olaraq sənədləri imzalamamışdır. Ona qarşı edilmiş bu qanunsuzluğun düzgün araşdırılmasını istəyir. Ona qarşı bu əməl dini fəaliyyəti ilə bağlı törədilmişdir. O, bütün ömrü boyu dövlətinə, xalqına sədaqətli olmuş, heç bir başqa ölkənin maraqlarına xidmət etməmişdir. Əvvəllər də – 2021-ci ildə onun barəsində polis orqanında araşdırma aparılmış, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə dəvət olunmuş, onun İran İslam Respublikası ilə hər hansı şübhəli bağlılığı müəyyən edilməmişdir. Belə məsələnin olması da mümkünsüzdür. O, Vətənini sevən bir mömin olaraq həmişə dövlətinin yanında olmuşdur. O cümlədən dövlətin təhlükəsizlik orqanları ilə də ünsiyyəti olmuşdur. Dövlət təhlükəsizliyi orqanları da onu tanıyır və barəsində məlumatlıdır. Ona görə bütün bu halların nəzərə alınaraq heç bir cinayət törətmədiyi üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, hadisə vaxtı Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Camir adlı şəxs barəsində onlara əməliyyat məlumatı daxil olmuş, bu məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdə saat 13:00-da Sabunçu rayonu, Maştağa- Zabrat şossesində yerləşən “Olimpiya Stadionu”nun yaxınlığında saxlanılmış və Bölməyə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Daha sonra çəkisinin və növünün müəyyən olunması üçün ekspertizaya göndərilmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, əməliyyat məlumatı ona daxil olmuş, əməliyyata özü rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamış, heç bir xəsarət yetirilməmiş, əlləri bağlanmamışdır. Bölməyə gətirildikdən sonra onlarla birlikdə növbətçi hissənin qarşısında gözləmişlər. Rəhbərliyə məruzə etdikdən sonra aidiyyəti üzrə təhqiqatçının yanına aparmışlar. Gətirildiyi vaxtdan təxminən bir saat sonra hal şahidlərinin iştirakı ilə təhqiqatçının keçirdiyi şəxsi axtarışı zamanı onun əynindəki boz şalvarının arxa cibindən şəffaf sellofanda 2 büküm aşkar olunmuşdur. Şəxsin saxlanılması zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsindəki saat düzgündür. Təqsirləndirilən şəxs onlarla bir neçə saat birlikdə olub, həmin ərəfədə namaz vaxtı olmadığından Təqsirləndirilən şəxs də namaz qılması üçün şərait də yaradılmamışdır. Onların tərəfindən Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulmayıb. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs satışla məşğul olmasına dair onlarda hazırda məlumat yoxdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edilmiş oxşar məzmunlu ifadəsində göstərmişdir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Tərəflərindən əməliyyat yolu ilə xx xxxxx 1983-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Cəlilabad rayonu, Abuşabad kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, X9nda fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Sabunçu rayonu ərazisində üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat əldə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı raportla Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisinə müraciət edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunaraq rəhbərlik tərəfindən təsdiq olunmuş, ondan, 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Mais oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə edərək Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əvvəlcədən məlumatları olduğundan və tərəflərindən həmin şəxsin üzərində əməliyyat tədbiri keçiriləcəyi nəzərə alınıb, 14-cü Polis Bölməsinin növbədə olmuş təhqiqatçısı, polis mayoru X8 bu barədə məlumat verilmiş, o da bunu bilərək vəkil bürosu ilə əlaqə saxlayıb müdafiəçi lazım olacağı barədə məlumat vermişdir. Yəni bu tədbirdə müdafiəçi dəvət edilməsinə texniki vaxt itkisinə yol verilməmiş, tarixi və saatı əvvəlcədən planlaşdırılmış əməliyyat tədbiri olduğundan qısa bir vaxt ərzində saxlanılıb ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gətiriləcək Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdə saat 13:00-da Sabunçu rayonu Maştağa-Zabrat şossesində yerləşən Olimpiya Stadionun yaxınlığında tərəflərindən saxlanılıb, özlərini və xidməti vəsiqələrini təqdim edib, birlikdə Polis Bölməsinə getmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onların müşahidəsi altında bölməyə aparılmışdır, belə ki, onun əllərini cibinə aparmamağı və üzərində olan əşyaları tullamamasına nəzarət edilməklə 14-cü Polis Bölməsinə gətirilmişdir. Bu barədə əvvəlcədən təhqiqatçı məlumatlandırılmışdır. Təqsirləndirilən şəxs 14-cü Polis Bölməsinə təhvil verilməsi ilə bağlı tərəflərindən raportla bölmənin rəhbərliyinə məruzə edilmişdir. Polis Bölməsində təhqiqatçı Tahir Vəliyev xidməti otağında Təqsirləndirilən şəxs bölməyə gətirilməsinin səbəbləri tam izah olunmuş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına dəvət olunmuş Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X7 təqdim olunmuş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs onun üzərinə keçiriləcək baxış zamanı vəkilinin iştirakından imtina etmiş və bununla əlaqədar ərizə ilə müraciət eləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və bölməyə dəvət edilmiş hal şahidlərinin iştirakı ilə üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın arxa sol cibindən 2 ədəd şəffaf sellofana bükülmüş bükülünü və 01 ədəd ağ rəngli “Samsung A 50” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən açılmış və içərisində ağ rəngli kristalşəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi mobil telefon özünə məxsusdur, 02 ədəd sellofana bükülmüş bükülünün içərisində isə nə olmasını bilmir, ona məxsua deyil, digər suallara isə cavab vermək istəmir. Lakin tərəflərindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan metamfetamini Sabunçu rayonu ərazisində İran İslam Respublikası vətəndaşından almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, təqdim etdiyi əşyalardan başqa qanunla dövriyyəsi qadağan olunan digər əşya və predmet aşkar edilməmiş, götürülməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bükümlərə baxış keçirilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd sellofana bükülmüş bükülünü və 01 ədəd “Samsung A 50” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən tərtib olunmuş protokolun doğruluğu, onun, Şahid2, hal şahidləri Şahid3 və Şahid4 tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs isə heç bir əsaslı səbəb göstərmədən imza etməkdən imtina etmişdir. Bundan sonra isə vəkil Elnur Nəbiyev tərtib edilmiş protokolla tanış olmuşdur (cild 1, iş vərəqə 52-54). Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin digər əməkdaşı Şahid2 Mais oğlu Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verib onun göstərdiyi xüsusatları, habelə həm də özünün ibtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 2023-cü ilin fevral ayında hazırda dəqiq xatırlamadığı gündə Sabunçu rayonu, Maştağa qəsəbəsində olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, narkotiklərlə bağlı bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçirilməsində hal şahidi qismində iştirak etməsini xahiş etmişlər. Yeznəsi narkotiklə bağlı vəfat etdiyindən bu mövzu onun üçün həssas bir mövzudur, ona görə də razılaşıb getmişdir. Polis Bölməsində olarkən ondan sonra bir nəfər də hal şahidi kimi gəlmişdir. Bölmədə ona və digər şəxsə əvvəllər tanımadığı, heç bir münasibəti olmadığı “Olimpiya Stadionu”nun yaxınlığında saxlanılan şəxs təqdim edilmiş və həmin şəxsin Təqsirləndirilən şəxs olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoyması təklif olunmuş, sonuncu da şalvarının arxa cibindən iki ədəd «paraşok» formasında bükülü və bir ədəd «Samsung A 50» markalı mobil telefonu təqdim etmişdir. Sonra bu barədə protokol yazılmış, oxunduqdan sonra onu imzalamışdır. Məhkəmədə ona ünvanlanan sualları cavablandıraraq Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs hər hansı polis əməkdaşı tərəfindən təzyiq olunduğunu görməmişdir. Bir insan olaraq narkotik vasitəni və ondan istifadə edəni xoşlamır, əvvəllər heç vaxt narkotiklə bağlı cinayət işində şahid qismində iştirak etməmişdir. Aşkar olunan maddə ağ rəngdə, duz kimi bir şey olmuşdur. Fevral ayının hansı günü və saatı olması hazırda dəqiq yadında deyil. Bükümlərin stolun üstünə qoyulduqdan sonra açılıb-açılmaması yadında deyil. İbtidai istintaq zamanı vediyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs cibindəki narkotik vasitəni və telefonu özü çıxarıb təhvil vermiş, onun çıxarıb təhvil verdiyi 2 bükümə açılıb baxılmışdır. Polislə bağlı heç bir qorxusu yoxdur, danışacaqları ilə bağlı heç kim onu öyrətməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqə 58-60). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 və Şahid2 Mais oğlu arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər, Təqsirləndirilən şəxs isə 02 ədəd bükümdə olan metamfetaminin ona məxsus olmadığını, həmin metamfetaminin polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu bildirmişdir (cild 1, iş vərəqə 64-66, 67-69). Şəxsi axtarış və götürmə aparılması haqqında 05 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın arxa sol cibindən iki ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir (cild 1, iş vərəqə 29-31). Məhkəmə-kimyəvi ekspertizasının 06 fevral 2023-cü il tarixli 6/716 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №161” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 4,157 qram, 5,829 qram olmaqla ümumi təmiz çəkisi 9,986 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 9,886 qram təşkil etmişdir (cild 1, iş vərəqə 40-44). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 aprel 2023-cü il tarixli 2213 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 142-143). İbtidai istintaq orqanının 25 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 153-154). Cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə məlumat yoxlama zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqə 128-129). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il, xx.xx.2007-ci il, xx.xx.2012ci il, xx.xx.2016-cı il, xx.xx.2019-cu il və xx.xx.2021-ci il təvəllüdlü altı uşağı vardır (cild 1, iş vərəqə 134-136). Cinayət işinin materiallarında olan epikrizin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X5 Azərbaycan Tibb Universiteti Tədris-Terapevtik Klinikasında xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə «Digər orqan və sistemlərin zədələnməsi ilə gedən sistem qırmızı qurdeşənəyi. Residivləşən gedişli. Xroniki aktiv forma» diaqnozu ilə müalicə olunmuşdur (cild 1, iş vərəqə 137-138). Cəlilabad rayon sakinləri olan şəhid ailələri kimi X6, X4 məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs yalnız müsbət xarakterizə etməklə ona köməklik göstərilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 119). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən əlavə mötəbər sübutların əldə edilməsi məqsədilə onun istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələrinin kimə məxsus olması, həmin mobil nömrələrə 06 sentyabr 2022-ci il tarixdən 06 fevral 2023-cü il tarixə qədər daxil olan və çıxan zənglərdən və smslərdən çıxarışlar, smslə ötürülən mesajların mətnləri, çıxarışda əks olunan abonentlərin anket məlumatları və ünvanları, həmin nömrələrin qeyd edilən tarixlərdə hansı anten dairələrində istifadə edilməsi barədə vəsatətlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 11 aprel 2023-cü il tarixli qərarları ilə vəsatətlər təmin edilmişdir. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş 24 may 2023-cü il tarixli protokollardan görünür ki, müvafiq qərarların icrası ilə bağlı "xxxx" MMC-nin hüquq mühafizə orqanları ilə iş bölməsi ilə əlaqə saxlanılarkən texniki nasazlıq səbəbindən telefon məlumatlarına dair məlumatların əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Samsung A 50” markalı mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilərkən də cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar olunmamışdır (cild 1, iş vərəqə 74, 111-114, 121-125,140-141). Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı ehtimallara və fərziyyələrə əsaslanaraq əməlin törədilməsinin birbaşa təsdiqinə yönəlməyən sübutlara istinad edilməklə, heç bir mötəbər sübut əldə etmədən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan etmişdir. Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən ilkin mərhədə əməliyyat məlumatının daxil olması barədə raportda, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda, əməliyyat qrupunun təşkil edilməsi barədə protokolda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat daxil olması göstərilmiş, xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 4,5-6,7,9). Lakin zəruri mötəbər əsaslar olmadan xx.xx.2023-cü il tarixdə cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanmış, 07 fevral 2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqə 1, 76). Halbuki, həmin an üçün satış məqsədini təsdiq edən heç bir sübut mövcud olmamış və ibtidai istintaqın sonrakı mərhələsində də belə sübut əldə edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 9,986 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını, üzərindən aşkar olunan psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxs psixotrop maddəyə aidiyyəti barədə məlumatı əldə etmiş və psixotrop maddənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları da ifadələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış psixotrop maddəni satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmadığını göstərmişlər. Eyni zamanda Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə verilmiş əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli 076/284 nömrəli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni konkret olaraq kimə satması və ya ondan narkotik vasitə, psixotrop maddə almış şəxslər barədə məlumatların əldə edilməsi, həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır (cild 1, iş vərəqə 139). Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı psixotrop maddənin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin yalnız iki bükümdə və külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin ona heç bir aidiyyatının olmamasına, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən onun üstünə qoyulmasına, polis əməkdaşları tərəfindən ona qarşı təzyiq göstərilməsi, habelə döyülməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələrini təsdiq edə biləcək, prokurorluq orqanının müvafiq araşdırmanın nəticəsi olaraq bu xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda gəldiyi nəticənin təkzibinə yönəlmiş dəlillər müəyyən olunmadı. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, bir uşağının xəstə olmasını, himayəsində yetkinlik yaşına çatmayan və yetkinlik yaşına çatmaqla daha iki uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 05 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 17, 101-105). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 9,886 qram təşkil edən metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 41, 185). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 9,886 qram təşkil edən metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar