Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1487/2021 11.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, mülki iddiaçı AR Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən “Ləzzət” şirniyyat evində xonça dizayneri işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, dalan 7, mənzil 6 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs külli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək üçün 17 mart 2021-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, qrupunun istintaqla müəyyən edilməmiş üzvündən ölçüləri 0,003-0,126 karat intervalında olmaqla ümumilikdə 2171 karat olan, külli miqdarda, cəmi 224002,50 manat dəyərində brilyant qaşları əldə etmiş, əldə edilən razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 10 ədəd şəffaf sellofan paketlərə bölüb yapışqanlı lentlə 6 ədəd büküm halına salaraq 4 ədəd “Tiffany Glucose” markalı peçenye paketlərinin içərisində yerləşdirib “Oral” sözü yazılmış qəhvəyi rəngli çamadanın içərisinə qoymuş və 18 mart 2021-ci il tarixdə, saat 20 radələrində J2176 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazisində yerləşən X3 X5 Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, dalan 7, mənzil 6 ünvanında qeydiyyatda olmaqla yaşayır. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən “Ləzzət” şirniyyat evində xonça dizayneri işləyir. X15 2020-ci ildə imtahan verərək Türkiyənin “X12” Universitetinin “işlətmə” fakültəsinə daxil olmuş, odur ki, Türkiyəyə gedib onu yerbəyer etmək qərarına gəlmişdir. Türkiyəyə gedəcəyindən müdirindən icazə almalı olmuş, ona görə də müdiri Əsmər xanıma müraciət edərək oğlu Türkiyənin Bolu vilayətində yerləşən universitetinə qəbul olunduğu üçün ona 3-4 günlük icazə verməsini xahiş etmişdir. Əsmər xanım isə Türkiyəyə getmişkən orada olan şirniyyat və parça yerlərinə baxıb bəzi xonçaların şəkillərini çəkib ona atmasını və xoşlarına gələn nümunə olsa onları burada da tətbiq etməyi bildirmişdir. Əsmər xanım onun maddi imkanı aşağı olduğundan, həm xeyirxah insan olduğundan, işlə əlaqədar getdiyindən və onun otel rezerv etmək, bilet almaqdan başı çıxmadığından gedib ona 16 mart 2021-ci il tarixə Bakı-İstanbul reysinə bilet almış və İstanbul şəhərində yerləşən “İnn City” otelində 3 günlük yer rezerv etmişdir. Odur ki, 16 mart 2021-ci il tarixdə oğlu Ariflə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmək üçün X3 Hava Limanına getmiş, həyat yoldaşından ayrıldığından, oğlu Arif isə 18 yaşına çatmadığından ölkəni tərk etmək üçün keçmiş həyat yoldaşından etibarnamə almalı olmuşdur. Ondan etibarnamə alsa da, etibarnaməni düzgün almadığından aeroportda oğlunun onunla getməyinə icazə verməmişlər. Ona bileti Əsmər xanım aldığından, yəni Əsmər xanım ona köməklik etdiyindən bilet batmasın deyə, həm də onun yaxşılığının əvəzi olaraq heç olmazsa onun dediklərini etməyi düşünmüş, odur ki, oğlunu evə yola salmış və özü tək başına təyyarəyə minib İstanbula yola düşmüşdür. Həmin gün, yəni 16 mart 2021-ci il tarixdə, saat 16 radələrində İstanbul şəhərinə çatmış, taksiyə əyləşib “İnn City” otelinə getməli olduğunu bildirmiş və taksi də onu həmin otelə aparmışdır. Oteldə qeydiyyat şöbəsinə yaxınlaşıb adına otaq rezerv edildiyini bildirmiş və onu qeyd edilən otaqda yerləşdirmişlər. Həmin gün bir az istirahət etmiş, Türkiyəyə gələndə Əsmər xanım ona geyim kataloqlarını verdiyindən və onu gəlib oteldən Ali adlı bir şəxsin götürəcəyini bildirdiyindən elə həmin gün bir nəfər Ali adlı şəxs otelə gəlib həmin kataloqu ondan götürmüşdür. Həmin geyim kataloqu Bakı şəhərində yerləşən “Mama Luma” paltar dükanına aid kataloq olmuşdur ki, həmin dükana da rəhbərliyi Əsmər xanımgilin ailəsi edir. Həmin dükandan Türkiyədə də var və kataloqu götürən Ali də həmin İstanbul şəhərində yerləşən eyni adlı dükanın nümayəndəsidir. Bundan sonra istirahət etmək məqsədi ilə otelin yaxınlığında yerləşən bir kafeyə getmiş, orada bir nəfər türk ona yaxınlaşaraq onunla tanış olmaq istədiyini bildirmiş, özü də subay olduğundan onunla tanış olmuş və adının Ali olduğunu öyrənmişdir. Həm də hər dəfə Türkiyəyə gəlib-gedə bilməyəcəyindən həmin şəxs oğlu Arifə də Türkiyədə dayaq ola biləcəyini düşünmüşdür. Beləliklə də onlar tanış olmuş, bir-birilərinə mobil telefon nömrələrini vermiş və demək olar ki, bütün günü birlikdə olmuşlar. Ertəsi gün, yəni 17 mart 2021-ci il tarixdə Əsmər xanım vatsap proqramı ilə zəng edib şirniyyatlardan ibarət bir çamadanın qaldığı hotelin qeydiyyat şöbəsinə qoyulduğunu bildirib onu gedib götürməyini xahiş etmiş, o da gedib hotelin qeydiyyat şöbəsinə müraciət etmiş və həmin çamadanı gətirib otağına qoymuşlar. Həmin gün Ali ilə yenə eyni kafedə görüşmüş, söhbət əsnasında Ali ondan qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olmağı təklif etmiş, brilyant qaşların Türkiyədə Azərbaycandan daha ucuz qiymətə olduğunu və alğı-satqısı ilə məşğul olsalar yaxşı pul qazana biləcəyini demiş, özü də təklifin cəlbedici gəldiyini görüb Ali ilə razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən Ali ona brilyant qaşları verməli, özü onları gömrükdə rəsmiləşdirmədən keçirib Azərbaycana aparmalı və satışını həyata keçirdikdən sonra gəliri aralarında bölməli olmuşlar. Çünki oğlu Türkiyədə təhsil alacağından və bu səbəbdən də xərcləri artacağından əlavə bir işlə məşğul olmaq istəmişdir. Həmin gün Ali ayrılıb getmiş, bir neçə saatdan sonra həmin restorana gəlib bir qara bağlamada olan brilyant qaşları ona vermiş və pasportunun sürətini ondan istəmişdir. Özü də ona öz pasportunun surətini, Bakıdakı yaşadığı ünvanı vermiş, həmin gün internetdən qızıl-zinət əşyalarının gömrükdən keçirilməsi qaydaları ilə maraqlanmış və buna görə kifayət qədər rüsum ödənilməli olduğunu öyrənmişdir. Aliyə özünü qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olan kimi göstərmiş, ona görə də yenidən ona zəng edib həmin qaşlara görə əlavə pul verməsini istəməmiş, həmin brilyant qaşlara görə rüsum verməmək üçün onları sellofan torbalara bölərək hər hansı bir şirniyyatın içərisində gizlədib keçirməyi, çünki Alidən yenidən pul istəyəcəyi halda brilyant qaşları ondan geri alacağını, onu ciddi qəbul etməyəcəyini və beləliklə də pul qazanmaq arzusunun puç olacağını düşünmüşdür. Heç vaxt xarici ölkələrə getmədiyi üçün bunun adi bir şey olduğunu və pis halda onu buna görə cərimə edəcəklərini düşünmüş, cərimə edəndə də ona kömək edərlər deyə Aliyə və ya Əsmər xanıma deyəcəyini fikirləşmişdir. Ona görə də həmin gün otelin yaxınlığında olan marketlərdən birinə gedib yarım kiloqram üzərində “Tiffany Glucose” yazısı olan peçenye alıb otağına qayıtmış, əvvəlcə Alinin verdiyi brilyant qaşları 10 ədəd sellofan kəsiklərinə büküb onları yapışqanlı lentlə sarımış, sonra aldığı peçenyelərdən 4 ədədini səliqəli açıb içərisindən peçenyeləri çıxarmış və 10 ədəd bükümdəki brilyant qaşları peçenyelərin içərisinə yerləşdirib ağzını səliqəli şəkildə yapışdıraraq digər ağzı açılmamış peçenyelərin arasına qoymuşdur. Sonra isə həmin peçenyeləri həm əlavə yükü olmasın, həm də orada etibarlı yerdə olsun deyə Əsmər xanıma hədiyyə olaraq verilən çamadanın içərisinə yerləşdirmişdir. Çamadanı açarkən içərisində geyim kataloqlarının və geyimlərin qoyulması üçün qalın kağızdan olan paketləri görmüş, həmin kataloq və kağız paketlər əzilməsin deyə onları çamadandan götürüb ayrıca bir çantaya qoymuşdur. Ertəsi gün yenidən Ali ilə görüşmüş və bir qədər gəzib söhbət etmiş, sonra Ali taksi tutmuş və taksiyə minib aeroporta yola düşmüşdür. Əl yükünü baqaja təhvil verib təyyarəyə əyləşmiş və Bakıya yola düşmüşdür. Həmin gün, saat 20 radələrində gömrük nəzarətindən keçib əl yükünün baqajdan çıxmasını gözləmiş, ən sonuncu onun yükü gəlmiş və bir nəfər gömrük əməkdaşı yaxınlaşıb onu şəxsi yoxlama otağına dəvət etmişdir. Özü də şəxsi yoxlama otağına getmiş, orada üzərini yoxladıqdan sonra video çəkiliş aparmaqla əl yükünə baxış keçirilmiş və çamadanda olan sellofan torbadakı peçenyelərin içərisində gizlətdiyi brilyant qaşları aşkar edib götürmüşlər. Sonda aşkar edilənlərlə bağlı protokol tərtib edilmiş, özü də həmin protokolu imzalamışdır. Sonra izahatı alınmış, özü həm qorxduğu üçün, həm də gəlib onu qurtara bilərlər deyə yalandan həmin brilyant qaşların Əsmər xanıma məxsus çamadandan çıxdığını, özünə aidiyyətinin olmadığını bildirmişdir. Əslində isə həmin qaşların Əsmər xanıma və onun bacısı Sona xanıma heç bir aidiyyəti olmamış və onu Əsmər xanıma çatası çantaya özü qoymuşdur. Ola bilsin ki, söhbət əsnasında Aliyə etibarlı birisi kimi göründüyündən, aralarında səmimiyyət yarandığından Ali risk edib ona etibar etmiş, həm də o, kifayət qədər zəngin birisi olduğundan ola bilsin ki, həmin dəyərdə olan qızıl-zinət əşyaları onun üçün əhəmiyyətsiz olmuşdur. Ali qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olduğunu demiş, Aliyə həmin brilyant qaşları gömrükdən gizli keçirəcəyini deməmiş, aralarında həmin qaşları gömrükdən qayda-qanuna uyğun keçirəcəkləri və Azərbaycanda satışını həyata keçirdikdən sonra onun pulunu bank vasitəsi ilə göndərəcəyi barədə razılaşmışlar. Ali sonradan ona “signal” proqramı ilə zəng edib birliyantlar barədə soruşmuş, özü isə ona həmin brilyant qaşların rüsumunun ödənməli olduğu üçün gömrükdə saxlanıldığını, tez bir zamanda onların rüsumunu ödəyib malları götürəcəyini demiş, hətta sonradan malları artıq götürdüyünü və kiçik bir hissəsini də satdığını bildirmişdir. Ona görə də əvvəlcədən oğlunun təhsili üçün yığdığı 10000 ABŞ dolları pulu Türkiyəyə gedən tanışı Şahid3 vasitəsi ilə Aliyə göndərmiş, sonradan Ali zəng edib pulu götürdüyünü bildirmişdir. Ali “signal” proqramından istifadə edirdi deyə, özü də həmin proqramı yükləmiş və onlar həmin proqram vasitəsi ilə bir-birləri ilə əlaqə saxlamışlar. Əsmər xanım aktiv bir qadın olduğundan, demək olar ki, əlindən hər bir iş gəldiyindən, həm də o xarici ölkələrdə çox olduğundan brilyant qaşların ona məxsus olduğunu bildirəcəyi halda onun gəlib vəziyyətdən çıxa biləcəyini və ya cərimə olunacağı halda həmin cəriməni verib onu qurtara biləcəyini düşünmüş, çünki həmin vaxt çox həyəcanlı olmuş və tutulacağından qorxmuşdur. Sonradan bu işin cinayət məsuliyyəti yaratdığını və düzgün ifadə verməli olduğunu dərk edib hər şeyin düzünü demək qərarına gəlmiş, izahatda qorxduğu üçün həmin qaşların gizlədilməsindən xəbərinin olmadığını bildirmiş, sonradan düzgün ifadə verməyinin daha doğru olduğunu düşünmüşdür. Brilyant qaşları konkret satacağı şəxslər olmamış, sonradan qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olan mağazaları gəzib onlara təklif edəcəyini düşünmüşdür. Ali həmin gün, yəni saxlanılan gün yox, ertəsi gün onunla əlaqə saxlamış və ya həmin gün zəng edib və ya yazıbsa bəlkə də interneti olmadığı üçün mesajları və ya zəngləri daxil olmamışdır. Amma ertəsi gün mesajları daxil olmuş və özü də ona cavab vermişdir. Digər tərəfdən isə özü həmin gün Ali barədə heç nə bildirməmiş və gəlib onu oradan qurtarsınlar deyə brilyant qaşların Əsmər xanıma məxsus olduğunu demişdir. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində tələbə övladının olmasının, tək qadın olaraq ailənin yeganə qazanc gətirəni olmasının nəzərə alınaraq onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş AR DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 18 mart 2021-ci il tarixdə xidməti vəzifəsini X3 Aeroportunun T1 Terminalının gəliş zalının bunkerində quraşdırılmış rentgen aparatının monitoru qarşısında yerinə yetirərkən saat 20 radələrində J2-176 saylı İstanbul- Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məxsus çamadan rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsvirini görmüş, Təqsirləndirilən şəxs da gəliş zalındakı baqaj lentinin üzərindən baqajlarını götürüb gömrük nəzarətindən keçərkən mütləq qaydada əvvəlcədən yazılı formada bəyan etməli olan malları gömrük nəzarətinə təqdim etmədən, şifahi, yazılı və ya elektron qaydada bəyannamə tərtib etmədən çıxışa doğru getdikdə çamadanına yoxlama keçirilməsindən ötrü tərəflərindən otağa dəvət olunmuşdur. Otaqda video çəkiliş aparmaqla həmkarı – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1” Gömrük Postuna təhkim edilmiş Şahid2 iştirakı ilə həmin çamadana baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus üzərində “Oral” sözü yazılmış qəhvəyi rəngli çamadanın içərisində olan “Tiffany Glucose” peçenye paketlərinin 1 ədədinin içindən peçenyelərin arasından skoçlanmış vəziyyətdə 1 ədəd sellofan büküm, 1 ədədinin içindən 2 ədəd sellofan büküm, 1 ədədinin içindən 1 ədəd sellofan büküm, 1 ədədinin içindən 2 ədəd sellofan büküm, ümumilikdə 6 ədəd sellofan büküm aşkar olunmuş, bundan sonra həmin sellofan bükümlər açılmış, birinci bükümdən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş və gömrük nəzarətindən gizlədilmiş içərisində müxtəlif ölçüdə qaşlar olan 1 ədəd sellofan paket, ikinci bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan 1 ədəd sellofan paket, üçüncü bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan 2 ədəd sellofan paket, dördüncü bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan 2 ədəd sellofan paket, beşinci bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan 2 ədəd sellofan paket, altıncı bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan 2 ədəd sellofan paket aşkar olunmuşdur. Aşkar olunan qaşlar elektron tərəzidə çəkildikdə çəkisi qablaşdırması ilə birlikdə 441 qram təşkil etmiş, daha sonra əməkdaşları Şahid2 Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçirmiş, lakin sərnişinin üzərindən qeyriqanuni əşyalar aşkar edilməmiş, fakt üzrə aparılan araşdırma ilə əlaqədar aşkar olunan qaşlar qablaşdırılaraq və müvafiq protokol tərtib edilərək tərəflərindən götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş AR DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, “Ləzzət” şirniyyat evinin Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən İnşaatçılar filialında menecer vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, Bahar da işlədiyi “Ləzzət” şirniyyat evinin İnşaatçılar filialında xonça dizayneri işləyir. 2021-ci ilin aprel ayının 27-də anasının müalicəsi məqsədi ilə Türkiyənin İstanbul şəhərinə getmək üçün bilet almış və bu barədə işdə hamının məlumatı olmuş, Türkiyəyə getməmişdən 2 gün əvvəl Təqsirləndirilən şəxs ona müraciət edərək Türkiyədə bir nəfərə 10000 ABŞ dolları pul verməli olduğunu bildirib 10000 ABŞ dolları verəcəyi halda onu həmin şəxsə çatdıra bilibbilməyəcəyini soruşmuş, özü isə ona etiraz etməmişdir. Türkiyəyə getməmişdən bir gün qabaq Təqsirləndirilən şəxs ona 10000 ABŞ dolları verərək bir nəfərin gəlib həmin pulu ondan götürəcəyini bildirmiş və ondan hansı oteldə qalacağını soruşmuşdur. Özü isə ona Türkiyənin İstanbul şəhərində, Beşiktaş adlanan bölgəsində yerləşən “Conrad” otelində qalacağını bildirmiş, beləliklə də 2021-ci ilin aprel ayının 27-də, saat 06 radələrində özü, anası və xalası X3 Hava Limanına getmişlər. Biletləri qeydiyyatdan keçdikdən sonra təyyarəyə minmiş və təxminən 2 saat 40 dəqiqə yol getdikdən sonra Türkiyənin İstanbul şəhərinə çatmışlar. Ertəsi gün, axşam saat 21 radələrində bir nəfər Ali adlı türk otelin qeydiyyat şöbəsinə gəlib otağa zəng edərək Baharın dediyi Ali olduğunu bildirmiş, özü də aşağı düşüb Baharın verdiyi 10000 ABŞ dolları pulu sayaraq Aliyə təhvil vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 06 aprel 2021-ci il tarixli, 6/1255-9/1760 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qaşların 0,003-0,126 karat intervalında olmaqla ümumilikdə 2171 karat təşkil etməsi və ümumilikdə dəyərinin 224002,50 manat təşkil etməsi müəyyən edilmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 10 aprel 2021-ci il tarixli, 25/25/34/012/005510 nömrəli məktubla 224002,50 manat dəyərində olan brilyant qaşların gömrük dəyərinin 137559,87 manat, ödənilməli olan gömrük ödənişinin isə 49462,87 (Əməliyyat haqqı – 300 manat; idxal rüsumu – 20633,98 manat; ƏDV – 28528,89 manat) manat məbləğində müəyyən edilmişdir. (cild 01, iş vərəqə 57) İş materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1” Gömrük Postunda tərtib edilmiş 18 mart 2021-ci il tarixli “yoxlama, əşyaların və sənədin götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərində “Oral” sözü yazılmış qəhvəyi rəngli çamadana baxış keçirilərkən “Tiffany Glucose” peçenye paketlərinin 1 ədədinin içindən 1 ədəd sellofan büküm, 1 ədədinin içindən 2 ədəd sellofan büküm, 1 ədədinin içindən 1 ədəd sellofan büküm, 1 ədədinin içindən 2 ədəd sellofan büküm, ümumilikdə 6 ədəd sellofan bükümün, sellofan bükümlər açıldıqda isə 1-ci bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan bir sellofan paket, 2-ci bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan 1 ədəd sellofan paket, 3-cü bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan 2 ədəd sellofan paket, 4-cü bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan 2 ədəd sellofan paket, 5-ci bükümdən içərisində müxtəlif qaşlar olan 2 ədəd sellofan paket, 6-cı bükümdən isə içərisində müxtəlif ölçüdə qaşlar olan 2 ədəd sellofan paketin aşkar edilərək götürülməsi və ümumi çəkisinin 441 qram təşkil etməsi müəyyən edilmişdir. (cild 01, 09-14) İş materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1” Gömrük Postunda tərtib edilmiş Təqsirləndirilən şəxs məxsus üzərində “Oral” sözü yazılmış qəhvəyi rəngli çamadana baxış keçirilməsinə dair 18 mart 2021-ci il tarixli “yoxlama, əşyaların və sənədin götürülməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd “DVD” diskə baxış keçirilməsinə dair 03 may 2021-ci il tarixli protokoldan görünür ki, J2176 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Təqsirləndirilən şəxs X3 Hava Limanında əlində bir çanta ilə yaxınlaşaraq pasport qeydiyyatından keçməsi, sonra baqaja verdiyi çamadanı gözləməsi, çamadan gəldikdən sonra onu götürməsi, çamadanı götürdükdən sonra çıxışda quraşdırılmış monitora qoyub keçməsi, sonra gömrük əməkdaşları tərəfindən çamadana gömrük nəzarəti keçirmələri və sonda Təqsirləndirilən şəxs əl yükləri ilə birlikdə şəxsi yoxlama otağına aparılaraq videoçəkiliş aparmaqla çamadana baxış keçirib brilyant qaşları aşkar edərək götürmələri müəyyən edilmişdir. (cild 01, iş vərəqə 68) Təqsirləndirilən şəxs təqdim etdiyi “Xiaomi” markalı mobil telefona baxış keçirilməsinə dair 06 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrə ilə telefonun “Adlar” bölməsində telefon nömrəsi +**********18, adı isə “Ali İstanbul” olaraq qeyd edilmiş şəxs arasında “signal” proqramından istifadə etməklə brilyant qaşlar barədə danışığın aparılması müəyyən edilmişdir. (cild 01, iş vərəqə 86-102) İş üzrə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru Nümayəndə tərəfindən verilmiş mülki iddia və ona əlavə edilmiş etibarnamədən görünür ki, cinayət işi üzrə Dövlət Gömrük Komitəsinin mülki iddiaçı kimi tanınmasını, dövlətə vurulmuş 49462,87 manat məbləğində maddi ziyanın mülki cavabdehdən, Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməsini xahiş etmişdir. (cild 01, iş vərəqə 181-183) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 №-li qərarı ilə təsdiq edilmiş «Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi» Qaydalarına əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməlidir, malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün bəyannamə ilə birgə şəxs tərəfindən mallar barədə sahiblik, istifadə və (və ya) sərəncam vermə hüquqlarını təsdiq edən sənəd, yaxud istənilən digər sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli Qərarın 7-ci bəndində göstərilmişdir ki, şəxs malların və digər əşyaların qaçaqmalçılığında yalnız o halda təqsirli hesab edilə bilər ki, şifahi, yazılı şəkildə və ya elektron formada bəyan edilməli olan, lakin bəyan etməməklə və ya düzgün bəyan etməməklə, gömrük nəzarətindən kənar və ya ondan gizli, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların dəyəri CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən külli miqdar təşkil etmiş olsun. Həmçinin yuxarıda qeyd olunan Qərarın 19-cu bəndində göstərilmişdir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələrini və eləcə də digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilməklə, Ali adlı şəxsin qeyd edilən cinayətin törədilməsində iştirak etməməsi, yəni brilyant qaşları onun xəbəri olmadan peçenye qutularında gizlədərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməsini bildirərək, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən deyil, təkbaşına cinayət əməlini törətməsi barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyaraq, həqiqəti əks etdirmir və iş üzrə toplanılmış mötəbər sübutlarla tam təkzib edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-nin 15 may 2021-ci il tarixli, 012-6369-1221 №li məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (cild 01, iş vərəqə 120-121) Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti tərəfindən daxil olmuş 24 may 2021-ci il tarixli, 847/d nömrəli məktuba əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunur. (cild 01, iş vərəqə 134-137) İş materiallarında olan AZ-İ seriyalı 415263 nömrəli – ata qrafasında X9, ana qrafasında Təqsirləndirilən şəxs qeyd edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02.07.2003-cü il təvəllüdlü X10 olmaqla bir övladı vardır. Məhkəmə AR CM-in 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, əməlindən səmimi peşman olmasını, müsbət xarakterizə olunmasını, tək ailə başçısı olaraq himayəsində bir övladının olmasını, həmin övladının tələbə olaraq təsil almasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza şərti olaraq tətbiq edilməli və üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.3-cü maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru Nümayəndə tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində dövlətə vurulmuş 28828,89 manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan brilyant qaşların aşkar edildiyi üzərində “Tiffany Glucose” yazısı olan peçenyelər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 19 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vərəqə 213-214) Mülki iddia hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 aprel 2021-ci il tarixli, 88 nömrəli qərarına əsasən) uyğun olaraq yenidən hesablandıqdan sonra ölçüləri 0,003-0,126 karat intervalında olan 2171 karat brilyant qaşlara dair hesablanmış idxal rüsumunun ləğv edilməsi nəzərə alınmaqla gömrük ödənişləri ödənilməklə Təqsirləndirilən şəxs Böyükağa qızına geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 aprel 2021-ci il tarixli, 88 nömrəli qərarına əsasən 7102 yarımmövqelerinə aid sətrdəki mallara (emal olunmuş və ya olunmamış, lakin çərçivəyə salınmamış və ya bərkidilməmiş almazlar) görə idxal rüsumunun faiz dərəcəsi ləğv edilmişdir. Lakin iş üzrə Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 10 aprel 2021-ci il tarixli, 25/25/34/012/005510 nömrəli məktubla 224002,50 manat dəyərində olan brilyant qaşların 137559,87 manat məbləğindəki gömrük dəyərinə görə ödənilməli olan gömrük ödənişi hesablanarkən idxal rüsumunun dəyərini təşkil edən 20633,98 manat məbləğ də nəzərə alınmış və mülki iddia 49462,87 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru Nümayəndə tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, 28828,89 manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutub məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 05 il müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə tapşırılsın. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru Nümayəndə tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, 28828,89 manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Ölçüləri 0,003-0,126 karat intervalında olan 2171 karat brilyant qaşlar gömrük ödənişləri ödənilməklə Təqsirləndirilən şəxs Böyükağa qızına geri qaytarılsın. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan brilyant qaşların aşkar edildiyi üzərində “Tiffany Glucose” yazısı olan peçenyelər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1487/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1487/2021
11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver