Məhkəmə qərarları › İş №1(101)-1487/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1487/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1487/2022 17.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili X10 iştirakı ilə, xx xxxxxxx 1982-ci il tarixdə Tərtər rayonunun Qaraqoyunlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada ticarətlə məşğul olan, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Azadqaraqoyunlu kəndində qeydiyyatda olan və faktiki ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanda yerləşən binanın giriş dəhlizinin qarşısında qayınatası Zərərçəkmiş şəxs onun anası Şahid3 namusuna sataşması səbəbindən, şəxsi münasibətlərin pozulması zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsindən iki dəfə vurub sonuncuya qarınüstü nahiyənin sol iç səthinin daxilə (döş və qarın boşluqlarına) nüfuz etməyən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid deşilmiş-kəsilmiş yarası, böyük piyliyin zədələnməsi ilə müşayiət olunan gövdənin sol yan səthinin qarın boşluğuna nüfuz edən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında anası Şahid3 ilə birlikdə kirayə yaşayır. Uşaqlıqdan gözdən əlildir. Bir gözü 5 faiz, digər gözü 6 faiz görmə qabiliyyətinə malikdir. Eynəklə isə 50 faiz görmə qabiliyyəti vardır. O, azyaşlı olduğu vaxtlarda birinci Qarabağ müharibəsi zamanı atası və əmisi Marquşevan kəndi uğrunda gedən döyüşlərdə eyni gündə şəhid olmuşlar. Atası şəhid olandan sornra anası ailə qurmamış, onu və qardaşını böyük çətinliklə təkbaşına böyüdüb başa çatdırmışdır. 2004-cü il tarixdə X2 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2006-cı il təvəllüdlü və 2008-ci il təvəllüdlü iki qızı vardır. Son dövrlərdə həyat yoldaşı gözəllik salonunda işə düzəlmiş və bundan sonra münasibətlərində problemlər yaranmağa başlamışdır. Bir neçə ay əvvəl isə növbəti mübahisələri zamanı həyat yoldaşı daha onu və ailəsini bəyənmədiyini demiş və boşanmaq istədiyini bildirmişdir. Həmin mübahisədən təxminən bir ay sonra anası Şahid3 ona zəng vuraraq həyat yoldaşı Pərvanənin anası, dayısı və xalalarının yaşadığı ünvana gələrək Pərvanəyə məxsus əşyaları yığıb Pərvanə və övladları ilə birlikdə evi tərk etdiklərini demişdir. Bundan sonra qayınatası Zərərçəkmiş şəxs ünvan 3 ünvanda kirayə mənzil tutmuş və həmin mənzilə həyat yoldaşı Pərvanə ilə iki övladını köçürmüşdür. Qayıntanası Zərərçəkmiş şəxs həmin evə gedib özü də orada qalaraq ona övladlarını görməyə imkan verməmişdir. Pərvanə isə gözəllik salonunda işləməkdə davam etmişdir. Təxminən 2022-ci ilin mart ayının sonlarında Mediasiya Mərkəzindən ona zəng olunmuş və həyat yoldaşı Pərvanənin ondan boşanmaq istəməsi barədə məlumat verilmişdir. Amma o heç bir halda övladlarına görə boşanmaq fikrində olmamışdır. 04 aprel 2022-ci il tarixdə işdən çıxıb evə gəldikdə, anasının ağladığını görmüşdür. O, anasından nəyə görə ağlamasının səbəbini soruşduqda, anası təxminən 5 il bundan qabaq onun qayınatası Zərərçəkmiş şəxs və qayınanası Lətafət Məhərrəmova ilə birlikdə Tərtər rayonuna getdiyini, rayonda olarkən bir anlığa evdə Mirkazımla ikisi tək qalan kimi sonuncunun onun üstünə hücum edərək «səndən ötrü ölürəm» deyib ona əxlaqsız təklif etdiyini və qucaqladığını, birtəhər müqavimət göstərib əlindən qurtulduğunu, Mirkazımı itələyərək bir daha belə rəftar etməməsini bildirdiyini demişdir. Ona görə də anası ona Lətafəti güclə arvad kimi saxlamağın və ailə görüntüsü yaratmağın mənasız olduğunu bildirmişdir. Anası həm də demişdir ki, sonrakı vaxtlarda da Mirkazım davranışından əl çəkməmiş, imkan olan kimi əsl sifətini göstərərək onu ələ keçirməyə çalışmışdır, amma ötən illər ərzində ailəsini qoruyub saxlamaq xatirinə bu məsələni açıb ona danışmamışdır. Amma artıq boşanma ərəfəsində olduğundan anası bu məsələni açıb ona demişdir. Bunu eşitdikdə əsəbiləşmiş və özünü güclə ələ almışdır. 08 aprel 2022-ci il tarixdə saat təxminən 19 radələrində xalası oğlu Şahid2 Məhəmməd oğlu ilə birlikdə işdən çıxıb yaşadığı evə gəlmişdir. Həmin gün xalası oğlu Şükür onun evində qonaq qalacaqdı. O, evə gəldikdən təxminən 10-15 dəqiqə sonra dayısı Şahid1 da qonaq gəlmişdir. Onlar hamısı birlikdə yemək yedikdən sonra söhbətləşməyə başlamışlar. Söhbət əsnasında dayısı Tofiq onun həyat yoldaşı Pərvanə ilə artıq barışmağının lazım olduğunu bildirmişdir. Bundan sonra dayısı qayınatası Mirkazıma zəng vuraraq, onunla həyat yoldaşı Pərvanəni barışdırmağı təklif etmiş, amma qayınatası bunun mümkün olmayacağını bildirmişdir. Dayısı Mirkazımdan bunun səbəbini soruşduqda, qayınatası açıqlama verməyəcəyini və barışıq olmayacağını deyib telefonu söndürmüşdür. Bundan sonra o, dözə bilməyib, Mirkazımın onun qeyrətinə toxunaraq, anasının namusuna sataşması barədə dayısı Tofiqə danışmışdır. Bunu eşidən dayısı da özündən çıxaraq, anasından bir daha bu məsələni soruşmuşdur. Anası da onun dediklərini təsdiq etdikdən sonra, dayısı yenidən qayınatası Mirkazıma zəng vurmuşdur. Dayısı telefonda Mirkazımdan anası Bəstinin namusuna sataşıb-sataşmaması barədə soruşmuşdur. Mirkazım da sataşdığını təsdiqləyərək əcəb etdiyini deyib telefonu söndürmüşdür. Bundan sonra o, dayısı Tofiqə sakitləşməsini demiş və bu məsələnin onun problemi olduğunu bildirmişdir. Bundan sonra özü qayınatası Mirkazıma zəng vuraraq yaşadığı evin blokuna düşməsini istəmiş, Mirkazım da onunla razılaşmışdır. Daha sonra o, evdən çıxaraq siqaret almağa getmişdir. Marketdən siqaret alarkən həm də pivə almışdır ki, bəlkə pivəni içsə əsəbləri sakitləşər. Pivəni içə-içə yaşadığı binaya tərəf gəlmiş, dayısı Tofiq və xalası oğlu Şükürün yaşadığı binanın blokundan düşməsini görmüşdür. O, pivə butulkasını yolun kənarına atmışdır ki, dayısı və xalası oğlu onun spirtli içki içdiyini bilməsinlər. Çünki o, gözündən əməliyyat olduğundan ona spirtli içki qəbul etmək olmaz. Bundan sonra o, dayısı və xalası oğlu Şükür ilə birlikdə onun etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze" markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və qayınatasın yaşadığı ünvan 4 ünvana getmişlər. Avtomobili xalası oğlu Şükür idarə etmiş, o, arxa sağ oturacaqda və dayısı Tofiq isə qabaq sağ oturacaqda oturmuşdur. Təxminən saat 23 radələrində qayınatasının yaşadığı binanın yanına çatmışlar. Xalası oğlu avtomobildən düşməmiş, o və dayısı isə avtomobildən düşərək qayınatasının yaşadığı binanın giriş dəhlizinə tərəf getmişlər. Onlar giriş dəhlizinin qarşısına çatdıqda qayınatasının liftdən yeni düşdüyünü görmüşlər. O, çatan kimi Mirkazımdan anası Bəstinin namusuna sataşmasını soruşduqda, Mirkazım təsdiq edib «əcəb eləmişəm» deyə cavab vermişdir. O, Mirkazıma etdiyi əməlin şərəfsizlik olduğunu dedikdə, Mirkazım onun sifət nahiyəsindən yumruqla vurmuşdur. Həmin yumruq onun sifətinin sol hissəsinə dəymiş, elə bir xəsarət almamış, amma eynəyi yerə düşmüşdür. Bundan sonra yerə düşən eynəyini götürmüş və avtomobilə tərəf getmişdir. Dayısı Tofiq isə həmin yerdə qalaraq qayınatası ilə söhbət etmişdir. O isə avtomobilin sol qabaq sükan oturacağının sol yanında yerləşən cibdə olan bıçağı götürüb geri qayıtmışdır. Xalası oğlu Şükür avtomobildən düşmüş və uzaqdan onları seyr etmiş, amma bu məsələyə qarışmamışdır. O, qayınatası Mirkazımın yanına çatdıqda sağ əlində tutduğu bıçaq ilə onun qarın nahiyəsinə bir dəfə vurmuşdur. Hava qaranlıq olduğundan Mirkazım onu nə ilə vurduğunu anlamamış, hətta dayısı da onun bıçaqla vurduğunu bilməmişdir. Birinci dəfə vurarkən Mirkazım bir qədər geri çəkilmiş, ardınca təxminən 20 saniyə sonra ikinci dəfə yenidən bıçaqla Mirkazımın qarın nahiyəsinə vurmuşdur. Mirkazım onun əlindəki bıçağı görüb, cəld qaçaraq liftə minib yaşadığı evə qalxmışdır. Bundan sonra artıq bıçaqla vurduğunu başa düşən dayısı Tofiq gedib etdiyi əməl barədə polisə məlumat verməyin vacib olduğunu bildirmiş, o da Tofiqlə razılaşmışdır. Daha sonra onlar 35-ci Polis Bölməsinə tərəf getmiş, 08 aprel 2022-ci il tarixdə təxminən saat 24 radələrində onlar 35-ci Polis Bölməsinə çatmışlar və baş vermiş hadisəni bölmədə danışmışlar. O, Mirkazımı şəhid atasının namusuna sataşdığı üçün bıçaqla vurmuşdur. Sonradan Mirkazımla aralarında barışıq əldə olunmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmədən himayəsində iki uşağının olmasının, polisə könüllü gedib təqsirini boynuna almasının, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin, anadangəlmə üçüncü dərəcə əlil olmasının, atasının və əmisinin X9 şəhid olmalarının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs göstərmişdir ki, Tərtər rayonu, Aşağı Qapanlı kəndində ailəsi ilə birlikdə yaşayır. İşləmir. Əvvəllər məhkum olunmamışdır. 2004-cü ildə qızı X1 Zamiq Təyyub oğlu ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahından X5 və X6 adlarında nəvələri dünyaya gəlmişdir. X16 və kürəkəni Təqsirləndirilən şəxs ailə qurduqları müddət ərzində ailədaxili mübahisələri ilə bağlı məlumatı olmamışdır, lakin son 1 il müddətdir ki, aralarında ailədaxili mübahisələr olmuşdur. Hətta 2022-ci ilin mart ayında artıq qızı Pərvanə Tanırverdiyeva kürəkəni Təqsirləndirilən şəxs boşanma vəziyyətinə gəlmişdir. Onların ailədaxili mübahisələrini gördükdə o və ailəsi qızı Pərvanə Tanırverdiyevanı yaşadığı ünvan 1 ünvanından ünvan 5, orada qızı Pərvanə Tanırverdiyeva, övladları və onunla birlikdə kirayə yaşamağa davam etmişdir. 2022-ci ilin mart ayında qızı Pərvanə Tanırverdiyeva həyat yoldaşı Təqsirləndirilən şəxs və qayınanası Şahid3 əməllərindən bezdiyindən boşanmaq üçün məhkəməyə müraciət etmişdir. İlkin vaxtlarda o, qızının 2 qız övladının olmasını düşünüb Təqsirləndirilən şəxs boşanmamasını istəsə də, o, qızının gələcəyini və artıq rahat yaşaya bilmədiyini fikirləşib qızının fikirləri ilə razılaşmışdır. Onu da qeyd etmişdir ki, 2022-ci ili aprel ayının əvvəllərində kürəkəni Təqsirləndirilən şəxs dayısı Şahid1 əvvəl kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 50, mənzil 107 ünvanına gələrək, qızı Pərvanə Tanırverdiyeva ilə kürəkəni Zamiq Tanrıverdiyevin barışması üçün söhbətləşmiş, ilkin olaraq onların 2 qız övladının olmasını nəzərə alaraq razı olsa da, Şahid1 bu barədə daha sonra yenidən söhbətləşəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə axşam radələrində Şahid1 ona zəng vuraraq qızı Pərvanə Tanırverdiyeva və kürəkəni Təqsirləndirilən şəxs barışması ilə bağlı təklif etmişdir. O isə artıq qızının boşanma üçün müraciət etdiyini düşünüb, belə bir məsələnin mümkün olmayacağını Şahid1 bildirmiş və mobil telefonu söndürmüşdür. Bundan bir qədər sonra Şahid1 yenidən ona zəng vuraraq, bacısı Bəsti Şahbazovun namusuna sataşmağı barədə ona bildirdikdə, artıq o, əsəbləşmiş və mobil telefonu söndürmüşdür. Bundan sonra kürəkəni Təqsirləndirilən şəxs ona zəng vuraraq yaşadığı ünvan 3 ünvandan yerləşən binanın blokuna gələcəyini və onun da həmin binanın blokuna düşməyini istəmişdir. O da Təqsirləndirilən şəxslə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində o, artıq kürəkəni Təqsirləndirilən şəxs yaşadığı binanın blokuna gələcəyini bilib, mənzildən çıxaraq lift vasitəsi ilə bloka düşmüşdür. O, liftdən yeni düşmüşdür ki, Şahid1 və kürəkəni Təqsirləndirilən şəxs yaşadığı binanın blokun qarşısında olduğunu görmüşdür. O, onlarla üzləşdikdə Təqsirləndirilən şəxs ona şərəfsiz deyərək, təhqir etmiş və o, Zamiqin üz nahiyəsinə yumruqla itələmişdir ki, ondan uzaq dursun. Bundan sonra qonşulardan tanımadığı şəxslər mübahisə etməyin mənasız olduğunu deyərək irad bildirib oradan uzaqlaşmışlar. Ardınca o, Şahid1la söhbətləşməyə başlamışdır. Bu zaman o, Təqsirləndirilən şəxsa fikir verməmişdir. Çünki hava artıq qaranlıq idi. Bundan sonra Təqsirləndirilən şəxs ona yaxınlaşıb əlində nə olduğunu bilmədən onun qarın nahiyəsindən vurmuşdur. Zamiq ona vuran zaman bir qədər geri çəkilmişdir. Birinci zərbədən dərhal sonra yenidən onun qarın nahiyəsindən ikinci dəfə zərbə endirmişdir. Ancaq ilkin olaraq Zamiqin onu bıçaqla vurmasını bilməmişdir. O, kürəkəni Təqsirləndirilən şəxs onu nə ilə vurmasını söylədikdə, Zamiq onu bıçaqla vurduğunu bildirmişdir. Sonradan o, Zamiqin əlinə fikir verdikdə əlində bıçaq olduğunu görmüşdür. Bundan dərhal sonra qarın nahiyəsindən qan axdığını və qarnına istilik gəldiyini hiss edərək, sürətli şəkildə binanın liftinə daxil olub yaşadığı mənzilə getmişdir. Yaşadığı mənzildə ona təcili tibbi yardım çağırılmış və yaşadığı mənzildən təcili tibbi yardım vasitəsilə 3 saylı Sabunçu xəstəxanasına gətirilmişdir. Həmin yerdə ona ilkin tibbi yardım göstərilmiş və əməliyyat olunmuşdur. Qeyd olunan vaxtda və yerdə kürəkəni Təqsirləndirilən şəxs ona qəsdən xəsarət yetirən zaman ətrafda heç kəs olmamışdır. Yalnız kürəkəninin dayısı olan Şahid1 yanlarında idi. Təqsirləndirilən şəxs ona bıçaqla ard-arda iki bıçaq zərbəsi ilə xəsarət yetirmişdir (cild 1, iş vərəqə 148-151). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Tərtər şəhəri, Azadqaraqoyunlu kəndində qeydiyyatda olsa da, ünvan 1 ünvanında oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Mərhum həyat yoldaşı X11 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunda gedən döyüşlərdə qaynı ilə birlikdə eyni gündə şəhid olmuşdur. İki övladını min bir əziyyətlə, şəhid ailəsi kimi şərəflə, namusla böyüdüb boyabaşa çatdırmışdır. Oğlu Təqsirləndirilən şəxs 2004-cü ildə X2 ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahından 2006-cı il təvəllüdlü və 2008-ci il təvəllüdlü qız övladları vardır. Hələ vaxtikən onların toyunu edəndə yaxın qohum-tanışlardan bir neçəsi ayrı-ayrılıqda ona yaxınlaşıb övladına xoşbəxtlik arzulamaqla bərabər, eyni zamanda, qızın atası Mirkazımın şorgöz, namussuz bir adam olması barədə onu xəbərdar etmiş, tək qadın olduğuna görə bir az diqqətli olmasını, hər fürsətdə qadınlara sataşmağa meylli olan Mirkazımın onun da namusuna toxunmağa cəhd edə biləcəyi barədə diqqətinə çatdırmışlar. Amma övladının xoşbəxt olması onun üçün çox önəmli olduğundan bu söhbətlərə o qədər də ciddi əhəmiyyət verməmişdir. Zamiqin evliliyinin ilk dövrlərində Tərtər rayonu, Qaraqoyunlu kəndində yaşasalar da, təxminən 10 ildən artıq müddətdir ki, Bakı şəhərinə köçmüş və oğlu Zamiq, gəlini Pərvanə və nəvələri ilə birlikdə yaşamışlar. Zamiqin Pərvanə ilə münasibətləri normal olmuş, arabir aralarında mübahisələr olsa da, qısa müddətdə barışmışlar. Qudaları ilə də münasibətləri daim yaxşı olmuş, Mirkazımla ünsiyyətdə həmişə ehtiyatlı olmuş, hansısa bir xoşagəlməz məqamla üzləşməmək üçün heç bir fürsət yaratmamış, həm də qudasının ona qarşı belə bir addım ata biləcəyinə o qədər də inanmamışdır. Adətən qudaları Bakıya gəldikdə onun yaşadığı evə qonaq gəlmişlər, həmçinin o da rayona getdikdə qudalarının evində qonaq qalmışdır. Təxminən 5 il əvvəl yay aylarında Tərtər rayonu, Qaraqoyunlu kəndinə getmiş və kənddə olarkən qudaları Mirkazım və Lətafətin evinə gedib qonaq olmuşdur. Mirkazımın həyat yoldaşı Lətafət ilə birlikdə mətbəx otağında yemək hazırlamışlar, Mirkazım da evin qonaq otağında divanda əyləşmişdir. Daha sonra Lətafət həyətdən reyhan dərmək üçün bayıra çıxmışdır. O da mətbəxdən digər otağa keçmək istəyəndə Mirkazım evdə ondan başqa heç kəsin olmadığını görüb cəld ona yaxınlaşmış, «səndən ötrü ölürəm» deyib əllərini açaraq onun çiyinlərindən yapışmış və ona əxlaqsız təklif etmişdir. Cəld Mirkazımı əlləri ilə itələyib, etdiyi hərəkətin düzgün olmadığını demiş, dərhal evi tərk edərək bayıra çıxmışdır. Mirkazım ilə aralarında baş vermiş bu hadisəni heç kəsə danışmamışdır. Oğlu Zamiqin ailəsində problemlər yaranmaması üçün bu məsələni gizli saxlamışdır. Amma Mikazım hər fürsətdə ona ilişməyə cəhd göstərmiş, fürsət düşən kimi əlini ona sürtməyə, toxunmağa cəhd etmiş, ona qarşı olan əxlaqsız niyyətindən heç cür əl çəkməmişdir. Son dövrlərdə gəlini Pərvanə gözəllik salonunda işə düzəlmiş və işə başladıqdan bir müddət sonra onda dəyişikliklər baş vermiş, Zamiqlə aralarında müntəzəm mübahisələr yaranmağa başlamışdır. Mübahisələr getdikcə artmış, artıq Pərvanə oğlu Zamiqə boşanmaq istədiyini bildirmişdir. Mirkazım da hər vəchlə qızını dəstəkləmişdir. 2022-ci ilin fevral ayında evə qayıtdıqda, Pərvanənin anasının, dayısının və xalalarının yaşadığı evdə olduqlarını görmüşdür. Onlar gəlini Pərvanəyə məxsus əşyaları yığaraq, nəvələrini də götürüb evi tərk etmək istəmişlər. O, Zamiqə zəng vurmuş və baş verənləri Zamiqə danışmışdır. Bundan sonra Pərvanə anası, dayısı, xalaları və övladları ilə birlikdə evi tərk edərək, qudası Zərərçəkmiş şəxs kirayə tutduğu Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 50, mənzil 107 ünvanına köçmüşlər. 2022-ci ilin mart ayının sonlarında artıq Pərvanənin oğlu Zamiqdən boşanmaqla bağlı Mediasiya Şurasına müraciət etməsi ilə əlaqədar oğluna rəsmi məlumat verilmişdir. 04 aprel 2022-ci il tarixdə axşam radələrində evdə olarkən qudası Mirkazımın ötən müddət ərzində ona qarşı etdiyi əxlaqsız hərəkətlər yadına düşdüyündən ağlamışdır. Həmin vaxtı oğlu Zamiq evə gəlib onun ağladığını görmüş, nəyə görə ağladığını soruşduqda artıq baş verənləri ürəyində saxlaya bilmədiyindən qudası Mirkazımın ona əxlaqsız təkliflər etməsini Zamiqə danışmış, belə bir adamın qızı ilə münasibətləri məcburi saxlamağın da mənasız olduğunu demişdir. Zamiq bunu eşidəndə özündən çıxsa da, səbrini saxlayıb evdən çölə çıxmamışdır. 08 aprel 2022-ci il tarixdə saat 19 radələrində bacısı oğlu Şahid2 və oğlu Zamiq evə gəlmişlər. Onlar gəldikdən təxminən 10 dəqiqə sonra qardaşı Şahid1 da evə qonaq gəlmişdir. Onlar birlikdə yemək yedikdən sonra Zamiq qudası Mirkazımın ona qarşı etdikləri barədə qardaşı Tofiqə danışmış, Tofiq bunu eşitdikdə özündən çıxmışdır. Tofiq Mirkazıma zəng vurub, nəyə görə belə hərəkət etməsi barədə soruşmuş, amma Mirkazımın nə cavab verməsini bilməmişdir. Ardınca oğlu Zamiq də Mirkazıma zəng vurmuş və yaşadığı binanın girişinə düşməsini istəmiş və özünün də həmin ünvana gələcəyini bildirmişdir. Nə qədər onların getməməsi üçün cəhd göstərsə də, onlar qulaq asmamışlar. Əvvəlcə Zamiq siqaret almaq üçün evdən çıxmış, ardınca isə bacısı oğlu Şükür və qardaşı Tofiq də getmişdir. Onlar getdikdən təxminən 30 dəqiqə sonra o, bacısı oğlu Şükür ilə əlaqə saxladıqda, X17 bıçaqla vurduğunu öyrənmişdir. Bundan sonra o, kiçik oğlu Faiqin evinə gedərək baş verənləri danışmış, həmin günü də Faiqin evində qalmışdır. O, Mirkazımın etdiyi bu hərəkət barədə əvvəllər yalnız kiçik oğlu Faiqə danışmışdır. Çünki, Faiq Zamiqdən daha sakit təbiətli olmuş, Zamiqin bu məsələni biləndən sonra nəsə edəcəyindən qorxmuşdur. Mirkazım bütövlükdə qohum-əqraba, tanışlar arasında şorgöz və nadürüst bir insan kimi tanınmışdır. Hazırda aralarında barışıq əldə olunmuşdur. Xəcalətindən tanışların arasına çıxmaq istəməyən Mirkazım məhkəməyə də əslində etdiyi bu biabırçı əmələ görə gəlmək istəmir. Bütün bu halların, şəhid övladı və uşaqlıqdan gözdən əlil olmasının nəzərə alınıb, şəhid ailəsində namusla və böyük əzab-əziyyətlə böyütdüyü oğlu Zamiq barəsində ən humanist qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı Bəstinin oğludur. Yeznəsi X9 şəhid olmuş və bundan sonra bacısı iki azyaşlı övladını böyük əzab-əziyyətlə böyütmüşdür. Bu illər ərzində bir qardaş kimi imkanı çərçivəsində uşaqları böyütməkdə bacısına köməklik etmişdir. Zamiqin həyat yoldaşı Pərvanə ilə ailədaxili problemləri barədə xəbər tutandan sonra tez-tez onlara gedib haləhval tutmuşdur. Bir müddət sonra iki uşağını da götürərək evdən çıxıb getmiş və ünvan 3 ünvana köçmüşdür. Onların həmin evə köçməyinə isə Pərvanın atası Zərərçəkmiş şəxs Bəkir oğlu kömək olmuşdur. O, bunları biləndə 06 aprel 2022-ci il tarixdə Zamiqin iki azyaşlı övladının olmasını nəzərə alıb sonuncunun xoşbəxt olmasını istədiyi üçün Mirkazımın yaşadığı evə tək getmişdir. Mirkazım onu içəri dəvət etmiş və onlar qonaq otağında oturaraq söhbətləşməyə başlamışlar. Söhbət əsnasında o, Mirkazıma Pərvanə ilə Zamiqin yenidən barışmasını dedikdə Mirkazım ona bu barədə fikirləşəcəyini və barışması üçün köməklik edəcəyini, iki gün sonra yenidən onun evinə gələ biləcəyini bildirmişdir. 08 aprel 2022-ci il tarixdə saat təxminən 19 radələrində o, Zamiqin yaşadığı evə gedərək Mirkazıma zəng edib Zamiq ilə Pərvanəni barışdırmağı, Pərvanəni və övladlarını yenidən Zamiqin yanına qaytarmağı istəmişdir. O, Zamiq, digər bacısı oğlu Şahid2 və bacısı Bəsti birlikdə nahar etdikdən sonra, o, Mirkazıma zəng etmiş və Mirkazımdan Zamiq və Pərvanənin barışması məsələsini bir daha soruşmuşdur. Mirkazım isə bunun mümkün olmayacağını və Pərvanənin barışmaq istəmədiyini ona bildirmiş, ardınca telefonu söndürmüşdür. Bundan sonra Zamiq ona beş il bundan qabaq Mirkazımın bacısı Bəstinin namusuna toxunmaq istəməsi barədə danışmış, o da bunu eşitdikdə özündən çıxmışdır. Dərhal Mirkazıma zəng etmiş, bu barədə Mirkazımdan soruşduqda, Mirkazım təsdiqləyərək «əcəb etmişəm» deyə bildirmişdir. Daha sonra Zamiq Mirkazıma zəng vuraraq yaşadığı binanın girişinə düşməsini istəmiş və özü də ora gələcəyini demişdir. O da digər bacısı oğlu Şükür ilə birlikdə Zamiqlə getmək qərarına gəlmişlər. Bacısı Bəsti onların getməsinə mane olmaq istəsə də, onlar yenə də getməyə hazırlaşmışlar. Zamiq marketdən siqaret almaq üçün onlardan qabaq aşağı düşmüşdür. Bir qədər sonra onlar da Zamiqin ardınca binanın qarşısına düşərkən sonuncunun artıq marketdən gəldiyini görmüşlər. Onlar Zamiqin etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişlər. Avtomobili Şükür idarə etmiş, o qabaq sağ oturacaqda, Zamiq isə arxa sağ oturacaqda əyləşmişdir. Onlar təxminən saat 23 radələrində Mirkazımın yaşadığı binanın yaxınlığında avtomobili saxlamışlar. Şükür avtomobildə qalmış, Zamiqlə o, avtomobildən düşərək Mirkazımın yaşadığı binanın girişinə tərəf getmişlər. Binanın girişinə çatdıqda Mirkazım həmin vaxt liftdən düşmüşdür. O, Mirkazımdan bacısının namusuna sataşıb-sataşması barədə soruşmuşdur. Onun ardınca Zamiq də Mirkazımdan niyə belə bir şərəfsizlik etməsi barədə soruşduqda, Mirkazım yumruqla Zamiqin üz nahiyəsinə vurmuş, həmin vaxt Zamiqin eynəyi yerə düşmüşdür. Zamiq eynəyini götürüb oradan uzaqlaşmış, o isə Mirkazımla söhbətləşməyə başlamışdır. Bir neçə dəqiqə sonra yenidən Zamiq onlara yaxınlaşmış və əlində gətirdiyi bıçaqla Mirkazımın qarın nahiyəsinə bir dəfə vurmuşdur. Hava qaranlıq olduğundan o, əvvəlcə Zamiqin Mirkazımı nə ilə vurmasını görməmişdir. Birinci zərbədən sonra gözləmədən ikinci dəfə Zamiq Mirkazımın qarın nahiyəsinə yenidən vurmuşdur. Zamiq Mirkazımı bıçaqla vurduğunu dedikdən sonra o, Zamiqin sağ əlinə baxdıqda əlində bıçaq olduğunu görmüşdür. Daha sonra Mirkazım qorxaraq cəld şəkildə liftə minib yaşadığı mənzilə getmişdir. O da X25 gedib baş verənlər barədə məlumat verməyi təklif etmiş, Zamiq də onunla razılaşmışdır. Onlar 35-ci Polis Bölməsinə gedib baş verənlər barədə polis əməkdaşlarına məlumat vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, hal-hazırda xalası Şahid3 və xalası oğlu Zamiqlə birlikdə yaşayır. 2021-ci ilin oktyabr ayında anası X19 vəfat etdikdən və xalası oğlu Zamiqin həyat yoldaşı, övladları yaşadıqları evdən köçdükdən sonra o da Zamiqin evinə köçərək orada yaşamağa başlamışdır. Xalası oğlu Zamiq də onun kimi “Sədərək” Ticarət mərkəzində ticarətlə məşğuldur. O, Zamiqlə birlikdə səhər təxminən saat 07 radələrində işə gedir, axşam saat 19 radələrində isə işdən evə qayıdırlar. O, həmin evdə yaşadığı müddət ərzində Zamiqin həyat yoldaşı Pərvanə ilə aralarının soyuq olduğunu və boşanma ərəfəsində olduğunu bilmişdir. 08 aprel 2022-ci il tarixdə təxminən saat 19 radələrində Zamiqlə birlikdə evə qayıtmışlar. Onlar evə qayıtdıqdan təxminən 10 dəqiqə sonra dayısı Tofiq də qonaq gəlmişdir. Hamısı birlikdə yemək yeyib söhbətləşərkən Zamiq dayısı Tofiqə, xalası Bəstinin Tərtər rayonunda qudası Zərərçəkmiş şəxs evində qonaq olarkən, Mirkazımın xalası Bəstiyə əxlaqsız təklif etdiyini bildirmişdir. Dayısı Tofiq bunları eşitdikdə özündən çıxmışdır. Zamiq bunları Tofiqə danışanda evdə o, xalası Bəsti, Zamiq və dayısı olmuşdur. Bundan sonra dayısı Tofiq Mirkazıma zəng vuraraq ondan bu məsələni soruşmuşdur. Mirkazımın dayısına nə dediyini eşitməsə də, Tofiq telefonu söndürmüşdür. Bundan sonra Zamiq Mirkazıma zəng vurub, yaşadığı ünvan 6 ünvanında yerləşən binanın giriş dəhlizinə düşməsini istəmişdir. Daha sonra hamısı birlikdə ora getməyi qərara almışlar. Xalası Bəsti onların getməməsi üçün cəhd göstərsə də, onlar fikrini dəyişməmişlər. Zamiq və Tofiq sadəcə Mirkazımla söhbət edərək, məsələni həll edəcəklərini bildirmişlər. Bundan sonra Zamiq siqaret almaq üçün evdən həyətə düşmüş, onun ardınca isə dayısı Tofiq və o evdən çıxıb həyətə düşmüşlər. Binanın həyətinə düşdükdə Zamiqin onu gözlədiyini görmüş və onlar birlikdə Zamiqin etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. O, avtomobili idarə etmiş, dayısı Tofiq avtomobilin qabaq sağ oturacağında əyləşmiş, Zamiq isə avtomobilin arxa sağ oturacağında əyləşmişdir. Mirkazımın yaşadığı binanın giriş dəhlizinə çatdıqda, Zamiq və Tofiq avtomobildən düşmüşlər. Girişdə Mirkazımla görüşmüşlər. O, dayısının Zamiqin yanında olduğunu görüb, Zamiqin Mirkazıma xəsarət yetirə biləcəyini düşünməmişdir. Zamiqgil avtomobildən düşərkən onun avtomobildə gözləməyini istəmişlər. Bundan sonra avtomobili saxladığı binanın qarşısında yolun dar olduğu və digər avtomobillərin hərəkətinə mane olacağını görüb, avtomobili təxminən 40 metr qabağa sürüb, yolun sağ hissəsində saxlamışlar. O, avtomobildən düşüb, əsas yola tərəf irəliləyərək siqaret çəkməyə başlamış, təxminən iki dəqiqə keçəndən sonra Zamiqin tələsik avtomobilə tərəf gəldiyini və avtomobili qabaq sol qapısını açdığını, sonra dərhal qapını bağlayıb yenidən binanın giriş dəhlizinə tərəf getdiyini görmüşdür. Hava qaranlıq olduğundan Zamiqin avtomobilə nə məqsədlə gəldiyini bilməmişdir. Bundan az sonra binanın girişi tərəfdə səs-küy olduğunu eşidib Zamiq və Tofiqin olduğu yerə getmiş, oraya çatdıqda Mirkazımın liftə mindiyini və qalxdığını görmüşdür. Daha sonra Zamiqdən və Tofiqdən nə baş verdiyini soruşduqda, Zamiq Mirkazımı bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra dayısı Zamiqə baş vermiş hadisə barədə polisə məlumat verməli olduğunu demiş, Zamiq də razılaşmışdır. Onlar 35-ci Polis Bölməsinə gedib baş verənlər barədə polis əməkdaşlarına məlumat vermişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Baxış keçirilməsi haqqında 09 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 7 ünvanda yerləşən binanın sağ hissədən birinci blokunun giriş dəhlizinin qarşısında baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 08-14). Baxış və götürmə aparılması haqqında 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş mayka (alt köynəyi) 3 saylı Şəhər Kliniki Xəstəxanasından götürülmüşdür. Baxış zamanı həmin köynəyin ön hissəsinin sol nahiyəsində 02 ədəd dəlib-keçən zədə izinin olduğu müəyyən edilmiş, həmin zədənin ətrafında və köynəyin üzərində qanabənzər maddə aşkar olunmuşdur (cild 1, iş vərəqə 98). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Şahid3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha Zərərçəkmiş şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 152-153). Məhkəmə-tibbi ekspertizasının 22 aprel 2022-ci il tarixli 396 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs böyük piyliyin zədələnməsi ilə müşayiət olunan gövdənin sol yan səthinin qarın boşluğuna nüfuz edən bir ədəd və qarınüstü nahiyənin sol iç səthinin daxilə (döş və qarın boşluqlarına) nüfuz etməyən bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, 08 aprel 2022-ci il tarixdə və şəraitdə bıçaqla yetirilə bilər. Dərəcəsinə görə, xəsarətlərdən böyük piyliyin zədələnməsi ilə müşayiət olunan gövdənin sol yan səthinin qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Qarınüstü nahiyənin sol iç səthinin daxilə (döş və qarın boşluqlarına) nüfuz etməyən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (cild 1, iş vərəqə 106-108). Məhkəmə-tibbi ekspertizasının 14 aprel 2022-ci il tarixli 362 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs burunun sol yan səthinin sıyrığı müəyyən edilmiş, xəsarət bərk-küt əşyanın təsirindən törənmişdir, 08 aprel 2022-ci il tarixdə yumruqla sifət nahiyəsinə vurulma nəticəsində törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir (cild 1, iş vərəqə 110-111). Məhkəmə tibbi-bioloji ekspertizasının 16 may 2022-ci il tarixli 228/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrup göstəricisi O(İ) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, ekspertizaya təqdim edilmiş bir ədəd alt köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə yanız H antigeni alınmış və H antigeni O qrupunun əsasını təşkil etdiyindən bu qan ləkələri ABO sistemi üzrə O alfa, beta(İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 130-133). Məhkəmə tibbi-kriminalistik ekspertizasının 18 may 2022-ci il tarixli 190-MKTŞ/2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthində solda olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir (cild 1, iş vərəqə 136-139). Kompleks ambulator məhkəmə - psixiatrik və psixoloji ekspertizasının 18 may 2022ci il tarixli 1263 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Əqli-intellektual imkanlarına görə öz hərəkətlərini ölçüb-biçmək, hadisələri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs eqosentrizm, inadkarlıq, qıcığa qarşı həssaslıq, situasiyanı öz xeyrinə yönəltmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Fərdi- psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır, cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixiemosional vəziyyətdə olmamışdır (cild 1, iş vərəqə 143-146). Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 98 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 04 iyul 2022-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs haqqında heç bir şikayətin daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 156). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29 noyabr 2008-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 75). Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 17 aprel 1992-ci il tarixdə cəbhədə güllə yarasından ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 17 aprel 1992-ci il tarixdə cəbhədə güllə yarasından ölmüşdür. Tərtər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 003049 nömrəli vəsiqənin surətindən görünür ki, Şahid3 12 noyabr 2007-ci il tarixdə şəhid ailəsi kimi vəsiqə verilmişdir (cild 1, iş vərəqə 76-77). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 18 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 832703 nömrəli arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs uşaqlıqdan üçüncü dərəcə əlillik müəyyən edilmişdir (cild 1, iş vərəqə 78). Cinayət işinin materiallarına əlavə edilmiş 01 iyul 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs iki qız nəvəsini nəzərə alaraq Təqsirləndirilən şəxs şikayətinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 154). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 120). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığının əvvəlinin 09 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 28-29, 90-95). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən cinayəti zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını, əvvəllər məhkum olunmamasını, üçüncü dərəcə əlilliyini, atasının və əmisinin X9 şəhid olmalarını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş bir ədəd alt köynəyi və bir ədəd bıçaq məhv edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X20 tərəfindən, məhkəmə zamanı “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili X21 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı X13 vəkil işlədiyi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X10 vəkil işlədiyi “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş bir ədəd alt köynəyi və bir ədəd bıçaq məhv edilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına vəkil X20 üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun hesabına vəkil X21 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar