Məhkəmə qərarları › İş №1(101)-1488/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1488/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1488/2024 08.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:25 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1992-ci il tarixdə İmişli rayonunun Bəcrəvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi külli miqdar - 3,091 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,965 qram təşkil edən psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 20 sentyabr 2023-cü il tarixdə saat 01 radələrində ünvan 3 ünvanın qarşısında özünü şübhəli apardığı üçün Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 13-cü Polis Şöbəsinin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdar - 3,091 qram təşkil edən narkotik vasitə olan heroin və 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda - təmiz çəkisi 1,965 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, 7 ildir ki narkotik vasitədən istifadə edir. Himayəsində olmuş 13 yaşlı xəstə, əlil uşağı gecələr yatmadığı üçün yuxusuz qalmaq məcburiyyətində qalmış, ona görə məcbur olub narkotik vasitədən istifadə etmişdir. Övladı 5 ay bundan əvvəl dünya çempionu olan şəxs tərəfindən öldürülmüşdür. Həmin idmançı uşaq arabası almaq bəhanəsi ilə onları evdən götürmüş, özünün yaşadığı evə aparmışdır. Daha sonra uşaq üçün bir şey götürəcəyini deyib yuxarı qalxmışdır. O, həmin vaxt huşunu itirmişdir. Oğlan uşağı olan övladını öldürmüş həmin şəxsin barəsində hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılır. O, narkotiki şəxsi istifadəsi üçün əldə etmişdir. Sosial şəbəkədə bir nəfər özünü Omid adlı şəxs kimi təqdim etmiş və narkotik vasitə lazım olduğu halda onunla əlaqə saxlaya biləcəyini bildirmişdir. 19 sentyabr 2023-cü il tarixdə Omid adlı şəxsin hesab nömrəsinə “M10” tətbiqi vasitəsilə 125 manat pul göndərmişdir. 20 sentyabr 2023-cü il tarixdə narkotik vasitələri əldə etdikdən sonra 13-cü Polis Şöbəsinin əməkdaşları özünü şübhəli apardığı üçün ona yaxınlaşıb özlərini təqdim edərək onu 13-cü Polis Şöbəsinə aparmışlar. O da etiraz etməyib onlarla birlikdə getmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Üzərində heroin və metamfetamin olmuşdur. “M10” tətbiqi vasitəsilə şəxsin hesabına pulları köçürmüşdür. Üstündən aşkar edilmiş kartlarından biri uşağının pensiya kartı olmuş, digər kartları isə dost-tanış uşağın ehtiyacları üçün pul göndərə bilsin deyə verilmişdir. Sağlamlığı imkan vermədiyi üçün işləyə bilmir. Qalmağa yeri də yoxdur, hazırda kirayədə tək yaşayır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində də özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 5 ildir ki, narkotik vasitə olan “kakos” adlı və psixotrop maddə olan “patı" adlı maddələrdən istifadə edir. Həmin maddələri tanımadığı İran islam Respublikasının vətəndaşından əldə edir. Xatırlamadığı sosial şəbəkədə özünü ona İran İslam Respublikasının vətəndaşı olan Omid adlı şəxs kimi təqdim edən şəxslə tanış olmuşdur. Həmin şəxs ona psixotrop maddə və narkotik vasitə lazım olanda əldə etmək üçün onunla əlaqə saxlamağı məqsədilə +98 ***-***-**-** saylı mobil nömrə vermişdir. Həmin nömrə ilə yalnız "WhatsApp" tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Narkotik vasitə və psixotrop maddənin pulunu “M10” tətbiqi vasitəsilə həmin şəxsin ona göndərdiyi hesab nömrəsinə göndərmişdir. Həmin şəxs də ona narkotik vasitə və psixotrop maddəni qoyduğu yeri demiş, o da gedib həmin yerdən götürüb az-az istifadə etmişdir. Sonuncu dəfə 19 sentyabr 2023-cü il tarixdə Omid adlı şəxslə əlaqə saxlayıb narkotik vasitə və psixotrop maddə üçün onun hesab nömrəsinə “M10” tətbiqi vasitəsilə 125 manat pul göndərmişdir. Həmin şəxs də ona həmin maddələri Bakıxanov qəsəbəsində qoyduğu yerin “konum”unu göndərmişdir. Bundan sonra tutulmaqdan qorxduğu üçün dərhal həmin şəxslə əlaqə saxlamağına dair “WhatsApp” danışıqlarını, onun göndərdiyi konumu və ona pul göndərməyi ilə bağlı məlumatları silmişdir. 20 sentyabr 2023-cü il tarixdə saat 01 radələrində Sabunçu rayonu, ünvan 5 ünvanın yaxınlığında divarın kənarında 01 ədəd sellofan bükülünün içərisindəki 01 ədəd şəffaf rəngli bükülüdə olan “kakos” adlanan heroini və 01 ədəd şəffaf rəngli bükülüdə olan “patı” adlanan metamfetamini götürmüşdür. Sonra yaşadığı evə getmək istəyərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və xidməti vəsiqələrini göstərərək şəxsiyyəti təsdiq edən sənədi istəmişlər. Üzərində heç bir sənəd olmadığından, üzərində narkotik vasitə və psixotrop maddə olduğu üçün onlardan yayınmağa çalışmış və özünü şübhəli aparmışdır. Polis əməkdaşları ondan şübhələnmiş və onu 13-cü Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına vəkil ilə təmin olunmuşdur. Daha sonra üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirilmişdir. Axtarış zamanı üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. O da şalvarının sağ yan cibindən ona məxsus 01 ədəd sellofan bükümü, şalvarının arxa sol cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və şalvarının arxa sağ cibindən 03 ədəd “Kapital bank” və 02 ədəd “Beynəlxalq bank”a aid bank kartlarını çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən sellofan büküm açılmış, içərisindən 02 ədəd sellofan bükümlər aşkar olunmuşdur. Sorğu zamanı həmin maddələri 19 sentyabr 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşının hesabına “M10” tətbiqi vasitəsilə 125 manat pul göndərməklə Bakıxanov qəsəbəsində əldə etdiyini bildirmişdir. Üzərindən aşkar edilən narkotik vasitə və psixotrop maddə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və digər şəxslər həmin protokolu imzalamışlar. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə və psixotrop maddə saxlamamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır (cild 1, iş vərəqə 58-61). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı tam etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 20 sentyabr 2023-cü il tarixdə saat 01 radələrində Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən, ünvan 6 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini bildirdikdə sonuncu Təqsirləndirilən şəxs olduğunu bildirmiş və həmin vaxt şübhəli hərəkətlərlə onlardan yayınaraq getmək istəmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olmasından şübhələnib üzərində şəxsi axtarış aparılması üçün onu 13-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin olunmuş, şübhəli şəxs qismində tutulmuş və üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ cibindən bir ədəd sellofan bükümü, şalvarının arxa sol cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və şalvarının arxa sağ cibindən 03 ədəd “Kapital bank”, 02 ədəd “Beynəlxalq bank”a aid bank kartlarını çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu sellofan büküm təhqiqatçı tərəfindən açılarkən içərisindən bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, tozşəkilli və bir ədəd sellofan bükümdə ağ rəngli, kristalşəkilli maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan qəhvəyi rəngli maddənin “kola” kimi tanıdığı, digər ağ rəngli kristalşəkilli maddənin isə “patı” kimi tanıdığı maddələr olduğunu, həmin maddələri 19 sentyabr 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan şəxsin hesabına “M10” tətbiqi vasitəsilə 125 manat pul göndərməklə Bakıxanov qəsəbəsində əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş bükümlər təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Şəxsi axtarış və götürmə aparılması haqqında 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ cibindən bir ədəd sellofan bükümü, həmin şalvarın arxa sol cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və şalvarının arxa sağ cibindən 03 ədəd “Kapital bank”a aid və 02 ədəd “Beynəlxalq bank”a aid bank kartlarını çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan qəhvəyi rəngli maddənin “kola” kimi tanıdığı, digər ağ rəngli kristalşəkilli maddənin isə “patı” kimi tanıdığı maddələr olduğunu, həmin maddələri 19 sentyabr 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan şəxsin hesabına “M10” tətbiqi vasitəsilə 125 manat pul göndərməklə Bakıxanov qəsəbəsində əldə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 23-24). Məhkəmə-kimyəvi ekspertizasının 20 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4953 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №160” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən...” və sair sözlər, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,965 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 3,091 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin və metamfetamin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2,991 qram, metamfetaminin qalıq çəkisi 1,865 qram təşkil etmişdir (cild 1, iş vərəqə 32- 36). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 dekabr 2023-cü il tarixli 8170 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 118-119). Ambulator məhkəmə psixiatrik ekspertizasının 13 dekabr 2023-cü il tarixli 3465 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 121-123). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 84-85). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığı qətimkan tədbirinin əvvəlinin 20 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. 20 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti bitmiş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 14, 67-78, 114-115). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, tutulduğu və ev dustaqlığında olduğu cəmi 4 (dörd) ay müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hazırkı hökmün elan edildiyi gündən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,991 qram təşkil edən heroin və qalıq çəkisi 1,865 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 33, 176). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Ekol” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu və ev dustaqlığında olduğu cəmi 4 (dörd) ay təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,991 qram təşkil edən heroin və qalıq çəkisi 1,865 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar