Məhkəmə qərarları › İş №1(101)-1489/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1489/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1489/2022 26.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, məhəllə 14, ev 112/74, mənzil 39-da pasport qeydiyyatında olan və tutulduğu günədək Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi, ev 48də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ölkə ərazisində narkotik vasitə və psixotrop maddələrin, eləcə də, güclü təsir edən maddələrin satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Renat” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “Renat” adlı şəxs tərəfindən göndərilmiş ümumi təmiz çəkisi 4,511 qram təşkil edən külli miqdarda narkotik vasitə kokaini, tərkibində psixotrop maddə MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 2,2 qram olan 4 ədəd boz rəngli beşbucaqlı və 7 ədəd çəhrayı rəngli üzərində “Levis” göstəricisi olan ümumilikdə 11 ədəd həbləri, tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram olmaqla külli miqdar təşkil edən, 14 ədəd üzərində “Gerica” göstəricisi olan ağ- qəhvəyi rəngli və 56 ədəd üzərində “Alyse-150” göstəricisi olan ağ rəngli dərman kapsullarını istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdikdən sonra narkotik vasitə kokaini bükümlərə, psixotrop maddə MDMA həblərini və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin həblərini isə ayrı-ayrılıqda konvalyutlarda ayıraraq özündə saxlamaqla daşımış, 07 aprel 2022-ci il tarixdə saat 16:05-də ünvan 1 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi RPİ-nin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada barəsində şəxsi axtarış keçirilən zaman üzərində olan açıq qəhvəyi rəngli əl çantasının içərisindən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,727 qram, 0,911 qram, 0,427 qram və 0,446 qram olmaqla, ümumi təmiz çəkisi 4,511 qram təşkil edən külli miqdarda həmin narkotik vasitə kokain, tərkibində psixotrop maddə MDMA-nın təsir maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən 4 ədəd boz rəngli beşbucaqlı həblər, tərkibində psixotrop maddə MDMA-nın təsir maddəsinin ümumi miqdarı 1,4 qram təşkil edən, 7 ədəd üzərində “Levis” göstəricisi olan çəhrayı rəngli həblər, tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı 4,2 qram təşkil edən, bir ədəd konvalyutda 14 ədəd olmaqla üzərində “Gcrica” göstəricisi olan ağ-qəhvəyi rəngli dərman kapsulları, tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı külli miqdarda 8,4 qram təşkil edən, dörd ədəd konvalyutda 56 ədəd olmaqla üzərində “Alyse-150” göstəricisi olan ağ rəngli dərman kapsulları və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində kokainə məxsus izlər aşkar edilmiş və “prolessignal digital scale 2x aaa” yazısı olan gümüşü rəngli 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o Ənvər Hüseynov küçəsi 5/7 ünvanında polis əməkdaşları tərəfindən tutulmuşdur, onun üzərində 56 ədəd Alsye və 11 ədəd MDMA həbləri olub, başqa heç nə olmayıb. Onun üzərində əl çantası olmayıb. Tutulduqdan sonra polis əməkdaşları onu 20-ci Polis bölməsinə aparmışlar. Polis bölməsində əl çantası ona verilmiş və ona təzyiq olunmuşdur ki, həmin əl çantasının onun olduğunu boynuna götürsün. O da məcbur qalıb videoçəkiliş zamanı həmin əl çantasının onun olduğunu bildirmişdir. Üzərində aşkar edilmiş psixotrop maddələri Renat adlı şəxs harasa yerləşdirmişdir və o da oradan götürmüşdür. Renatla şəxsən tanışlığı yox imiş, onun Türkiyə Respublikasına aid +**********01 saylı mobil nömrəsi var imiş və o nömrə ilə Whatsapp mobil tətbiqi vasitəsilə əlaqə saxlayırmış. Mobil nömrə Renata məxsus imiş. Renata ərazilərin, Alsye və MDMA tərkibli həblərinin şəkillərini göndərirmiş, bu işdə rolu ünvanlara çatdırılma imiş. Narkotik vasitələri müəyyən yerlərə yerləşdirirmiş, o heç kəsə narkotik vasitə satmamışdır. Renatı heç vaxt görməmişdir, özü preqabalin tərkibli psixtrop maddələrdən istifadə edirmiş, kokaindən 1-2 dəfə istifadə etmişdir. Narkotik vasitələri aparıb yerləşdirməyinə görə Renat ona 40-50 manat pul verirmiş, narkotik vasitə yerləşdirdiyi yerdən kimin həmin maddəni gəlib götürdüyünü görmürmüş, o narkotik vasitəni bir yerdən götürüb başqa yerə qoyurmuş. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2022-ci ilin aprel ayında iş yoldaşı Şahid1la birgə inzibati ərazidə olan xidmətdə olan zaman, Təqsirləndirilən şəxs görmüşlər və o onların diqqətini çəkmişdir, ona yaxınlaşıb özlərini təqdim edib, onu 20-ci Polis bölməsinə dəvət etmişlər. 20-ci Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmmişdir və onun üzərində narkotik vasitə aşkar edilmişdir, Təqsirləndirilən şəxs üzərində çanta var imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində 56 ədəd Alsye və 11 ədəd MDMA həblərindən başqa narkotik vasitələrin olmaması və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz almasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Belə ki, o ibtidai istintaqda ona verilən suallara cavab olaraq üstündə olan açıq qəhvəyi rəngli əl çantasının içərisindən, 04 ədəd şəffaf selofana bükülmüş bükümü çıxararaq təqdim etdiyi bükümlərin içərisində maddənin narkotik vasitə olan “kokain” olmasını, sonra isə 11 ədəd psxotrop maddələri təqdim edərək, həmin maddələrin psxotrop maddə olan “ekstazi” olmasını və əlavə olaraq da əl çantasının içərisindən 04 list olan ümumilikdə 56 ədəd oan “Alyse 150 mg” və 01 list ümumilikdə 14 ədəd olan “Gerica 300 mg” psxotrop maddələri, Xiaomi Mi A3 markalı **********90137/01 və **********900145/01 imei kodlu mobil telefonunu və boz rəngli üzərində “proefssional digital scale 2 x aaa” yazıları olan elektron tərəzini masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin maddələrin nə olduğu soruşulduqda narkoik vasitə olan kokain, psixotrop maddələr və güclü təsiredici dərmanlar olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB- nin baş təhqiqatçısı Tuqay Mehtiyev tərəfindən tərtib olunmuş “şəxsi axtarış və götürmə barədə” protokoldan və 01 ədəd video görüntüləri özündə əks etdirən CD diskdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən şəxsiyyəti istintaqa məlum olmayan Renat adlı şəxsdən satış məqsədi ilə, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə kokaini, psixotrop maddə MDMA həblərini və güclü təsir edən maddə preqabalin kapsullarını daşımaqla özündə saxlaması, satış məqsədilə dövriyyəsi ilə məşğul olduğunu bildirir. Cinayət işində olan “Xiaomi Mi A3” markalı mobil telefona baxış protokolundan görünür ki, “Whatsapp” bölməsində +90-***-***-**-** saylı mobil nömrəsi “Qerdew” deyə qeyd edilmişdir. Həmin şəxslə yazışmalara baxdıqda, sms mətnlərində narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin satışını həyata keçirdikləri müəyyən edilir, həmçinin, bir-birlərinə göndərdikləri fotolara baxdıqda fotoşəkillərin hansısa ayrı-ayrı ərazilərdə çəkilməsi müəyyən edilir, Musa bildirir ki, həmin ayrı-ayrı ərazilər onun Renat adlı şəxsdən aldığı narkotik vasitə, psixotrop maddələr və güclü təsir edən maddələri Renat adlı şəxsin istəyilə yerləşdirdiyi ərazilərdir, şəklini həmin məqsədlə çəkmişdir ki, Renat adlı şəxsə şəkilləri göndərsin və həmin şəkilləri Renat adlı şəxs narkotik vasitə, psixotrop maddələr və güclü təsir edən maddələri istintaqa məlum olmayan satdığı şəxslərə göndərsin, istintaqa məlum olmayan şəxslər də şəkillərdən istifadə etməklə həmin narkotik vasitə, psixotrop maddələr və güclü təsir edən maddələrin olduğu yeri müəyyən edərək götürə bilsinlər. Təqsirləndirilən şəxs bildirdi ki, həmin nömrənin sahibi olan Renat adlı şəxsə fotoşəkilləri özü göndərmişdir və sms mətnləri də özü yazmışdır. Bundan başqa albomlar bölməsində şəkillərdən görsənir ki, elektron tərəzi üzərində ağ rəngli toz şəkilli narkotik vasitəyə bənzər maddə qoyularaq çəkisi müəyyən edilmişdir, Təqsirləndirilən şəxs bu barədə sual verildikdə bildirdi ki, həmin maddə narkotik vasitə kokaindir və elektron tərəzi vasitəsilə çəkisini müəyyən edərək, Renat adlı şəxsə fotoşəklini göndərmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş “AZF/LGL-11415/22” nömrəli məktubun qoşmasında olan CD diskə baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-cil tarixdə saat 04:43-də daxil olmuş sms mətnində “Musa lilide götür 7”. ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-cil tarixdə saat 16:34-də daxil olmuş sms mətnində “Lili hanı?”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-cil tarixdə saat 20:03- də daxil olmuş sms mətnində “Ay qaqaş sen niye bele eleyssen? ..1000 aznlik zakazi gozledirem”. +**********31 saylı mobil nömrədən xx.xx.2022-cil tarixdə saat 16:22də daxil olmuş sms mətnində “Brat vacib zakazlar var internetində bağlıdı”. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli 6/1936 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr: 1 nömrəli zərfdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi, 2,727 qram, 0,911 qram, 0,427 qram, 0,446 qram olmaqla, ümumi təmiz çəkisi 4,511 qram ağ rəngli toz şəkilli maddə narkotik vasitə kokaindir; 2 nömrəli zərfdə 4 ədəd boz rəngli beşbucaqlı həbin tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 0,8 qram olduğu müəyyən edildi; 3 nömrəli zərfdə üzərində “Levis” göstəricisi olan 7 ədəd çəhrayı rəngli tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 1,4 qram olduğu müəyyən edildi; 4 nömrəli zərfdə üzərində “Gerica” göstəricisi olan bir ədəd konvalyutda ağ-qəhvəyi rənfli 14 ədəd dərman kapsulunun tərkibindəki preqabalinin təsir maddəsinin ümumi miqdarı 4,2 qram (bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır) olduğu müəyyən edildi; 5 nömrəli zərfdə üzərində “ALYSE-150” göstəricisi olan 4 ədəd konvalyutda ümumilikdə 56 ədəd ağ rəngli dərman kapsulunun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 8,4 qram (bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olduğu müəyyən edildi. Kokainin ümumi təmiz çəkilsi 4,511 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 4,311 qram. Preqabalin kapsulun sayı 56 ədəd kapsul, tədqiqata sərf edildi 5 kapsul, qalıq 51 kapsul. Preqabalin kapsulun sayı 14 ədəd kapsul, tədqiqata sərf edildi 2 kapsul, qalıq 12 kapsul. MDMA həblərini sayı 4 ədəd tədqiqata sərf edildi 1 ədəd, qalıq 3 ədəd, MDMA həblərini sayı 7 ədəd tədqiqata sərf edildi 1 ədəd, qalıq 6 ədəd, (ekspertiza tədqiqatın dəyəri 65 (atmış beş) manat) Cinayət işində olan 22 aprel 2022-ci il tarixli 6/2067 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan elektron tərəzi...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindəki bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində kokainə məxsus izlər aşkar edildi. Kokain iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs aşkar edilmiş dörd ədəd bükümdə kokain ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. (ekspertiza tədqiqatın dəyəri 65 (atmış beş) manat) Cinayət işindən olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2688 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asililiq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə-psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1329 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xaraakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmayıb. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normalarının hər birində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 07 aprel 2022-ci tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “professional digital scale 2 x aaa” yazıları olan elektron tərəzi, qalıq hissə 4,311 qram olan narkotik vasitə kokain, qalıq hissə 3 və 6 olmaqla ümumilikdə 9 ədəd MDMA həbləri, qalıq hissə 51 və 12 olmaqla ümumilikdə 63 ədəd preqabalin həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış və şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin videoçəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk və mobil telefonununa baxış keçirilən zaman aşkar edilmiş görüntüləri əks etdirən 01 ədəd DVD-R diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 130 (yüz otuz) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 aprel 2022-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 130 (yüz otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq hissə 4,311 qram olan narkotik vasitə kokain, qalıq hissə 3 və 6 olmaqla ümumilikdə 9 ədəd MDMA həbləri, qalıq hissə 51 və 12 olmaqla ümumilikdə 63 ədəd preqabalin həbləri, eləcə də 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış və şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin videoçəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk və mobil telefonununa baxış keçirilən zaman aşkar edilmiş görüntüləri əks etdirən 01 ədəd DVD-R diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar