Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1490/2022 06.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X2 və X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 29 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 05 fevral 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 17 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 18 iyun 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən 25,271 qram, yəni külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi, 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 17 iyun 2022-ci il tarixdə saat 22:00-da ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan olan göy rəngli şalvarın sağ yan cibindən 5 ədəd şəffaf bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,847 qram, 5,221 qram, 6,703 qram, 5,935 qram və 1,149 qram olmaqla, ümumi təmiz çəkisi 23,855 qram təşkil edən kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 1,416 qram təşkil edən tünd qəhvəyi rəngli, üzərindən aşkar edilmiş digər bükümlərdə olan narkotik vasitə heroinlərlə kimyəvi tərkibinə görə fərqli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd üzərində heroinin izləri olan «MH-127» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, mart ayının 19-da xəstəxanadan çıxıb evə gəlmişdir. Həmin gün polis əməkdaşları onun evinə gəlmiş və onu saxlayıb bölməyə gətirmişlər. Polis əməkdaşları stolun üstünə 25 qram narkotik vasitə qoymuş və onu boynuna götürməsini istəmişlər. Polis işçiləri həmin narkotiki etiraf etməyəcəyi halda, evinə də narkotik qoyub ailəsini də cəlb edəcəklərini demiş, o da, məcbur olub onların dedikləri ilə razılaşmış və həmin 25 qram narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmişdir. O, narkotik vasitə istifadəsidir, lakin həmin gün ümumiyyətlə onda narkotik vasitə olmamışdır. Sualları cavablandıran Təqsirləndirilən şəxs istintaqa ifadə vermədiyini, müstəntiqin hazır sənədləri gətirib ona imza etdirdiyini, onu evdən aparanda uşaqlarının və həyat yoldaşının evdə olduğunu, evdə üstünə baxış keçiriləndə heç nə aşkar olunmadığını, onu bölməyə gətirəndən sonra orada cibindən narkotik çıxardıqlarını, məhkəmədə sanksiya veriləndə orada hakimə narkotik vasitənin onun olmadığını bildirdiyini, ailəsi ilə təhdid olunduğuna görə qorxub hər şeyi boynuna götürdüyünü, ittiham aktında guya onun saat 2-də Suraxanıda narkotik almasının göstərildiyini, aşkar olunan tərəzinin ona məxsus olmadığını, ekspertiza zamanı onun qanından analiz götürmədiklərini, özünü yalnız narkotik vasitə istifadəçisi kimi təqsirli bildiyini göstərdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təqribən 7-8 aydır «kakos» kimi tanıdığı narkotik vasitədən inyeksiya yolu ilə istifadə edir. Həmin narkotik vasitəni isə Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 50 (əlli) manat ödəməklə 06 ədəd şəffaf rəngli selofana bükülmüş vəziyyətdə almışdır. O, aldığı narkotik vasitəni daha sonra istifadə etməsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsindəki evin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşmışlar. Həmin vaxt o, özünü itirmiş və həyəcanlı olduğunu biruzə vermişdir. Bundan şübhələnən polis əməkdaşları onunla sorğu-sual etmişlər. O isə, özünü şübhəli aparmağının və həyəcanlı olmasının səbəbini üzərində özünə məxsus öz şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə olması ilə izah etmişdir. Sonra isə həmin narkotik vasitəni polis əməkdaşlarına təhvil verə biləcəyini demişdir. Buna görə də polis əməkdaşları onu 30-cu PŞ-nə dəvət etmişlər. O da, polis əməkdaşları ilə birlikdə getməyə heç bir etiraz etməmiş və onu PŞ-nə gətirərək təhvil vermişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub- olmaması barədə sual verilmişdir. O isə, əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamaqla daşıdığı içərisində narkotik vasitə olan 06 ədəd bükümü və qara rəngli kaburada olan tərəzini təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni yalnız özü istifadə etmək üçün əldə etmiş, narkotik vasitəni heç kimə satmaq və ya vermək niyyəti ilə əldə etməmişdir. Həmin aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamış və əkməmişdir. Üzərindən aşkar edilmiş elektron tərəzini narkotik vasitəni alanda aldadılmasın deyə istifadə etmiş və üzərində saxlamışdır (cild 1, iş vərəqi 151-153). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik vasitəni polis əməkdaşları ona vermiş və çəkiliş zamanı çıxarıb stolun üstünə qoymalı olduğunu bildirmişlər. Lakin həmin polis əməkdaşlarının kim olduqlarını deyə bilmir, çünki onların kim olduğunu xatırlamır. İstintaqdakı etirafedici ifadələri polis işçilərinin təzyiqi altında vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ, 30-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 19 mart 2022-ci i tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı ondan və 30-cu Polis şöbəsinin sahə rəisi Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 22 radələrində Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi, ev 3 ünvanının qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış aparılması üçün 30-cu Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə şöbəyə gəlmişdir. Xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və müdafiəçi dəvət edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 6 ədəd bükümü və gödəkçəsinin cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması, nə vaxt, kimdən əldə etməsi soruşulmuşdur. Bu zaman Fəxrəddin həmin bükümlərin içərəsində kokos kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin ona məxsus olduğunu, həmin narkotik maddələri 17 iyun 2022-ci il tarixdə təxminən saat 14 radələrində Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 50 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini və istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümlər və elektron tərəzi götürülərək qablaşdırılmışdır. Keçirilmiş əməliyyat tədbirləri barədə protokol tərtib edilmiş, düzgün yazıldığına görə imzalarla təsdiq olunmuşdur. Şahid1 ifadəsinə görə, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi barədə razılıı alınmış və adları çəkilən iştirakçılar tərəfindən Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi, ev 3, mənzil 26 ünvanında yerləşən mənzilə baxış aparılmışdır. Lakin mənzildə qanunsuz hər hansı əşya və maddə aşkar edilməmiş və götürülməmişdir. Sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ, 30-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 əməliyyat tədbirlərinin keçirilməsinə cəlb olunmaqla Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi, ev 3 ünvanının qarşısında saxlanılıb, Suraxanı RPİ, 30-cu Polis şöbəsinə gətirilərək şəxsi axtarışının aparılmasında və narkotik vasitələrin götürülməsində əməliyyat qrupunun tərkibində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş üzləşdirmə protokollarına əsasən, istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 və Şahid2 ilə arasında həmin istintaq hərəkətləri həyata keçirilmiş, üzləşdirmələr zamanı Şahid1 və Şahid2 sərbəst ifadələrində qeyd etdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə təsdiq etmişlər (cild 1, iş vərəqi 124-127, 128-131). Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 17 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli şalvarının sağ yan cibindən 6 ədəd büküm və əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd elektron tərəzi aşkar edilmiş, həmin əşyalar qablaşdırılaraq möhürlənmiş, bununla bağlı müvafiq protokol tərtib edilmişdir (cild 1, iş vərəqi 30-31). İş materiallarına əlavə edilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, təqdim etməsi təklif olunması, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 6 ədəd bükümü və əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulması, Təqsirləndirilən şəxs isə həmin bükümlərin içərəsində kokos kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin onun özünə məxsus olduğunu, həmin narkotik maddələri 17 iyun 2022-ci il tarixdə təxminən saat 14 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən cəmi 50 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini və sonra istifadə etməsi üçün üzərində saxlamasını bildirməsi, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməməsi müəyyən olunmuşdur. Bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 113-114). Cinayət işində olan "xxxx" MMC-dən alınmış bir ədəd CD diskə baxış keçirilməsi haqqında 09 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 070 541-41-27 saylı mobil nömrə ilə aparılmış danışıqlara dair məlumatlarda xx.xx.2021-ci il tarixdə həmin nömrəyə 055 225-94-74 saylı mobil nömrədən “Salam balıqı klentə vermişəm hələ pul almamışam pul alan kimi verecem saba axşama qeder verecem sene arxayın ol” məzmunlu SMS yazılması müəyyən edilmişdir (cild 1, iş vərəqi 113-114). Məhkəmə-kimyəvi ekspertizasının 20 mart 2022-ci il tarixli 6/1601 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN '’Zərflər üçün №194” möhür əksi, “Şübhəli şəxs X1 üzərindən...” və s. sözlər, imzalar olan iki ədəd zərfdən birində 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,847 qram, 5,221 qram, 6,703 qram, 5,935 qram, 1,149 qram qəhvəyi rəngli və 1,416 qram tünd qəhvəyi rəngli ümumi təmiz çəkisi 25,271 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 5 ədəd bükümdəki qəhvəyi rəngli heroin kütlələri 1 ədəd bükümdəki tünd qəhvəyi rəngli heroin kütləsindən kimyəvi tərkibinə görə fərqlidir, digər zərfdəki 1 ədəd “MH 127” markalı elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 44-48). Ambulator məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2022-ci il tarixli 1700 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 116-117). İbtidai istintaq orqanının 27 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman aşkar edilərək götürülmüş 25,271 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 25,151 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Suraxanı RPİnin maddi sübutları saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk və "xxxx" MMC-dən alınmış 1 ədəd CD disk sübut qismində tanınaraq cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 133-141). Bakı şəhəri, 11 saylı Mənzil kommunal istismar sahəsindən verilmiş 11 may 2022-ci il tarixli 6 nömrəli xasiyyətnamədən, həmçinin doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2017-ci ildən ünvan 7 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, yaşadığı müddətdə onun barəsində 11 saylı MKİS-nə şikayət daxil olmamışdır. X3 ilə birgə nikahından 2010-cu il təvəllüdlü Səriyyə Hüseynli, 2012-ci il təvəllüdlü Kənan Hüseynli və 2017-ci il təvəllüdlü Aminə Hüseynl adlı üç uşağı vardır (cild 1, iş vərəqi 110, 118-121). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2022ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə icraata xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir (cild 1, iş vərəqi 94-96). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, özünü yalnız narkotik vasitələrdən istifadə etdiyinə görə təqsirli bildiyini, saxlanılarkən onda narkotik vasitə olmadığını, ittihamda qeyd olunan narkotik vasitənin ona aidiyyəti olmadığını, həmin narkotik vasitəni polis əməkdaşlarının təhdidi ilə boynuna götürdüyünü bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatında, həmçinin istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində aşkar olunmuş narkotik vasitələrin ona məxsus olduğunu, həmin narkotik vasitələri 17 iyun 2022-ci il tarixdə saat 14 radələrində Yeni Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 50 manat ödəməklə 6 ədəd şəffaf selofan bükümlərdə alıb sonradan istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları ilə üzləşdirilərkən də eyni məzmunlu ifadələr vermişdir. Cinayət işinə əlavə olunmuş SD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs hadisə zamanı istifadəsində olmuş 070 541-41-27 saylı mobil nömrəyə sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən SMS yazışmasının daxil olması müəyyən edilmişdir. Eləcə də, cinayət işinə əlavə edilmiş raportlardan, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barədə təhqiqat orqanına daxil olmuş məlumat onun narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə olmuşdur. Məhkəmədə ifadə verən əməliyyat qrupunun üzvləri Şahid1 və Şahid2 da bu halı təsdiq etmişlər. Həmçinin, məhkəmə əməli tövsif edərkən təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitələrin xırda bükümlərə ayrılmasını və onun çəkisinin müəyyən edilməsi üçün avadanlıq hesab edilən elektron tərəzinin də şəxsi axtarış zamanı aşkar edilib götürülməsini nəzərə alır. Ona görə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində üç azyaşlı uşağın olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır, məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 17 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Suraxanı RPİ, 30-cu Polis şöbəsi tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2022-ci il tarixli 1700 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 25,151 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən alınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Bakı şəhəri, 29 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmiş və müdafiə üçün 18 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmədə dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 108 (yüz səkkiz) manat məbləğində pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. Həmçinin iş materiallarına görə, keçirilmiş ekspertiza tədqiqatı 110 (yüz on) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 25,151 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən alınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri: - 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli 108 (yüz səkkiz) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 29 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1490/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1490/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver