Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1490/2024 13.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi - Azərbaycan Respublikası Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair məhkəmənin baxış iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 məhkəməyə yazılı vəsatət verərək aidiyyət qaydalarının pozulmasını nəzərə alaraq həmin cinayət işinin aidiyyət üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 234.1- 1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə aidiyyəti Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aiddir və buna görə də Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən məhkəməyə verilən yazılı vəsatət təmin edilməli və həmin cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2021-ci il tarixli 2476 nömrəli “Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkili haqqında” Sərəncamına əsasən Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilmişdir. Həmin Sərəncamın müddəalarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası 31 may 2021-ci il tarixli qərarı ilə özünün 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”-nda dəyişiklik etmişdir. Dəyişikliyə əsasən yeni yaradılmış Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyası müəyyən edilmişdir. Aşağıda sadalanan ərazi vahidləri - Abşeron rayonu, Xaçmaz rayonu, Xızı rayonu, Qobustan rayonu, Quba rayonu, Qubadlı rayonu, Qusar rayonu, Siyəzən rayonu, Sumqayıt şəhəri, Şabran rayonu, Şamaxı rayonu, Şuşa rayonu və Zəngilan rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyataxtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 fevral 2023-cü il tarixdə saat 13-14 radələrində sevgilisi X2 yaşadığı ünvan 1 ünvanında olduğu zaman sonuncunun anası X1 mobil telefonundan əvvəlcədən şifrəsini bildiyi “Leobank” mobil tətbiqinə daxil olaraq 4098-8544-6856-3265 nömrəli “Leobank” bank kartından özünün istifadəsində olan 4098-5844-6841-3057 nömrəli “Leobank” bank kartına 400 manat pul köçürüb informasiya texnologiyalarından istifadə etməklə zərərçəkmiş şəxs X3 məxsus 400 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girib aralarında olan razılığa əsasən Əziz Atayev 5 avqust 2023-cü il tarixdə saat 21:55 radələrində X1 yaşadığı ünvan 1 ünvanında olduğu zaman sonuncudan "İnstagram" sosial şəbəkəsinə girmək adı ilə aldığı mobil telefonundan əvvəlcədən şifrəsini bildiyi “Leobank” mobil tətbiqinə daxil olaraq, 4098-8544-6856-3265 nömrəli “Leobank” bank kartından 4098-5844-6841-3057 nömrəli “Leobank” bank kartına 500 manat pul köçürüb informasiya texnologiyalarından istifadə etməklə zərərçəkmiş şəxs X3 məxsus 500 manat pulu gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,958 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 29 sentyabr 2023-cü il tarixdə saat 16:20 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq, ünvan 3ən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,958 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında olduğu zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığına görə onun iradəsindən asılı olmayaraq əməlinə son verildiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 5-ci bəndinin müddəalarına əsasən həmin cinayət Sumqayıt şəhəri ərazisində başa çatmışdır. Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü və 15.4-cü maddələrinin tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 sentyabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə müvafiq olaraq, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlardan oğurluq cinayəti az ağır cinayət, qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,958 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə etməsi epizodu ağır cinayət olmaqla sonuncu cinayəti Sumqayıt şəhərində törədildiyindən və Sumqayıt şəhəri ərazi yurisdiksiyasına görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69,3, 74.1, 74.5 və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69,3, 74.1, 74.5 və 75.1-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən məhkəməyə verilən yazılı vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №1(101)-1490/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1490/2024
13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver