Məhkəmə qərarları › İş №1(101)-1491/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1491/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1491/2024 08.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən), Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)–1491/2024 saylı cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: 01 mart 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)–1491/2024 saylı cinayət işi daxil olmuşdur. Həmin cinayət işi 22 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X4 tərəfindən «fakta görə» Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə başlanmışdır. Cinayət işindəki sənədlərə əsasən işin başlanılmasına əsas və səbəb 21 avqust 2023-cü il tarixdə saat 13:30 radələrində Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsi, X12 küçəsi, nömrəsiz fərdi evin qarşısında saxlanılan Təqsirləndirilən şəxs üzərindən 2,373 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar edilməsi ilə əlaqədar toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin təhqiqatçısı polis leytenantı Emil Həsənzadə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 23 avqust 2023-cü il tarixdə müstəntiq X4 tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Sabunçu Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılmasından imtina edilmişdir. Həmin qərardan görünür ki, məlum vəsatətə baxılarkən iclasda Sabunçu rayon prokurorluğunun nümayəndəsinin və təqsirləndirilən şəxsin iştirakı təmin olunmamış, Təqsirləndirilən şəxs özünün ümumiyyətlə harada olması barədə məhkəməyə məlumat da verilməmişdir. Təqsirləndirilən şəxs isə faktiki olaraq 21 oktyabr 2023-cü il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanasın”da stasionar müalicəyə qəbul olunmuşdur. 19 fevral 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktı 21 fevral 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən təsdiq edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasınadək cinayət işinin materialları öyrənilərkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər (maddə 299.3.2) araşdırılmış və cinayət işinin ibtidai istintaqı zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması müəyyən olunmuşdur. Qeyd olunan pozuntular Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş pozuntulardır və onlar cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün birbaşa əsaslardır. Məhkəmə, hazırlıq iclasında təqsirləndirilən şəxsin aşkar psixi pozuntusu, əqli geriliyi olmasına şübhəsiz əsaslar verən davranışını da nəzərdə saxlamaqla həmin pozuntular barədə aşağıdakıları qeyd edir: İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxsla bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti müdafiəçinin məcburi iştirakı ilə aparılmalı olduğu halda müdafiəçinin iştirakı olmadan aparılmışdır (cild 1, iş vərəqə 27-28). Cinayət işinin materiallarından görünür ki, tutulma protokollaşdırılarkən müdafiəçi iştirak etmiş, amma bundan sonra reallaşdırılan şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasından əvvəl şübhəli şəxsin istintaq hərəkətinin keçirilməsi zamanı “müdafiəçinin iştirakını tələb etmədiyini və müdafiəçinin iştirakı olmadan axtarışın keçirilməsini xahiş etdiyi” barədə ərizə tərtib edilmişdir (cild 1, iş vərəqə 26). İlk olaraq, psixi xəstəliyi olan Təqsirləndirilən şəxs bu ərizəni könüllü və öz təşəbbüsü ilə verilməsi məsələsi əsaslı şübhələr yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Plenum Qərarında qeyd olunur ki, müdafiəçidən imtina şübhəli və ya təqsirləndirilən şəxsin öz təşəbbüsü ilə və könüllü həyata keçirilməlidir. Yəni, imtina təşəbbüsü istənilən halda şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən irəli gəlməlidir. Cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçidən imtina barəsində hər hansı təklif verilməsi yolverilməzdir. Bundan başqa, şübhəli və ya təqsirləndirilən şəxsin qərarının könüllülüyünə hər hansı təsir (psixi və ya fiziki) qeyri-qanunidir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs dindirilməsi ilə bağlı tərtib etdiyi protokoldakı ifadəsində göstərilmişdir ki, “...müdafiəçinin iştirakı ilə və yaxud müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə üzərimdə şəxsi axtarış aparılmasına etirazımın olub-olmamasını soruşdu, mən də, müdafiəçinin iştirakı olmadan videoçəkliş vasitəsi ilə üzərimdə şəxsi axtarış aparılmasına etiraz etmədim” (cild 1, iş vərəqə 58-62). Şəxsi axtarış və götürmənin videoçəkilişindən (cild 1, iş vərəqə 29) görünür ki, təhqiqatçı şübhəli şəxsə sual verir: “Üzərinizə vəkilin iştirakı olmadan və videomüşahidə ilə baxış keçiriləcək. Etirazınız var bununla bağlı?” Təqsirləndirilən şəxs bu suala cavab olaraq “Etirazım yoxdur” deyir. Şəxs müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmənin keçirilməsinə etiraz etmirsə, bu o deməkdir ki, müdafiəçinin iştirakının olmaması ona təklif olunub. Bu isə Cinayət-Prosessual Məcəllənin və qeyd olunan Plenum Qərarının tələblərinə birbaşa ziddir. Bundan əlavə, yuxarıda adı qeyd olunan Plenum Qərarının tələblərinə əsasən, müdafiəçidən yalnız şüurlu imtinaya yol verilir. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxslərə onların hüquqlarını izah etməlidir. Belə ki, yalnız bilikli imtinaya yol verilir, yəni şəxs öz hüququndan imtina edərkən onun məzmununu aydın şəkildə dərk etməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində müdafiəçidən imtinanın motivlərini belə izah edir: “...ərizə verdim, çünki üzərimdə narkotik vasitə heroin olduğundan istəmirdim ki, müdafiəçi bunu özü gözü ilə görsün və gələcəkdə məni ürəkdən müdafiə edə bilsin” (cild 1, iş vərəqə 45-46). Həmin ifadələrdən göründüyü kimi, şəxs ərizə verərkən, onun məzmununu və nəticəsini tam dərk etməmiş, imtina şüurlu olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında vurğulanmış digər məsələ ondan ibarətdir ki, ərizə dedikdə, şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən şəxsən yazılmış və imzalanmış sənəd başa düşülür. Şəxsin ifadələrindən, bütövlükdə iş materiallarından, habelə hazırlıq iclasında müəyyən edilmiş xüsusatlardan aşkar görünür ki, təqsirləndirilən şəxs yaza və oxuya bilmir. Verilmiş ərizənin şübhəli şəxsin xahişi və diqtəsi ilə cinayət təqibini həyata keçirən şəxs tərəfindən yazılması hətta fərz edilsə belə, ərizənin məzmununda hansı səbəbdən üzərinə şəxsi axtarış deyil, “yaşadığım ünvana keçiriləcək axtarış zamanı müdafiəçinin iştirakını tələb etmirəm” sözlərinin yazılması anlaşılmaz vəziyyət yaradır (cild 1, iş vərəqə 26). Elə görünür ki, ərizə, cinayət təqibini həyata keçirən orqan tərəfindən şablon şəkildə, formal olaraq tərtib edilərək şübhəli şəxsə imza etdirilib. Yox əgər, ərizənin şablon şəklində deyil, həqiqətən şübhəli şəxs Təqsirləndirilən şəxs təşəbbüsü ilə tərtib edilməsi qəbul edilərsə, onun məzmunundan belə başa düşülür ki, şəxs “yaşadığı ünvana keçiriləcək axtarış” zamanı müdafiəçinin iştirakından imtina etmiş, şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirakından imtina etməmişdir. Şübhəli şəxsin yaşadığı ünvanda isə ümumiyyətlə heç bir axtarış aparılmamışdır. Qeyd olunan dəlillər məhkəmənin müdafiəçinin iştirakından imtina ilə bağlı məqam üzrə gəldiyi nəticəni təkzibedilməz edir. Digər tərəfdən, daha ciddi bir məqam ondan ibarətdir ki, cinayət təqibini həyata keçirən orqan hər bir halda həmin imtina ərizəsi real olsa idi belə ümumiyyətlə onu qəbul edə bilməzdi. Çünki, bu Cinayət-Prosessual Məcəllənin 92.3.2 və 92.12-ci maddələrinin tələblərinə birbaşa ziddir. Belə ki, şübhəli və ya təqsirləndirilən şəxs əqli geriliyə, aşkar əqli zəifliyə və ya digər pozuntulara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə, müdafiəçidən imtina qəbul olunmur. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Plenum Qərarında xüsusilə qeyd olunur ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi, müdafiəçidən imtina edildiyi halda isə Cinayət-Prosessual Məcəllənin 92.12-ci maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsinin bu qərarında belə imtinanın şərtlərinə dair müəyyən etdiyi hüquqi mövqeyinə uyğun həyata keçirilməməsi, məhkəmə tərəfindən Cinayət-Prosessual Məcəllənin 303.3.1-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilərək, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (CPM-in 125.2.3-cü maddəsi), habelə cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yalnış basa düşməsindən istifadə etməklə (CPM-in 125.2.4-ci maddəsi) alınmış məlumatlar və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz (CPM-in 125.3-ci maddəsi). Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, şəxsi axtarış və götürməni aparmış təhqiqatçının şübhəli şəxsdə əqli gerilik, aşkar əqli zəiflik və ya digər bu kimi pozuntulardan əziyyət çəkməsi barədə aşkar məlumatlı olduğunu təsdiq edən mübahisəsiz dəlillər mövcuddur. Belə ki, əməliyyatçıların tərtib etdiyi raportdan, həmçinin onların ibtidai istintaq orqanına verdikləri ifadələrindən birbaşa görünür ki, Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında deyil, təsadüfən, «Maştağa qəsəbəsi, X12 küçəsində,, bir nəfər şəxsin şübhəli olduğunu görüb» saxlanılmışdır, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatlar 14-cü Polis Şöbəsinə gətirildikdən sonra müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyəti barədə, habelə keçmişdə cinayət törədilməsi barədə məlumatları özündə əks etdirən müvafiq portaldan çıxarış cinayət işinin ilkin təhqiqat materiallarına da əlavə olunub (cild 1, iş vərəqə 5-6). Həmin portal məlumatından sonra tərtib edilmiş bütün protokollarda, o cümlədən “Şübhəli şəxsin tutulması haqqında” və “Şəxsi axtarış və götürmə haqqında” protokollarında onun şəxsiyyəti barədə məlumatlar əks etdirilib. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixolojı ekspertizasının 15 dekabr 2023-ci il tarixli 3492 saylı rəyində (cild 1, iş vərəqə 142-145) qeyd olunur ki, şəxs “özü barəsində olan məlumatlardan doğum tarixini söyləməkdə çətinlik çəkir” (bu hal məhkəmənin hazırlıq iclasında da aşkar təsdiq olundu). Həmçinin, istintaq hərəkətlərinin protokollarında “özünün deməsinə görə, məhkum olunub” sözləri deyil, məhz “məhkum olunub” yazılıb. Bu bir daha mübahisəsiz olaraq onu təsdiq edir ki, müvafiq protokollarda qeyd olunan məlumatlar Təqsirləndirilən şəxs dedikləri əsasında deyil, məhz portaldan çıxarış əsasında yazılıb. İstifadə olunan “məhkum olunub” ifadəsi cinayət hüquqi mənada Təqsirləndirilən şəxs münasibətdə uğurlu olmasa da, protokolu tərtib edən şəxsin cinayət işinin 6-cı vərəqəsində portaldan çıxarışda əks edilmiş “CİNAYƏTİN TÖVSİFİ – QƏSDƏN ADAM ÖLDURMƏ”, “MADDƏ – 120.1” və “BAKİ AĞİR CİNAYƏTLƏR MƏHK QƏR. ƏSASƏN ƏMƏLİ ANLAQSİZ VƏZİYYƏTDƏ TÖRƏDİLDİYİ ÜÇÜN BARƏSİNDƏ İXTİSASLAŞDİRİLMİŞ PSİXİAT STASİONAR TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİR EDİLƏRƏK CİNAYƏT MƏSULİYYƏTİNDƏN AZAD EDİLİB” məlumatlarına bələd olmasını birbaşa təsdiq edir. Beləliklə, şəxsin keçmişdə anlaqsız hesab edildiyinə görə törətdiyi xüsusilə ağır cinayətə görə cinayət məsuliyyətindən azad olunması, sonuncuda hansısa psixi pozuntunun olduğunu güman etməyə birbaşa imkan verir. Həmçinin, şəxsin davranışlarından, danışığından da bu hal aşkar müşahidə olunur. Məhkəmənin hazırlıq iclasında da bu hal bütün proses iştirakçıları üçün də təkzibedilməz fakt olaraq öz təsdiqini tapdı. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs həm dindirmə, həm ekspertiza zamanı, həm məhkəmə nəzarəti qaydasında “ev dustaqlığı” qətimkan tədbiri seçilən zaman məhkəmə iclasında, həmçinin hazırki məhkəmə iclasında təkidlə qeyd edib ki, o, psixi cəhətdən tam sağlam deyil, onun əlilliyi var. Bu dəlillər isə tutulma zamanı da şəxsin eyni məlumatları bildirdiyini daha inandırıcı edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 140-cı maddəsinin məzmununa görə, şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olubolmaması yalnız psixiatriya sahəsində ekspert rəyi ilə müəyyən edilə bilər. Bu maddə şəxsin əməlin törədilməsi zamanı Cinayət Məcəlləsinin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşüb-düşməməsinin müəyyən edilməsində psixiatrik rəyin zəruriliyini göstərir. Lakin bu müddəa təqsirləndirilən şəxsin müdafiə hüququna heç bir halda xələl gətirməməlidir. Cinayət-Prosessual Məcəllənin 92.12-ci maddəsində sadalanan hallarda müdafiəçidən imtina etməyin yolverilməzliyi şübhəli və ya təqsirləndirilən şəxsin fərdi keyfiyyətləri ilə əlaqəlidir. Bu maddə ilk növbədə şəxsin hüquqlarının qorunmasına yönəlmişdir. Psixiatriya rəyinin şəxsin cinayət məsuliyyətinin yaranıb-yaranmaması məsələsini müəyyən edilməsində həlledici rolu qəbul olunur, lakin bununla yanaşı, şəxs üçün müdafiəçinin məcburi təyin edilməsi məsələsi həmin rəyin olması ilə şərtləndirilməmişdir. Cinayət-Prosessual Məcəllənin 92.3.2-ci maddəsində göstərilmiş əsas ilə müdafiəçinin məcburi təyin edilməsi üçün ekspertiza rəyinin zəruri olmamasını təsdiq edən digər hal həmin maddənin özü-özlüyündə, yəni “əqli gerilik, aşkar əqli zəiflik” sözlərində ifadə olunub. X6 tərəfindən hazırlanmış “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı – 10-cu baxış” (qısa – X2 – 10, XBT-10) əsasən, əqli gerilik 4 növə görə təsnifatlaşdırılır: yüngül dərəcəli əqli gerilik, orta dərəcəli əqli gerilik, ağır dərəcəli əqli gerilik, dərin əqli gerilik. Sadalanan diaqnozlar arasında “aşkar əqli zəiflik” yoxdur, “aşkar” sözü tibbi termin deyil, diaqnozun qoyulmasında istifadə olunmur. Bu da onu göstərir ki, Cinayət-Prosessual Məcəllədə istifadə olunan “aşkar əqli zəiflik” – ekspert rəyi olmadığı təqdirdə belə, tibb işçisi olmayan şəxs üçün də aşkar olan əqli zəiflik deməkdir. Yəni, həmin halda müdafiəçinin məcburi təyin edilməsi ekspert rəyinə deyil, cinayət təqibini həyata keçirən şəxsdə olan məlumatlara əsasən onun gəldiyi qənaətə əsaslanır. Cinayət təqibini həyata keçirən orqanın belə qənaətə gəlmək üçün kifayət qədər məlumatların olması barədə isə yuxarıda ətraflı bəhs edildi. Qeyd olunanlardan əlavə şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxan birinci instansiya məhkəməsi də bundan imtina edilməsi barədə qərarında birbaşa göstərmişdir ki, «...İstintaq orqanı Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğunu göstərsə də, materiala əlavə edilmiş portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2015-ci il tarixdə istintaqı aparılan cinayət əməlinə görə məhkum edilməmiş, onun cinayəti anlaqsız vəziyyətdə törətməsi nəzərə alınmaqla o, cinayət məsuliyyətindən azad edilmişdir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin hələ də ambulator müşahidəsi və psixiatr müalicəsində olmasını, məhkəmə iclasındakı davranışlarını, onun müalicəsi ilə əlaqədar müəyyən dərmanlar qəbul etdiyini, iş üzrə məhkəmə-psixiatrik ekspertizasının keçirilərək Təqsirləndirilən şəxs psixi vəziyyətinin müəyyən edilmədiyini nəzərə alaraq onun sağlamlığı və müalicəsinin ambulator şəraitdə davam etdirilməsinin təmin edilməsi baxımından da Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilməsini məqsədəmüvafiq hesab etmir.» Bundan əlavə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” Plenum Qərarına əsasən, cinayət mühakimə icraatında Azərbaycan Respublikasının dövlət dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxs ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin edilməlidir. Bu, həm də ümumiyyətlə savadsız olan şəxslərə aiddir. Bundan əlavə, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş videodiskdə həmin istintaq hərəkətinin videoyazısından görünür ki, iki nəfər əməliyyatçı və Təqsirləndirilən şəxs otağa daxil olub, özlərini təqdim edirlər. Təhqiqatçı şübhəli şəxsə şəxsi axtarış və götürmənin əsasını bildirir, sonra Təqsirləndirilən şəxs üzərində olan əşyanı təqdim etməyi təklif edir. Protokolda müvafiq qeyd olsa da, faktiki olaraq şəxsə onun heç bir hüquq və vəzifəsii izah edilmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 avqust tarixində 13:30-da tutulub, 15:25-də tutulma haqqında protokol tərtib edilib, 16:05-də isə şəxsi axtarış başlanılıb. Şəxsin tutulduğu andan şəxsi axtarışın keçirilməsinə qədər 1 saat 35 dəqiqə keçib. Şübhəli şəxsin dindirilməsi onun şübhəli şəxs qismində tutulmasından 2 gün sonra keçirilib. Belə ki, şübhəli şəxs 21 avqust 2023-cü il tarixdə tutulub, şübhəli şəxsin dindirilməsi haqqında protokol isə 23 avqust 2023-cü il tarixdə, artıq müstəntiq tərəfindən tərtib olunub (cild 1, iş vərəqə 43-46). Cinayət-Prosessual Məcəllənin 232.1-ci maddəsinə görə, şübhəli şəxsin dindirilməsi onun tutulmasından dərhal sonra aparılır. Dərhal sonra verilən ifadə şübhəli şəxsin özünü müdafiə etmək hüququnun təminatlarından biridir, onun pozulması, bir daha müdafiə hüququnun pozulması deməkdir. 21 avqust 2023-cü il tarixdə şübhəli şəxsdən izahat alınıb (cild 1, iş vərəqə 30). Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin müddəalarına görə, izahatın verilməsi məqsədi və şərtləri başqadır. Həmin izahat formasına görə də dindirmə protokolundan kəskin fərqlənir. Orada hüquq və vəzifələrin izah edilməsi barədə qeyd, nədə şübhələnildiyi haqqında qeyd əks etdirilməyib. İzahatda izahatın verilməsi vaxtı da qeyd olunmayıb, bu da həmin izahatın tutulmadan dərhal sonra alınıb-alınmamasının müəyyən edilməsini mümkünsüz edir. İzahatın sonundakı cümlə isə kompüterlə yazılmış “öz sözlərimlə düzgün yazılıb imzamla təsdiq edirəm” sözləridir. Şübhəli şəxsin oxuya bilmədiyi təqdirdə, izahatın düzgün yazılmasını şübhəli şəxsin haradan bilməsi imkanı da mücərrəddir. İzahatın Təqsirləndirilən şəxs təhqiqatçı və ya müdafəçisi tərəfindən oxunması barədə də heç bir qeyd yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (CPM-in 125.2.7-ci maddəsi), həmçinin şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (CPM 125.2.3-cü maddəsi) alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Bu xüsusatları da məhkəmə müdafiə hüququnun pozuntusu kimi qiymətləndirir. Məhkəmə qeyd olunan məsələ ilə bağlı mövqeyinin qanuni və əsaslı olduğunu vurğulayarkən həm də təhqiqatçının Cinayət-Prosessual Məcəllənin 86-cı maddəsidə nəzərdə tutulmuş vəzifələrini, o cümlədən kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək vəzifələrini nəzərdə saxlayır. Həm də nəzərə alınmalıdır ki, CPM-nin 86.4.2-ci maddəsində təhqiqatçı tərəfindən şübhəli şəxsə münasibətdə onun izahatının alınması deyil, məhz dindirilməsi müəyyənləşdirilmişdir. Ona görə də konkret cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, protokollar görə şübhəli şəxs kimi hüquq və vəzifələri, o cümlədən özünə qarşı ifadə verməmək və ya ümumiyyətlə ifadə verməkdən imtina etmək hüququ izah edilmiş, habelə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci və 6-cı maddələri də protokolla izah edilmiş Təqsirləndirilən şəxs bilə-bilə yalan xəbərçilik etməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə rəsmi xəbərdar edilib bu barədə özünə imza etdirməklə ondan törətdiyi cinayətlə bağlı izahat alınmasını da məhkəmə müdafiə hüququnun kobud pozuntusu kimi qiymətləndirir (cild 1, iş vərəqə 19-22, 30). İş üzrə 22 avqust 2023-cü il tarixində məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi haqqında qərar qəbul olunmuşdur. Eyni tarixdə də ambulator məcburi-narkolojı tibbi yoxlamanın 5400 nömrəli rəyi 14-cü Polis Şöbəsinə daxil olmuşdur. Lakin həmin rəy 14-cü X10 rayon Polis İdarəsinə 09 fevral 2024-cü il tarixli məktubla 12 fevral 2024-cü il tarixdə daxil olmuşdar. Yəni, bu rəy 6 aya yaxın bir müddətdə 14-cü Polis Şöbəsində olmuş, yalnız ibtidai istintaqın tamamlanmasından 5 gün əvvəl müstəntiqə daxil olmuşdur (cild 1, iş vərəqə 34, 139-141). Bundan əlavə, 23 avqust 2023-cü il tarixdə kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının təyin edilməsi haqqında qərar qəbul olunmuş, müvafiq ekspertiza rəyi isə 15 dekabr 2023-cü il tarixdə tərtib olunmuşdur. Bundan əlavə, həmin 15 dekabr 2023-cü il tarixli 3492 nömrəli rəy “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin 29 yanvar 2024-cü il tarixli məktubu ilə Sabunçu rayon Polis İdarəsinə 13 fevral 2024-cü il tarixində daxil olmuşdur. Rəy birbaşa olaraq “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin məktubu ilə daxil olub. İş materiallarından göründüyü kimi, psixiatrik-psixoloji ekspertiza rəyi qərardan 3 aydan çox müddət keçdikdən sonra hazırlanıb, tərtib edildikdən 1 aydan çox müddət keçdikdən sonra ibtidai istintaq orqanına göndərilib, 2 həftə vaxt isə poçta sərf olunmuşdur (cild 1, iş vərəqə 65, 142-145). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 271.1-ci maddəsinə əsasən, ekspertiza təyin edilməsi haqqında müstəntiqin qərarının ekspertə daxil olduğu vaxtdan 1 (bir) aydan gec olmayaraq ekspert zəruri tədqiqatlar aparır, yazılı rəy tərtib edir, onu öz imzası ilə təsdiq edir və dərhal ekspertizanı təyin etmiş şəxsə göndərir. Cinayət-Prosessual Məcəllənin 271.1-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması mübahisəsizdir. Hər iki rəyin bu qədər gec müddətdə, xüsusən də ibtidai istintaqın tamamlanmasına bir həftə qalmış müddətdə daxil olması anlaşılmaz mənzərə yaradır və suallar doğurur. Avqust ayında baş vermiş hadisənin buna qədərki rəy əsasında anlaqsız hesab edilərək cinayət məsuliyyətindən azad edilmiş təqsirləndirilən şəxs tərəfindən dərk edilib-edilməməsi, idarə edə bilib-bilməməsinin dekabr ayında aparılmış ekspert tədqiqatı ilə müəyyənləşdirilməsi imkanları ilə bağlı məsələnin mübahisələndirilməsini isə məhkəmə hazırkı vəziyyətdə zəruri hesab etmir. Törətdiyi xüsusilə ağır cinayətə münasibətdə anlaqsız hesab edilərək cinayət məsuliyyətindən azad edilmiş Təqsirləndirilən şəxs anlaqsız şəxs kimi rəsmi olaraq məcburi müalicəsinin davam etdirildiyi bir vəziyyətdə bu xüsusatların heç bir araşdırılmamışdır. Beləliklə, cinayət işinin bütün materialların məcmusunu nəzərdən keçirməklə, məhkəmə, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması faktını hazırkı vəziyyətdə mübahisəsiz hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinin birbaşa tələbinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Ona görə də məhkəmə tərkibi belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin təhqiqatçısı polis leytenantı X8 və Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X3 barəsində xüsusi qərar çıxarılmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3.1-ci, 303.4-cü və 307-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı :

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

2. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin təhqiqatçısı polis leytenantı X8 və Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X3 haqqında xüsusi qərar çıxarılsın.

3. Bu qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar