Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1492/2022 05.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - ”Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Saqibət oğlu və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1-də qeydiyyatda olan, həbs edilənədək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroin əldə edib daşımaqla üzərində saxlamış və Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 aprel 2022-ci il tarixdə, saat 12:00-da ünvan 1 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Suraxanı RPİnin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan qırmızı rəngli gödəkçənin sol iç cibindən 4 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,895 qram, 0,604 qram, 0,377 qram, 0,157 qram, ümumi təmiz çəkisi 2,033 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,000 qram və 0,076 qram, ümumi təmiz çəkisi 1,076 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin əynində olan gödəkçənin sol yan cibindən üzərində heroin və metamfetaminin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, firmalarda işləmiş və pandemiya dövründə işdən çıxarılmışdır. Ona görə də o, işsiz qalmışdır. Həmin ərəfədə onun problemləri yaranmış və o, narkotik vasitədən istifadə etməyə başlamışdır. O, narkotik vasitəni Bakı şəhərində müxtəlif şəxslərdən alıb istifadə etmişdir. İlk dəfə o, “kakos” kimi tanıdığı narkotik vasitədən istifadə etməyə başlamışdır. Sonuncu dəfə o, 04 aprel 2022-ci il tarixdə gecə saatlarında «Komsomol dairəsi» kimi tanınan yerdən internetdən onlayn vasitəsi ilə tanış olduğu iranlı şəxsdən bir hissəsini öz istifadəsi, bir hissəsini isə satmaq məqsədi ilə 100 manata ümumilikdə 6 (altı) ədəd bükümdə narkotik vasitə “kakos” və psixotrop maddə metamfetamin almışdır. Lakin o, aldığı narkotik vasitə və psixotrop maddədən istifadə etməmişdir. 05 aprel 2022-ci il tarixdə, təxminən saat 12:00 radələrində o, yaşadığı evin yaxınlığında olan zaman mülki geyimli polislər ona yaxınlaşaraq polis olduqlarını bildirib onu saxlamışlar. Bundan sonra polis əməkdaşları onu Suraxanı rayon Polis İdarəsinə aparmışlar. Orada videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirmiş və həmin vaxt o, əynində olan gödəkçənin cibindən 6 (altı) ədəd bükümü və 1 (bir) ədəd elektron tərəzini, «Samsung» və «Nokia» markalı mobil telefonlarını çıxararaq polislərə təqdim etmişdir. Sorğu-sual zamanı o, hər şeyi olduğu kimi polislərə etiraf etmişdir. O, polislərə üzərində olan narkotik vasitə və psixotrop maddələri həm öz istifadəsi, həm də satmaq məqsədi ilə aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən o, zorakılığa məruz qalmamışdır. O, hər şeyi etiraf etdiyindən ona qarşı kobudluq olmamışdır. Sonra polislər ondan aşkarlanmış əşyaları götürüb qablaşdırmışlar. O, törətdiyi əməldən çox peşmandır. Əgər o, pandemiya dövründə işsiz qalmasaydı heç vaxt belə yola düşməzdi. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini, habelə cavan və törətdiyi əməldən peşman olmasının nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrıayrılıqda və məcmu halda təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Suraxanı RPİ-nin CAŞ-da əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi C.Cabbarlı küçəsi, ev 48-də yaşayan Təqsirləndirilən şəxs üzərində külli miqdarda narkotik vasitələri saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra daxil olmuş məlumat barəsində Polis İdarəsinin rəisinə raportla məruzə olunmuş və Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna onunla yanaşı, həmçinin Suraxanı RPİ-nin CAŞnin kiçik inspektoru, polis serjantı Şahid2 daxil olmuşdur. Bundan sonra onlar həmin gün saat 12:00 radələrində ünvan 1 ünvanının yaxınlığına getmişlər və daxil olmuş məlumatda göstərilən şəxsin əlamətlərinə malik şəxsin, yəni Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüşlər. Sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsin narkotik vasitələrin istifadəsi və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Sonra onlar həmin şəxsi Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin şəxs də onlara etiraz etməyərək onlarla birlikdə Polis İdarəsinə getmişdir. Orada təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan edilmiş əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynində olan gödəkçənin iç cibindən 1 (bir) ədəd sellofan bükümü çıxararaq onlara təqdim etmişdir. Həmin bükümə baxış keçirildikdə içindən 6 (altı) ədəd ayrı-ayrılıqda bükümlər aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin yan cibindən 1 (bir) ədəd elektron tərəzini və şalvarının cibindən 2 (iki) ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin 4 (dörd) ədədinin içərisində “patı” kimi tanıdığı psixotrop maddə, 2 (iki) ədədinin içərisində isə “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Sonra aşkar edilmiş əşyalar qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış keçirilmiş, lakin həmin evdən qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 aprel 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 4-5) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 18) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 27) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 30-31) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçənin sol iç cibindən şəffaf sellofanın içərisində 6 (altı) ədəd büküm, həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd tərəzi, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən “Samsung Duos” və “Nokia” markalı mobil telefonlar aşkar olunmuş və sonra həmin əşyalar qablaşdırılmaqla götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 aprel 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 32) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 2 ünvana baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 aprel 2022-ci il tarixli evə baxış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 33-35) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 2 evə baxış keçirilmiş, lakin həmin vaxt sübut əhəmiyyətinə malik hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1839 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 44-47) görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» yazı və imzalar olan zərfdəki, 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,895 qram, 0,604 qram, 0,377 qram, 0,157 qram, ümumi təmiz çəkisi 2,033 qram ağ rəngli kristtallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,000 qram və 0,076 qram, ümumi təmiz çəkisi 1,076 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tərəzi» yazı və imzalar olan zərfdəki 1 (bir) ədəd arxasında «200g/0.01g» yazısı olan gümüşü rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 aprel 2022-ci il tarixli əməlin tövsif olunması haqqında qərardan (cild 1, iş vərəqə 59) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 60-61) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 aprel 2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-202/2022 saylı qərarından (cild 1, iş vərəqə 77-81) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 aprel 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 87) görünür ki, həmin gün Təqsirləndirilən şəxs məxus “Samsung Duos” və “Nokia” markalı mobil telefonlara baxış keçirilmiş, lakin hər iki mobil telefonun yaddaşında olan zənglər siyahısına daxil olan və çıxan zənglər, həmçinin SMS yazıları silindiyindən iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 aprel 2022-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 88) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung Duos” və “Nokia” markalı mobil telefonlar Təqsirləndirilən şəxs anası X1 işlək vəziyyətdə qaytarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 89) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3562 nömrəli rəyindən (cild 1, iş vərəqə 106-107) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 1726 nömrəli rəyindən (cild 1, iş vərəqə 109-110) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 111-115) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş itihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 1,076 qram çəkidə narkotik vasitə heroinin, 3,033 qram çəkidə psixotrop maddə metamfetaminin və 1 (bir) ədəd elektron tərəzinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,833 qram təşkil edən psixotrop maddə metamfetaminin, qalıq çəkisi 0,976 qram təşkil edən narkotik vasitə heroinin və 1 (bir) ədəd elektron tərəzinin Suraxanı RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 206-cı maddələri ilə cinayət təqibinin rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiə hüququ tam şəkildə təmin olunmuşdur. Lakin təqsirləndirilən şəxs məhkəmə iclaslarında etirafedici ifadə verərək törətdiyi cinayət əməlini etiraf etmiş, habelə törətdiyi cinayət əməlindən peşman olmasını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv şəkildə tədqiq edilmiş və araşdırılmış mötəbər sübutlarla təsdiq olunmuşdur ki, 05 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş və onun cinayət əməllərini ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, yəni 05 aprel 2022-ci il tarixdə Vəliyev X4 RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirində saxlanılaraq Suraxanı rayon Polis İdarəsinə aparılmışdır. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən 4 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,895 qram, 0,604 qram, 0,377 qram, 0,157 qram, ümumi təmiz çəkisi 2,033 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,000 qram və 0,076 qram, ümumi təmiz çəkisi 1,076 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin 1 (bir) ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı vermiş olduğu etirafedici ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri satmaq məqsədi ilə əldə edərək üzərində saxladığını və daşıdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs bu əməlləri isə özü-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozitiv şərtləri ilə əhatə olunduğundan, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində həqiqətən də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin bütün zəruri tərkib əlamətləri vardır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan, törətdiyi əməldən peşman olmasını, ələlxüsus törətdiyi cinayət əməlini həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı tam şəkildə etiraf etməsini, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ələlxüsus ibtidai araşdırma və məhkəmə araşdırması zamanı törətdiyi əməli etiraf etməklə törətdiyi əməldən səmimi şəkildə peşman olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Şaxal oğluna Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranın asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,833 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,976 qram təşkil edən narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,833 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,976 qram təşkil edən narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1492/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1492/2022
05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver