Məhkəmə qərarları › İş №1(101)-1493/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1493/2021

15.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1493/2021 15.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1994-cü il dekabrın 25-də Sabirabad rayonunun Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, Zəngilan rayonunun Çöpədərə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci il fevralın 02-də axşam saatlarında əvvəllər yaxın münasibətlərdə olduğu Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına gələrək orada birlikdə spirtli içkilər qəbul etdikdən sonra sonuncunun ondan barışmaqla münasibətləri bərpa edib yenidən birlikdə yaşamaları ilə bağlı israrlı tələblərini rədd etdikdə Zərərçəkmiş şəxs onu yüngül həyat tərzi keçirməkdə ittiham edərək «Netto» kafedə qulluçu (ofisiant) işləməsi barədə qardaşı X8 məlumat verəcəyi və yaxın qohumları arasında rüsvay edəcəyi ilə əlaqədar hədələməsi səbəbindən aralarında yaranan mübahisə zamanı 2021ci il fevralın 03-də saat 01 radələrində Zərərçəkmiş şəxs onu vurmaqla qisas almaq niyyəti ilə mənzilin qonaq otağındakı masanın üzərindən götürdüyü istintaqa məlum olmayan təsərrüfat-məişət təyinatlı bıçaqla qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vurmaqla sonuncuya qarnının sağ yarısının ön divarında olan, qarın boşluğuna nüfuz edib köndələn çəndər bağırsağı və peritonu yaralayan insan həyatı üçün təhlükəli olan bir ədəd deşilmiş-kəsilmiş yara kimi xəsarət yetirərək zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə müddətdir tanıdığı Zərərçəkmiş şəxs ilə qeyrirəsmi olmaqla birgə yaşamışlar. Bir müddətdir işsiz olduğu üçün kafelərin birində ofisant kimi xidmət göstərsə də Elnur onun kafedə işləməyinin əleyhinə olmuşdur. Hadisədən təxminən dörd ay əvvəl onlar artıq ayrılıb arabir görüşmüşlər. Bu müddət ərzində Elnur ona borc verdiyi 600 manat əvəzinə onun yaşadığı mənzildən televizoru götürərək aparmaqla pulu qaytaranda həmin əşyanı qaytaracağını dedikdə o, əsəbiləşib sonuncunun hərəkəti barədə polis orqanına şikayət etdikdən sonra Elnur ona məxsus televizoru geri gətirmiş, mütəmadi olaraq ona zəng etməklə onun kafedə işləməsi barədə qardaşı X8 bildirəcəyini söyləmişdir. 2021-ci il fevralın 03-də saat 01 radələrində biraz içkili vəziyyətdə olduğundan Elnurla münasibətləri birdəfəlik aydınlaşdırmaq məqsədi ilə oğlanın yaşadığı ünvan 2 ünvanına gəldikdə sonuncu ilə də spirtli içki qəbul etmiş, söhbət əsnasında Elnur televizora görə ondan nahaq yerə şikayət etməsini bildirsə də ona barışmağı və yenidən bir yerdə yaşamağı təklif etmiş, lakin o, razılaşmadığı üçün sonuncu onu yüngül həyat tərzi keçirməkdə və bu haqda qardaşına və qohumlarına deyəcəyi ilə hədələdiyindən aralarında sözlə mübahisə yaranmış və o, stolun üstündə olan mətbəx bıçağını götürüb bir dəfə Elnurun qarın nahiyəsinə zərbə endirmişdir. Göstərilən vaxt o, özünə gələrək və dərhal DİN-in «102» xidmətinə zəng vurmaqla hadisə haqqında məlumat vermiş, qarın nahiyəsindən qan axdığına görə Elnur «103» təcili tibbi yardım xidmətinə zəng etmişdir. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, əməlindən həddindən artıq peşmandır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə eyni ifadə verib əlavə olaraq notarius onun barışıq ərizəsini təsdiq etmədiyindən həmin sənədi məhkəmə iclasında təqdim etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, sonuncuya yüngül cəza təyin olunmasını xahiş etdiyini bildirdi. İş üzrə şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, 2021-ci il fevralın 03-də saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs ona zəng etməklə əvvəllər görüşdüyü Zərərçəkmiş şəxs mübahisə zamanı mətbəx bıçağı ilə xəsarət yetirdiyini, hadisə barədə DİN-in «102» xidmətinə məlumat verdiyini bildirmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 2021-ci il 03 fevral tarixli 2/1320 №-li Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcədə alkoqol sərxoşluğu müəyyən edilmişdir (iş vərəqi 11). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin tərtib etdiyi 2021-ci il 03 fevral tarixli 2 NK 581 №-li protokoldan görünür ki, ünvan 3 ünvanına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən predmet və ya əşya aşkarlanmamışdır (iş vərəqi 14). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 2021-ci il martın 26-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 29). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X9» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 01 aprel tarixli 232 nömrəli ekspert rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Elnur Ələskər oğlu Həsənovun bədənində aşkar edilmiş xəsarətlər – qarnın sağ yarısının ön divarında olan, qarın boşluğuna nüfuz edərək köndələn çəndər bağırsağı və peritonu yaralayan, bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin (əşyanın) təsirindən törənməklə bıçaqla yetirilməsi mümkündür, müddəti 2021-ci il fevralın 03-nə uyğun gəlir, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, özü-özünə törənməsi inkar olunur (iş vərəqi 31-34). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 10 aprel tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan şahid Zərərçəkmiş şəxs ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs onu ünvan 3 ünvanında bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmiş, fotoşəkillərin kserosurətləri protokola əlavə edilmişdir (iş vərəqi 42-45). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 10 aprel tarixli protokoldan görünür ki, iş üzrə şahidlər Elnur Ələskər oğlu Həsənov və Təqsirləndirilən şəxs üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu onun dedikləri ilə razılaşdığını bildirmişdir (iş vərəqi 47-50). İş materiallarındakı Sabirabad Rayon Qeydiyyat Şöbəsinin tərtib etdiyi 2021-ci il 22 aprel tarixli 05/69-270 №-li və 05/69-271 №-li arayışlardan, 2020-ci il 08 dekabr AZ-İ seriyalı 339513 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 2017-ci il fevralın 28-də ləğv olunan nikahından 2012-ci il 26 yanvar təvəllüdlü X5 və 2013-cü il 02 may təvəllüdlü X6 adlı övladları vardır (iş vərəqi 52- 54). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 12 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:50-də Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 74). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 14 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilib ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 84-85). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 14 aprel tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 103-107). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 2021-ci il 21 aprel tarixli 853 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməyib fərdi-psixoloji xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır, özünə qarşı hörmət tələb etmək, qıcığa qarşı həssaslıq, emosionallıq kimi xüsusiyyətlərə malikdir, sonuncu fizioloji affekt vəziyyətində olmamaqla ittiham edildiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 118-120). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 23 iyul tarixli sübutların qiymətləndirilməsi, 2021-ci il 25 iyul tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək və eyni tarixli qətimkan tədbirinin təsdiq edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, barəsində seçilən polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri qüvvəsində saxlanılmış, bir ədəd CD diskinin maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 29,120.1.-ci, 126.2.4.-cü və 228.4.-cü maddələri ilə cinayət işinin başlanması rədd olunmuşdur (iş vərəqi 125-131, 133-134 və 143-144). Məhkəməyə təqdim olunan 2021-ci il 01 noyabr tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün tam etirafedici, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasının, zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu, əməlindən peşmanlığını, ailə vəziyyətini, cavanlığını, tənha qadın olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 2021-ci il aprelin 12-dən 2021-ci il aprelin 14-dək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının CM-nin 79.1.-ci maddəsinə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair» 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsində qeyd olunan şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması məsələsi həm hökm çıxarılarkən, həm də onlar cəzaçəkmə müəssisələrində cəza çəkərkən həll edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzası sonuncunun azyaşlı övladları 2012-ci il 26 yanvar təvəllüdlü X5 və 2013-cü il 02 may təvəllüdlü X6 14 yaşına çatanadək təxirə salınmalıdır. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək onun barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 42 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 252 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin sonuncunun azyaşlı övladları 2012-ci il 26 yanvar təvəllüdlü X2 və 2013-cü il 02 may təvəllüdlü X3 14 yaşına çatanadək təxirə salınacağını nəzərə alaraq hesab edir ki, cəzaçəkmənin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2021-ci il aprelin 12-dən 2021-ci il aprelin 14-dək tutulduğu 02 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1.-ci maddəsi tətbiq edilməklə 2012-ci il 26 yanvar təvəllüdlü azyaşlı övladları X5 və 2013-cü il 02 may təvəllüdlü övladı X6 14 yaşına çatanadək hökmün icrası təxirə salınsın. Təqsirləndirilən şəxs azyaşlı övladları X5 və X6 14 yaşına çatanadək davranışına nəzarət Abşeron Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Cəzaçəkmə müddətinin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 252 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar