Məhkəmə qərarları › İş №1(101)-1494/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1494/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1494/2024 30.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokurorları Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli , orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş , ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN-in Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o,satış məqsədi ilə qanunsuz olaraq küli miqdarda narkotik vasitə 5,243 qram narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə 170 manata Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı RPİ-nin, 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 17 oktyabr 2023-cü il tarixdə saat 20:30-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ-nin 33- ci PB-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisində olan bir ədəd gümüşü rəngli falqaya bükülmüş iki ədəd gümüşü rəngli falqa bükümdə, 03 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,590 qram, 1,820 qram, 0,530 qram, 0,079 qram, 0,224 qram, ümumi təmiz çəksi 5,243 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları ona yaxınlaşmışlar. O həmin gün səhər saat 10:00-dan 16:00-a kimi Suraxanı rayon məhkəməsində olmuşdur. Ancaq ittihamda başqa yerdə olduğu qeyd edilmişdir. Ona narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu demişlər. İdarəyə aparılan zaman isə üzərində 1 qram “kokos” var imiş. Onu isə üzərində satış məqsədilə 5 büküm narkotik vasitə gəzdirməsi ittihamı ilə yükləmişlər. Müvəqqəti saxlama yerinə çatanda satışla ittiham olunduğunu bilmişdir. Üzərində olan 1 qram narkotiki Günəşlidə tanımadığı şəxsdən əldə etmişdir. O özü Günəşlidə yaşayırmış. Şəxsi axtarış bağlı videoçəkiliş olanadək artıq üstündə axtarış aparılmış. O da videoda etiraz etməmişdir. Qətimkan tədbiri seçilən zaman məhkəmədə etiraz etmişdir. Şüvəlanda olan zaman onun döyülməsi ilə bağlı qeydlər də edilmişdir. Onu tutan sahə müvəkkili Emin və əməliyyat müəvvəkkili narkotiki boynuna almağı üçün onu məcbur etmiş və fiziki zor tətbiq etmişlər. Ona 3-4 nəfər polis əməkdaşı təzyiq göstərmişdir. Döyülməyi ilə bağlı şikayət vermişdir. Döyülmə faktının nəticəsi ilə bağlı hansısa məlumat əldə etməmiş və məhkəmənin olmağını gözləmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o DİN-in Suraxanı Rayon Polis İdrəsinin 33-cü Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çaılışır. Şəxsi əməliyyat tədbiri zamanı tanımışdır. Oktyabr ayının ortaları iş yoldaşına əməliyyat məlumatı daxil olmuşdur. Üzərindən biraz keçdikdən sonra həmin ərazidə xidmətdə olarkən Sabirə bənzətdikləri bir nəfəri görmüşlər. Onu saxlamaq üçün yaxınlaşmışlar, ancaq o qaçmışdır. Şəxsi tutub bölməyə aparmışlar. Üzərindən külli miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür. Üzərində başqa nəyin olduğunu soruşduqda təqsirləndirilən şəxs təqdim etməkdən imtina etmişdir. Tərəflərindən şəxsin üzərində axtarış aparılmış və yenidən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Sabirə qarşı bölmədə hər hansı müqavimət olmamışdır. Sabirin bədənindəki xəsarət izəri polis əməkdaşları tərəfindən həyata keçirilməmişdir. Ola bilsin ki, narkotik vasitə istifadəçiləri ilə münaqişə zamanı olmuşdur. Onun narkotik vasitə istifadəçiləri ilə münaqişəsini görməmişdir. Sabir tutulduqdan sonra onun əvvəl yaşadığı yerdə narkotik vasitənin istifadəsi azalmışdır. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdə vəkilin iştirakı təmin olunmuşdur. Təqsirləndirilən şəxsə fiziki və ya psixi təsir göstərilməmişdir. Polis əməkdaşlarından qaçmaq istəsə də onu saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində ittihamda göstərildiyi qədər narkotik vasitə olmaması, özünü narkotik vasitənin satışında təqsirli bilməməsi və polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 17 oktyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Abnar İbrahimov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokolundan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 03 (üç) ədəd bükümdə içərisində toz şəkilli, qəhvəyi rəngli heroinə oxşar maddəni təqdim etmiş, bu narkotik maddə heroini tanımadığı şəxsdən 170 manata alaraq özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunan 05 ədəd bükümdə içərisində toz şəkilli, qəhvəyi rəngli heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər 01 ədəd boş zərfdə qablaşdırılaraq möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/5500 nömrəli rəyindən görünür ki, üzərində “Azərbaycan respublikası DİN Zərflər üçün N 171...” dairəvi möhür əksi və “...şübhəli şəxs: Təqsirləndirilən şəxs- imza iştirakçılar: iki-imza, təhqiqatçı : A.ibrahimov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 05 (beş) ədəd bükümlərdəki təmiz çəkiləri-2,590 qram, 1,820 qram, 0,530 qram 0, 079 qram 0,224 qram, ümumi təmiz çəkisi 5,243 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 5,243 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 5,143 qram. (Ekspertiza tədqiqatının dəyəri 92(doxsan iki) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-405/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətində həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd dvd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs, Suraxanı RPİnin 33-cü PB-nin təhqiqatçısı polis kapitanı X2,33-cü PB-nin sahə inspektoru polis leytenantı Şahid1, 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 iştirak etmişdir. Təhqiqatçı əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 bir ədəd siqaret qutusunu çıxararaq stolun üstünə qoymuşdur. Təhqiqatçı siqaret qutusunu açmış, həmin qutunun içərisindən 01 ədəd gümüşü rəngli bükümü çıxarmış, həmin gümüşü rəngli bükümü açdıqda içərisində iki ədəd gümüşü rəngli büküm və 03 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofan büküm olduğu müəyyən edilmişdir. X5 Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olması haradan və nə məqsədlə əldə etməsi barədə sual vermiş, Təqsirləndirilən şəxs də həmin bükümlərdə kakos kimi tanıdığı narkotik madə olduğunu, narkotik maddə aludəçisi olduğunu, öz şəxsi istifadəsi üçün 170 manata Günəşli qəsəbəsində tanımadığı və yaşadığı ünvanı bilmədiyi şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. İçərisində qəhvəyi rəngli maddə olan 03 ədəd şəffaf sellofan büküm və 02 ədəd gümüşü rəngli falqa 01 ədəd gümüşü rəngli falqaya bükülərək 01 ədəd boş zərfə yerləşdirilmiş, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 5(010)-552/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Suraxanı Rayon Polis İdrəsinin 33-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 17 oktyabr 2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Suraxanı rayon Prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 411-c-23 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi halları müəyyən edilməmiş, toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 501 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2024-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və X4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar istintaqa vermiş olduqları ifadələrini təqsirləndirilən şəxsin üzünə qarşı bir daha təsdiq etmişlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündəm görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətin residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 17 oktyabr 2023-cü il tarixdən hesablanmaqla, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal müəyyən etməmişdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,143 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 92(doxsan iki) manat alınıb dövlət büdcəsinə verilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 92(doxsan iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,143 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd diskin diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar