Məhkəmə qərarları › İş №1(101)-1496/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1496/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1496/2021 16.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X3 və X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə, həmçinin narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma və Türkiyə Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə Türkiyə Respublikasının vətəndaşı “Renat” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Renat” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhəri, Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyasının yaxınlığında gizlətməklə saxladıqları külli miqdarda 28,967 qram çəkidə psixotrop maddə metamfetamini, 424 ədəd təsiredici maddəsinin ümumi miqdarı 80,56 qram külli miqdar olan metilendioksimetamfetamin - MDMA tərkibli “ekstazi” həblərini, üzərində “PGN 300” yazısı olan 127 ədəd təsiredici maddəsinin ümumi miqdarı 38,1 qram külli miqdar olan narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin tərkibli dərman preparatlarını və üzərində “Alyse 150 (preqabalin)” yazısı olan 364 ədəd təsiredici maddəsinin ümumi miqdarı 54,6 qram külli miqdar olan narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin tərkibli dərman preparatlarını cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 16 aprel 2021-ci il tarixdə saat 19.45-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq Baş İdarədə saat 21.50-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə əlində olan qara rəngli dəri materiallı əl çantasında saxladığı bir ədəd dəmir qutuda təmiz çəkisi 28,967 qram külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd torbada 424 ədəd təsiredici maddəsinin ümumi miqdarı 80,56 qram külli miqdarda olan metilendioksimetamfetamin - MDMA tərkibli “ekstazi” həbləri, üzərində “Paden 300 (preqabalin)” yazısı olan 10 ədəd konvalyutda üzərində “PGN 300” yazısı olan ümumilikdə 127 ədəd təsiredici maddəsinin ümumi miqdarı 38,1 qram olan preqabalin tərkibli dərman həbləri, 26 ədəd konvalyutda üzərində “Alyse 150 (preqabalin)” yazısı olan ümumilikdə 364 ədəd təsiredici maddəsinin ümumi miqdarı 54,6 qram olan preqabalin tərkibli dərman həbləri, eləcə də üzərində metamfetamin izləri və “Adler” yazısı olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi cinayətlərinə görə əvvəllər məhkum olunmuşdur. Təqribən 1 ildən artıqdır lirika həblərindən istifadə edir. Tutulmamışdan təxminən 2 ay əvvəl sosial şəbəkədə “Renat” adlı şəxslə tanış olmuş, Renat ona iş təklif etmişdir. Belə ki, Renatın ona məlum olmayan adamı narkotik vasitə, psixotrop maddə, eləcə də güclü təsiredicİ maddələri bir yerə qoyub gizlətmiş, Renat özünə məxsus Türkiyə Respublikası mobil operatoruna aid mobil nömrədən ona “Watsapp” sosial şəbəkəsi vasitəsi ilə maddələrin gizlədildiyi yerin şəklini göndərmiş, o da həmin maddələrin olduğu bağlamaları oradan götürüb sonradan deyilən vaxtda sms-də göstərilən çəkidə və adda olanları müxtəlif yerlərdə gizlədib şəkillərini çəkib Renata göndərmişdir. Renat da hər ay bu işin müqabilində ona aylıq 900 manat əmək haqqı vermişdir. O, iki ay bu işlə məşğul olmuşdur. Tutulmamışdan təxminən 20 gün əvvəl Renat ona smslə şəkil göndərmiş və o, şəkildə göstərilən Neftçilər metrostansiyası yaxınlığında gizlədildiyi yerdən iki torbada maddələri götürüb özündə saxlamışdır. O həmin maddələrdən 15 nəfərdən çox şəxsə vermişdir. Lakin o, maddələri verdiyi şəxsləri heç vaxt görməmişdir və tanımamışdır. Renat iş yeni başlayanda ona Albalı Debit plastik kartı da göndərmiş və o, həmin kartı üzərində gəzdirmişdir. Həmin karta maddələri verdiyi şəxslər pul köçürmüşdür. O hər an sifariş ola biləcəyini nəzərə alaraq maddələri özünə məxsus qara rəngli dəri materiallı çantaya yığıb əlində gəzdirmişdir. 16 aprel 2021-ci il tarixdə saat təxminən 19:45 radələrində yaşadığı ünvanın yaxınlığında olarkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Həmin şəxslər ondan özünü təqdim etməsini istəmişlər, o öz anket məlumatlarını həmin şəxslərə demişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Baş idarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə, eləcə də güclü təsiredicİ maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O bundan sonra masaya yaxınlaşıb əlində olan qara rəngli dəri materiallı əl çantasını masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca əynində olan qara rəngli göəkçənin sağ yan cibindən 02 ədəd mobil telefonu, həmçinin qara rəngli idman şalvarının sağ yan cibindən pul vəsaitini masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca ona şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmişdir. O deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşyalara baxış keçirilməsinə başlanmışdır. Təqdim etdiyi mobil telefonlara baxış keçirilmiş və o telefonların özünə məxsus olmaqla “İphone 5S” və “İphone 6” modelli olduğunu bildirmişdir. Mobil telefonlar araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Pul vəsaiti sayıldıqda 01 ədəd 20 manatlıq əskinas olduğu müəyyən edilmiş və əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Təqdim etdiyi çantanın içindəkilər barədə sual olunduqda o çantanın içərisində narkotik vasitələrin və psixotrop maddələrin olduğunu bildirmişdir. Ardınca o çantanı açıb içindəki maddələri, həmçinin şəxsiyyət vəsiqəsini və 01 ədəd plastik kartı masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsiyyət vəsiqəsinə baxış zamanı ona məxsus olduğu bilinmiş, plastik karta baxış zamanı kartln üzərində sahibinin adı kimi “Reznichenko Anna” adının yazıldığı, kartın “Albalı plus” debet kartı olduğu müəyyən edilmişdir. Təqdim etdiyi əşya və maddələrə baxış zamanı 01 ədəd boz rəngli metal formalı üst hissəsi şüşə olan qab açılmış və içində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə olduğu müəyyən edilmişdir. 01 ədəd elektron tərəziyə baxış zamanı üzərində “Adler” yazısının yazıldığı məlum olmuş və o həmin elektron tərəzi ilə psixotrop maddələrin miqdarını ölçdüyünü bildirmişdir. Ardınca 01 ədəd şəffaf sellofan bükümdə olan tabletlərə baxış keçirilmiş, o həmin tabletlərin “ekstazi” adlanan güclü təsiredici maddələr olduğunu bildirmişdir. Həmin sellofan açılmaqla içindəki tabletlər sayılmış və 421 ədədinin tam formalı, 03 ədədinin isə parçalara bölünmüş vəziyyətdə olduğu müəyyən edilməklə sellofanın içində ümumilikdə 424 ədəd sarı rəngli tabletlərin olduğu müəyyən edilmişdir. Daha sonra konvalyutda olan həblər barədə sual olunduqda o həmin həblərin bir hissəsinin “Alise”, digər hissəsinin isə “Paden” adlı güclü təsiredici maddələr olduğunu bildirmişdir. Konvalyutda olan həblərə baxış zamanı hər birində 14 ədəd olmaqla 26 konvalyutda ümumilikdə 364 ədəd üzərində “Alyse-150mg” yazısı olan naməlum tərkibli həblərin və 10 konvalyutda ümumilikdə 127 ədəd üzərində “Paden-300” yazısı olan həblərin olduğu məlum olmuşdur. Ondan həmin həbləri əldə etdiyi mənbə barədə sual olunduqda o yuxarıda göstərdiklərini iştirakçılara danışmışdır. Onun üzərindəki əl çantasından aşkar edilmiş əşya və maddələr ekspertiza tədqiqatına təqdim olunması üçün öz iştirakı ilə çantanın içində qablaşdırılaraq möhürlənmiş, o iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və üzərinə keçirilən şəxsi axtarış və götürmə ilə bağlı protokol tərtib edilmiş, o də həmin protokolu imza edib təsdiq etmişdir. Verilən suallara cavab olaraq o polis əməkdaşları tərəfindən saxlanılan zaman, şəxsi axtarış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmadığını, zor tətbiq edilmədiyini bildirmişdir. O, “Renat” adlı şəxsin anket məlumatlarını bilməmiş və həmin şəxsin onun telefonunda sadəcə nömrəsi olmuşdur. Renat ona aylıq 900 manat pul vermiş və o, iki ay Renata işləmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 aprel 2021-ci il tarixdə DİN-İn Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, eləcə də güclü təsir edən maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr, psixotrop maddələr, güclü təsir edən maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 16 aprel 2021-ci il tarixli qərar çıxarılmış və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 19:45 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, ev 24 ünvanının yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edilmiş, narkotik vasitə, psixotrop maddələr, eləcə də güclü təsir edən maddələr əldə etmə, saxlama, daşıma və satışı ilə məşğul olmaqda şübhəli olması Təqsirləndirilən şəxs bildirilmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra üzərində şəxsi axtarış və götürmə aparılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə “Mərkəz” vəkil bürosunun vəkillərinin siyahısı Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə müvafiq vəkilin hüquqlarını müdafiə etməsinə etirazı olmadığını bildirmişdir. “Mərkəz” vəkil bürosunun vəkili X5 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxslə müdafiəçisinə konfıdensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs müdafiəçisi ilə konfıdensial ünsiyyət saxladıqdan sonra şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əlində olan qara rəngli dəri materiallı əl çantasını masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd mobil telefonu, həmçinin qara rəngli idman şalvarının sağ yan cibindən pul vəsaitini masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmişdir. Şübhəli şəxs deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşyalara baxış keçirilməsinə başlanmışdır. Təqdim olunan mobil telefonlara baxış keçirilmiş və şübhəli şəxs telefonların onun özünə məxsus olmaqla “İphone 5S” və “İphone 6” modelli olduğunu bildirmişdir. Mobil telefonlar araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Pul vəsaiti sayıldıqda 01 ədəd 20 manatlıq əskinas olduğu müəyyən edilmiş və əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi çantanın içindəkilər barədə sual olunduqda şübhəli şəxs çantanın içində narkotik vasitələrin və psixotrop maddələrin olduğunu bildirmişdir. Ardınca şübhəli şəxs çantanı açıb içindəki maddələri, həmçinin 01 ədəd şəxsiyyət vəsiqəsini və 01 ədəd plastik kartı masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsiyyət vəsiqəsinə baxış zamanı şübhəli şəxsə məxsus olduğu müəyyən edilmiş, plastik karta baxış zamanı kartın üzərində sahibinin adı kimi “Reznichenko Anna” adının yazıldığı, kartın “Albalı plus” debet kartı olduğu müəyyən edilmişdir. Təqdim olunan əşya və maddələrə baxış zamanı 01 ədəd boz rəngli metal formalı üst hissəsi şüşə olan qab açılmış və içində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu müəyyən edilmişdir. 01 ədəd elektron tərəziyə bənzər əşyaya baxış zamanı üzərində “Adler” yazısının yazıldığı məlum olmuş və şübhəli şəxs həmin elektron tərəzi İlə psixotrop maddələrin miqdarını ölçdüyünü bildirmişdir. Ardınca 01 ədəd şəffaf sellofan bükümdə olan sarı rəngli tabletlərə baxış keçirilmiş, şübhəli şəxs həmin maddələrin “ekstazi” adlanan güclü təsiredici maddələr olduğunu bildirmişdir. Həmin sellofan açılmaqla içindəki tabletlər sayılmış və 421 ədədinin tam formalı, 03 ədədinin isə parçalara bölünmüş vəziyyətdə olduğu müəyyən edilməklə sellofanın içində ümumilikdə 424 ədəd sarı rəngli naməlum tərkibli tabletlərin olduğu müəyyən edilmişdir. Daha sonra konvalyutda olan naməlum tərkibli həblər barədə sual olunduqda şübhəli şəxs onların bir hissəsinin “Alise”, digər hissəsinin isə “Paden” adlı güclü təsiredici maddələr olduğunu bildirmişdir. Konvalyutda olan həblərə baxış zamanı hər birində 14 ədəd olmaqla 26 konvalyutda ümumilikdə 364 ədəd üzərində “Alyse-150mg” yazısı olan naməlum tərkibli həblərin və 10 konvalyutda ümumilikdə 127 ədəd üzərində “Paden-300” yazısı olan naməlum tərkibli həblərin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təxminən 2 ay əvvəl sosial şəbəkədə “Renat” adlı şəxslə tanış olduğunu, həmin şəxs Aqilə iş təklif etdiyini bildirmişdir. Həmin Renat adlı şəxsin adamı narkotik vasitə, psixotrop maddə, eləcə də güclü təsiredici maddələri bir yerə qoyub gizlətmiş, Renat özünə məxsus Türkiyə Respublikası mobil operatoruna aid mobil nömrədən Təqsirləndirilən şəxs “Watsapp” sosial şəbəkəsi vasitəsi ilə maddələrin gizlədildiyi yerin şəklini göndərmiş, Təqsirləndirilən şəxs də həmin maddələrin olduğu bağlamaları oradan götürüb sonradan deyilən vaxtda sms-də göstərilən çəkidə və adda olanları müxtəlif yerlərdə gizlədib şəkillərini çəkib Renata göndərmişdir. Renat da hər ay bu işin müqabilində Təqsirləndirilən şəxs aylıq 900 manat pul vermişdir. Şübhəli şəxs iki aydır bu işlə məşğul olduğunu, təqdim etdiyi maddələri təxminən tutulmamışdan 20 gün əvvəl Neftçilər metrostansiyası yaxınlığında gizlədildiyi yerdən götürdüyünü və 15 nəfərdən çox şəxsə satdığım bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin maddələri satdığı şəxsləri də heç vaxt görməyib tanımadığını bildirmişdir. Plastik kart barədə isə şübhəli şəxs kartın Aqilə Renat tərəfindən göndərildiyini və satılan maddələrə görə ödənilən pul vəsaitlərinin həmin karta göndərildiyini demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd boz rəngli metal qabda psixotrop maddə olan metamfetaminə bənzər maddələr, 01 ədəd elektron tərəzi, 01 ədəd şəffaf sellofan bükümdə 424 ədəd sarı rəngli naməlum tərkibli tabletlər, hər birində 14 ədəd olmaqla 26 konvalyutda ümumilikdə 364 ədəd üzərində “Alyse-150mg” yazısı olan naməlum tərkibli həblər və 10 konvalyutda ümumilikdə 127 ədəd üzərində “Paden-300” yazısı olan naməlum tərkibli həblər müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün müvafiq qaydada aşkar olunduğu çantada qablaşdırılaraq möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinin gedişinə və nəticələrinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 da şahid Anar Babayevin ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 17 aprel 2021-ci il tarixli 6/1501 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində : “Təqsirləndirilən şəxs üzərindən ...” yazısı olan qra rəngli dəri çantasındakı, - bir ədəd dəmin qutuda təmiz çəkisi 28,967 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; -üzərində “Paden 300 (preqabalin)” yazısı olan 10 ədəd konvalyutdakı ümumilikdə 217 ədəd üzərilərində “PGN 300” yazısı olan ağ-qəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 217 kapsuldan ibarət preqabalin təsiredicİ maddəsinin ümumi miqdarı 65,1 qram təşkil edir (üzərində qeyd olunmuş göstəricilərinə əsasən bir kapsulda 0,3 qram preqabalin olmaqla); -üzərində: “Alyse 150 (preqabalin)” yazısı olan 26 ədəd konvalyutda ümumilikdə 364 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 364 kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 54,6 qram təşkil edir (üzərində qeyd olunmuş göstəricilərinə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla); - bir ədəd torbada 424 ədəd “yarpaq” formalı açıq sarı rəngli həb metilendioksimetamfetamin - MDMA tərkibli həblərdir (“ekstazi”) və 424 ədəd həbdən ibarət MDMA-nm təsiredici maddəsinin ümumi miqdarı 80,56 qramdır (bir həbdə 0,19 qram MDMA olmaqla). MDMA tərkibli həblər tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidirlər; - bir ədəd üzərində “Adler” yazısı olan elektron tərəzinin üzərində və çantanın içərisində metamfetamin izləri vardır. İz şəklində olduğu üçün, metamfetaminin çəkisini və təqdim olunmuş metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş preqabalin tərkibli dərman preparatının ümumi miqdarı 119,7 qram təşkil edir. Həmin preqabalin tərkibli dərman preparatı tərkiblərindəki təsiredici maddəsinin miqdarına (0,15 qram və 0,3 qram) və xarici əlamətlərinə görə müxtəlifdirlər. Metamfetamin və MDMA 28 iyun 2005-ci il tarixli AR Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Preqabalin tərkibli dərman preparatı 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təqdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxildir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 iyul 2021 -ci il tarixli 2282 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı preqabalindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 2 ildir güclü təsiredici dərman preparatı olan preqabalin həblərindən istifadə edir. Həmçinin 2-3 ildir psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Cinayət işinə əlavə olunmuş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 aprel 2021-ci il tarixli protokolan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 16 aprel 2021-ci il tarixdə saat 19.45 radələrində ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilib orada üzərinə videoçəkilişdən istifadə etməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan qara rəngli dəri materiallı əl çantasında saxladığı bir ədəd dəmir qutuda çəkisi ümumilikdə külli miqdarda 28,967 qram psixotrop maddə metamfetamin, 10 ədəd konvalyutda üzərində “PGN 300” yazısı olan sayı 127 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 65,1 qram olan preqabalin tərkibli dərman həbləri, 26 ədəd konvalyutda üzərində “Alyse 150 (preqabalin)” yazısı olan sayı 364 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 54,6 qram olan preqabalin tərkibli dərman həbləri, ümumi sayı 424 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 80,56 qram olan metilendioksimetamfetamin - MDMA tərkibli “ekstazi” həbləri və üzərində metamfetamin izləri olan bir ədəd üzərində “Adler” yazısı olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı iş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 18 may 2021-ci il tarixli cavab məktubuna əlavə edilmiş 01 ədəd “CD” diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrədən 11.01.2021-ci İl tarixdə ********** saylı mobil nömrə istifadəçisinə “Qaqa qalmağa yerim olmadigi ucun gelmiwem bir de seher Renat mene pul atacaq eve gore komek eliye bilersen evi goturum” məzmunlu sms göndərmişdir. Daha sonra ********** saylı mobil nömrə istifadəçisi 16.01.2021-ci il tarixdə “Qaqa salam sabah tezden gelecem 25 manat verecem rawot olacam sele cox sagol hörmet edib yigmadgin ucun kakoz da olacag 11 de gelecem gecen xeyire” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 02.02.2021-ci il tarixdə “MENE VARSA BİR LİS ALİSYA YOXDUSA UC DORD DENE LİLİKA BAWVA DONUM” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 05.02.2021-ci il tarixdə “LİLİKA UZAGDADİ PATİ VAR”, “KAKOS YOXDU GELİREM OTURUM BİRAZ İMKAN VARSA PULU GOZDUYREM GELSİN PATİ GOTRUM SENEN”, “PULU VERNEN KAKOSU GOTRECEM ATAM” məzmunlu smsləri Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrəyə göndərmişdir. Bundan başqa məhkəmə baxışı zamanı iş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 26 may 2021-ci il tarixli cavab məktubuna əlavə edilmiş 01 ədəd “CD” diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə ilə ********** saylı mobil nömrə istifadəçisi arasında 16.02.2021-ci il tarixdə “Bahali var ustunde cekmeye mende qutarib axwam goturecik” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi arasında 16.02.2021-ci il tarixdə “Men gele bilmirem qaqam renata gore kebinli arvad eleyib meni” məzmunlu, ********** saylı mobil nömrə ilə 21.03.2021-ci il tarixdə “Dash qeye var brat??”, “Bro daw qaya 1 vso”, “Yumru 3 dene” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi ilə “Pt 1 bir de tebiat eger babatdirsa 50 manatliq ele beledirse 1 bash” məzmunlu sms yazışmaları olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə ilə ********** saylı mobil nömrə istifadəçisi arasında 16.04.2021-ci il tarixdə “1 pt 3 eki” məzmunlu sms yazışmaları olmuşdur. Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halların olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nəsimi rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xəzər rayon Məhkəməsinin 15 noyabr 2019cu il tarixli qərarına əsasən 04 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur və 01 aprel 2020-ci il tarixdə cəza müddətini çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğu olmayan hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı gündən 2 (iki) il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda məhkum olunmuş şəxs sayılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ayrı-ayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 16 aprel 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN- in BMCMİ-nin maddi sübutları saxlama yerinə saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 28,867 qram olan psixotrop maddə metafetamin, qalıq qalan 419 ədəd MDMA həbi, qalıq qalan 481 ədəd preqabalin tərkibli kapsul və 01 ədəd elektron tərəzi məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk, telefonla aparılan danışıqların "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi ilə bağlı məlumatların əks etdirildiyi 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 114 ( yüz on dörd manat) məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 -cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 aprel 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 28,867 qram olan psixotrop maddə metafetamin, qalıq qalan 419 ədəd MDMA həbi, qalıq qalan 481 ədəd preqabalin tərkibli kapsul və 01 ədəd elektron tərəzi məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk, telefonla aparılan danışıqların "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi ilə bağlı məlumatların əks etdirildiyi 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 114 ( yüz on dörd manat) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar