Məhkəmə qərarları › İş №1(101)-1499/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1499/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1499/2023 12.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Səbinə Adil qızının sədrliyi, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X30 ibarət tərkibdə, Məhkəmə iclas katibi: X3 və X5 qızının, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X12, Müdafiəçi: – Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1974-cü ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X15 İran İslam Respublikasından “kroşka” adlı polietilen məhsulları gətirib sataraq birgə qazanc əldə edəcəklərinə dair yalandan vəd verərək, hissə-hissə olmaqla ondan 2017-ci ilin noyabr ayının əvvəllərində ünvan 2 ünvanında həmin dövrün valyuta məzənnəsinə əsasən 170.030 manata bərabər 100.000 ABŞ dolları, 2017-ci ilin dekabr ayının ortalarında Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən “Ləman” restoranında həmin dövrün valyuta məzənnəsinə əsasən 34.002 manata bərabər 20.000 ABŞ dolları, 2018-ci ilin yanvar ayının ortalarında ünvan 3 ünvanında yerləşən “Metro Park” ticarət mərkəzinin yaxınlığında həmin dövrün valyuta məzənnəsinə əsasən 42502,50 manata bərabər 25.000 ABŞ dollar pulu, ümumilikdə həmin dövrün valyuta məzənnəsinə əsasən 246.534.50 manata bərabər 145.000 ABŞ dolları pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək vədinə əməl etməmiş və nəticədə zərərçəkmiş şəxs Sadiq Yusifova qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsiri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə və ifadənin yerində yoxlanılması protokolları, həmçinin işdə olan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikasından ucuz qiymətə plastik xammal materialları gətirib Azərbaycanda baha qiymətə satıb qazanc əldə etmiş, həmin dövrdə təxminən bir ilə yaxın bu işlə məşğul olmuşdur. O, zərər çəkmiş şəxslə ailəvi dost olmuş, zərərçəkmiş şəxsə gördüyü iş barədə məlumat vermişdir. Sadiq Yusifov da bu işlə əlaqədar ona müəyyən məbləğlərdə pul vermişdir. Onların arasında olan razılığa əsasən, əldə olunan qazancın 8%-i ona çatmalı olmuşdur. Bu ticarətdən onun təxminən 10-12 min dollar qazancı olmuşdur. O, ticarətlə əlaqədar zərərçəkmiş şəxsdən 145.000 ABŞ dolları dəyərində pul almış, həmin pulu işə qoymuş, lakin ziyana düşdüyü üçün Sadiq Yusifovun pulunu geri qaytara bilməmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxs ona birinci dəfə 100.000 ABŞ dolları vermiş, o da həmin məbləğin qarşlığında İrandan xammal almışdır. Daha sonra zərərçəkmiş şəxs xammal alması üçün 20.000 ABŞ dolları, daha sonra isə 25.000 ABŞ dolları pul vermişdir. O, Sadiq Yusifovdan aldığı pulların qarşılığında sonuncuya hər ay pul vermişdir. Həmin pulları zərərçəkmiş şəxs ona mal alması üçün vermişdir. Əldə olunmuş gəlirdən Sadiq Yusifova pul verməsi ilə bağlı aralarında hər hansı bir yazışma və ya sənəd olmamışdır. X4 arasında əldə etdikləri qazancın 8%-nin ona çatması barədə razılıq olmuşdur. O, zərərçəkmiş şəxsə 90.000 ABŞ dollarına yaxın qazanc vermişdir. Pandemiya ilə əlaqədar İran İslam Respublikasından mal göndərilmədiyi üçün o, ziyana düşmüş, buna görə də Sadiq Yusifovun pulunu geri qaytara bilməmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddət tanımış, onunla yaxşı münasibəti olmuşdur. Cəfər İrandan plastik materialların xammalını gətirib satmaqla məşğul olmuşdur. Bir gün Cəfər ona İran İslam Respublikasından plastik məmulatların hazırlanmasında istifadə olunan polietilen məhsulların 1 tonunu 1200 ABŞ dollarına alıb Azərbaycana gətirdiyini və 1500 ABŞ dollarına satmaqla qazanc əldə etdiyini və əldə etdiyi qazancdan ona da pay ayıra biləcəyini demiş, o da Cəfərə o qədər pulu olmadığını bildirmiş, lakin Cəfərə inandığı üçün tanışı Arzudan borca pul götürmüşdür. O, Cəfərə ümumilikdə 145.000 ABŞ dolları pul vermiş, onlar öz aralarında əldə edilən qazancın 50% şəklində bölüşdürülməsi ilə bağlı razılıq əldə etmişlər. Daha sonra Cəfərin telefonlarına zəng çatmamış, onunla əlaqə yaratmaq mümkün olmamışdır. O, Cəfərdən onun payına düşən gəlirdən ona pul verməsini tələb etmiş, Cəfər də avqust ayının 27-nə kimi bankdan pul götürüb onun pulunu verəcəyini demişdir. Tanımadığı bir nömrədən bir nəfər ona zəng vuraraq Cəfərə zəng etməməsini, pulun onda olduğunu demişdir. Sonra Cəfər özü də tapılmış, onun İranda olduğu müəyyən edilmişdir. Cəfər ona zəng edərək pulların Türkiyə Respublikasında olduğunu və gedib gətirməli olduğunu demişdir. O, Cəfərə ona inanmadığını, onun payına düşən pulu deyəcəyi yerə verməsini istəmişdir. Cəfər onu yenidən aldadaraq telefonlarına cavab verməmiş, sonra Cəfərin qohumları ona Cəfərin intihar etdiyini demişlər. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, Cəfər plastik materialların xammalını ölkəyə gətirməklə, bizneslə məşğul olmuşdur. O, sadəcə Cəfərə pul vermiş, Cəfər xammalı ölkəyə özü gətirib, özü də satmışdır. 2017-ci ilin noyabr ayından o, Cəfərə pul vermişdir. Cəfər ona 87.000 ABŞ dolları qazanc verməmişdir. Onun Cəfərdən ümumilikdə maddi tələbi 100.000 ABŞ dollarıdır. Məhkəmə istintaqının sonrakı mərhələlərində zərərçəkmiş şəxs X20 ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bununla bağlı məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 İsmayıl oğlu ifadəsində bildirmişdir ki, onun həm Cəfərlə, həm də Sadiqlə dostluq münasibəti olmuşdur. X25 145.000 ABŞ dolları pul götürməsi barədə məlumatı olsa da, həmin pulu nə məqsədlə götürdüyünü bilməmişdir. O, pulun verilməsi prosesində iştirak etməmişdir. Sadiq bir müddət sonra Cəfərin ondan aldığı pulları geri qaytarmadığını bildirmişdir. Sadiq Cəfəri axtaran zaman ona Sadiqin suda boğulduğu barədə məlumat versələr də, sonradan məlum olmuşdur ki, Cəfər yalan məlumat yayıb, o, sağ-salamatdır. Sadiq pulları qaytarmadığı üçün Cəfərdən polisə şikayət etmiş, həmin şikayətin əsasında Cəfər həbs olunmuşdur. Cəfər tutulduqdan sonra Sadiqə 10.000 manat pul vermiş, Türkiyədə pulu olduğunu və borcunu da həmin pulla tam ödəyəcəyini, lakin Türkiyəyə getmək üçün maddi imkanının olmadığını bildirmişdir. O da Sadiqdən Cəfərin ona verdiyi 10.000 manat pulu geri qaytarmasını xahiş etmişdir. Onun belə bir xahişi etməkdə məqsədi, Cəfərin həmin pulla Türkiyəyə gedib, orada olan pullarını götürməsi və Sadiqə olan borcunu ödəməsi üçün şərait yaradılması olmuşdur. Sadiq onun təklifi ilə razılaşmış və Cəfərdən aldığı 10.000 manat pulu geri qaytarmışdır. X26 getdikdən sonra yenidən onunla əlaqə saxlamaq mümkün olmadımışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid1 İsmayıl oğlu bildirmişdir ki, Sadiqin Cəfərə hansı məqsədlə pul verməsini, habelə Cəfərin Sadiqə hər hansı məbləğdə pul qaytarması ilə bağlı məlumatı olmamışdır. Sadiq Cəfərdən pulunu geri tələb etmiş, əgər pulunu geri qaytarsa, ona güzəşt edəcəyini demiş, Cəfər də Sadiqə pulu geri qaytaracağına söz vermişdir. Sadiq şikayət etdikdən sonra Cəfər həbs olunmuş, lakin sonradan onların xahişi ilə həbsdən azad olunmuşdur. Cəfər Türkiyədə pulu olduğunu, Türkiyəyə gedib pul gətirəcəyini demiş, buna görə də onun həbsdə qalmasına razı olmamışlar. Cəfər və Sadiq hər ikisi onun dostu olmuşlar. Cəfər Sadiqə 10.000 manat pul vermiş, lakin sonra Türkiyəyə getmək üçün pulu olmadığını demiş, o da Sadiqə 10.000 manatı Cəfərə qaytarmağı təklif etmiş, Sadiq də onunla razılaşmışdır. Daha sonra Cəfəri tapa bilməmişlər. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid X21 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, atası X12 vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Cəfərlə atasının arasında yaxşı münasibət olmuş, biri-birinin evinə ailəvi gedişgəlişləri olmuşdur. 2017-ci ilin oktyabr-noyabr aylarında atası Sadiq, ona X34 Respublikasından plastik stol-stulların hazırlanmasında istifadə edilən “kroşka” adlı polietilen məhsullarını Azərbaycana gətirməsini, satıb qazanc əldə etdiyini, atası pul verərsə, əldə etdiyi qazancın yarısını atasına verəcəyini eşitmişdir. Bundan sonra, 2017-ci ilin noyabr ayının əvvəllərində Cəfər onların yaşadığı ünvan 4 ünvanda yerləşən evə gəlmiş, həmin vaxtı atası onun yanında Cəfərə 100.000 ABŞ dolları pul vermişdir. Cəfər də atasına, həmin pulla əldə etdiyi qazancın yarısını atasına verəcəyini bildirmişdir. Bundan bir müddət sonra o, atasının Sumqayıt şəhəri, Corat qəsəbəsində Cəfərə əlavə olaraq 20.000 ABŞ dolları, 2018-ci ilin təxminən yanvar ayının ortalarında isə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Metro Park”ın yaxınlığında 25.000 ABŞ dolları pul verdiyini eşitmişdir. Lakin, bir müddət sonra Cəfər onun atasını aldadaraq ondan aldığı ümumilikdə 145.000 ABŞ dollarını müxtəlif bəhanələr gətirərək ona qaytarmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan zərər çəkmiş şəxs X20 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 08 sentyabr 2022-ci il tarixli üzləşmə protokolundan görünür ki, X31 Əliyevin ondan hissəhissə cəmi 145.000 ABŞ dolları məbləğində pul alaraq ona İrandan “kroşka” məmulatı gətirəcəyinə dair yalan vəd verdiyini, ona qarşı dələduzluq edərək pulunu ələ keçirdiyini onun üzünə qarşı söyləmiş, Təqsirləndirilən şəxs onun üzünə qarşı dediklərini təsdiqləmişdir. (cild İ, i/v 178-181). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “ifadənin yerində yoxlanılması haqqında” 24 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs Sadiq Yusifov ünvan 5 ünvanında Təqsirləndirilən şəxs 100.000 ABŞ dolları, Corat qəsəbəsində “Ləman” restoranında 20.000 ABŞ dolları və ünvan 6 ünvanında 25.000 ABŞ dolları, ümumilikdə 145.000 ABŞ dolları verdiyini bildirmiş və pulları verdiyi yeri tam dəqiqliyi ilə göstərmişdir. (cild İ, i/v 251-254). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 Hüquqi Şəxs tərəfindən verilmiş 02 oktyabr 2021-ci il tarixli 2295 saylı psixiatrik ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Ona ittiham olunan əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olumayıb. Həmin dövrüdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və o, hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İİ, i/v 105-106). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (cild İİ, i/v 120-121). Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X9 cəmi 145.000 (yüz qırx beş min) ABŞ dolları məbləğində pul vəsaiti alması, həmin pulu mənimsəmək məqsədi ilə deyil, İran İslam Respublikasından plastik məmulatların hazırlanması üçün xammal gətirib, daha baha qiymətə sataraq qazanc əldə etməsi, yəni biznes fəaliyyəti ilə əlaqədar alması barədə özünün təqsirsizliyi ilə bağlı ifadəsindəki xüsusatlara dair məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxsin pulunu geri qaytara bilməməsini guya pandemiyanın başlaması ilə əlaqədar biznes fəaliyyətində yaranmış çətinliklərlə bağlı ziyana düşməsi ilə əlaqələndirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, dünya üzrə covid-19 xəstəliyi 2019-cu ilin dekabr ayının ortalarında aşkar edilmiş, 2020-ci ilin mart ayında koronavirus pandemiya elan edilmiş, Azərbaycan Respublikasında isə pandemiya ilə bağlı məhdudiyyətlər 2020-ci ilin mart ayından başlamışdır. Halbuki, zərərçəkmiş şəxs X20 26 noyabr 2019-cu il tarixdə, yəni pandemiya ilə bağlı məhdudiyyətlər başlamazdan bir neçə ay əvvəl Təqsirləndirilən şəxs ona yalan vəd verərək 145.000 ABŞ dolları məbləğində pulunu ələ keçirməsi və onun pulunu geri qaytarmaması, habelə müxtəlif bəhanələrlə onunla görüşməkdən qaçması ilə bağlı şikayətlə Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət etmişdir. (cild İ, i/v 6) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxsin pulunu geri qaytarmamasının səbəbi kimi pandemiyanın başlamasını göstərsə də, o, ibtidai istintaq zamanı guya İran İslam Respublikasının vətəndaşı tərəfindən aldadılması və “Əkbər” adlı şəxsin onun pulunu mənimsəməsi ilə bağlı zərərçəkmiş şəxsin pulunu geri qaytara bilmədiyini qeyd etmişdir. Həmin xüsusat ibtidai istintaq zamanı hərtərəfli araşdırılmış və təqsirləndirilən şəxsin ifadəsi həmin hissədə öz təsdiqini tapmadığından, onun vəsatəti təmin edilməmiş, eyni zamanda istintaq orqanının 10 yanvar 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə X13 və iranlı “Əkbər” adlı şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi müəyyən edilmədiyindən onların barəsində cinayət təqbinin başlaması rədd edilmişdir. (cild İİ, i/v 164-185) Bundan başqa, təqsirləndirilən şəxs İran İslam Respublikasından mal gətirib satmasını, biznes fəaliyyəti ilə məşğul olmasını, həmçinin zərərçəkmiş şəxsə guya 87.000 ABŞ dolları məbləğində qazanc verməsini bildirsə də, o, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı həqiqətən də biznes fəaliyyəti ilə məşğul olması, habelə zərərçəkmiş şəxsə hər hansı bir məbləğdə qazanc verməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən aldığı 145.000 ABŞ dolları məbləğində pulu geri qaytarmamasının səbəbləri ilə bağlı ziddiyyətli ifadələr verməsini, zərərçəkmiş şəxsdən aldığı pulu hansı məqsədlə, hansı təyinat üzrə istifadə etməsi ilə bağlı heç bir sübut təqdim edə bilməməsini, habelə zərərçəkmiş şəxsin ondan şikayət etməsi ilə əlaqədar ona 10.000 manat məbləğində pul verib, daha sonra guya Türkiyə Respublikasında pulunun olduğunu, lakin Türkiyəyə gedib həmin pulu gətirmək üçün maddi imkanının olmadığını bildirərək, verdiyi 10.000 manatı geri alaraq Türkiyə Respublikasına, oradan isə İran İslam Respublikasına keçərək geri qayıtmamasını təqsirləndirilən şəxsin qeyd olunan məbləği məhz dələduzluq niyyəti ilə, zərərçəkmiş şəxsin pulunu mənimsəmək məqsədi ilə əldə etməsinin göstəricisi kimi qəbul edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onu axtarmaması üçün guya intihar etməsi ilə bağlı yalan məlumat yayaraq uzun müddət zərərçəkmiş şəxsdən yayınmışdır. Bundan başqa məhkəmə, işin o halına da diqqət yetirməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs X8 986.000 manat nisbətində 580.000 ABŞ dolları, X2 122.400 manat nisbətində 72.000 ABŞ dolları, X16 127.500 manat nisbətində 75.000 ABŞ dolları, X1 159.800 manat nisbətində 94.000 ABŞ dolları pulunu dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatlarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin guya biznes fəaliyyəti ilə məşğul olması və ziyana düşməsi ilə bağlı zərərçəkmiş şəxsin pulunu geri qaytara bilməməsi ilə bağlı ifadələr verməsi, məhkəməni zərərçəkmiş şəxslə aralarında olan mübahisənin mülki xarakterli mübahisə olmasına inandırmağa çalışmaq, bununla da təqsirləndirildiyi maddə üzrə məsuliyyətdən yayınmaq məqsədi güdür. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə araşdırması nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən ona dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə olan halda Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərinə əməl edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 16 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarına əlavə edilmiş Tehranda İNTERPOL-un Milli Mərkəzi Bürosundan daxil olmuş məktubdan görünür ki, Əliyev X10 Pasport Ofisində vizasının uzadılması üçün müraciət edərkən 16 may 2021-ci il tarixdə saat 11.50-də həbs edilmiş, 16 avqust 2021-ci il tarixdə isə Azərbaycan Respublikasına ekstradisiya edilmiş (cild İİİ, i/v 53-54), bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 16 may 2021-ci il tarixdən hesablanmalı, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır.. Cinayət işi üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 16 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar