Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1499/2024 19.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X5 (sədrlik edən), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 1(009)- 246/2023 saylı, 16 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv - 1 ünvanında yaşamış, 17 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-719/2023 saylı, 19 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 17 noyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin qoyulacaq ünvanlar barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra istifadəsində olan “Samsung A 52” markalı mobil telefona göndərilmiş və işarə edilmiş fotoşəkil əsasında 17 noyabr 2023-cü il tarixdə Xətai rayonu, Neapol küçəsi 41 ünvanında gizlədilmiş külli miqdarda ümumi təmiz çəkisi 3 kq 70 qram (3070 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib İran İslam Respublikası vətəndaşının bildirəcəyi müxtəlif ünvanlara qoymaq məqsədi ilə üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 17 noyabr 2023-cü il tarixdə saat 21:00-da ünvan 3 ünvanının qarşısında Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılıb Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçsi 4/6 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına aparılaraq üzərində müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi-axtarış və götürmə zamanı sağ əlində olan 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki bükümdə külli miqdarda, təmiz çəkisi 3 kq 70 qram (3070 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynindəki qara rəngli şalvarının sağ yan cibindən “watsapp” ani mesajlaşma vasitəsi ilə həmin narkotik vasitənin qoyulduğu ünvanın foto şəkli göndərilmiş 050 ***-**-** və 051 ***-**-** nömrəli “Samsung A 52” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 18 yaşından narkotik vasitələrin “kakos” və “nəşə” kimi tanınan növlərindən istifadə edib. Narkotik vasitələri və psixotrop maddələri təxminən 30-40 manat ödəyərək alıb və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmayıb. Bir dəfə əvvəllər tanımadığı, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxs “Whatsapp” vasitəsilə yazaraq ona pulsuz 5 qram miqdarında “kakos” təklif etmiş, o sonuncunun bu təklifini qəbul edərək, əvvəldən təyin olunmuş ünvana narkotik vasitəni götürmək üçün getmişdir. Təyinat ünvanına çatdıqda orada bir ədəd qara rəngli sellofon torba olduğunu görmüş, içərisində narkotik vasitə olduğunu bilmiş, lakin narkotik vasitənin çəkisi çox olduğundan nə isə yanlışlıq olduğunu düşünərək dərhal torbanın şəklini çəkib “Whatsapp” vasitəsilə İran vətəndaşına göndərmişdir. Elə bu vaxt özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər onu tuturaq Xətai Rayon Polis idarəsinə aparmışlar. Həmçinin ona verilmiş sualla cavab olaraq göstərmişdir ki, xidməti avtomobillə polis bölməsinə gedərkən bir nəfər polis əməkdaşı onun üzünə şillə vurmuşdur. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin NMB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 17 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan və Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O və Mehdi birlikdə məlumat əsasında həmin gün saat 21:00 radələrində ünvan 3 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Ramilənin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasınını, özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri ünvan 6 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi massiv 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib sonuncunu saxlayaraq Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra sonuncunu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Telman Camalova təhvil vermişlər. Telman Camalov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs qızma üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Ramilə də əlində olan qara rəngli sellofan torbanı və əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Samsung A52” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq həmin sellofan torbanı içərisində olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni İran islam Respublikasının vətəndaşının vasitəsi ilə onlayn qaydada əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxsnm üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxsnm üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 3185 qram olması müəyyən edilmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Ramilənin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Ramilə tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Xətai RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid1 ifadəsinə uyğun ifadə verərək sonuncunun dediklərini bir daha təsdiqləmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 7/1581 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs..” yazısı və imzalar olan 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi-3070 qram olan bitki mənşəli kütlə tərkibin də narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 8446 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki götüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs qızma üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Ramilə də əlində olan qara rəngli sellofan torbanı və əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Samsung A52” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq həmin sellofan torbanı içərisində olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni İran islam Respublikasının vətəndaşının vasitəsi ilə onlayn qaydada əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxsnm üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxsnm üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 3185 qram olması müəyyən edilmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Ramilənin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Ramilə tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 31 yanvar 2024-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd «Samsung Galaxy A52» markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı “Qalereya” bölməsində qara rəngli sellofan torbada olan bükümün qoyulmuş ünvanın işarələnmiş 04 ədəd fotoşəkili aşkar edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, həmin mobil nömrəni “WhatsApp” proqramında istifadə etdiyini, “Qaleriya” bölməsində olan 04 ədəd qara rəngli sellofan torbada olan bükümün qoyulmuş ünvanın işarələnmiş şəkillərin üzərindən aşkar edilmiş qurudulmuş marixuananın atıldığı ünvan olduğunu, narkotik vasitələrdən istifadə etsə də, satışı ilə məşğul olmadığını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Səbail Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, narkotik vasitələrin satışı ilə məşğul olmaması, narkotik vasitələri məhz öz şəxsi istifadəsi üçün əldə etməsi, şübhəli şəxs qismində tutulduğu gün də elə bu məqsədlə İran vətəndaşının təyin etdiyi yerə getməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2175-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yaşını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin 1(009)-246/2023 saylı, 16 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 1(009)-246/2023 saylı, 16 avqust 2023-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarında olan Sumqayır şəhər probasiya şöbəsinin 02 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 1(009)-246/2023 saylı, 16 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs ona qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 ay 12 gün hissəsini çəkmiş, 01 il 03 ay 24 gününü hissəsini isə çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 1(009)-246/2023 saylı, 16 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)- 719/2023 saylı, 19 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 3069,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan bir ədəd “Samsung Galaxy A52” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin 15 mart 2024-cü il tarixli iclasında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixli iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 03 (üç) iş saatı üçün 18 (on səkkiz) manat məbləğində vəsait Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin 1(009)-246/2023 saylı, 16 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətində hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3069,8 qram narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan bir ədəd “Samsung Galaxy A52” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmənin 15 mart 2024-cü il tarixli iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 03 (üç) iş saatı üçün 18 (on səkkiz) manat məbləğində vəsait Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1499/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1499/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver