Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1500/2023 12.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X9 ibarət tərkibdə, X1 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və “Güvən” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olub, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən «Kaktus» adlanan restoranın yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 3,713 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımış, 31 oktyabr 2022-ci il tarixdə saat 14.10-da Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri çərçivəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,713 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona tutulmamışdan bir həftə əvvəl "xxxx" MMC-nin əməkdaşı zəng edərək, onun istifadə etdiyi mobil nömrənin 010 və 099-la başlayan nömrələrin olduğunu bildirmiş, həmin nömrəni almağı təklif etmiş, o da almaq istədiyini bildirmişdir. Bir həftə keçdikdən sonra yenidən eyni nömrədən ona zəng gəlmiş, həmin nömrə 3-4 dəfə zəng etsə də, o, zəngə cavab verməmişdir. Növbəti zəngi açdıqda, zəng edən şəxs ona söyüş söymüş, nömrə sifariş etdiyini bildirib, gəlib nömrəni götürməyi tapşırmışdır. O, həmin şəxslə görüşməyə getmiş və nə üçün telefonda ona söyüş söydüklərini aydınlaşdırmağa çalışmışdır. Bu zaman ASAN Xidmət Mərkəzinin yanında 10 nəfər polis əməkdaşı üstünə gəlib onu saxlamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, tutulmamışdan təxminən 15 gün əvvəl narkotik vasitələri tərgitmiş, əvvəllər isə metamfetamin, heroin, marixuana, yəni narkotik vasitələrin əksər növlərindən istifadə etmişdir. Maraq üçün narkotik vasitələrin demək olar ki, bütün növlərindən istifadə etmişdir. O, narkotik vasitələrdən istifadə etdikdən sonra anlamışdır ki, narkotik vasitə onu işləməyə qoymur. Yasamalda narkotik vasitə satanlardan marixuananın və heroinin bir istifadəlik miqdarını 10 manata almışdır. O, gündə 2 dəfə narkotik vasitə almış və tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir. Sonuncu dəfə nə vaxt narkotik vasitə aldığını xatırlamır. Narkotik vasitə satan şəxslərlə zəng və ya «Whatsapp» proqramı vasitəsilə əlaqə saxlamışdır. Digər istifadəçi tanışları da olmuş, onlarla bir yerdə narkotik vasitədən istifadə etmişdir. Polis əməkdaşları ona fiziki və psixi təsir göstərmiş, həmin şəxslər mülki formada olmuş, onu döyən polis əməkdaşı üzərində axtarış aparılan zaman da orada olmuş və ona 3-4 nəfər şahid tutub bir kiloqram narkotik vasitəni boynuna qoyacağı ilə hədəmiş, o da polis əməkdaşının dediklərindən qorxub razılaşmış və şəxsi axtarış zamanı Nəcəf adlı şəxsin öyrətdiyi məzmunda izahat vermişdir. İttiham aktında qeyd olunan narkotik vasitə ona məxsus olmamış, həmin maddəni polis əməkdaşları onun cibinə qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış, o da həmin əməliyyat qrupuna daxil olmuşdur. 31 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində saxlamış, saxladıqdan sonra onu 28-ci polis bölməsinə dəvət etmişlər. Şəxs bölmədə müdafiəçi ilə təmin olunmuş, təhqiqatçı tərəfindən video çəkiliş vasitəsilə şəxsin üzərinə axtarış keçirilmişdir. Şəxsin üzəridən bir bükümdə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şahid2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, əməliyyat qrupuna o və Şahid1 daxil olmuş, şəxsi Yasamal rayonu, Şərifzadə küçəsində, «Asan» Xidmət Mərkəzinin yaxınlığında saxlamışlar. Şəxsi saxladıqdan sora onu 28-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxsin nəqliyyat vasitəsinin olub-olmaması ilə bağlı heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs şəxsi maşınları ilə bölməyə aparmışlar, avtomobili kimin idarə etməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə vermiş və onun ifadəsini özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş ekspertiza rəylərini və sənədləri bilavasitə məhkəmə iclasında tədqiq etmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (i/v: cild İ, səh.1). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid2 həmin idarəsinin rəisinə ünvanlandığı xx.xx.2022-ci il tarixli raportdan görünür ki, o, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi barədə məlumatın daxil olduğunu bildirib, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (i/v: cild İ, səh.4). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilərkən, əvvəlcə ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan şalvarın sol yan cibindən 100 dollar pul, 1 ədəd “İphone” markalı mobil telefon və 2 ədəd açar aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 40 manata Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən istifadəsi üçün aldığını bildirmişdir. Tədqiq olunan həmin protokoldan həmçinin görünür ki, aşkar olunmuş həmin kütlə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon həmçinin götürülmüş, 100 dollar pul və 2 ədəd açar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni Yasamal rayonu ərazisində tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. (i/v: cild İ, səh. 30-32). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «diskə baxış keçirilməsi haqqında» 03 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd DVD formatlı diskdə Təqsirləndirilən şəxs üzərinə sonuncunun hüquqlarını müdafiə edən vəkil X4, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 və polis mayoru Şahid1 iştirakları ilə şəxsi axtarış və götürmə aparılarkən mobil telefon vasitəsi ilə qeydə alınmış videogörüntülər vardır. DVD formatlı diskin yaddaşına videogörüntülər 01 ədəd faylda yerləşdirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları təhqiqatçı Nəcəf Aburşu tərəfindən izah olunmaqla ona üzərində olan hər hansı bir qanunsuz əşyanın könülü təqdim olunması təklif edilir və bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən 100 dollar pul və 1 ədəd «İphone» markalı mobil telefon və 2 ədəd açar aşkar olunmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüş, 100 dollar pul və 2 ədəd açar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olurmuş narkotik maddələri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə əldə etdiyini, başqa hardasa narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini bildirmişdir. (i/v: cild İ, səh. 84). İstintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən həmin bir ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınmışdır. (i/v: cild İ, səh. 170-178) Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin video görüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında» 31 oktyabr 2022-ci il tarixli protokolla və «diskə baxış keçirilməsi haqqında» 03 noyabr 2022-ci il tarixli protokolun məzmunu ilə eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 01 noyabr 2022-ci il tarixli 6/6313 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7» dairəvi möhür əksləri olan, «şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar ...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 3,713 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. (i/v: cild İ, səh. 40-42). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 7709 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v: cild İ, səh. 105-106). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən istintaq zamanı təyin edilmiş məhkəmə kompüter-texniki ekspertizası üzrə 5/1455 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və «İOS» əməliyyat sistemi ilə təchiz olunmuş «İphone» markalı arxa məlumat lövhəsinə görə «A1428» modelli «**********98806» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş «İphone» markalı arxa məlumat lövhəsinə görə «A1428» modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş «Şifrələrlə» mühafizə olunan ekran kilidini keçmək üçün «UFED TOUCH 2» markalı qurğuya qoşduqda qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanının olmaması müəyyən edildi. Rəyin «Tədqiqi hissəsi»nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş «İphone» markalı arxa məlumat lövhəsinə görə «A1428» modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş «Şifrələrlə» mühafizə olunan (parol-password) ekran kilidini keçmək və məlumat əldə etmək mümkün olmadığından, mobil smartfonun yaddaşında hər hansı bir məlumatın olub-olmamasının müəyyən edilməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. (i/v: cild İ, səh. 109-110). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3454 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. (i/v: cild İ, səh. 111-113) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zaman aşkar edilərək götürülmüş ümumi çəkisi 3,713 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,663 qram olan narkotik vasitə heroin maddi sübutun taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün Bakı şəhəri Yasamal RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (i/v: cild İ, səh. 170-178). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «diskə baxış keçirilməsi haqqında» 06 may 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ***- ***-**-** mobil telefon nömrəsi ilə iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı telefon danışıqlarının aparılması və ya sms mətn yazışmaları aşkar edilmir. Baxış zamanı 12 vərəqdən ibarət SMS mətn yazışmalarına dair cədvəl çap edilərək protokola əlavə edilmişdir. (i/v: cild İ, səh. 154). Qeyd olunan protokola əlavə edilmiş SMS mətn yazışmalarına dair cədvəl məhkəmə iclasında bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə ***-***-**-** saylı mobil telefon nömrəsi arasında çoxsaylı sms yazışmaları olmuş, həmin sms yazışmalarında “Rauf ele bilersən o şeye göre zəng vururam yox vallah inan allaha balamın canı yadıma düşmür, sadece olaraq darıxdım. arada gelirdiz gedirdiz anarnan ona göre yigdim ureyiviz ne vaxt istəsə gelin gedin hec neden cekinmiyin. Sizdən başqa kimim varee. Heqiqeten de kisi adamlarsiz xetrivizi dünyalar qeder isteyirem. Noolar deme alinmir” məzmununda sms olduğu müəyyən edilmişdir. Müdafiə tərəfi həmin sms yazışması ilə bağlı şübhə yarana biləcəyi ehtimalı ilə əlaqədar ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi və qeyd olunan sms mətninin müəllifinin məhkəmə iclasında şahid qismində dindirilməsini xahiş etmiş və müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qimsində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, onun Təqsirləndirilən şəxslə yaxın şəxsi münasibəti olmuş, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, qeyd olunan sms yazışmasında mövzu narkotik vasitə ilə bağlı olmamış, yalnız onların şəxsi münasibətləri ilə əlaqədar olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməli düzgün tövsif olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə toplanmış sübutların hər birini bir-biri ilə qarşılıqlı şəkildə təhlil edərək belə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilməsə də, onun külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və üzərində saxlaması və həmin narkotik vasitənin onun üzərindən aşkar olunması tam sübuta yetirilmişdir. Bununla bağlı məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində saxlanılan zaman üzərində narkotik vasitə olmamasını, üzərindən aşkar edilmiş heroinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu, polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması ilə əlaqədar məcburiyyət qarşısında narkotik vasitənin ona məxsus olmasını boynuna götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə heroinin aşkar olunması, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokol, təqsirləndirilən şəxsin istintaq ifadələri, məhkəmə kimyəvi-ekspertizasının rəyi, şahid ifadələri və digər protokollarla tam sübuta yetirilmiş, məhkəmə istintaqı zamanı həmin halları təkzib edən hər hansı bir sübut müəyyən olunmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə video müşahidə altında, müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən 01 ədəd bükümdə aşkar olunmuş maddə qanunla müəyyən edilmiş qaydada qablaşdırılaraq götürülmüş, müvafiq olaraq ekspertizaya göndərilmiş və ekspert rəyi ilə onun üzərindən aşkar edilmiş maddənin 3,713 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirsə də, onun müdafiəçisinin məhkəməyə tədqim etdiyi, Bakı İstintaq Təcridxanasının 24 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinələrdən keçirilmişdir. Müayinə zamanı bədənində xəsarət aşkar olunmamış, qarının ön divarında və sol saidin arxa səthində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Həmçinin təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bütün növ narkotik vasitələrdən istifadə etdiyini, gündə iki dəfə narkotik vasitə aldığını bildirmişdir. Bununla da məhkəmə təqsirləndirilən şəxsin onun üzərində narkotik vasitənin olmaması və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Bununla belə Təqsirləndirilən şəxs həmin külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsini təsdiq edən hər hansı sübut nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitəni əldə etməsinə dair ittiham irəli sürərkən, bununla bağlı heç bir sübuta istinad etməmiş, onun narkotik vasitəni satdığı şəxs və ya şəxslər müəyyən edilməmiş, o, bilavasitə narkotik vasitənin satışını həyata keçirən zaman saxlanılmamış, narkotik vasitələrin alqı-satqısı ilə bağlı kiminləsə sövdələşməsinin olması istintaq yolu ilə müəyyən edilməmiş, qeyd olunan halla bağlı təqsirləndirilən şəxsin mobil əlaqələri müəyyən edilməmiş, onun mənzilinə baxış keçirilməmiş və başqa hər hansı bir yerdə qanunsuz əşya və predmet saxlaması aşkar edilməmişdir. Cinayət işi əvvəldən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə başlanmasına və həmin maddə ilə istintaqın davam etdirilməsinə baxmayaraq, istintaqın sonlarında heç bir yeni sübut əldə edilmədən, “sübutların qiymətləndirilməsi haqqında” qərarda əməlin tövsif olunmasının səbəbləri qeyd olunmadan onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etmək, saxlamaq və daşımaqda, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin «satış məqsədi ilə» daşıyıbdaşımaması ilə bağlıdır. Cinayət işinin materiallarına əlavə olunan, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması ilə bağlı protokolla müəyyən olunmuşdur ki, qeyd olunan istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs üzərindən 3,713 qram heroin aşkar olunmuş, Təqsirləndirilən şəxs ilkin sorğu-sual zamanı, izahatında və ibtidai istintaq zamanı verdiyi bütün izahat və ifadələrində qeyd olunan narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, onun həmin narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair cinayət işinin materiallarında hər hansı sübut öz əksini tapmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə Plenum qərarında göstərilən həmin halları da nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Belə ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroin bir bükümdə olmuş, onun üzərindən tərəzi və ya başqa avadanlıq aşkar edilməmiş, istehlakçı ilə hər hansı bir razılığının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin həmin narkotik vasitədən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şübhəsizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, lakin həmin əməli düzgün tövsif etməmişdir, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin «sübutların kifayət etməsi»ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayət əməlini təşkil edir. Qeyd edilən cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs “bronxial astma” xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. (Məhkəmə bu hissədə Bakı İstintaq Təcridxanasının 24 iyun 2023-cü il tarixli məktubuna istinad etmişdir) Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Belə ki, cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i/v: cild İ, səh.98-99) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində işin bütün halları həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 31 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar – Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,663 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İttiham aktında iş üzrə 65 manat məbləğində məhkəmə məsrəflərinin olduğu qeyd olunsa da, cinayət işinin materiallarından görünür ki, iş üzrə 118,65 (yüz on səkkiz manat altmış beş qəpik) manat (i/v: cild İ, səh. 39;108) məbləğində ekspertiza xərci var ki, həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 118,65 (bir yüz on səkkiz manat altmış beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,663 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 118,65 (bir yüz on səkkiz manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1500/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1500/2023
12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver