Məhkəmə qərarları › İş №1(101)-1500/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1500/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1500/2025 30.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X4 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1976-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi nömrəsiz fərdi evdə yaşamış, 17 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-373/2025 saylı, 18 mart 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. İşin faktiki halları: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Abuzər” ləqəbli şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Abuzər” ləqəbli şəxsin sifarişi, daha sonra isə gələcəkdə “müştərilərə” çatdırılması üçün 2000 manat (iki min) manat pul təklifi müqabilində sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı-Mərdəkan şosesinin Sabunçu rayonu ərazisindən keçən hissəsində yol kənarında yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxil olan külli miqdarda - 27 kq 820 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı həmin yerdən qanunsuz olaraq əldə edib idarə etdiyi “Toyota Prius” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsində arxa sol oturacağın üzərində saxlayaraq ünvan 3 ünvanına qədər daşımış, 17 mart 2025-ci il tarixdə saat 00:05-də DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-NY-*** nömrəli avtomobilin yanında olduğu zaman saxlanılmış, Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə 17 mart 2025-ci il tarixdə saat 00:10 dəqiqədən etibarən saxlanıldığı ünvanda “Toyota Prius” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı həmin avtomobilin arxa sol oturacağının üzərindən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 28 ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram, 1005 qram, 1025 qram, 680 qram, 1020 qram, 1015 qram, 1020 qram, 1045 qram, 895 qram, 900 qram, 985 qram, 1005 qram, 1040 qram, 1045 qram, 1045 qram, 1015 qram, 1030 qram, 1040 qram, 1015 qram, 940 qram, 1025 qram, 990 qram, 1015 qram, 1015 qram, 1005 qram, 1015 qram, 1015 qram, 965 qram olmaqla ümumilikdə təmiz çəkisi 27 kq 820 qram olan eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar: Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində XMİÜ baş əməliyyat müvəkkili Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 16 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat aidiyyəti üzrə raportla rəhbərliyə məruzə edilmiş və nəticədə onun barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün müvafiq qərar qəbul edilmişdir. Qərarın icrası məqsədilə Baş İdarənin XMİÜ baş əməliyyat müvəkkili X5, baş əməliyyat müvəkkili X6 və baş əməliyyat müvəkkili X3 ibarət əməliyyat qrupu yaradılmış, qrup rəhbərliyi isə Babayev Anara həvalə olunmuşdur. Həmin gün – 16 mart 2025-ci il tarixində Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında, "Toyota Prius" markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu müəyyən edilmiş və əməliyyat qrupu bu ünvana yollanmışdır. 17 mart 2025-ci il tarixə keçən gecə saat 00:05 radələrində qeyd olunan ünvanda Təqsirləndirilən şəxs bənzər bir şəxsin həmin avtomobilin yanında olduğu müşahidə olunmuşdur. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncudan da özünü təqdim etməsini xahiş etmişlər. Şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi və onun barəsində qərar qəbul edildiyi bildirilmişdir. Üzərinə baxış keçirilənədək ona üzərində, əşyalarında və ya bədənində qanunsuz narkotik vasitələr və digər sübut əhəmiyyəti daşıyan əşyalar varsa, könüllü təhvil verməsi təklif olunmuşdur. Bundan sonra onun üzərinə baxış keçirilmiş, əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən şəxsiyyət vəsiqəsi, 35 manat pul, sağ cibindən isə “Redmi” markalı mobil telefon (***-***-**-** və ***-***-**-** nömrəli sim kartlarla birlikdə) və avtomobil açarı aşkar edilmişdir. Qanunla qadağan edilmiş heç bir əşya tapılmamış, mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət daşıdığı üçün götürülmüş, digər əşyalar geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Avtomobilin arxa sol oturacağının üzərindən Cəfərov özü 1 ədəd kisə təqdim etmişdir. Həmin kisənin içindən 28 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Maddələrin ümumi çəkisi elektron tərəzidə 28 kq 900 qram təşkil etmişdir. Maddələr qablaşdırılaraq protokolla götürülmüşdür. Avtomobilin digər hissələrinə baxış zamanı iş üçün əhəmiyyətli heç bir predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verdiyi ilkin izahında marixuanadan istifadə etdiyini, avtomobildə olan maddələri İran vətəndaşı olan “Abuzər” adlı şəxsdən gizli yerdən alaraq ayrı-ayrı ünvanlara çatdırmaq üçün əldə etdiyini və bu xidmət qarşılığında 2000 manat alacağını bildirmişdir. Bütün bu hərəkətlər Cəfərovun saxlandığı ünvanda – Aydınbəyov küçəsi 43-də həyata keçirilmiş, daha sonra o, idarə etdiyi avtomobillə Baş İdarəyə gətirilmişdir. Həm üzərinə, həm də avtomobilə baxışla bağlı protokol tərtib olunmuş, aşkar edilmiş narkotik vasitələr təhqiqatçıya təqdim edilmiş, baxış və götürmə protokolları tərtib olunmuşdur. Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş, müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş və izahatı alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 17 mart 2025-ci il tarixli 3-16-16/2-7/460 nömrəli materialların məhkəmə ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazılar və imzalar olan 1 (bir) ədəd narıncı rəngli sintetik torbada 28 (iyirmi səkkiz) ədəd üzəri skoçlu bağlamadan hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1010 qr, 1005 qr, 1025 qr, 680 qr, 1020 qr, 1015 qr, 1020 qr, 1045 qr. 895 qr. 900 qr. 985 qr. 1005 qr. 1040 qr, 1045 qr, 1045 qr, 1015 qr, 1030 qr. 1040 qr. 1015 qr. 940 qr. 1025 qr. 990 qr. 1015 qr. 1015 qr, 1005 qr, 1015 qr, 1015 qr və 965 qram olmaqla, ümumi çəkisi 27820 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 12 may 2025-ci il tarixli, 2744 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə hallan olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxsnd müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomanıya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 17 mart 2025-ci il tarixli «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdə, saat:00:05 dəqiqədə ünvan 4 ünvanının (Bakı şəhəri, Mərdəkan şosesində) yaxınlığında idarə etdiyi Toyota Prius markalı ** NY *** nömrəli avtomobilin yanında saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, Təqsirləndirilən şəxs üzəri yoxlanmağa başlanmış, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 35 (otuz beş) manat pul, həmin şalvarın sağ cibindən 01 (bir) ədəd üzərində ***-***-**-** ***-***-**-** sim kart nömrələri olan “Redmi” markalı mobil telefon və 01 (bir) ədəd avtomobil açar aşkar edilmiş, daha sonra həmin şəxsin üzərindən qanunla qadağan edilmiş heç bir əşya, predmetə rast gəlinməmiş, İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd mobil telefon, 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi sonuncudan götürülmüş, pul və digər əşyalar isə müvafiq olaraq sonuncuya geri qaytarılmış, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa sol oturacağın üzərindən 01 (bir) ədəd kisəni təqdim etmiş, həmin kisənin içərisindən 28 (iyirmi səkkiz) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 17 mart 2025-ci il tarixli «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin idarə etdiyi Toyota Prius markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilində külli miqdarda narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün, 17 mart 2025-ci il tarixdə, saat 00:05 dəqiqədə ünvan 4 ünvanının (Bakı şəhəri, Mərdəkan şosesində) yaxınlığında idarə etdiyi Toyota Prius markalı ** NY *** nömrəli avtomobilin yanında saxlanılaraq, üstü yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi götürülmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı ** NY *** nömrəli avtomobilinə baxış keçirilmiş və avtomobilin arxa sol oturacağın üzərindən 1 ədəd kisənin içərisindən 28 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd kisədə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 (bir) ədəd mobil telefona, 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, təqdim olunan 01 (bir) ədəd kisəyə və 01 (bir) ədəd DVDyə baxış keçirilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən 01 (bir) ədəd kisənin içərisindən 28 (iyirmi səkkiz) ədəd bağlamada açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmüş, sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, avtomobildən aşkar olumuş narkotik vasitələri İran İR-nm vətəndaşı “Abuzər” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan 1 gün qabaq Sabunçu rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 2000 (iki min) manat pul verəcəyini bildirmişdir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə verilmiş əməliyyat tapşırığının cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etdikdən sonra bu maddəni qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. X14 Respublikası vətəndaşı “Abuzər” adlı şəxsin kimliyini, eləcə də cinayətin digər iştirakçılarının, əvvəllər narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, digər cinayətlərin törədilməsində iştirakının müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olunmamışdır. Verilən tapşırıqla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu təqdirdə əlavə olaraq bildiriləcəkdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2012-ci il tarixdə Saatlı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2023-cü il tarixli amnistiya qərarı ilə cəzadan azad olunmuşdur. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü sübutlar: Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün hər hansı sübut təqdim etməmiş, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 ay öncə sosial şəbəkədə bir şəxslə tanış olmuşdur. Sonradan həmin şəxsin İran İslam Respublikası vətəndaşı olduğunu öyrənmişdir. O, həmin şəxslə “WhatsApp” vasitəsilə əlaqə saxlayırdı. Həmin vaxtlar təxminən 5.000 manat borcu ad olmuşdur. Həmçinin o, ara-sıra narkotik vasitə – qurudulmuş marixuana istifadə etmişdir. Özünü İran vətəndaşı kimi təqdim edən bir şəxs ona adının “Abuzər” olduğunu bildirmişdir. Abuzər barədə başqa heç bir məlumatı olmamışdır. Sonuncu ilə +**********9 nömrəsi vasitəsilə əlaqə saxlamışdır. Şübhəli şəxs qismindı tutulmasından 3-4 gün əvvəl Abuzər ona Azərbaycan Respublikasına bir bağlama göndərdiyini demişdir. Sonuncu ona həmin bağlamanı götürüb başqa bir yerə qoyacağı təqdirdə 2000 manat pul verəcəyini təklif etmişdir. İlk başda razı olmasa da, maddi vəziyyətinin pis olması səbəbindən bu təklifi qəbul etmişdir. 16 mart 2025-ci il tarixdə, axşam saatlarında Abuzər ona zəng edib bağlamanı göndərdiyini və özünün Bakı şəhəri, Mərdəkan şosesi yaxınlığında yerləşən bir ünvanda olduğunu demişdir. O, həmin ünvana getmiş və gecə yarısı sarı rəngli kisəni görmüşdür. Kisəni idarə etdiyi “Toyota Prius” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol oturacağına qoymuşdur. 17 mart 2025-ci il, saat 00:05 radələrində, ünvan 4 ünvanı yaxınlığında avtomobilin yanında olarkən, dörd nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişdir. Sonuncular onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və üzərində narkotik vasitə olubolmadığını soruşmuş, daha sonra üstünü yoxlamışlar. Üzərində olan tünd göy rəngli şalvarın sol cibindən şəxsiyyət vəsiqəsi, 35 manat pul, sağ cibindən isə üzərində ***-***-**- ** və ***-***-**-** sim kart nömrələri olan “Redmi” markalı mobil telefon və bir ədəd avtomobil açarı aşkar edilmişdir. Üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, digər əşyalar isə ona qaytarılmışdır. Daha sonra idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış keçirilmişdrir. O, avtomobilin arxa sol oturacağında yerləşən kisəni təqdim etmişdir. Həmin kisənin içərisindən 28 ədəd bağlamada narkotik vasitə – qurudulmuş marixuana kütlələri aşkar olunmuşdur. Bu kütlələr elektron tərəzidə çəkildi və ümumi çəkisi 28 kiloqram 900 qram olmuşdur. Kütlələr qablaşdırılıb imzalanaraq götürülmüşdür. Avtomobilin digər hissələrinə də baxış keçirilmiş, lakin əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, iki il idi ümumiyyətlə narkotik vasitədən istifadə etmirdi. Abuzəri 10 gün idi tanıyırdı. Sonuncu ona bir ünvanda balaca bağlama olduğunu, bağlamanı götürüb deyəcəyi ünvana təhvil verməli olduğunu demişdir. Həmin bağlamanın içərisində nə olduğunu bilməyib. Ona qarşı fiziki və psixi təzyiqlər olmayıb. Törətdiyi əməldən peşmandır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə külli miqdarda və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 3 - Yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Maddə 8.1 - Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.2 - Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 58.3 - Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Maddə 56.1.2 - Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3 - Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 18.4.4 - Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1 - Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124 - İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145 - Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8 - Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2 - Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6 - Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132 - Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1 - Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən narkotik vasitə qurudulmuş marixuananın çəkisi 5 qramdan artıq xeyli miqdar, 500 qramdan artıq külli miqdar, 50000 qramdan artıq olduqda xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9 - Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarı Qərarın 9-cu bəndi - Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Avropa Konvensiyası və Avropa Məhkəməsinin president hüququ: "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, sonuncudan aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq və bükümlər halında olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmənin mövqeyinə görə Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Narkotik vasitənin təqsirləndirilən şəxsin idarə etdiyi avtomolbilin içərisindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalı və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini sonuncunun cəzasını yüngülləşdirən hal qismində qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə ona təyin edilmiş cəzanın əvvəli 17 mart 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 27818,6 qram narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarında olan 02 (iki) ədəd “DVD” disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 176 (yüz yetmiş altı) manat məbləğində vəsait «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «M.B.M» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 27818,6 qram narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 176 (yüz yetmiş altı) manat məbləğində vəsait «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «M.B.M» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar