Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1501/2024 17.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, naməlum vaxtda və şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3200,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, istifadəsində olan ***-***-**-** nömrəli “Samsung” markalı “Galaxy A7” modelli mobil telefon üzərindən satışını həyata keçirmək üçün saxlayaraq daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin NMB- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 09 dekabr 2023-cü il tarixdə saat 15:30-da ünvan 2 ünvanın yaxınlığında saxlanılıb, ünvan 3Pİ-nin 37-ci PŞ-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı sağ əlində olan bir ədəd ağ rəngli torbanın içərisində şəffaf yapışqanlı lentlə sarılmış bir ədəd qara rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 3200,0 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2 ildir ki, narkotik vasitə istifadəçisidir, amma o narkotik vasitələrin satışı ilə məşğul olmur. O, evlidir, 1 övladı var. Onun övladı 10 yaşındadır. O, fəhlə işləyir. O, narkotik vasitənin marixuana növündən istifadə edir. O, xx.xx.2023-cü il tarixdə 5 qram marixauana almaq üçün yaşadığı məhlədə E-manat terminalından onlayn qaydada tanımadığı şəxsin kartına 100 manat köçürüb narkotik vasitəni götürməyə getmişdir. Narkotik vasitəni ona satan şəxs demişdir ki, marixuana Xətai rayonu, M.Davud küçəsi 11 ünvanı yaxınlığında kümbəz kimi yerdə zibil kisəsinin içində olacaqdır. Hava yağışlı imiş və o aydın görmürmüş. O, 5 qram narkotik vasitəni götürmək üçün zibil kisəsini əlinə almışdır. O, düşünmüşdür ki, kisənin içərisində 5 qram narkotik vasitə və zibillər var. O, kisənin içərisində xeyli miqdarda narkotik vasitə olduğundan xəbərsiz imiş. Bu vaxt polis əməkdaşları onu saxlamışlar. Elə polis əməkdaşları ona oyun qurmuşlar və narkotik vasitəni də özləri oraya qoymuşlar. O, istintaq zamanı təzyiq altında narkotik vasitəni boynuna götürmüşdür. Polis əməkdaşları onu döyərək narkotik vasitəni boynuna götürməyini demişlər. Polis əməkdaşları onun qulağına və ayağına xəsarət yetirmişlər. O, sanksiya üçün məhkəməyə aparılarkən döyülmüşdür. O, xx.xx.2023-cü il tarixdə günorta saatlarında narkotik vasitə satan şəxsin kart hesabına yaşadığı məhlədə E-manat terminalından 100 manat pul köçürmüşdür. 5 qram narkotik vasitənin bazar qiyməti 80-100 manatdır. 3 kilo narkotik vasitə 100 manat etmir. Onun narkotik vasitə satmaq niyyəti olmamışdır. Onu döyən polis əməkdaşlarının adlarını bilmir, lakin onları üzdən tanıyır. O, əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ilk dəfədir Xətai rayonu, M.Davud küçəsi 11 ünvanı yaxınlığında zibil kisəsindən narkotik vasitə götürürmüş. O, həmişə narkotik vasitəni 80-100 manata alırmış. O, 5 qram narkotik vasitəni adətən 10 günə çəkirmiş. Onun götürdüyü kisədə olan narkotik vasitənin miqdarını dəqiq bilmir, təxminən 6-7 kilo narkotik vasitə olmalı imiş. Onun əvvəllər polis əməkdaşları ilə mübahisəsi olmamışdır. O, hakimə döyüldüyünü deməmişdir. O, İstintaq Təcridxanasına daxil olandan 1 ay sonra müayinə edilmişdir. Həkim onu müayinə edəndə xəsarətin səbəbini soruşmuş, amma o polislərin onu döydünü həkimə deməmişdir. Polis əməkdaşları narkotik vasitəni onun yanında tərəzidə çəkmişlər. O, öz adına olan ***-***-**- ** mobil nömrəsindən istifadə etmişdir. O, tutulana qədər olan müddətdə sosial şəbəkədə yazışaraq narkotik vasitə almış, amma o narkotik vasitə satmamışdır. Kiminsə ona mesaj yazaraq ondan narkotik vasitə istəməsini xatırlamır, belə mesaj yazılsa da imiş o cavab yazarmış. O, zibil kisəsini əlinə alanda içində xeyli miqdarda narkotik vasitə olduğunu bilmirmiş, o elə bilirmiş ki, zibil kisəsinin içərisində 5 qram narkotik vasitə və zibilllər var. O, ***-**-** mobil nömrəsinin kimə aid olduğunu bilmir, həmin şəxsi tanımır və həmin nömrəyə mesaj yazmamışdır. O, danışdığı şəxs İranlı deyilmiş, çünki onların dilində danışırmış. O, həmin şəxsi tanımır, o sadəcə həmin şəxsin kartına aldığı narkotik vasitənin pulunu köçürmüşdür. O, heç kimlə bu barədə “Whatsapp” və digər sosial şəbəkədə yazışmamışdır. Elan olunmuş cinayət işinin 32-33-cü vərəqələrində olan şəxsi axtarış və götürmə protokoluna və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, təzyiq altında protokolu imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi izahat, ifadə ilə hazırki ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı, ifadələri elan olunmuş, izahatın, ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 37-ci vərəqəsində olan izahatında, 51-53 və 67-71, 149-151-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...Hər dəfə narkotik vasitə marixuananı Bakı şəhərində tanımadığı və heç-bir anket məlumatlarını bilmədiyi şəxslərdən alır. xx.xx.2023-cü il tarixdə Xətai rayonu, M.Davud küçəsi 11 ünvanı yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitə istifadəsində şübhələndikləri üçün Xətai rayon 37-ci Polis Şöbəsinə getməyi təklif etmişlər. O, polislərlə birgə 37-ci polis şöbəsinə gəlmişdir. Şöbədə olan zaman şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilməklə təqdim olunmuş vəkilin, polis əməkdaşlarının iştirakı, videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılması izah edilmişdir. Bununla bağlı üzərində olan qeyri-qanuni və digər əşyaları masanın üzərinə qoyması təklif olunmuşdur. Bu təklifdən sonra o sağ əlində olan ağ rəngli kisəyə bükülmüş bükülünü təqdim etmişdir. Həmin bir ədəd kisədə olan büklülünün içərisində nə olması soruşulduqda, o bükümdəki kütlənin narkotik vasitə olan “marixuana” olmasını bildirmişdir. Həmin qara sellofan açıldıqda, içərisində tünd yaşıl rəngli bitki mənşəli, spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin qablaşdırma ilə birlikdə 3,175 kq olması müəyyən edilmişdir. Ondan narkotik vasitəni nə vaxt və haradan alması soruşulduqda, o həmin narkotik vasitəni, heç bir anket məlumatlarını bilmədiyi İran Respublikası vətəndaşından online qaydada 100 manata almasını və öz istifadəsi üçün olmasını bildirmişdir. Polis əməkdaşları onu saxlayan zaman həmin sellofanda olan narkotik vasitə sağ əlində olmuşdur. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, təzyiq altında izahatı və protokolları imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili işləyir. xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı barədə ona 09 dekabr 2023-cü il tarixində deyilib, lakin məlumatın Şahid1 nə vaxt daxil olduğunu bilmir. Ona məlumat verilmişdir ki, o Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə daxil olan məlumat əsasında yaradılan əməliyyat qrupuna daxildir, əməliyyat tədbirində iştirak edəcək, şübhəli şəxsi müəyyən edib aşkar etməlidir. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin dövriyyəsi yəni narkotik vasitələrin əldə edilməsi, daşınması və üzərində daşınmasında şübhəli şəxs imiş. Təqsirləndirilən şəxs şəxsiyyətinə dair məlumatları, eyni zamanda olduğu yeri müəyyən edib 09 dekabr 2023-cü il tarixində Xətai rayonu, M.Davud küçəsi 11 saylı ünvanın yaxınlığına gedib əməliyyat mövqeyi seçmişlər. Təqsirləndirilən şəxs bənzəyən əlində ağ rəngli torba ilə küçədə piyada hərəkətdə olan şəxsə yaxınlaşıb onu saxlayaraq özlərini təqdim edib həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Onlar Təqsirləndirilən şəxs onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. X5 Əliyevə hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində tutub saxladığı ağ rəngli torbanı təqdim edib həmin torbanı zibil kimi bilib götürməsini içərisində beş qram narkotik olduğunu, həmin torbanı götürüb kənarda içərisinə baxmaq istəyən zaman saxlanıldığını, maddənin adının “nəşə” olduğunu, narkotiki tanımadığı İran vətəndaşına onlayn yolla 100 manat pul göndərməklə əldə etdiyini etiraf etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi maddə marixauanaya bənzər maddə imiş. Tərəflərindən Təqsirləndirilən şəxs təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs öz əməlini etiraf etmişdir. Əməliyyat tədbirində o və Şahid1 iştirak etmişlər. Təqsirləndirilən şəxs Xətai rayonu, M.Davud küçəsində asfalt yolda əlində ağ rəngli torba ilə küçədə hərəkət edirmiş. Həmin şəxs şübhəli şəxsə bənzədiyindən onlar ona yaxınlaşmışlar. Ağ rəngli torba Təqsirləndirilən şəxs əlində imiş. Əməliyyat zamanı Şahid1 ondan 5 metr məsafədə imiş. O, Təqsirləndirilən şəxs gördüyü an onun əlində ağ torba var imiş. Şəxsi axtarış zamanı ağ torba açılmışdır. O, şəxsi axtarış zamanı iştirak etmişdir. Aşkar olunan maddə elektron tərəzidə çəkilmişdir. Səhv etmirsə, narkotik vasitənin çəkisi 3 kilo 200 qram imiş. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması aşkar olunmamışdır. O, sadəcə şübhəli şəxsi tutan şəxs olduğundan ona əməliyyat məlumatı ətraflı deyilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 09 dekabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etməsi, üzərində saxlaması və istifadə etməsi barədə əməliyyst məlumstı daxil olmuşdur. Cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 09 dekabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etməsi, üzərində saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin rəisi, polis polkovniki Vaqif Müslümovun 09 dekabr 2023-cü il tarixli, Ə/3528 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etməsi, üzərində saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 32-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 dekabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs sağ əlində tutub saxladığı ağ rəngli torbanı təqdim etmişdir. Həmin torbada nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs həmin torbada marixuana olmasını bildirmişdir. Bükümün içərisindən tünd yaşıl rəngli bitki mənşəli spesifik iyə malik kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tanımadığı İran vətəndaşından 100 manata onlayn yolla ödəməklə öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edilməklə qablaşdırılmışdır. Şəxsi axtarış zamanı “Panasonic” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 49-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sağ əlində tutduğu bir ədəd qara rəngli sellofan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümdəki kütlənin marixuana olmasını bildirmişdir. Bükümün içərisindən tünd yaşıl rəngli bitkimənşəli spesifik iyə malik kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tanımadığı İran vətəndaşından 100 manata onlayn yolla ödəməklə öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edilməklə qablaşdırılmışdır. Cinayət işinin 39-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 dekabr 2023-cü il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Cinayət işinin 40-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1673 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazı və imza olan 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 3200,0 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 120-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 fevral 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi aktiv ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan smslərin köçürüldüyü, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskə baxış keçirilərkən aşağıdakı smslərin daxil olması müəyyən edilmişdir. -xx.xx.2023-cü il tarixdə saat 17:33-də +99***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs sms göndərilmiş, həmin sms mətnində “Qaqa salam gəyim götürüm o temanı?” sözləri qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:24-də +99***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs sms göndərilmiş, həmin sms mətnində “Nicat məni niye bele vezyetde qoyursanki ne pistiy elemişem ayıb deyil saat qor neçedi men çox qözdüyecem onsuz pis gündəyəm özündə görürsən” sözləri qeyd edilmişdir. Cinayət işinin 123-127-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 fevral 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd qara rəngli “Samsung” markalı “Galaxy A7' modelli mobil telefona baxış keçirilərkən, telefondakı “Whatsapp” sosial şəbəkəsində Təqsirləndirilən şəxs mobil telefona +**********20 saylı mobil nömrəli şəxsdən sms göndərilmiş, həmin şəxs “Əxi tema lazımdı”, “narmalni tema var qadan alaram uşağlar gəlir yanıma” “ əxi 3 mərtəbə lazımdı 25 manat var düz qoş edə bilərsən qardaşımsan?” kimi smslər göndərmişdir. Bundan əlavə mobil telefonun foto qalereyasında naməlum ünvanda gizlədilmiş narkotik maddə bağlamasının fotosunu qeydə alması aşkar edilmişdir. Cinayət işinin 110-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-dən daxil olmuş 01 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 136-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 23 fevral 2024cü il tarixli qərarından görünür, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək üçün ********* saylı cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət verərək, cinayət işi üzrə qeydə alınmış "***-***-**-**, ***-***-**-** və ***-***-**-**" mobil telefon nömrə sahiblərinin şəxsiyyətlərini öyrənmək, ayrılmış cinayət işinin hansı mərhələdə olması barədə məlumatların alınması üçün Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə sorğular verilməsini xahiş etmişdir Vəsatətin təmin edilməsi ilə bağlı olaraq, hazırki cinayət işindən ayrılmış iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə narkotik vasitələrin əldə etməsinə dair əlaqə saxlamış ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrin sahiblərinin müəyyən edilib-edilməməsi, edildiyi halda həmin şəxslərin dindirmə protokollarının təsdiq olunmuş surətlərinin təqdim edilməsi barədə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə sorğu göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş 02 may 2024-cü il tarixli, 3xx-xx/230110608 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İŞ-də istintaqı aparılmış cinayət işi üzrə ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin sahiblərinin müəyyən edilməsi üzrə hazırda hər hansı bir müsbət nəticə əldə edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmur, o, cəmi 5 qram narkotik götürmək üçün oraya getmiş, lakin, orada artıq çəkidə narkotik vasitə olmasını bilməmiş, saxlanılan zaman polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün 3 kq marixuananı öz boynuna götürmüşdür. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən tam fərqli, bir-birinə zidd ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “qurudulmuş marixuana”nın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üzərindən və avtomobildən birlikdə aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 3200,0 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından 640 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Bundan başqa, cinayət işinin 120-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 fevral 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi aktiv ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan smslərin köçürüldüyü, Azərfon MMC-dən götürülmüş 01 ədəd CD diskə baxış keçirilərkən aşağıdakı smslərin daxil olması müəyyən edilmişdir. -xx.xx.2023-cü il tarixdə saat 17:33-də +99***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs sms göndərilmiş, həmin sms mətnində “Qaqa salam gəyim götürüm o temanı?” sözləri qeyd edilmişdir. Həmçinin, cinayət işinin 123-127-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 fevral 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd qara rəngli “Samsung” markalı “Galaxy A7' modelli mobil telefona baxış keçirilərkən, telefondakı “Whatsapp” sosial şəbəkəsində Təqsirləndirilən şəxs mobil telefona +**********20 saylı mobil nömrəli şəxsdən sms göndərilmiş, həmin şəxs “Əxi tema lazımdı”, “narmalni tema var qadan alaram uşağlar gəlir yanıma” “ əxi 3 mərtəbə lazımdı 25 manat var düz qoş edə bilərsən qardaşımsan?” kimi smslər göndərmişdir. Bundan əlavə mobil telefonun foto qalereyasında naməlum ünvanda gizlədilmiş narkotik maddə bağlamasının fotosunu qeydə alması aşkar edilmişdir. Həmçinin, istintaq dövründə verilmiş müvafiq ekspertiza rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə halları olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü Bakı şəhəri, Xətai rayon prokurorluğuna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasından daxil olmuş 05 aprel 2024-cü il tarixli, 3-16-17/40/2-2432/2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kartın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Bakı şəhəri, Xətai rayon prokurorluğundan daxil olmuş 03 aprel 2024-cü il tarixli, ********* nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə Xətai rayon prokurorluğuna müraciət daxil olmamış və bu barədə araşdırma aparılmamışdır. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 98-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 18 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 55 saylı MKİS-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Cinayət işinin 72-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağı -xx.xx.2014-cü il təvəllüdlü X4 vardır Cinayət işinin 113-114-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 yanvar 2024-cü il tarixli 50 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 109-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X2 Şəxsindən daxil olmuş 06 yanvar 2024-cü il tarixli, 79 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 09 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 21-ci vərəqəsində olan 09 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 81-85-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 dekabr 2023cü il tarixli 4(011)-755/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3199,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3199,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1501/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1501/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver