Məhkəmə qərarları › İş №1(101)-1502/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1502/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1502/2021 02.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yaşamış, 01 aprel 2021-ci il tarixdə Nizami RPİ Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 03 aprel 2021-ci il tarixli qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəksii 32,830 qram olan narkotik vasitə heroini və külli miqdarda - ümumi təmiz çəkisi 33,802 qram olan psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamış, 01 aprel 2021-ci il tarixdə saat 23:20 radələrində Nizami RPİ Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanında saxlanılaraq ünvan 4inasına gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd selofan kəsiyinin içərisində ayrıayrılıqda təmiz çəkiləri 20,577 qram, 2,330 qram, 4,684 qram, 4,690 qram və 0,549 qram, ümumi təmiz çəkisi 32,830 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 ədəd bükümdə ümumi xalis çəkisi 33,802 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. 2020-ci ilin dekabr ayında onu Qalib adlı polis işçisi saxladıqdan sonra prokurorluq tərəfindən işinə xitam verilmişdir. Lakin həmin rəis ona qarşı qərəzli olduğu üçün yenidən onu tutacağını bildirmişdir. 2021-ci ilin aprel ayında evdən çıxdıqda Şərifli 84 ünvanında blokda onu tutmuşlar. Onun üzərində narkotik vasitə olmamışdır. Ona qarşı təzyiqlər olduğu üçün istintaq zamanı narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmişdir, lakin əslində həmin narkotik ona məxsus deyildir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, narkotik vasitədən istifadə etmədiyini, ***-***-**-** mobil nömrəsinin onun özünə məxsus olduğunu, lakin 2020-ci ilin dekabr ayında buraxılarkən onun telefonunu qaytarmadıqlarını, ***-***-**-** mobil nömrəsi ilə danışıqları olmadığını, Tural və Mehdi adlı şəxsləri tanımadığını, terminal vasitəsi ilə heç kimə pul ödəmədiyini, istintaq zamanı vəkili olmadığını, izahatı oxumadan imzaladığını, dekabr ayında buraxılarkən Qalibin ona evdən bayıra çıxmamağı, əks halda yenıdən tutacağını bildirdiyini, aprel ayına kimi heç yerə çıxmadığını, lakin apreldə küçəyə çıxdıqda yenə onu tutduqlarını, dekabrdan aprel ayına qədər müxtəlif yerlərə şikayətlər yazdığını, aprel ayında onu saxlayanda bacısının halının pisləşdiyini və evə təcili yardım çağırıldığını, hətta qonşu qadının da səsə gəldiyini, evdə axtarış aparılarkən heç nə aşkar edilmədiyini, özünün avtomaşınları taksi kimi icarəyə verdiyini, 3 ədəd «Xəzər» markalı maşınları olduğunu və həmin maşınları icarəyə verdiyini, polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparıldığını və polis işçiləri nə demişlərsə, hamısını boynuna aldığını, təhqiqatçının guya onun hansısa karta pul göndərdiyini dediyini, özünün də çəkilişdə həmin sözləri təkrar etdiyini, onu məcbur etdikləri üçün izahatı yazıb cinayəti boynuna aldığını, ***-***-**-** nömrəsini dekabr ayına qədər istifadə etdiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin 03.04.2021-ci il tarixdə verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, narkotik vasitələrin istifadəçisidir. Təxminən 7 ay əvvəl Tural adlı şəxs vasitəsi ilə İran İslam Respublikası vətəndaşı olan Mehdi adlı şəxslə tanış olmuşdur. Tural adlı şəxsin harada yaşamasım və hazırda harada olmasını bilmir. Tural adlı şəxsi üzdən tanıyır və sonuncunun da narkotik vasitə aludəçisi olmasını bilmişdir. Mehdi adlı şəxslə tanış olduqdan sonra sonuncu ilə öz istifadəsində olan ***-***-**-** nömrəsindən Mehdinin istifadəsində olan +**********10 mobil telefon nömrəsi ilə «Vatsapp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. Mehdi narkotik vasitələrin satışı ilə məşqul olmuş və o, sonuncudan bir neçə dəfə narkotik vasitə almışdır. Belə ki, o, Mehdinin şəklini göndərdiyi kartın hesabına müxtəlif ödəmə terminalı vasitəsi ilə pulları köçürmüş və Mehdinin ona dediyi yerlərə gedərək, oradan sonuncunun gizlətdiyi narkotik vasitəni götürmüşdür. 3 gün əvvəl o, yenə də Mehdi ilə narkotik vasitənin alışı ilə bağlı yazışmış və Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» dairəsi yaxınlığında yerləşən ödəmə terminalı vasitəsi ilə Mehdinin ona şəklini göndərdiyi kartın hesabına 350 manat pulu ödəmiş və bu barədə Mehdiyə məlumat vermişdir. Bundan sonra 01 aprel 2021-ci il tarixdə Mehdi ona narkotik vasitəni Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospekti ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin yanında şəklini atdığı yerdən götürə biləcəyini demişdir. Bundan sonra o, həmin yerə təxminən saat 22-23 radələrində gedərək oraya qoyulmuş bir ədəd bükümdə içərisində Mehdi ilə aralarında olan razılığa əsasən heroin və metamfetamin olan bükülünü götürmüş və həmin narkotik vasitəni götürdükdən sonra yenidən Nizamı rayonu ərazisinə qayıtmışdır ki, yaşadığı ünvana getsin. Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olmalarını və onun narkotik vasitələrin dövriyyəsi ilə məşqul olmağı barədə məlumat daxil olmasını bildirərək, onu Nizami RPİ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nə gəlmiş və polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif olunmuşdur. O, polis əməkdaşlarının təkliflərindən sonra əynindəki qara rəngli gödəkcənin sol yan cibindən Mehdi adlı şəxsdən aldığı içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim edərək, həmin bükümdə narkotik vasitə olan heroin və metamfetamin olmasını və şəxsi istifadəsi üçün Mehdi adlı şəxsdən almasını bildirmişdir. Bundan sonra polis əməkdaşları bükümə baxış keçirmiş, həmin bükümləri qablaşdırmış və bu barədə protokol tərtib etmişlər. O da, həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir (cild 1, iş vərəqi 76-77). Ziddiyətlərlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin narkotikləri onun üzərinə polis əməkdaşlarının qoyduğunu, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yaşadığı binanın yaxınlığında blokda polis işçiləri tərəfindən saxlanıldığını, 2020-ci ilin dekabrında da polis işçiləri tərəfindən narkotiklə tutulduğunu, lakin həmin vaxt prokurorluq tərəfindən işinə xitam verildiyini, həmin vaxtdan polis işçilərinin ona qarşı qərəzli mövqedə qaldıqlarını və 2021-ci ilin aprelində yenidən həbs edildiyini, hazırda məhkəmədə verdiyi sərbəst ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə baş verən vaxt Nizami RPİ Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışmış, hazırda isə həmin idarədə müstəntiq vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 01 aprel 2021-ci il tarixdə Asəf adlı şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə ona məlumat daxil olmuş, raportla Nizami RPİ-nin rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qəbul olunmuşdur. Əməliyyat qrupuna ondan başqa Nizami RPİ Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 da daxil edilmişdir. Həmin gün onlar ünvan 6 ünvanın qarşısında xarici əlamətləri Asəf adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşmış və onu saxlamışlar. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, ona narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğu izah edilməklə Nizami RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs evdə bacısının yatmış vəziyyətdə olduğunu, özünün mənzildən çıxaraq açarla qapını bağladığını bildirmiş, bu səbəbdən onunla birlikdə yaşadığı mənzilə gedərək açarları bacısına verdikdən sonra birlikdə Polis idarəsinə getməyi xahiş etmişdir. Onlar da sonuncunun sözlərinə əsasən yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən ünvana gəlmişlər. Orada Təqsirləndirilən şəxs bacısına mənzilin açarlarını vermiş, bundan sonra Asəflə birlikdə Nizami RPİ-nə gəlmişlər. İdarədə təhqiqatçı Fəxri İsmayılov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, ona üzərində qanunsuz əşyalar varsa, onları təqdim etməsi təklif olunmuşdur. Asəf əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd selofan kəsiyini təqdim edərək, həmin bükümdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra bükülüyə baxış keçirilmiş, orada bir ədəd selofan bükümdə ağ kristal formalı maddə, 4 ədəd bükümdə qəhvəyi rəngli maddə və bir ədəd falqa kəsiyində açıq qəhvəyi rəngli maddələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri İran vətəndaşı Mehdi adlı şəxsin kartına 350 manat ödəməklə şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş maddələr qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinə həmçinin əlavə etdi ki, onun əvvəllər Təqsirləndirilən şəxsla əvvəllər heç bir tanışlığı, münasibəti və ona qarşı hər hansı qərəzi olmamış, saxlanılarkən Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmiş, sadəcə evin açarı onda qaldığına görə əvvəl edə gedib, sonra polis idarəsinə getməyi təklif etdiyinə görə, insanlıq xatirinə bunu etmişlər. Narkotik və psixotrop maddələrin guya polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması barədə Asəfin dedikləri tamamilə yalan və böhtandır, videoçəkilişlə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs bu barədə özü ətraflı danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması və üzərində şəxsi axtarış keçirilməsi zamanı əməliyyat qrupunun üzvü olduğunu bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş şəxsi axtarış və götürmə keçirilməsi barədə 02 aprel 2021-ci il tarixli protokola əsasən, həmin tarixdə Nizami RPİ Təhqiqat şöbəsinin təhqiqatçısı Fəxri İsmayılov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd şəffaf selofan bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 39-41). Cinayət işində olan videogörüntüyə baxış keçirilməsi haqqında 08 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ Təhqiqat şöbəsinin təhqiqatçısı Fəxri İsmayılov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu təqdirdə, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd şəffaf selofan bükümü təqdim edərək bükümdəki maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını, həmin narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxsdən 350 manat ödəməklə aldığını bildirir (cild 1, iş vərəqi 94). İş materiallarına əlavə edilmiş telefon danışıqları cədvəlinə baxış keçirilməsi haqqında 13 iyul 2021-ci il protokoldan görünür ki, "xxxx" MMC-dən 13.07.2021-ci il tarixli BKC/LGL- 10062/21 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd CD diskə baxış keçirilərkən, «SMS Tarixçəsi **********4120 5********.pdf» adlı fayl açıldıqda 12 mart 2021-ci il tarixdə saat 04:56:48-də 99***-***-**-** nömrəli abonentlə 99***-***-**-** nömrəli abonent arasında «Demeli qurtuluw93 ged cat deqiq bawa salacam. 5 dene torpağ 5 dene daw atdirmiwam senincun. pay eliyirem sene. sennen xowum geldiyi ucun», saat 04:58:19-da «Men bilirem sen geylerin, lezbilerin dayagisan var olasan bize ata qardaw olduguncun» mətnli yazışmalar müəyyən edilmişdir (cild 1, iş vərəqi 112). Məhkəmə-kimyəvi ekspertizasının 02 aprel 2021-ci il tarixli 6/1296 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut...» yazı və imzalar olan zərfdə təmiz çəkisi 33,802 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 20,577 qr, 2,330 qr, 4,684 qr və 4,690 qr olmaqla, ümumi çəkisi 32,281 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Zərfdə olan folqa kağızının üzərində yanmış vəziyyətdə təmiz çəkisi 0,549 qram olan maddə heroindir. Heroin termiki təsirə məruz qaldığından 4 ədəd bükümdə olan heroin ilə eynilik tədqiqatı aparılmadı. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), metamietamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 46-52). İbtidai istintaq orqanının 24 iyul 2021-ci il tarixli qərarı ilə şəxsi axtarış və götürmə aparılması, baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd CD disk və "xxxx" MMC-dən 13.07.2021-ci il tarixli BKC/LGL-10062/21 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd CD disk, ümumi xalis çəkisi 32,281 qram və 0,549 qram narkotik vasitə heroin və ümumi xalis çəkisi 33,802 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 32,161 qram və 0,499 qram narkotik vasitə heroin və 33,752 qram psixotrop maddə metamfetamin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Nizami RPİ-nin Maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 120-126). Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 02 iyul 2021-ci il tarixli 1443 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 117-118). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 30.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə idarədə məlumat yoxdur. Məhkəmədə ifadə verərkən Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, saxlanılarkən onun üzərində narkotik vasitə və psixotrop maddə olmadığını, həmin narkotikləri onun üzərinə polis əməkdaşlarının qoyduğunu, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yaşadığı binanın yaxınlığında blokda polis işçiləri tərəfindən saxlanıldığını, 2020-ci ilin dekabrında da polis işçiləri tərəfindən narkotiklə tutulduğunu, lakin həmin vaxt prokurorluq tərəfindən işinə xitam verildiyini, həmin vaxtdan polis işçilərinin ona qarşı qərəzli mövqedə qaldıqlarını və 2021-ci ilin aprelində yenidən həbs edildiyini bildirdi. Məhkəmə kollegiyası yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə Təqsirləndirilən şəxs məhkəmədə gətirdiyi həmin dəlillərini məsuliyyətdən yaxa qurtarmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs subay olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2021-ci il tarixdə Nizami RPİ Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 03 aprel 2021-ci il tarixli qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilərək, hal-hazıradək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tutulduğu 01 aprel 2021-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməli, cəza çəkməsinin başlanğıcı 01 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Bakı şəhəri, Nizami RPİ-nin Maddi sübutların saxlanc kamerasına təhvil verilmiş maddi sübutlar – ümumi xalis çəkisi 32,281 qram və 0,549 qram narkotik vasitə heroin və ümumi xalis çəkisi 33,802 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 32,161 qram və 0,499 qram narkotik vasitə heroin və 33,752 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin şəxsi axtarış və götürmə aparılması, baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd CD disk və "xxxx" MMC-dən 13.07.2021-ci il tarixli BKC/LGL-10062/21 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 88 (səksən səkkiz) manat 70 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 88 (səksən səkkiz) manat 70 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 02 iyul 2021-ci il tarixli 1443 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs çətənə tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, ona tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə Bakı şəhəri, Nizami RPİ-nin Maddi sübutların saxlanc kamerasına təhvil verilmiş maddi sübutlar – ümumi xalis çəkisi 32,281 qram və 0,549 qram narkotik vasitə heroin və ümumi xalis çəkisi 33,802 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 32,161 qram və 0,499 qram narkotik vasitə heroin və 33,752 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış və götürmə aparılması, baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd CD disk və "xxxx" MMC-dən 13.07.2021-ci il tarixli BKC/LGL-10062/21 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 88 (səksən səkkiz) manat 70 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar