Məhkəmə qərarları › İş №1(101)-1503/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1503/2023

14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1503/2023 14.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2 və həmin şöbənin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, müdafiəçilər - Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Zərdab rayonu, Əlibəyli ərazi dairəsi, Allahqulubağı kəndində qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metro stansiyasının yaxınlığında “Ağ Çiçəyim” mağazasının yanında quraşdırılmış "xxxx"ın bankomatından vətəndaş Zərərçəkmiş şəxs pul çıxararaq çantasına qoymasını gördükdən sonra həmin pulu və digər əmlakı ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu, Talıbzadə 34 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasına kimi güdərək həmin binanın 3-cü mərtəbəsi ilə 2-ci mərtəbəsi aralığında pilləkənlarda arxadan Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunun çiynindən asdığı 40 manat dəyərində qadın çantasının tutacağından tutub dartaraq ələ keçirmək istədikdə, Zərərçəkmiş şəxs çantanı əlindən buraxmadığı üçün hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək yenidən zor tətbiq edib çantanı ələ keçirmək üçün Zərərçəkmiş şəxs yerə yıxıb sürüməklə sonuncuya başın sol təpə nahiyəsinin, sağ əlin ovuc səthinin və hər iki diz oynağının qançırları, sağ açıq-baldır oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sağ topuğun şişkinliyi və qançırı ilə nəticələnən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuş öz cinayətkar hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs əlində tutduğu 40 manat dəyərində qadın əl çantasını, çantanın içərisində olan 787 manat pulu, şəxsiyyət vəsiqəsini, "xxxx"a məxsus maaş kartını, 1 (bir) ədəd dəyəri 300 manat olan “Samsung Galaxy J3” markalı mobil telefonu, həmin telefonun içərisində olan 5 manat dəyərində olan sim kartı ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 1.132 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs “Ağ Çiçəyim” şadlıq sarayının yaxınlığında yerləşən "xxxx" ASC-nə məxsus olan ATM-dən (bankomatdan) pul çıxartdığını görmüşdür. Zərərçəkmiş şəxs bankomatdan pulu çıxartdıqdan sonra o, Zərərçəkmiş şəxs arxasınca gedərək sonuncunu izləmişdir. Sonra Zərərçəkmiş şəxs yaşayış binasına daxil olmuşdur. O da Zərərçəkmiş şəxs arxasınca gedərək həmin yaşayış binasına daxil olmuşdur. Maddi vəziyyəti pis olduğuna və pula ehiyacı olduğuna görə o, Zərərçəkmiş şəxs əl çantasını dartıb götürərək hadisə yerindən uzaqlaşmışdır. O, törətmiş olduğu əməldən peşmandır. Həmçinin o, hadisə zamanı Zərərçəkmiş şəxs əl çantasını götürmək istəyən zaman sonuncunun qolundan tutaraq dartıb yerə yıxmamış və Zərərçəkmiş şəxs yerdə sürüməmişdir. O, əl çantasını götürüb hadisə yerindən uzaqlaşdığına və arxasına çönüb baxmadığına görə Zərərçəkmiş şəxs yerə yıxılıb-yıxılmadığını və sürünüb-sürünmədiyini bilmir. O, hadisə yerindən uzaqlaşdıqdan sonra həmin yaşayış binasının arxasına doğru getmişdir. O, həmin yerdə Zərərçəkmiş şəxs əl çantasından 650 manat məbləğində pulunu götürmüşdür. Puldan əlavə olaraq çantada mobil telefon və bank kartı da olmuşdur. Lakin o, mobil telefonu və bank kartını götürməmiş, əksinə əl çantasını yerə ataraq oradan uzaqlaşmışdır. O, pulu götürdükdən sonra Nərimanov rayonu ərazisində yerləşən 02 saylı Uşaq Xəstəxanasına getmişdir. Bundan sonra isə o, Zərdab rayonuna getmişdir. O, Zərdab rayonunda olduğu vaxt polis əməkdaşları ona yaxınlaşaraq cinayət törətdiyini bildirmişlər və sonra onu Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin bildirmişdir ki, onun qohumları tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş və buna görə də sonuncu onunla barışmış, habelə Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs son sözlə məhkəmədə çıxış edərkən elan olunmuş ittihamla bağlı mövqeyini dəyişərək ittiham üzrə özünü qismən təqsirli bildiyini bildirmiş və ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməsini və qeyd edilən maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onun Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini törətməməsi, cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs qarşı basqın etməməsi və yerə yıxmaması, habelə zərərçəkmiş şəxsi yerdə sürüməməsi və zor tətbiq etməməsi, əksinə olaraq zərərçəkmiş şəxsin qolundan çantanı dartıb götürməsi və bundan sonra hadisə yerindən uzaqlaşması, habelə taladığını çantada olan pul vəsaitinin 787 manat deyil, 650 manat olması hissəsində vermiş olduğu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı yuxarıda göstərilən hissədə inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 01 fevral 2023-cü il tarixdə Yasamal rayonu ərazisində yaşadığı mənzilə doğru getmişdir. O, Bakı Slavyan Universitetində müəllimə işləyir. Hadisə baş verən gün müəllimlərin əmək haqqısının köçürüldüyü gün olmuşdur. O, bank ofisinin qarşısında olan bankomatdan əmək haqqısını çıxarmaq üçün vətəndaşların yanında növbəyə dayanmışdır. Növbəsi çatdıqda o, əmək haqqısını bankomatdan çıxarmışdır. Daha sonra o, yaşadığı mənzilə doğru addımlamağa başlamışdır. Sonra o, yaşadığı binanın həyətinə çataraq binanın blokuna daxil olmuşdur. O, təxminən binanın 3-cü mərtəbəsinə çatan zaman bir nəfər şəxsin onun sağ və ya sol tərəfindən ötərək yuxarı mərtəbəyə qalxdığını görmüşdür. O, həmin şəxsin üzünə baxan zaman həmin şəxsin onun yaşadığı binada yaşamadığını, eləcə də hər hansı bir qonşunun yaxını olmadığını bilmişdir. Çünki o, uzun müddət həmin binada yaşadığı üçün demək olar ki, həmin binada yaşayan şəxsləri və bu şəxslərin yaxın qohumlarını tanıyır. O, həmin vaxt hazırda təqsirləndirilən şəxs qismində çıxış edən şəxsi gördükdən sonra sonuncudan şübhələnərək 3-cü mərtəbədə dayanmışdır. Həmin vaxt o, yuxarı mərtəbədən səslərin gəldiyini eşitmişdir. O, düşünmüşdür ki, təqsirləndirilən şəxs kiminləsə orada danışır. Lakin sonradan o, bilmişdir ki, təqsirləndirilən şəxs heç kəslə danışmamışdır. O, bir neçə saniyədən sonra yuxarı qalxmaq istəyən zaman təqsirləndirilən şəxs ildırım sürətilə onun qolunda olan əl çantasından yapışaraq dartmağa başlamışdır. Lakin təqsirləndirilən şəxs əl çantasını onun qolundan çıxara bilməmiş və ona görə də onun qolundan yapışaraq bütün gücü ilə onu yerə, yəni pilləkənlərin üstünə yıxmışdır. O, həmin an bədəninin arxa hissəsində sümüklərinin sındığını hiss etmişdir. Lakin bununla belə Təqsirləndirilən şəxs onun əl çantasını götürə bilmədiyini gördüyü üçün onu yerdə sürüməyə başlamışdır. O, yerə yıxıldıqdan sonra aldığı zərbələrə görə özünü itirmiş və nəticədə təqsirləndirilən şəxs onun əl çantasını götürərək hadisə yerindən qaçaraq getmişdir. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin Təqsirləndirilən şəxsla barışdığını, cinayət nəticəsində ələ keçirilmiş mobil telefonun, mobil telefonda olan sim kartın və çantanın ona geri qaytarıldığını, eləcə də 787 manat məbləğində pulun təqsirləndirilən şəxsin qohumları tərəfindən ona geri qaytarıldığını, bunun nəticəsində də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspertiza rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, Zərərçəkmiş şəxs polis orqanına müraciət edərək həmin gün saat 16.00 radələrində yaşadığı evin blokunda bir nəfər kişinin içərəsində 700 manat pul, şəxsiyyət vəsiqəsi, “Samsung” markalı mobil telefon olan əl çantasını ondan dartıb aparması, habelə çantanı dartan şəxsin onu yerdə sürüməsi və nəticədə müxtəlif xəsarətlər alması barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 01, iş vərəqə 06) görünür ki, həmin gün Zərərçəkmiş şəxs polis orqanına müraciət edərək naməlum kişi cinsindən olan şəxsin onun yaşadığı binanın blokunda ona məxsus və içərisində 700 manat pul və digər əşyalar olan əl çantasını onun əlindən zorla dartıb alaraq onu yerə yıxdığını və yerdə həmin şəxsin ona ciddi xəsarətlər yetirdiyini bildirməklə həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqi 7-9) görünür ki, həmin gün cinayət hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş və həmin vaxt müəyyən edilmişdir ki, cinayət hadisəsi xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən beş mərtəbəli, köhnə binanın blokunda baş vermişdir. xx.xx.2023-cü il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizası barədə rəydən (cild 01, iş vərəqə 112-114) görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - başın sol təpə nahiyəsinin, sağ əlin ovuc səthinin və hər iki diz oynağının qançırları, sağ açıq baldır oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sağ topuğun şişkinliyi və qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması barədə qərardan (cild 01, iş vərəqə 01) görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli şəxsin tanınması barədə protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən (cild 01, iş vərəqə 15-19) görünür ki, həmin gün Zərərçəkmiş şəxs bir neçə şəxsin fotoşəkilləri təqdim eidlmiş və o, təqdim edilmiş fotoşəkillərin arasından Təqsirləndirilən şəxs şəklini göstərərək, eləcə də həmin şəkildə əks olunmuş şəxsi tanıyaraq ona qarşı cinayət törətmiş şəxsin məhz həmin şəxs olduğunu bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs boyundan, saçının formasından və gözlərindən tanıdığını bildirmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 42) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 54) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-115/2023 saylı qərarından (cild 01, iş vərəqə 73-75) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Tibbi arayışdan (cild 01, iş vərəqə 87-99) görünür ki, Təqsirləndirilən şəxs azyaşlı uşağı X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəxanada müalicə almışdır. Əşyaların təhvil verilməsi barədə qəbzdən (cild 01, iş vərəq 100) görünür ki, həmin gün Zərərçəkmiş şəxs 787 manat pulu şəxsən ibtidai istintaq orqanından almışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 01, iş vərəqə 101-102) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli götürmə aparılması və baxış keçirilməsi barədə protokoldan (cild 01, iş vərəqə 111) görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində cinayət hadisəsi zamanı talanmış 1 (bir) ədəd qadın çantası və 1 (bir) ədəd “Samsung J3” markalı mobil telefon Zərərçəkmiş şəxs tərəfindən Yasamal RPİ-nin İstintaq şöbəsinə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi barədə qərardan (cild 01, iş vərəqə 120) görünür ki, həmin gün Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsindən həmin Məcəllənin 181.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 123-124) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli, 1247 saylı məhkəmə-psixiatrik ekspertizası barədə rəydən (cild 01, iş vərəqə 151-153) görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür. xx.xx.2023-cü il tarixli, 9/3903 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası barədə rəydən (cild 01, iş vərəqə 149-150) görünür ki, ekspertizaya təqdim edilən malların istifadə edilməsi nəzərə alınmaqla, onların bazar qiyməti ilə ümumi dəyəri təxminən 90 (doxsan) manat müəyyən edilir. O cümlədən: 1 (bir) ədəd “Samsung” markalı, “Galaxy J3” modelli mobil telefon – 70 (yetmiş) manat, 1 (bir) ədəd böyük ölçülü, iki tutacaqlı, zəncirbəndli açılıb-bağlanan qadın çantası – 20 (iyirmi) manat. xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən (cild 01, iş vərəqə 154) görünür ki, o, xx.xx.2023-cü il tarixli, 9/3903 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası barədə rəy ilə razı deyil, həmin rəydə onun çantasının qiyməti 20 manat, telefonunun qiyməti isə 70 manat məbləğində qiymətləndirilmişdir. O, cinayət işi üzrə ona məxsus olan “Samsung J3” markalı mobil telefonun qiymətinin 300 manat, əl çantasının qiymətinin isə 40 manat məbləğində hesablanmasını xahiş etmişdir. Əşyanın təhvil verilməsi barədə qəbzdən (cild 01, iş vərəqə 155) görünür ki, həmin gün 1 (bir) ədəd “Samsung J3” markalı mobil telefon və 1 (bir) ədəd qadın əl çantası ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs təhvil verilmiş və sonuncu həmin əşyaları şəxsən təhvil almışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 159-167) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “Samsung” markalı, “Galaxy J3” modelli mobil telefon və 1 (bir) ədəd böyük ölçülü, iki tutacaqlı, zəncirbəndlə açılıb-bağlanan qadın çantasının zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması, cinayət nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın 1.132 manat məbləğində hesablanması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin ərizəsindən (cild 01, iş vərəqə 240) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsə onun əleyhinə olan sübutlara etiraz etmək, həmin sübutları və ittihamı bütövlükdə mübahisələndirmək üçün məhkəmə prosesində imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçiləri ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirmişlər, o cümlədən irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında sübutların hər tərəfli, obyektiv və tam araşdırılması nəticəsində müəyyən edilmişdir ki, 01 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərinə gəlmiş və həmin gün günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metro stansiyasının yaxınlığında yerləşən “Ağ Çiçəyim” mağazasının yanında quraşdırılmış "xxxx" ASC-nə məxsus bankomatdan Zərərçəkmiş şəxs pul çıxarmasını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs özgənin əşyasını qanunsuz şəkildə talamaq qərarına gəlmiş və cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə yaşlı olan Zərərçəkmiş şəxs arxasınca getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxasınca getməkdə məqsədi - yaranacaq əlverişli şəraitdən istifadə edərək, başqa sözlə, ilk əlverişli məqamda Zərərçəkmiş şəxs məxsus pul vəsaitini və digər əşyaları qanunsuz şəkildə talamaq olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs izləyərək sonuncunun arxasınca getmiş və Zərərçəkmiş şəxs heç nədən şübhələnmədən yaşadığı ünvana, yəni Bakı şəhəri, Yasamal rayonu, Talıbzadə 34 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasında öz mənzilinin olduğu bloka daxil olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxasınca bloka daxil olaraq “təhlükəsizlik” tədbirlərini görmək məqsədi ilə, yəni blokda cinayət törətmək üçün əlverişli şəraitin olub-olmamasını yoxlamaq məqsədi ilə Zərərçəkmiş şəxs yanından keçərək 3-cü mərtəbəyə qalxmış və orada onun cinayətkar niyyətinin qarşısını ala biləcək halın və şəxsin olmadığını görmüşdür. Cinayətkar niyyətini həyata keçirmək üçün hər hansı bir maneənin olmadığını gördükdən sonra Təqsirləndirilən şəxs blokun 3-cü mərtəbəsi ilə 2-ci mərtəbəsi arasında olan pilləkənlərdə qəflətən Zərərçəkmiş şəxs hücum edərək sonuncuya məxsus qadın çantasını və həmin çantada olan əşyaları ələ keçirmək üçün həmin çantanı dartmışdır. Lakin həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müqavimət göstərməklə çantanı əlindən buraxmamışdır. Buna görə də Təqsirləndirilən şəxs cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə ondan yaşca kifayət qədər böyük olan Zərərçəkmiş şəxs qarşı daha zoraki hərəkətlər edərək, yəni faktiki olaraq gözlənilməz halda hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək zor tətbiq etmiş və çantanı ələ keçirmək üçün Zərərçəkmiş şəxs yerə yıxmış, bundan sonra sonuncunu yerdə sürüməklə sonuncuya müxtəlif xəsarətlər yetirmiş, nəticədə isə Zərərçəkmiş şəxs çantanı buraxmış, bu vaxt Təqsirləndirilən şəxs həmin çantanı içindəki əşyalarla birlikdə götürərək hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs qanunsuz zoraki hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri, yəni başın sol təpə nahiyəsinin, sağ əlin ovuc səthinin və hər iki diz oynağının qançırları, sağ açıq-baldır oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sağ topuğun şişkinliyi və qançırı ilə nəticələnən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almışdır. Məhkəmə istintaqı zamanı tərəflər, yəni təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanın ümumi məbləğini mübahisələndirmişlər və ona görə də məhkəmə bu məsələyə də aydınlıq gətirilməsini vacib hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirsə də, faktiki olaraq qismən etirafedici ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs qarşı törətmiş olduğu cinayət nəticəsində sonuncuya məxsus qadın əl çantasını ələ keçirmiş, həmin çantada cəmi 650 manat pul olmuş, həmçinin həmin çantada 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, sim kart və “Kapital Banka” məxsus bank kartı olmuşdur. O, çantadakı 650 manat pulu götürmüş, digər əşyaları, yəni qadın əl çantasını, 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu, sim kartı və bank kartını hadisə yerindən bir qədər aralıda ataraq oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs isə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun çantasını ələ keçirərkən həmin çantada 787 manat pul, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, sim kart və “Kapital Banka” məxsus maaş kartı olmuş, mobil telefonun dəyəri 300 manat, sim kartın dəyəri 5 manat, çantanın dəyəri isə 40 manat olmuşdur. Habelə zərərçəkmiş şəxs bildirmişdir ki, cinayət hadisəsindən sonra ona məxsus çanta, mobil telefon, sim kart və maaş kartı həmin əşyaları tapan başqa şəxs tərəfindən ona verilmişdir. Göründüyü kimi törədilmiş cinayət nəticəsində ələ keçirilmiş əşyaların dəyəri barəsində mübahisə var. Lakin qeyd edilən hissədə ilk növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs çantada olan pul vəsaitinin məbləğini mübahisələndirsələr də, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin qohumları tərəfindən zərərçəkmiş şəxsə 787 manat məbləğində pul vəsaiti ödənilmiş və sonuncu qeyd edilən məbləğdə pul vəsaitini ibtidai isitntaq orqanından şəxsən təhvil alaraq bu barədə qəbz təqdim edilmişdir. Təqsirləndirilən şəxsin qohumları tərəfindən ibtidai isitntaq zamanı 787 manat məbləğində pul vəsaitinin zərərçəkmiş şəxsə ödənilməsi və sonuncu tərəfindən qeyd edilən məbləğdə pul vəsaitinin alması ona dələlət edir ki, həqiqətən də talanmış çantanın içində 787 manat məbləğində pul vəsaiti olmuşdur. Bundan başqa, çantanın içində olmuş 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun, sim kartın, “Kapital Banka” məxsus bank kartının və həmin çantanın zərərçəkmiş şəxsə qaytarılması halları da cinayət işinin mübahisəsiz hallarıdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli, 9/3903 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası barədə rəydən görünür ki, ekspertizaya təqdim edilən malların istifadə edilməsi nəzərə alınmaqla, onların bazar qiyməti ilə ümumi dəyəri təxminən 90 (doxsan) manat müəyyən edilir. O cümlədən: 1 (bir) ədəd “Samsung” markalı, “Galaxy J3” modelli mobil telefon – 70 (yetmiş) manat, 1 (bir) ədəd böyük ölçülü, iki tutacaqlı, zəncirbəndli açılıb-bağlanan qadın çantası – 20 (iyirmi) manat. Zərərçəkmiş şəxs isə ibtidai istintaq zamanı ekspertiza rəyi ilə razılaşmayaraq ona məxsus mobil telefonun dəyərinin 300 manat, çantanın dəyərinin isə 40 manat olduğunu iddia edərək bu məbləğlərin nəzərə alınmasını ibtidai isitntaq orqanından xahiş etmişdir. 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd çantanın dəyərinin xx.xx.2023-cü il tarixli, 9/3903 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası barədə rəydə 70 manat və 20 manat, Zərərçəkmiş şəxs isə iddia etdiyi kimi mobil telefonun dəyərinin 300 manat, çantanın isə dəyərinin 40 manat olması Təqsirləndirilən şəxs tərəfindən törədilmiş quldurluq cinayətinin tövsifinə heç bir təsiri yoxdur. Eyni zamanda Zərərçəkmiş şəxs iddia etdiyi hallarla (mobil telefon və çantanın dəyəri) bağlı ibtidai istintaq orqanına və məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 9/3903 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası barədə rəy mötəbər sübut kimi qəbul edilməli və həmin rəydə göstərilmiş əşyaların dəyəri əsas götürülməlidir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı törətmiş olduğu quldurluq cinayəti nəticəsində sonuncuya vurulmuş ziyanın ümumi məbləği 1.132 manat deyil, 882 manat (nəğd pul vəsaiti 787 manat+sim kart 5 manat+mobil telefon 70 manat+çanta 20 manat) təşkil edir. Əks nəticəyə gəlmək üçün məhkəmədə başqa hallar müəyyən edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət nəticəsində ələ keçirmiş olduğu pul vəsaitini azyaşlı qızının xəstəliyi və müalicəsi ilə bağlı aparıb xəstəxanaya verməsi ilə əlaqələndirsə də, bununla bağlı ibtidai istintaq orqanına və məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olduğu halda onun bu hissədə iddia etdiyi halın həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərlə yanaşı, həmçinin məhkəmə istintaqında müəyyən edilmişdir ki, cinayət nəticəsində talanmış bütün əşyalar (787 manat məbləğində pul vəsaiti daxil olmaqla) Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət hüququ nəzəriyyəsinə görə quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 7-ci bəndində göstərilir ki, quldurluq cinayəti özgə əmlakını talamaq məqsədilə həyat və ya sağlımlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Qeyd edilən qərarın 23-cü bəndində göstərilir ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181.1-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülür ki, təqsirkarın hərəkətləri zərərçəkmiş şəxsə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş yüngül zərər vurma ilə nəticələnmiş olsun. Həmin qərarın 23-cü bəndində, həmçinin göstərilir ki, quldurluq basqını nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilirsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq Cinayət Məcəlləsinin 127, 128-ci maddələri ilə tövsif edilməsi tələb olunmur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini törətmədiyini, yəni sonuncuya hücum edərək basqın etmədiyini, yerə yıxmadığını, yerdə zorakılıq etmədiyini, əksinə uşağının müalicəsi ilə əlaqədar ona pul lazım olduğundan Zərərçəkmiş şəxs arxasınca gedərək sonuncunun əşyalarını açıq şəkildə taladığını bildirməklə, əməlinin daha yüngül cinayət əməlinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən hissədə verdiyi ifadəsi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iddia etdiyi dəlilləri təkzib edərək sonuncunun qəflətən ona hücum edərək yaxınlaşdığını, yəni bu hücumun onun üçün gözlənilməz olduğunu və hücum zamanı təqsirkarın onun çantasını ələ keçirmək istədiyini, lakin onun buna imkan verməməklə müqavimət göstərdiyini, nəticədə Təqsirləndirilən şəxs bundan hiddətlənərəq onu yerə yıxaraq yerdə xəsarətlər yetirdiyini və nəticədə çantasını (çantanın içərisində olan əşyalarla birlikdə) əlindən buraxdığını və Təqsirləndirilən şəxs həmin çantanı ələ keçirərək hadisə yerini tərk etdiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı məhz quldurluq cinayətini törətmişdir. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər başın sol təpə nahiyəsinin, sağ əlin ovuc səthinin və hər iki diz oynağının qançırları, sağ açıq-baldır oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sağ topuğun şişkinliyi və qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şaəraitdə xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hücum edərək zorakılıq etdiyindən və nəticədə sonuncu yüngül zərərvurmaya aid xəsarətlər aldığından təqsirkarın əməli quldurluq cinayəti kimi tövsif edilməlidir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 23-cü bəndində göstərilmiş hüquqi mövqe ondan ibarətdir ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə o vaxt tövsif edilə bilər ki, bu zorakılıq nəticəsində, yəni təqsirkarın hərəkətləri zərərçəkmiş şəxsə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş yüngül zərər vurma ilə nəticələnmiş olsun. Başqa sözlə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən edilmiş basqın nəticəsində xəsarətlər yetirildiyindən və bu xəsarətlər dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid olduğundan Təqsirləndirilən şəxs qanunsuz əməlləri quldurluq cinayəti kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna və mexanizminə hüquqi qiymət verərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edir və belə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs zoraki cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsinin sanksiyasında 4 (dörd) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam şəkildə ödənilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, evli olmaqla, 1 (bir) azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) və cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tamamilə ödənildikdə (Cinayət Məcəlləsinin 59.1.13-cü maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Yuxarıda qeyd edilənləri, habelə cinayətin törədilmə üsulunu və mexanizmini, törədilmiş cinayətin zoraki cinayət əməlinə aid olmasını və bu cinayətin məhz qadına, ələlxüsus da yaşlı və ziyalı (müəllimə) qadına qarşı törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Təyin ediləcək cəzanın həddinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışığın əldə edilməsinə və cinayət nəticəsində vurulmuş ziyanın tam şəkildə zərərçəkmiş şəxsə ödənilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 181.1ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, lakin təyin ediləcək cəza ən aşağı həddə olmamalıdır. Məhkəmə belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin üsulunu və mexanizmini (zərərçəkmiş şəxsin izlənməsi, qəflətən hücum edilməsi, yerdə sürünməsi, həmin vaxt çoxsaylı xəsarətləri alması), habelə həmin cinayətin məhz yaşlı və ziyalı qadına qarşı törədilməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə çoxsaylı xəsarətlərin yetirilməsini əsas tutmuşdur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməlidir. Qanunun bu tələbi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli onun axtarışda olması səbəbindən tutulduğu gündən, yəni 03 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 03 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar