Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1506/2022 26.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Arbitrum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Ermənistanın Ararat rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 304.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımış, habelə şübhəli şəxs qismində tutulduqdan sonra mühafizə altından qaçmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda - 87,687 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlayaraq daşımış, 14 dekabr 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli sellofana bükülmüş külli miqdarda - 87,687 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqatçısının 14 dekabr 2021-ci il tarixli qərarı ilə saat 16:40-da şübhəli şəxs qismində tutulduqdan sonra Sabunçu rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə yerləşdirilməzdən əvvəl “Covid 19” virusu ilə bağlı analiz verməsi üçün həmin Polis Bölməsinin sahə inspektoru Şahid3 və növbətçi hissənin sürücüsü polis nəfəri Şahid4 mühafizəsi ilə 14 dekabr 2021-ci il tarixdə saat 18 radələrində ünvan 3 ünvanda yerləşən 1 saylı şəhər kliniki xəstəxanasına aparılmış, orada Polis Bölməsinin növbətçi hissəsinə aid “Mercedes Citan” markalı **-PN- *** dövlət qeydiyyat nişanlı avtomobildən düşürülərkən həmin polis əməkdaşlarının mühafizəsi altından qaçmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 304.1-ci maddəsi elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanda anası, arvadı, iki övladı və bacısı ilə birlikdə yaşamışdır. Ev təmiri işləri ilə məşğul olaraq ailəsini dolandırmışdır. Metamfetamindən istifadə etdiyinə görə 2021-ci ilin mart ayında məhkum olunmuş, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi üçün Probasiya İdarəsi tərəfindən ayağına elektron qolbaq bağlanmışdır. 14 dekabr 2021-ci il tarixdə saat 12 radələrində evdə olarkən həyət qapısının açıldığını və oğlu İsraildən kiminsə onun evdə olubolmadığını soruşduğunu eşitmişdir. Həmin şəxs guya Probasiya İdarəsindən onun ayağındakı qolbağı çıxarmaq üçün gəldiklərini bildirmişdir. Özü həyətə çıxıb nə lazım olduğunu soruşduqda iki nəfər mülki geyimli şəxs onunla işləri olduğunu deyib həyətdən çölə çıxarmışlar. O, həmin şəxslərlə birlikdə evin həyətindən çölə çıxan kimi onu avtomobilə mindirib apamışlar. Yolda olanda həmin şəxslərdən onu hara apardıqlarını soruşmuş, amma bu şəxslər heç bir məlumat verməmişlər. Bir neçə dəqiqə sonra Sabunçu rayon Polis İdarəsinə gəlib çatmışlar. Daha sonra onu 13-cü Polis Bölməsinə aparmışlar. Orada adını bilmədiyi polis əməkdaşı “bunu 100 qram narkotiklə yükləyin getsin” demişdir. Bundan sonra onu gətirən iki nəfər polis onu başqa iki nəfər polisə təhvil vermişdir. Həmin polislər ona içərisində tiryək olan bir ədəd qara rəngli sellofanı verib videoçəkiliş aparacaqlarını, videoçəkiliş vaxtı həmin narkotik vasitəni Bülbülə qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manata aldığını deməyi tapşırmışlar. O da razılaşıb videoçəkiliş aparılarkən polislərin dediyi kimi etmiş və narkotik vasitəni 100 manata Bülbülə qəsəbəsində tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Videoçəkiliş başa çatdıqdan sonra vəkil çağırılmış, vəkilə də üzərindən narkotik vasitə aşkar edildiyini bildirmişdir. Bundan sonra vəkil getmiş, o isə Polis Bölməsinin birinci mərtəbəsində yerləşən “nəzarətxana” adlandırılan yerdə saxlanılmış və həmin gecəni orada keçirmişdir. Bölmədə olarkən ayağında olan elektron qolbaq yatdığı çarpayının dəmirinə ilişib qırılmış, buna görə də həmin elektron qolbaq ayağından açılıb 13-cü Polis Bölməsində qalmışdır. Sonra “Covid 19” virusu ilə bağlı analiz verməsi üçün xəstəxanaya aparılmasına görə onu iki nəfər polisə təhvil vermişlər. Həmin polislər də onu növbətçi hissənin xidməti avtomobili ilə 1 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. Həmin vaxt ondan başqa avtomobildə bir nəfər başqa tutulmuş şəxs də olmuşdur. O, avtomobildə arxa oturacaqda digər tutulmuş şəxslə birlikdə oturmuş, ön oturacaqda isə sürücü və bir nəfər polis oturmuşdur. Xəstəxanaya çatanda avtomobilin sürücüsü düşdükdən sonra o, siqaret çəkmək istədiyini bildirmişdir. Həmin sürücü avtomobilin arxa qapısını açmış, digəri isə onların sənədlərini xəstəxanaya aparmışdır. Avtomobildə oturaq vəziyyətdə olarkən əlindəki qandal açılmış, o, qandalın açılmasını büruzə vermədən polisin avtomobilinin arxa qapısının açıq olmasından istifadə edib avtomobildən düşüb qaçmağa başlamışdır. Polis onu arxasıyca qışqırıb çağırsa da o, dayanmamış və qaçmağa davam etmişdir. Xəstəxananın həyətindən çıxdıqdan sonra Nəsimi rayonu ərazisindəki “Nəsimi bazarı”nın yanından taksiyə minib bacısıgilin Mərdəkan qəsəbəsində yerləşən evinə getmişdir. Daha sonra isə Saatlı rayonuna getmişdir. Sonradan ailə üzvlərinin onun axtarışda olması ilə bağlı tez-tez sorğulandığını bilmişdir. Rayonda bir neçə gün qaldıqdan sonra Bakı şəhərinə qayıtmış, gününü küçələrdə keçirmiş və 08 yanvar 2022-ci ilə tarixdə tutulmuşdur. 14 dekabr 2021-ci il tarixdə polislər onu Sabunçu rayonu, L.Məmmədbəyli küçəsindən deyil, faktiki Binəqədi rayonu ərazisində yerləşən yaşadığı evdən gəlib aparıb tutmuşlar, üzərində axtarış aparılmasında videoçəkilişdə iştirak edən polis əməkdaşları isə onu evdən götürən polis əməkdaşları deyil, başqa polislər olmuşdur. Sonradan xatırlamışdır ki, onu yaşadığı evdən aparan polis əməkdaşlarından birinin adı Bəxtiyar, digərinin adı isə Əli olmuşdur. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmçinin üstündə də heç bir narkotik vasitə olmamışdır. Özünü yalnız mühafizə altından qaçmaqda təqsirli bilir. Çünki, özünün günahsız olduğunu sübut etmək üçün yalnız qaçmaqda çarə tapmışdır. Qaçmağına görə peşmandır. Məhkəmədən himayəsində bir azyaşlı uşağının olmasının nəzərə alınıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 14 dekabr 2021-ci il tarixdə saat 16 radələrində bölmənin əməliyyat müvəkkili Şahid2 ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində onun idarə etdiyi “Nissan” markalı avtomobillə hərəkətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. O, həmin şəxsə yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənədinin olub-olmadığını soruşmuş, amma onun üzərində hər hansı sənəd olmadığından və özünü daha da narahat aparıb aşkar şübhəli vəziyyətə saldığına görə onu Polis Bölməsinə dəvət etmişdir. Həmin şəxs aparılarkən də real olaraq qaçıb yayınmaq istəmiş, amma onu saxlayıb 13-cü Polis Bölməsinə gətirmişlər. Orada həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Onlar rəhbərliyə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi təhqiqatçı Azər Əhmədova tapşırılmışdır. Təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üstünə axtarış keçirilərkən sonuncunun üzərindən narkotik vasitə olan tiryəkə bənzər maddə aşkar edilərək götürülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. Sonradan eşitmişdir ki, bu şəxs “Covid 19”-la bağlı tibbi yoxlanışa aparılarkən qaçmışdır. Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə Binəqədi rayonu ərazisindəki evində olarkən iki nəfər polis əməkdaşının gələrək onu Probasiya Xidmətinə aparacaqlarını bildirib onu evdən çıxarması, Sabunçu rayon Polis İdarəsinə, oradan isə 13-cü Polis Bölməsinə gətirməsi, həmin polis əməkdaşlarından birinin adının Bəxtiyar olması barədə dedikləri doğru deyil. Sabunçu rayon Polis İdarəsinin 13-cü X5 adlı polis əməkdaşı işləsə də, Təqsirləndirilən şəxs o, Nicatla birlikdə Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində saxlayaraq Polis Bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs qarşı saxlanarkən hər hansı qanunsuz təsir və təzyiq edilməmiş, şəxsi axtarışı zamanı da aşkar şəkildə peşmançılığını ifadə etmiş və özü könüllü olaraq üstündəki tiryəkə oxşar maddəni çıxarıb təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru Şahid3 göstərdi ki, 14 dekabr 2021-ci il tarixdə saat 18 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və ondan başqa tutulmuş digər şəxsi rəhbərliyin tapşırığı ilə “Covid 19” virusu ilə bağlı analiz vermələri üçün bölmənin növbətçi hissəsinin sürücüsü Şahid4la birlikdə 13-cü Polis Bölməsinə məxsus “Mercedes Citan” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə 1 saylı şəhər kliniki xəstəxanasının 7-ci korpusunun qarşısına aparmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs və tutulmuş digər şəxs hər ikisi əlləri qandalla bağlı vəziyyətdə avtomobildə arxa oturacaqda oturmuşlar. O isə xidməti avtomobildə sürücünün yanındakı ön oturacaqda oturmuşdur. Həmin ünvana çatdıqdan sonra 7-ci korpusun qarşısında xidməti avtomobildən düşüb avtomobilin arxa qapısını açmış və əvvəlcə Təqsirləndirilən şəxs avtomobildən düşürtmüşdür. Həmin vaxt avtomobilin oturacağının üstünə qoyduğu Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən portal sənədini götürmək üçün avtomobilin içərisinə doğru əyildikdə yanında olan Təqsirləndirilən şəxs qaçmağa başlamışdır. O, Təqsirləndirilən şəxs qaçarkən sonuncunun əlindəki qandalın hər iki əlini bağlayan hissəsinin açılmış vəziyyətdə bir qolunda qaldığını və həmin vəziyyətdə Elməddinin qaçdığını görmüşdür. O, tutulmuş digər şəxsin yanında qalmış, sürücü Şahid4 isə Təqsirləndirilən şəxs arxasınca qaçsa da onu tuta bilməmişdir. Bundan sonra isə onlar Təqsirləndirilən şəxs mühafizə altından qaçması barədə rəhbərliyə məlumat vermişlər. Şahidin ifadəsinin yerində yoxlanılması haqqında 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 99-101). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 14 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükümdəki maddənin narkotik vasitə olan tiryək olduğunu, öz istifadəsi üçün Suraxanı rayonu, Bülbülə qəsəbəsindən üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 100 manata alıb üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 28-30, cild 2, iş vərəqə 57). Məhkəmə-kimyəvi ekspertizasının 15 dekabr 2021-ci il tarixli 6/5502 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” yazısı və imzalar olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 87,687 qram tünd qəhvəyi rəngli, qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra tiryəkin qalıq çəkisi 87,487 qram təşkil etmişdir (cild 1, iş vərəqə 34- 39). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 fevral 2022-ci il tarixli 841 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 201-202). Telefon danışıqlarına dair məlumatlar olan diskə baxış keçirilməsi haqqında 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi 14 dekabr 2021-ci il tarixdə saat 09:02-dən həmin gün saat 19:43-dək olan müddətdə ünvan 5 ünvanda istifadə olunmuşdur. Şahid1 istifadəsində olan ***-***-**- ** saylı telefon nömrəsi 14 dekabr 2021-ci il tarixdə saat 09:18-dən həmin gün saat 09:23dək olan müddətdə ünvan 6 ünvanında, saat 10:12-dən saat 12:05-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 6v, saat 12:11-dən saat 16:11-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 6v, S.Mehmandarov küçəsi 4, Ramiz Qənbərov küçəsi 6, saat 12:11-dən saat 16:27-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, saat 16:45-də ünvan 6, saat 16:59-dan saat 19:46-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 6v ünvanlarda istifadə olunmuşdur (cild 1, iş vərəqə 221). Anten dairəsinə dair məlumatlar olan diskə baxış keçirilməsi haqqında 24 may 2022-ci il tarixli protokoldan görünür ki, X1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi 14 dekabr 2021-ci il tarixdə saat 09:22-dən saat 10:02-dək Bakıxanov qəsəbəsi ərazisində, saat 11:02-də Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində, saat 11:14-də Binəqədi rayonu, “Eurohome” tikinti materialları ticarət mərkəzinin yanında, saat 11:28-də Xırdalan qəsəbəsində, saat 11:52-dən saat 13:09-dək Bakıxanov qəsəbəsində, saat 13:21-dən saat 16:54-dək Suraxanı rayonu, Əmircan qəsəbəsində istifadə olunmuşdur. X4 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi 14 dekabr 2021-ci il tarixdə saat 13:31dən saat 15:32-dək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində, saat 16:54-dən saat 17:04-dək Bakı şəhəri, Həsənoğlu küçəsi ilə Yəhya Bakuvi küçəsinin kəsişməsində istifadə olunmuşdur (cild 2, iş vərəqə 43). Bakı şəhər Probasiya İdarəsinin 25 may 2022-ci il tarixli 21-1/3-7815-16 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsində izlənməsi zamanı onun 14 dekabr 2021-ci il tarixdə saat 12:53-dən saat 17:00dək olan vaxt aralığında Sabunçu rayon Polis İdarəsi və Sabunçu Rayon Məhkəməsinin yaxınlığında yerləşən Ramiz Qəmbərov küçəsində olması müəyyən edilmişdir (cild 2, iş vərəqə 59). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 25 aprel 2022-ci il tarixli 3555 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqə 26). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 iyul 2011-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 157). Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə ilə bağlı ibtidai istintaq orqanının 08 iyul 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 98-99). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 1, iş vərəqə 134, 167-174). Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş 21 sentyabr 2022-ci il tarixli 21-1/3- 15721-16 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli 7(001)-34/2022 saylı qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzası 01(bir) il azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 1 il 1 ay 8 gün təşkil edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş hesab olunur. Göründüyü kimi, az ağır cinayət törətmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadığı üçün onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bununla belə, həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 304.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməl ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 304.1-ci maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X8 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı külli miqdar təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması, üzərində ümumiyyətlə narkotik vasitə olmaması, habelə polis əməkdaşlarının onu əslində başqa ünvanda saxlayıb əvvəlcə Sabunçu rayon Polis İdarəsinə, daha sonra 13-cü Polis Bölməsinə aparmaları barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 304.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 304.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 dekabr 2021-ci il tarixdə istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmişdir. Bundan sonra axtarışda olan Təqsirləndirilən şəxs 08 yanvar 2022-ci il tarixdə tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 08 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 18, 48-49, 65, 95-98). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı mühafizə altından qaçana qədər tutulduğu vaxt 1 (bir) gün hesab edilərək, həmin 1 (bir) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Həm də məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 08 (səkkiz) günlük hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 06 (altı) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 87,487 qram təşkil edən tiryək məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 35, cild 2, iş vərəqə 134). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində “Arbitrum” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Arbitrum” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 304.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 304.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 08 (səkkiz) günlük hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 06 (altı) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 06 (altı) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 06 (altı) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 06 (altı) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 87,487 qram təşkil edən tiryək məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Arbitrum” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1506/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1506/2022
26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver