Məhkəmə qərarları › İş №1(101)-1506/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1506/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1506/2024 21.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1970-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 22 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin olunmamış və əvvəli 22 oktyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından azad edilmiş, 23 noyabr 2023-cü il tarixdə qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş, 01 fevral 2024-cü il tarixdə tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 2,301 qram təşkil edən narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 22 oktyabr 2023-cü il tarixdə saat 17:15 radələrində Bakı şəhəri, Sabunçu RPİ, 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, X6 stansiyasının inzibati binasının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sabunçu RPİ, 15-ci Polis bölməsinin inzibati binasına gətirilib, həmin bölmənin inzibati binasında üstünə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 2,301 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, aşkar olunmuş narkotik vasitə onun olmuşdur və həmin heroin onun üstündən aşkar edilib götürülmüşdür. O, polis əməkdaşları tərəfindən narkotik vasitəni alıb çıxanda tutulmuşdur. Onun mobil telefonu olmamışdır. Belə ki, mobil telefonunu o, 9 ay əvvəl itirmişdir, həmçinin heç kimə «sms» yazmamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni təsdiq etdiyini, istintaq zamanı da telefonunu itirməyi barədə bildirdiyini, lakin istintaq tərəfindən həmin halın araşdırılmadığını, istintaq zamanı müstəntiq ona Maştağaya getmək lazım olduğunu dediyini, lakin həmin vaxt Yasamaldan ona zəng edildiyini, müstəntiqə də bu barədə dediyini, lakin müstəntiqin ona Maştağaya getməyi, özünün Yasamal polisinə deyəcəyini, o da, həmin polis orqanına getmədiyi üçün sonradan barəsində axtarış elan edildiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona 24 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1 -ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, bir neçə ildir narkotik vasitələrin istifadəsi ilə məşqul olmağa başlamışdır. Növbəti dəfə narkotik vasitəni əldə etmək məqsədi ilə 22 oktyabr 2023-cü il tarixdə günorta saatlarında o, Sabunçu rayonu Kürdəxanı qəsəbəsinə gedib orada tanımadığı şəxsdən 30 manata bir bükümdə narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitə selofana bir bükümdə bükülmüşdür, heroini o, əynində olan cins şalvarın sağ yan cibinə qoymuşdur. Heroini alandan sonra o, ətrafda onu qəbul etmək üçün əlverişli şərait axtarmış, saat 17:15 radələrində o, Kürdəxanı qəsəbəsi X6 Stansiyasının inzibati binasının yaxınlığında gəzişən zamanı iki nəfər mülkü geyimdə olan şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. O, üzərində narkotik vasitə heroin olduğu üçün tutula biləcəyindən qorxmuş, buna görə də həmin polis əməkdaşlarından qaçmağa istəyəndə yaxalanıb 15-ci polis şöbəsinə gətirmişlər. Polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulmuş və orada vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin iştirakı olmadan onun üzərinə videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı əynində olan cins şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroin götürülmüşdür. Sorğu zamanı aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu və onu öz istifadəsi üçün 30 manata Kürdəxanı qəsəbəsindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin narkotik vasitə heroin ondan aşkar olunaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Bu barədə protokol tərtib olunmuş, o da, həmin protokolu və zərfi imzalamışdır. Həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etmiş, heroini başqa şəxsə satmaq fikri olmamışdır. Polis bölməsinə gətirilən zaman və polis əməkdaşları tərəfindən saxlanılan zamanı ona qarşı hər hansı təzyiq və fiziki güc tətbiq olunmamışdır (cild 1, iş vərəqi 58-60). Elan olunmuş ifadə ilə sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, narkotiki götürüb gələndə və maşına yaxınlaşanda polis işçiləri tərəfindən tutulduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, 15-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 22 oktyabr 2023-cü il tarixdə səhər saatlarında 15-ci Polis bölməsinə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrdən istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında rəhbərlik tərəfindən ondan və əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə axşam saat 17 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Kürdəxanı qəsəbəsində yerləşən X6 stansiyasının yaxınlığında saxlanılmış və 15-ci Polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Bu zaman şübhəli şəxs əynindəki şalvarın cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Elçin videoçəkiliş zamanı həmin bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu bildirmiş, həmin maddə qablaşdırılaraq götürülmüş, protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunaraq götürülmüş heroini 22 oktyabr 2023-cü il tarixdə Kürdəxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata əldə edib öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şübhəli şəxs saxlanılan zaman və polis bölməsində olarkən ona qarşı fiziki və psixoloji təsir, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid - Bakı şəhəri, Sabunçu RPİ, 15-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun 22 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, 15-ci Polis bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən bir bükümdə narkotik vasitə heroinin aşkar edilib götürülməsi ilə bağlı tədbirdə əməliyyat qrupunun üzvü kimi iştirak etdiyi və həmkarı Şahid2 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 100- 102). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 22 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Sabunçu RPİ, 15-ci Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə spesifik iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilib götürülmüşdür (cild 1, iş vərəqi 28-29). Cinayət işinə əlavə olunmuş 23 oktyabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, Sabunçu RPİ, 15-ci Polis bölməsində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi görüntülərinin qeydə alındığı bir ədəd DVD diskə baxış keçirilmiş, bu zaman həmin videogörüntülərin xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda qeyd olunanlarla uyğunluq təşkil etdiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 46). Məhkəmə-kimyəvi ekspertizasının 23 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5689 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar....” yazısı və imzalar olan zərfdə 1 ədəd selofan bükümdə təmiz çəkisi 2,301 qram olan tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin qalıq hissəsi 2,151 qram olmuşdur. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 35-39). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin fiziki-kimyəvi ekspertizalar şöbəsinin eksperti vəzifəsində işləyən X2 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, onun tərəfindən tərtib olunmuş və imzalanmış 3-16-16/2-6/5689 saylı 23 oktyabr 2023-cü il tarixli rəyin tədqiqat prosesinin təsviri hissəsində «qeyd: heroinin təmiz çəkisi 2,301 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq 2,151 qram» kimi yazılmış rəqəm icraatda olan işlərin çoxluğu ilə əlaqədar mexaniki səhv kimi yazılmışdır. Həmin rəyin tədqiqat prosesinin təsviri hissəsində «qeyd: heroinin təmiz çəkisi 2,301 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq 2,251 qram» kimi oxunmalıdır (cild 1, iş vərəqi 98-99). Məhkəmə-narkoloji ekspertizasının 15 noyabr 2023-cü il tarixli 7444 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 93-94). İbtidai istintaq orqanının 01 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 bükümdə olan təmiz çəkisi 2,301 qram olan maddə kütləsi küstar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,251 qram çəkidə narkotik vasitə heroin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Sabunçu RPİ-nə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk iş üzrə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 47, 138-139, 179). Cinayət işinə əlavə edilmiş 25 oktyabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, istintaq zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs adında hər hansı mobil telefon nömrələrinin olubolmamasını müəyyən etmək məqsədi ilə müstəntiq tərəfindən Sabunçu RPİ-də «VMAS» sisteminə baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs adına 055 ***-**-** saylı mobil nömrənin mövcud olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 80). "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon danışıqların və «sms»lərin çıxarışlarına baxış keçirilməsi haqqında 13 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı nömrəsindən 055 ***-**-** nömrəyə 18 iyun 2023-cü il tarixdə saat 15.53-də «salam, qardaş mənim 10 m vur da, bəs sən belə edirsən, sənə mən əskik qoysam xoşun gələr?» mətnli sms, ***-***-**-** nömrəyə 04 iyul 2023-cü İl tarixdə saat 03.34-de «mal vermək istəyirdim sənə», saat 08.18-də «mənim tərəzim hanı», «məni lomkada qoydun getdin e, iranlının pulunu vur», «tərəzi mənə lazım olacaq, gətir» mətnli «sms»lər, ***-***-**-** nömrəsinə 05 iyul 2023-cü il tarixdə «aydındı, çıxıbsan lomkadan, mən konuma gedirəm», «qurtarıb sikiməki», «mənə tərəzi lazımdır, sroçnu lazımdır», «niyə icazəsiz götürübsən, gətir sroçnu ya da taksiynən göndər», «Mən damarımdan çıxardıb qırağa qoyub birinci sənə vururam», «bunu istəyirdin? qəsdən mənə problem yaradırsan nolar heç nə olmas, görək sənə kim konum götürəcək» «görək konumu sənə kim götürəcək, elə birinci dəfədən fırladacaq, hamı elçin deyil, yerə düşən malı götürüb versin», «mənim tərəzimi göndər lazımdır, göndərərsən indi gözümə görsənmə , mənə sroçnu lazımdır dedim, özün gəlməsəndə olar, tərəzini taksiynən göndər» «lomkadasan? gəl verim» mətnli «sms»lər, ***-***-**-** sim nömrəsinə 06 iyul 2023-cü il tarixdə «ya yenə deneq ostavil u okna na taksi, 10 m, zaydoş skaju qde tovar ya za konumom poexal, u okna 10 m uvideş srazu, elektrobrıtva kormaşka zmeyku otkroy iama» mətnli «sms»lər, 055-445 20 95 sim nömrəsinə 07 iyul 2023-cü il tarixdə «4169 7388 0127 9708 kapital, K.E.V» mətnli sms, ***-***-**-** sim nömrəsinə 29 iyul 2023-cü ii tarixdə «4169 7388 0127 9708» mətnli sms, ***-***-**-** sim nömrəsinə 10 avqust 2023-cü il tarixdə «yoldayam qandon hövsana atıb, zəng eləmə» mətnli sms, ***-***-**-** sim nömrəyə 11 avqust 2023-cü ildə «niçevo prosto malo vzal» mətnli sms, 070-668 29 09 sim nömrəyə 12 avqust 2023-cü ildə «4169 7388 0127 9708» mətnli sms, ***-***-**-** sim nömrəsinə 18 avqust 2023-ci ildə «səndə nə qədər pul var, iranlıya pul verəsiyəm», «səndəki malı verdin?», «mənim səndə malım var» mətnli smslər, ***-***- **-** sim nömrəsinə 20 avqust 2023-cü ildə «axşam bütün pulumu konuma vermişəm», «heç nə olmaz mənim səndə 3 dənə varımdır, biri heç, 2-ni göndər, ya da pulunu heç olmasa akuratnı yığıbsan?», «bura bax, oteldə kimə sikdirirsən qoy oda alsın sənə mal» mətnli smslər, ***-***-**-** sim nömrəsinə 23 avqust 2023-cü il tarixdə «kapital 4169 7388 0127 9708» mətnli sms, ***-***-**-** nömrəsinə 28 avqust 2023-cü ildə «4169-7388- 0127-9708» mətnli sms, ***-***-**-** sim nömrəsinə 29 avqust 2023-cü ildə «4169 7388 0127 9708» mətnli sms, ***-***-**-** sim nömrəsinə 30 avqust 2023-cü ildə «4169 7388 0127 9708» mətnli sms, ***-***-**-** sim nömrəsinə 31 avqust 2023-cü ildə «qaqaş xeber gəlsin özüm yığacam deygeden bir yığma zəngimi gözlə özüm yığacam» mətnli sms, 055-804- 34-53 sim nömrəsinə 02 sentyabr 2023-cü ildə «a qəhfə 25 var gəlib mal» mətnli sms, ***-***-**-** sim nömrəsinə 13 sentyabr 2023-cü ildə «mal da var bişirib gətirəcəm» mətnli «sms»lərin göndərilməsi aşkar olunur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsinə 05 iyul 2023-cü il tarixdə ***-***-**-** saylı nömrədən «zaryadkam çox azdı, helem işim alınmayıb, pis ağrıyıram görüm neynirəm burda ağrıdan çıxım», «xeyr lomkadayam amma nəsə e, sağol», «mən nə hayda, sən nə hayda, yuxudan duranam lomkadan tərəzi hayında deiləm indi 2 manat tapıb kontur vurmuşam» mətnli «sms»lər, ***-***-**-** saylı nömrədən xx.xx.2023-cü ildə «gəlirəm yoldayam 15 pak düzəlt yığanda çölə çıxarsan» mətnli sms, ***-***-**-** saylı nömrədən 24 iyul 2023-cü ildə «dünəndən lomkadayam, sən Aliah mənə nəsə saxla, sənin gədrivi indi bilirəm, mən çıxdım inşallah 3 saata evdəyəm mən ölüm mənim payımı saxla» mətnli sms, ***-***-**-** sim nömrədən 16 avqust 2023cü ildə «yahya gəlir, yarı verəcəm ona» mətnli sms, ***-***-**-** sim nömrədən 15 sentyabr 2023-cü ildə «bunlar hələm Sulutəpədədirlər, bir saat saat yarıma gələcəklər, lap 5 manat dirənib aldım, gərərək temanı veresen mən sənə karta atapam onlardan pulu alarsan sonram qoy danışım, örgendin hansı tərəfə gedəsən? Danışdım dedi ataram 5 manat» mətnli sms, ***-***-**-** sim nömrədən 18 sentyabr 2023-cü ildə «nolar mənə bir dənə yarı ver də, həm indi çıxım səhər birdə onlara verimdə 10 manatlıq, o boyda yol gələcəm yazığam səhər ağrıda galmayım bir iki daş, bir iki tustulu, cavab yaz set zeyifdi», «10 kola, 10 patı moniin isteyir, sendən götürüb aparıb kartıva vuracam» mətnli «sms»lərin göndərilməsi müəyyən olunur (cild 1, iş vərəqi 108-134). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası, Ulyanovsk şəhəri, Zasvlyajsk rayon Məhkəməsinin 09 oktyabr 2008-ci il tarixli hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2011-ci il tarixli qərarı ilə həmin hökm Azərbaycan Respublikası ərazisində icraya qəbul edilib tanınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.3, 234.1, 66.3-cü maddələri ilə 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (cild 1, iş vəqəri 82-84). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin 15 avqust 2024-cü il tarixli 3-16-17/47/2-208/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası, Ulyanovsk şəhəri, Zasvlyajsk rayon Məhkəməsinin 09 oktyabr 2008-ci il tarixli hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası ərazisində tanınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.3, 234.1, 66.3-cü maddələri ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi qərara alınmış, o, xx.xx.2015-ci il tarixdə Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsindən 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilmiş və həmin tarixdən müəssisənin qeydiyyatına alınmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar müəssisənin qeydiyyatından çıxarılaraq cəzadan azad edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, aşkar olunmuş narkotik vasitənin onun olduğunu və onun üstündən aşkar edilib götürüldüyünü, polis əməkdaşları tərəfindən narkotik vasitəni alıb çıxanda tutulduğunu, mobil telefonu olmadığını, mobil telefonunu 9 ay əvvəl itirdiyini, həmçinin heç kimə «sms» yazmadığını, istintaq zamanı da telefonunu itirməyi barədə bildirdiyini, lakin istintaq tərəfindən həmin halın araşdırılmadığını bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Həmçinin, məhkəmə iclasında son söz söyləyərkən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ilkin ifadələrindən imtina etmiş, aşkar olunmuş narkotik vasitənin ümumiyyətlə özünə məxsus olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən özü heç bir kənar təsir və təzyiq olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, onu 22 oktyabr 2023-cü il tarixdə öz istifadəsi üçün 30 manata Kürdəxanı qəsəbəsində tanımadığı şəxsdən aldığını və üzərində saxladığını, bundan sonra narkotiki qəbul etmək üçün əlverişli yer axtararkən mülki geyimdə olan polis əməkdaşlarının onu saxlayıb 15-ci Polis bölməsinə gətirdiklərini və üzərinə şəxsi axtarış keçrilərkən həmin narkoik vasitənin aşkar olunaraq götürüldüyünü etiraf etmiş, eləcə də polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini bildirmişdir. Eləcə də, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında vəsatət və təqdimata baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında verdiyi izahatında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, əməlindən peşman olduğunu, ağrıları olduğu üçün narkotk vasitə heroindən istifadə etdiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadələr verməsini, hətta son söz mərhələsində məhkəmə prosesinin ilkin mərhələsində tutduğu mövqedən də imtina etməsini Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı və məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Həmçinin, verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs təqsiri narkotik vasitələrin alqı-satqısına dair istifadəsində olan mobil nömrələrə daxil olan və çıxan SMS yazışmaları və digər sübutlarla da təsdiq olunur. Belə ki, "xxxx" MMC-dən götürülmüş mobil telefon danışıqlarının və «sms»lərin çıxarışlarına baxış keçirilməsi haqqında 13 dekabr 2023-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı nömrəsindən müxtəlif mobil operator nömrələrinə göndərilən və daxil olan çoxsaylı yazışmaların mətnlərində hazırkı iş üzrə cinayət əməlini törətdiyi dövrdə təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Həmçinin məhkəmə qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədilə əldə edilib saxlanılması və daşınması əməllərinin törədilməsində təqsirli bilindiyinə görə Rusiya Federasiyası məhkəməsi tərəfindən məhkum edilmiş, həmin hökm Azərbaycan Respublikası ərazisində tanınmaqla icraya qəbul edilmişdir. Bu hal da Təqsirləndirilən şəxs səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası, Ulyanovsk şəhəri, Zasvlyajsk rayon Məhkəməsinin 09 oktyabr 2008-ci il tarixli hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası ərazisində tanınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.3, 234.1, 66.3-cü maddələri ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi qərara alınmış, o, xx.xx.2015-ci il tarixdə Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsindən 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilmiş və həmin tarixdən müəssisənin qeydiyyatına alınmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar müəssisənin qeydiyyatından çıxarılaraq cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə məhkum olunsa da, hazırkı iş üzrə cinayət əməlini 22 oktyabr 2023-cü il tarixdə, yəni məhkümluğu ödənildikdən 5 gün sonra törətmişdir. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə cinayət əməlini törədərkən təqsirləndirilən şəxsin məhkumuluğu qanunla müəyyən edilmiş qaydada ödənildiyindən, onun hərəkətlərində cinayətlərin residivi mövcud deyildir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 22 oktyabr 2023-cü il tarixdən 24 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanılmış, həmin tarixdə Bakı şəhəri, Sabunçu rayon Məhkəməsi tərəfindən onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. İstintaqdan yayındığına görə 23 noyabr 2023-cü il tarixdə onun barəsində axtarış elan olunmuş və 01 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 22 oktyabr 2023-cü il tarixdən 24 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 gün və həmin tarixdən 23 noyabr 2023-cü il tarixədək ev dustaqlığında olduğu 29 (iyirmi doqquz) gün, ümumilikdə 1 (ay) 1 (bir) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 fevral 2024cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Sabunçu RPİ, 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 15 noyabr 2023-cü il tarixli 7444 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,251 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 35 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 oktyabr 2023-cü il tarixdən 24 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı və həmin tarixdən 23 noyabr 2023-cü il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 1 (ay) 1 (bir) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Sabunçu RPİ-nin saxlancına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,251 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin; - şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar