Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1507/2021 27.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1982-ci il iyulun 29-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum edilmiş, kənd təsərrüfatı ilə məşğul olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,519 qram təmiz çəkidə kustar üsulla hazırlanan narkotik vasitə heroini və külli miqdarda, yəni 2.120 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 2021-ci il aprelin 06da saat 12 radələrinə kimi özündə saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsinə daşımış, həmin gün saat 12 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində göstərilən ünvanda saxlanaraq bölmənin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış zamanı satış məqsədi ilə naməlum mənbədən əldə edib özündə saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,519 qram təmiz çəkidə kustar üsulla hazırlanan narkotik vasitə heroin sonuncunun əynindəki qara rəngli şalvarın sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümündə, külli miqdarda, yəni 2.120 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuana isə əynindəki gödəkcənin içindən sellofan torbada aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik aludəçisi olsa da heç vaxt həmin maddələrin satışı ilə məşğul olmamışdır. Tutularkən üzərində 0,3 qram narkotik vasitə heroin olmuş, marixuana isə aşkarlanmamışdır. İstintaqda ona təzyiq göstərildiyi üçün etirafedici ifadə vermişdir. Belə ki, polis əməkdaşları Şahid1 və Şahid3 onu döymüşlər. Tutulmamışdan beş gün əvvəl qurudulmuş marixuanadan istifadə etmədiyi üçün 2021-ci il aprelin 06-da narkoloji mərkəzdə ekspress testdən keçərkən sidik ifrazatında narkotikin istifadə halları aşkar edilməmiş, əldə etdiyi narkotik vasitələrin alınıb-satılması ilə bağlı heç kəslə sövdələşmə olmamış, narkotikə malik olmağını heç kəsə danışmamış, tutulanda üzərində hər hansı telefon cihazı olmamış, ümumiyyətlə mobil telefonundan istifadə etməmişdir. Əməlindən peşmandır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il aprelin 06-da Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, əldə etməsi, saxlaması, satması və daşıması barədə daxil olan məlumatı yoxlamaq məqsədi ilə ondan, əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və baş əməliyyat müvəkkili polis mayoru Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində olması haqqında xəbər aldıqda göstərilən ünvana gəlməklə sonuncuya bənzər şəxsin addımladığını görmüş, özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmədə, saxlamada, daşımada və gəzdirmədə şübhələnildiyini bildirməklə sonuncunu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparıb Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncu əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd alışqanı və bir ədəd siqaret qutusunu, sağ yan cibindən isə bir ədəd kağız kəsiyindən olan bükümü, əynindəki qara rəngli idman gödəkcəsinin qabağını açaraq içindən bağlı sellofan torbanı çıxarmaqla masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs kiçik bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, tutulmamışdan bir gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını, ağ torbadakı narkotik vasitə qurudulmuş marixuananı tutulduğu gün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən yaşadığı evə qayıdan vaxt məişət tullantıları qutularının yanındakı yerdə aşkar edib şəxsi istifadəsi üçün götürərək daşıdığını bildirmişdir. Bundan sonra qəhvəyi rəngli maddə və quru ot ayrı-ayrılıqda qablaşdırılmaqla siqaret qutusu və alışqan isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Tərtib olunan protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Tutularkən və üzərinə axtarış aparılarkən Təqsirləndirilən şəxs hər hansı fiziki, psixoloji təsir və təzyiq, o cümlədən zor tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olub Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 Şahid1 ilə analoji ifadə verdi. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmada verdiyi ilkin izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrində ittiham olunduğu əməli qismən etiraf etməklə yanaşı narkotiklərin satışı ilə məşğul olmadığını göstərmişdir (iş vərəqi 39, 56-59 və 82-83). Məhkəmə iclasında elan edilib tədqiq olunmuş hadisə ərəfəsində polis mayoru olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid3 şahid qismində dindirilərkən Şahid1 ilə oxşar ifadə vermişdir (iş vərəqi 113-115). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin 2021-ci il aprelin 06-da tərtib etdiyi raportlardan, eyni tarixli protokoldan və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2021-ci il 07 aprel tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayaraq gəzdirməsi, daşıması, istifadə etməsi və satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il aprelin 06-da saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində saxlanaraq bölməyə gətirilmiş, məhkəmə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qanuni hesab edilmişdir (iş vərəqi 4-6, 8-9 və 64-65). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 06 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 13:30-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 19). İş materiallarındakı 2021-ci il 06 aprel tarixli ərizədən və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı əsasında müdafiəçinin iştirakı olmadan videoçəkilişlə sonuncunun üzərinə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol ön cibindən bir ədəd «Keno» markalı siqareti, bir ədəd alışqanı, sağ cibindən bir ədəd ağ rəngli kağız büküm çıxarıb içərisində narkotik vasitə heroin olduğunu, əynindəki qara rəngli gödəkcənin altından çıxartdığı sellofan bükümü təqdim edərək içərisindəkı qurudulmuş marixuananı 2021-ci il aprelin 06-da saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində məişət tullantılarının yaxınlığından tapdığını, narkotik vasitə heroini isə 2021-ci il aprelin 05-də saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat müqabilində alıb gələcəkdə istehlak məqsədi ilə üzərində gəzdirdiyini bildirmiş, aşkar edilən maddələr qablaşdırılaraq götürülmüş, bir ədəd «Keno» markalı siqaret və bir ədəd alışqan isə sonuncuya qaytarılmışdır (iş vərəqi 27-29). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2021-ci il 06 aprel 997 №-li narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktından görünür ki, Təqsirləndirilən şəxs sidiyində OPİ və MET aşkarlanmışdır (iş vərəqi 34). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 06 aprel tarixli 7/321 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübutlar» sözləri və imzalar olan sellofan bağlamadakı sellofan torbada 2.120 qram təmiz çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuanadır, narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalığı 2.119,95 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 66,46 manatdır (iş vərəqi 41-42). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 05 aprel tarixli 6/1360 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş…» yazısı olan zərfdəki bir ədəd bükümdə 0,519 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanan narkotik vasitə heroindir, narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 0,469 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (iş vərəqi 45-48). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 06 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə görüntülərini əks etdirən bir ədəd kompakt diskə baxış zamanı sonuncunun əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd göy rəngli alışqanı və bir ədəd tünd qırmızı rəngli siqaret qutusunu, sağ yan cibindən çıxartdığı bir ədəd ağ rəngli kağız bükümü, habelə əynindəki uzunqol idman gödəkcəsinin zəncirbəndi açıb oradan ağ rəngli, boğazı düyünlə bağlanmış sellofan torbanı çıxararaq masanın üstünə qoymaqla ağ rəngli kağız bükümün içərisindəki narkotik vasitə heroini 2021-ci il aprelin 05-də axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını, sellofan torbadakı qurudulmuş marixuananı isə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində məişət tullantılarının yaxınlığından tapdığını, həmin kütlədən bir qədər çəkmə yolu ilə istehlak etdiyini bildirməsi müəyyənləşdirilmişdir (iş vərəqi 60-61). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 07 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə görüntülərini əks etdirən bir ədəd kompakt disk maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 62-62 «a»). İş materiallarındakı 2021-ci il ərizədən və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 07 aprel tarixli tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı əsasında sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında axtarış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkarlanmamışdır (iş vərəqi 71-74). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 08 aprel tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 76-77). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2021-ci il 08 aprel tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il aprelin 06-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 91-93). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 09 aprel tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülən narkotik vasitələr heroinin və qurudulmuş marixuananın tədqiqatdan sonrakı müvafiq qaydada 0,469 qram və 2.119,95 qram çəkidə qalıqları maddi sübut hesab edilməklə idarənin saxlama otağına təhvil verilmişdir (iş vərəqi 97-98). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsinin 2021-ci il 19 aprel tarixli 020-4672-1221 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilən telefon nömrəsi müəyyən edilməmişdir (iş vərəqi 109). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 2021-ci il aprelin 20-də tərtib etdiyi tələbnamədən və məhkəmə hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2014-cü il 11 sentyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2016-cı il aprelin 19-da cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2018-ci il 27 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 228.1.-ci və 228.4.-cü ilə maddələri təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2020-ci il oktyabrın 07də cəzasının sonu ilə azad edilmişdir (iş vərəqi 110-112 və 125-138). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin 2021-ci il 21 may tarixli ***-**** №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin və qurudulmuş marixuananın mənbəyini müəyyən etmək mümkün olmamışdır (iş vərəqi 116). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 22 aprel tarixli 1229 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən suiistifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 117-118). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 16 iyul tarixli 6110 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tibb müəssisəsində müalicə almamışdır (iş vərəqi 139). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 20 iyul tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2020-ci il 27 iyul tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilən ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.2.-ci maddələri ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələr heroini və qurudulmuş marixuananı əldə etdiyi mənbənin müəyyənləşdirilməsi üçün hazırki cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır (iş vərəqi 140-148 və 155- 157). İş materiallarında olan 2021-ci il 31 iyul tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 65 iş saatı müddətində həyata keçirilmişdir (iş vərəqi 169). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 tərtib etdiyi 2021-ci il 01 sentyabr tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs «Ağciyər vərəmi» diaqnozu ilə müalicə alır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik aludəçisi olsa da heç vaxt həmin maddələrin satışı ilə məşğul olmaması, tutularkən üzərində 0,3 qram narkotik vasitə heroin olmaqla marixuana aşkarlanmaması, istintaqda ona təzyiq göstərildiyi və polis əməkdaşları tərəfindən döyüldüyü üçün etirafedici ifadə verməsi barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə eedilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindək ifadələri, şahid ifadəsi, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törəedilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin dərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2018-ci il 27 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 228.1.-ci və 228.4.-cü ilə maddələri təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2020-ci il oktyabrın 07-də cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3.-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 18.1.-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 65.2.-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlama otağına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitələr heroinin və qurudulmuş marixuananın tədqiqatdan sonrakı müvafiq qaydada 0,469 qram və 2.119,95 qram çəkidə qalıqları məhv edilməli, bir ədəd bir ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 180,46 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 44 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 390 manat Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 264 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il aprelin 06-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il aprelin 06-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə 180,46 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 390 manat Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 264 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlama otağına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitələr heroinin və qurudulmuş marixuananın tədqiqatdan sonrakı müvafiq qaydada 0,469 qram və 2.119,95 qram çəkidə qalıqları məhv edilsin, bir ədəd bir ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1507/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1507/2021
27.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver