Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1508/2023 20.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxx 1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən qeyrilərinin satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə göndərdikləri külli miqdarda - 7005 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə üzərində gəzdirib daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 22 fevral 2023-cü il tarixdə saat 20:15-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş,orada həmin gün saat 22:06-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı bir ədəd qara rəngli sellofan torbanın içərisində olan 01 ədəd sintetik kisənin içərisindən külli miqdarda - 7005 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ilkin olaraq göstərdi ki, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 22 dekabr 2022-ci il tarixdə onu polis işçiləri mikrorayondan götürüb İdarəyə aparmış, orada qarşısına qara sellofanın içərisində olan “nəşə”ni qoyub “bu sənindi” demişlər. Amma onun üzərində tutulanda telefon belə olmamışdır. Videoçəkiliş zamanı vəkil də iştirak etmişdir. Bununla belə sonrakı məhkəmə iclaslarında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş, həmin ifadəsinin həqiqəti əks etdirdiyini bildirmişdir. Göstərmişdir ki, o, təxminən bir neçə ildir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə etmişdir. Sonralar maddi vəziyyəti pisləşmiş, pul qazanmağın asan yollarını axtarmış, bunun üçün narkotik vasitə satmaq barədə düşünmüşdür. 2023-cü ilin yanvar ayının ortalarında “İnstagram” sosial şəbəkəsində olarkən bir nəfər ona orada yazaraq İran İslam Respublikasında yaşadığını və adının Həmzə olduğunu bildirmişdir. Həmzə ona narkotik satışı ilə məşğul olduğunu, əgər istəsə ona da narkotik vasitə göndərə biləcəyini demişdir. O, daha dəqiqliklə ondan hansı formada pul qazana biləcəyini soruşmuş, həmin şəxs isə ona narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni götürüb bir ünvandan başqa bir ünvana qoymağı müqabilində pul və çəkmək üçün narkotik vasitə verəcəyini bildirmişdir. Pula və narkotik vasitəyə ehtiyacı olduğu üçün razılaşmışdır. 22 fevral 2023-cü il tarixdə Həmzə ona zəng edərək Binəqədi rayonu ərazisinə narkotik vasitə qoydurduğunu, həmin narkotik vasitəni götürüb bir hissəsini istifadə etməyini, qalan hissəsini isə onun dediyi ünvanlara qoymağını tapşırmışdır. Həmin tarixdə axşam tərəfi konum vasitəsi ilə Binəqədi rayonu ərazisinə getmiş, həmin ünvanda bir ədəd qara rəngli sellofan torba olmuşdur. Həmin sellofan torbanın içərisinə baxanda görmüşdür ki, içərisində bir ədəd kisə vardır. Həmin kisənin içərisində isə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Həmin sellofanı götürüb oradan uzaqlaşaraq Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 95 saylı ünvanın yaxınlığına getmişdir. Təxminən saat 20:15 radələrində bir neçə mülki geyimdə olan şəxs ona tərəf yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişdir. Sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışdır. Baş İdarədə ona müdafiəçilərin siyahısı təqdim olunmuşdur. Müdafiəçi gəldikdən sonra otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra sağ əlində saxladığı 01 ədəd qara rəngli sellofan torbanın içərisində marixuana olduğunu bildirərək təqdim etmişdir. Bundan başqa şalvarının sol yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu və 4 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi bir ədəd qara rəngli sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı həmin sellofan torbanın içərisindən bir ədəd sintetik kisə, kisənin içərisindən isə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilsə də, başqa qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu zamanı aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı 22 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində olarkən əvvəlcədən razılaşdırılmış qaydada Həmzə adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin şəxsi bir ay müddətdir ki, tanıdığını, həmin şəxslə ancaq mobil telefon vasitəsilə əlaqə saxladığını, həmin narkotik vasitələri pulsuz əldə etdiyini, lakin həmin vasitələri bir yerdən götürüb başqa bir yerə daşımağı öhdəsinə götürdüyünü və bunun müqabilində həmin narkotik vasitədən istifadə edə biləcəyini, əvvəllər də narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra narkotik vasitə olan qurudulmuş marixuana qablaşdırılmış, üzəri möhürlənmiş, müvafiq qeydlər aparılaraq imzalanmış və götürülmüşdür. Ona məxsus olan “Nokia” markalı mobil telefonda təhqiqatçı tərəfindən götürülmüş, 4 manat pul isə ona qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə əlaqədar etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 22 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, üzərində saxlayaraq daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında olduğunu öyrəndikləri üçün həmin ünvana getmişlər. 22 fevral 2023-cü il tarixdə saat 20:15 radələrində bir nəfər şəxsin qeyd edilən ünvanın yaxınlığında əlində bir ədəd sellofan torba ilə piyada hərəkət etdiyini gördükləri üçün həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan anket məlumatlarını bildirməsini xahiş etmiş, həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, üzərində saxlayaraq daşıması barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, şübhəli şəxs qismində tutulmuş, üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr və psixotrop maddələr varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı 01 ədəd qara rəngli sellofan torbada narkotik vasitə olan marixuana olduğunu bildirib təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu və 4 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı həmin sellofan torbanın içərisindən bir ədəd sintetik kisə, kisənin içərisindən isə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, başqa qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs sintetik kisədə olan qurudulmuş marixuananı 22 fevral 2023-cü il tarixdə Binəqədi rayonu ərazisində olarkən əvvəlcədən razılaşdırılmış qaydada Həmzə adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin iranlını bir ay müddətdir ki, tanıdığını, həmin şəxslə ancaq mobil telefon vasitəsilə əlaqə saxladığını, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından pulsuz əldə etdiyini, amma həmin vasitələri bir yerdən götürüb başqa bir yerə daşımağı öhdəsinə götürdüyünü və bunun müqabilində həmin narkotik vasitədən istifadə edə biləcəyini, həmçinin əvvəllər də narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə qablaşdırılmış, üzəri möhürlənərək müvafiq qeydlər aparılaraq imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus olan Nokia markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüş, 4 manat pul isə ona qaytarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid3 və Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı 01 ədəd qara rəngli sellofan torbanı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki 01 ədəd sintetik kisədə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 22 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində olarkən əvvəlcədən razılaşdırılmış qaydada Həmzə adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin şəxsi bir ay müddətdir ki, tanıdığını, həmin şəxslə ancaq mobil telefon vasitəsilə əlaqə saxladığını, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşının ona pulsuz verdiyini, amma həmin vasitələri bir yerdən götürüb başqa bir yerə daşımağı öhdəsinə götürdüyünü və bunun müqabilində həmin narkotik vasitələrdən istifadə edə biləcəyini, əvvəllər də narkotik vasitə istifadə etdiyini, həmin vasitələrin onda olmasından Həmzə adlı şəxsdən başqa heçkimin məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 26-29). Məhkəmə-bioloji ekspertizasının 23 fevral 2023-cü il tarixli 7/279 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs əlində saxladığı” yazılar və imzalar olan bir ədəd ağ rəngli sintetik kisədə təmiz çəkisi - 7005,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 7004,9 qram təşkil etmişdir (cild 1, iş vərəqə 40-43). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 aprel 2023-cü il tarixli 1804 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bir neçə narkotik vasitələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 128-129). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 10 aprel 2023-cü il tarixli 8-13-6/2-4190 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın satışını həyata keçirmək məqsədi ilə əldə edib saxlamasına dair məlumatlar əldə edilmişdir (cild 1, iş vərəqə 115). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 29 mart 2023-cü il tarixli 3916 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 110). İbtidai istintaq orqanının 24 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 138-139). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Əlizadə X3 Rayon Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 26 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 108-109). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X4 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan artıq çəkidə marixuana külli miqdar təşkil edir. Məhkəmə bu nəticəyə gəlir ki, külli miqdarda narkotik vasitəni Bakı şəhərinin Binəqədi rayonu ərazisinə bilavasitə gətirib konkret yerlərə yerləşdirən, habelə onları özünün sonradan qoyacağı yerdən götürəcək şəxslərin kim olacağı barədə hər hansı məlumatı olmayan Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda təsvir olunan şəkildə çatdırma ilə bağlı hərəkəti satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs yalnız telefonla əlaqə saxlayıb razılıq əldə etməsi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə bu tövsifedici əlamətin yaranması üçün yetərlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 22 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 18, 85-89). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 7004,9 qram təşkil edən qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 41). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi “Alyans” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 7004,9 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1508/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1508/2023
20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver