Məhkəmə qərarları › İş №1(101)-1509/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1509/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1509/2022 29.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər - "KREDO" Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki azyaşlı uşağı olan, fərdi fəaliyyətlə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 13 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 14 may 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin aprel ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə şəxsiyyəti məlum olmayan şəxsdən 1 (bir) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 3,360 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istifadə məqsədilə əldə edib üzərində saxlamaqla daşımış, 13 may 2022-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, Yasamal rayon Polis idarəsi, 28-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ, 28-ci Polis bölməsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 3,360 qram təşkil edən açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs həmin əməli satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. Tutulduğu gün o, uşağını məktəbə qoyub evə gələrkən Yasamal bazarının içində polis işçiləri onu tutmuşlar. Həmin vaxt onun üstündə narkotik vasitə olmamışdır. Polis əməkdaşları ittihamda göstərilən heroini verib boynuna almağı, onun işini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəklərini bildirmişlər. Əks halda, onun üzərinə daha çox narkotik vasitə qoyub CM-nin 234.4.3-cü maddəsini verəcəklərini demişlər. O da, üzərinə daha çox narkotik qoyulacağından qorxduğu üçün onların dedikləri ilə razılaşmışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs əvvəllər narkotikdən istifadəyə görə məhkum olunduğunu, polis bölməsində ifadə verərkən narkotik vasitəni «Kubinka»dan tanımadığı şəxsdən aldığını dediyini, əslində isə saxlanılan vaxt onun üstündə narkotik vasitə olmadığını, özünün narkoman olduğunu və heroini iynə vurmaq yolu ilə qəbul etdiyini, 13 may 2022-ci il tarixdə səhər saat 9-un yarısında tutulduğunu, onu saxlayanlardan bir nəfərin polis formasında, digərinin isə mülki geyimdə olduğunu, əvvəllər onun heç kimə narkotik vasitə satmadığını və vermədiyini, sonuncu dəfə 2013-cü ildə həbsdən çıxdığını, özünün İ Qarabağ müharibəsi iştirakçısı olduğunu, sağ ayağında mövcud olan problemlər səbəbindən sərbəst gəzməkdə çətinlik çəkdiyini və əsa ilə gəzdiyini, kəskin ağrıları olduğu üçün narkotiklərdən istifadə etdiyini, polis əməkdaşları ilə onun əvvəllər heç bir problemi olmadığını, saxlanılarkən və polis bölməsində olarkən heç kim tərəfindən döyülmədiyini və fiziki təzyiqlərə məruz qalmadığını, bununla bağlı heç bir şikayəti olmadığını, narkotik vasitəni ona verən polis işçisinin kim olduğunu bilmədiyini və onu tanımadığını, ittiham aktında göstərilən çəkidə olan narkotik vasitənin ona bir gün istifadə üçün kifayət etdiyini, heç kimlə birlikdə narkotik vasitə qəbul etmədiyini, xəstəliyinə görə narkotik vasitələrdən istifadə etdiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, əvəllər bir necə dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmiş və təxminən 2000-ci il tarixdən narkotik vasitə qəbul etmişdir. O, narkotik vasitəni qəbul etməyə başlayanda Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə adını bilmədiyi bir şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, heroin lazım olanda, bura gəlib ondan ala bilər. O da, narkotik vasitə lazım olanda «Kubinka» adlanan əraziyə gedərək həmin şəxsi tapıb ondan almışdır. Narkotik vasitə aldıqdan sonra münasib yer taparaq orada qəbul etmişdir. Təxminən bir ay bundan əvvəl səhər saatlarında o, «Kubinka» adlanan əraziyə gedib həmin şəxsi taparaq ona 20 manat verib narkotik vasitə heroin gətirməsini istəmişdir. Təxminən 15- 20 dəqiqə sonra həmin şəxs bir ədəd şəffaf selofan paketə bükülü vəziyyətdə heroin gətirib ona vermişuir. Conra narkotik vasitəni əynində olan tünd qöy rəngli şalvarının sağ yan cibinə qoymuş və həmin narkotik vasitənin bir qismini qəbul etmişdir. Həmin bir qismi isə əynində olan tünd göy rəngli şalvarının sağ yan cibinə qoymuşdur. 13 may 2022-cı il tarixdə saat təxminən 10 radələrində ünvan 4 ünvanın qarşısından piyada keçərkən ona iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək, Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər. O da, heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Bundan sonra onun hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunaraq və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları ona dövlət tərəfindən təqdim edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunsuz əşya və ya maddə varsa, könüllü olaraq təqdim etməsini bildirmişlər. O da, gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynindəki tünd göy rəngli şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli selofan paketə bükülmüş narkotik maddə heroini təqdim etmişdir. Polis əməkdaşları üzərindən aşkar olunmaq götürülmüş heroini haradan aldığını soruşanda, o, həmin heroini öz istifadəsi üçün «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Həmin vaxt üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənərək, imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir (cild 1, iş vərəqi 190-192). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni polis işçilərinin özlərinin yazdığını və oxumadan imzaladığını, polis işçilərinin ona qarşı qərəzli olduqlarını, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını və həmin gün də saxlanılarkən onda narkotik vasitə olmadığını, barəsində olan cinayət işinin CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə göndəriləcəyinin ona deyildiyini, buna görə də, müstəntiqə inanıb təqdim olunmuş bütün sənədləri oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baxı şəhəri, Yasamal RPİ, 28-ci Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 2022-ci il may ayında ona Yasamal rayon sakini Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra onun yoxlanılması və şəxsin ifşa edilməsi məqsədilə ondan və bölmənin əməliyyat axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 13 may 2022-ci il tarixdə onlar Təqsirləndirilən şəxs yaşadığı ünvanı müəyyən etmişlər və saat 10 radələrində ünvan 5n qarşısında onun dayandığını görüb Eyvazı saxlamışlar. Özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatları olduqlarını bildirmiş və onu Yasamal RPİ, 28-ci Polis bölməsinə gətirmişlər. Bölmədə təhqiqatçı tərəfindən vəkil dəvət olunmuş və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunsuz saxladığı əşyalar varsa, təqdim etməsi təklif olunmuş, Eyvaz özü əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli selofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdə nə olması ilə maraqlandıqda, Təqsirləndirilən şəxs bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni bir müddət əvvəl Nəsimi rayonu «Kubinka» deyilən yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin basga qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra aşkar edilmiş büküm zərfə qoyularaq möhürlənmiş, protokol tərtib olunmuş, o da, digər iştirakçılar kimi həmin protokolu imzalamışdır. Verilən sualları cavablandıran Şahid1 həmçinin bildirdi ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Qanunsuz dövriyyə dedikdə, o, narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınmasını, həmçinin satışını başa düşmüşdür. Daxil olmuş məlumatda Eyvazın narkotik vasitələrin həm də satışı ilə məşğul olması deyilsə də, həmin hal istintaq vaxtı və sonradan öz təsdiqini tapmamışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs tərəfindən onlara heç bir müqavimət göstərilməmişdir. Həmçinin onlar tərəfindən də Təqsirləndirilən şəxs fiziki və ya psixi zor tətbiq edilməmişdir. Narkotik vasitəni Eyvaz özü könüllü təqdim etmiş, onu yaşadığı evin qabağında saxlamışlar. Tutulduqdan sonra da istintaq vaxtı Eyvazın narkotik vasitələri satdığı şəxslərin müəyyən olunması istiqamətində əməliyyat tədbirləri keçirilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, 28-ci Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 13 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilib saxlanılması, 28-ci Polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən 1 büküm narkotik vasitə heroinin aşkar edilib götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini, əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadə üçün qanunsuz əldə edib saxlaması barədə olduğunu bildirərək, həmkarı Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Şahid2 əlavə olaraq əməliyyat məlumatının həmkarı Şahid1 daxil olduğunu, məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olması bildirildiyini, saxlanılan şəxsin ətrafında istintaq zamanı keçirilmiş əməliyyat tədbirlərində onun iştirak etmədiyini, ona görə də Təqsirləndirilən şəxs ondan aşkar olunmuş həmin narkotik vasitəni satış məqsədilə əldə etməsinin öz təsdiqini tapıbtapmamasından məlumatsız olduğunu məhkəmənin diqqətinə çatdırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, 28-ci Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 13 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilib saxlanılması və 28-ci Polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilməsində iştirak etdiyini bildirərək, həmkarı Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Şahid3 əməliyyat məlumatının Şahid1 daxil olduğunu, bildiyi qədər, məlumatın Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması barədə olduğunu, saxlanılan şəxsin ətrafında istintaq zamanı keçirilmiş əməliyyat tədbirlərində onun iştirak etmədiyini, ona görə də Təqsirləndirilən şəxs ondan aşkar olunmuş həmin narkotik vasitəni satış məqsədilə əldə etməsinin öz təsdiqini tapıb-tapmaması barədə məlumatı olmadığını qeyd etdi. İş materiallarına görə onun 28-ci Polis bölməsi tərəfindən yaradılmış əməliyyat qrupunun üzvü olmaması ilə bağlı sualına aydınlıq gətirən Şahid3 həmin qrupun polis əməkdaşları Şahid1 və Şahid2 ibarət olduğunu, özünün həmin tədbirə bölmə rəhbərliyinin tapşırığına əsasən şübhəli şəxsin saxlanılmasında kömək üçün cəlb edildiyini və şəxsi saxlayıb bölməyə gətirdiklərini, hadisənin üstündən xeyli vaxt keçdiyinə görə xırda detalları unutduğunu bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş 13 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən, sonuncu, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,360 qram açıq qəhvəyi rəngli toz şəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddəni təqdim edərək, həmin maddənin heroin olduğunu, bir ay əvvəl «Kubinka” deyilən yerdə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan 16 dekabr 2021-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülərin əks olunduğu diskə baxış keçirilərkən, videogörüntülərin şəxsi axtarış və götürmə protokolunda qeyd olunanlarla üst-üstə düşdüyü müəyyən olunur (cild 1, iş vərəqi 59). Məhkəmə-kimyəvi ekspertizasının 13 may 2022-ci il tarixli 6/2768 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 6” dairəvi möhür əksləri olan "Təqsirləndirilən şəxs aşkar edilmiş büküm” yazısı və imzalar olan 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,360 qram açıq qəhvəyi rəngli tozşəkillı maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir (cild 1, iş vərəqi 39-46). Ambulator məcburi narkoloji ekspertizasının 13 iyun 2022-ci il tarixli 3208 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 152-153). İbtidai istintaq orqanının 14 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 3,260 qram olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri, Yasamal RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 94-95). Cinayət işi üzrə keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 iyun 2022-ci il tarixli 1599 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeydə alınmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (cild 1, iş vərəqi 154-155). Cinayət işinə əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 1985-ci il təvəllüdlü X2 ilə rəsmi nikahdadır və həmin nikahdan onların 2013-cü il təvəllüdlü Ruqəyyəm Hüseynova və 2019-cu il təvəllüdlü Mərhəm Hüseynova adlı iki azyaşlı uşaqları vardır (cild 1, iş vərəqi 117-120). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 31 may 2012-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 24 aprel 2013-cü il tarixli qərarı ilə 08 ay 25 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur (cild 1, iş vərəqi 140-144). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə ona təyin olunmuş cəzanı çəkdikdən sonra qanunla müəyyən edilmiş məhkumluq müddəti ödənilmişdir və o, hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, narkotik istifadəçisi olduğunu və saxlanılarkən onda narkotik vasitə olmadığını, həmin narkotiki polis əməkdaşlarının ona verdiyini və videoçəkiliş zamanı cibindən çıxarıb stolun üzərinə qoymalı olduğunu dediklərini, istintaqa etirafedici ifadələri təzyiqlər altında verdiyini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir və təzyiq olmadan cibində saxladığı narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. O, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində üzərindən aşkar edilən narkotik vasitənin özünə məxsus olduğunu, lakin həmin narkotiki satış məqsədilə deyil, öz şəxsi istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Həmin hal iş üzrə toplanmış digər sübutlarla da öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında gətirdiyi dəlilləri onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir və onun üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib saxlaması və daşıması barədə ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut növü kimi qəbul edir. Bütün bunlarla yanaşı məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs 3,360 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilmədi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işinə əlavə edilmiş təhqiqat materiallarında, yəni xx.xx.2022-ci il tarixdə tərtib olunmuş raportlarda, əməliyyat qrupunun yaradılması haqqında qərarda və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarda (cild 1, iş vərəqi 3-7), həmin tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərarda və protokolda (cild 1, iş vərəqi 31-33) Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması cinayətlərinin törədilməsində şübhəli bilinməsi barədə məlumat olmamış, əksinə həmin sənədlərdə şəxsin narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Eyni zamanda, məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində əməliyyat qrupunun rəhbəri olan polis əməkdaşı Şahid1 şübhəli şəxs barədə olan əməliyyat məlumatının ona daxil olduğunu, həmin məlumatın Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olduğunu, qanunsuz dövriyyə dedikdə, o, narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınmasını, həmçinin satışını başa düşdüyünü, daxil olmuş məlumatda Eyvazın narkotik vasitələrin həm də satışı ilə məşğul olması deyilsə də, həmin halın istintaq vaxtı və sonradan öz təsdiqini tapmadığını, tutulduqdan sonra da Eyvazın narkotik vasitələri satdığı şəxslərin müəyyən olunması istiqamətində əməliyyat tədbirlərinin keçirildiyini, lakin heç bir müsbət nəticə əldə edilmədiyini bildirdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etmiş digər polis əməkdaşları Şahid2 və Şahid3 isə məhkəmədə verdikləri ifadələrində şəxsin barəsində əməliyyat məlumatının həmkarları Şahid1 daxil olduğunu, məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olması bildirildiyini, saxlanılan şəxsin ətrafında istintaq zamanı keçirilmiş əməliyyat tədbirlərində onların iştirak etmədiklərini, ona görə də Təqsirləndirilən şəxs ondan aşkar olunmuş həmin narkotik vasitəni satış məqsədilə əldə etməsinin öz təsdiqini tapıb-tapmamasından məlumatsız olduqlarını bildirdilər. Məhkəmə yeri gəlmişkən həm də onu qeyd etməyi lazım bilir ki, ibtidai istintaq orqanı tərəfindən adı şahidlər siyahısına əlavə edilmiş və məhkəmədə dindirilmiş polis əməkdaşı Şahid3 28-ci Polis bölməsi tərəfindən yaradılmış əməliyyat qrupunun üzvü olmamış, həmin qrup polis əməkdaşları Şahid1 və Şahid2 ibarət olmuşdur. Həmçinin şəxsi axtarış və götürmə aparılması haqqında 13 may 2022-ci il tarixli protokoldan da görünür ki, Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməmişdir. Bu hal şəxsi axtarışın videogörüntülərini əks etdirən diskin məhkəmə tərəfindən tədqiq olunması zamanı da öz təsdiqini bir daha tapmışdır. Həmin videogörüntülərdən də aydın olur ki, 28-ci Polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən polis əməkdaşları Şahid1 və Şahid2, həmçinin müdafiəçi Rasim Almuradov iştirak etmiş, digər polis əməkdaşı Şükür Məhərrmov həmin əməliyyat tədbirinin keçirilməsində iştirak etməmişdir. Məhkəmədə dindirilərkən Şahid3 həmin tədbirə bölmə rəhbərliyinin tapşırığına əsasən şübhəli şəxsin saxlanılmasında kömək üçün cəlb edildiyini və şəxsi saxlayıb bölməyə gətirdiklərini, hadisənin üstündən xeyli vaxt keçdiyinə görə xırda detalları unutduğunu bildirdi. Odur ki, Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmədiyinə görə məhkəmə belə hesab edir ki, onun bu barədə ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadəsi sübut kimi qəbul edilə bilməz, həmin tədbirə bölmə rəhbərliyinin tapşırığına əsasən şübhəli şəxsin saxlanılmasında kömək üçün cəlb edilməsi və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb bölməyə gətirilməsi halının təsdiqi üçün sübut kimi qəbul edilməsi mümkündür. Məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, iş materiallarına görə cinayət işi 13 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi başlanılmış, iş üzrə toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. İstintaq zamanı sonradan keçən müddət ərzində təqsirləndirilən şəxsin yaşadığı ünvanda axtarış aparılmış, lakin iş üzrə əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Onun istifadəsində olmuş 055 238- 50-80 və 070 802-85-22 saylı mobil telefonlarla aparılan danışıqlara dair məlumatlar mobil operatorlardan götürülərək baxışı keçirilmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. İstintaq orqanının əməliyyat tapşırığına verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə olunması, qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatlarının olması, əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi və müsbət nəticə əldə olunarsa, əlavə məlumat veriləcəyi bildirilsə də, istintaqın sonuna qədər, həmçinin məhkəmə baxışı dövründə bu faktı təsdiq edən heç bir sübut cinayət işinə əlavə edilməmişdir. Bütün bunlara baxmayaraq, ibtidai istintaq orqanı əlavə hər hansı mötəbər sübut əldə etmədən təqsirləndirilən şəxsə istintaqın ilkin mərhələsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verdiyi ittihamı dəyişərək, narkotik vasitənin kütləsinin külli miqdar təşkil etməsi əsası ilə 14 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham vermişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən, şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 3,360 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin cinayət tərkibi olduğundan, əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı 13 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Yasamal RPİ, 28-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2022-ci il tarixli 3208 saylı rəyinə əsasən hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Yasamal RPİ-nə təhvil verilmiş cinayət işi üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 3,360 qram təşkil edən narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 3,260 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİ-nin 28-ci Polis bölməsində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə Bakı şəhəri, Yasamal rayon Polis idarəsinə təhvil verilmiş maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 3,260 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində Bakı şəhəri, Yasamal RPİ, 28-ci Polis bölməsində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar