Məhkəmə qərarları › İş №1(101)-1510/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1510/2021

28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1510/2021 28.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında 26 avqust 1983-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2002 və 2004-cü il təvəllüdlü uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu, Cəfərli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayında şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib narkotik vasitələrin qanunsuz olaraq alınıb-satılmasını həyata keçirmək üçün ümumi razılığa gələrək əlbir olduğu şəxsin göstərişinə əsasən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda 02 ədəd qara rəngli polietilen bağlamada, ayrı ayrılıqda çəkiləri 7860 qram və 8155 qram, ümumi təmiz çəkisi 16015 qram narkotik vasitə qurudulmuş marixuananı Yardımlı rayonu ərazisində əldə edib fərdi qaydada işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “Gülbaxt” əhəng daş yatağına qədər daşıyaraq orada müvəqqəti yaşadığı vaqon tipli dəmir kostruksiyanın içərisində olan çarpayının altında saxlamış, habelə 2021-ci ilin aprel ayının əvvələrində satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən 02 şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,752 qram və 0,782 qram, ümumi təmiz çəkisi 1,534 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 02 ədəd kibrit qutusunda, ayrıayrılıqda çəkiləri 1,784 qram və 2,273 qram, ümumi təmiz çəkisi 4,057 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlayaraq daşımış, 21 aprel 2021-ci il tarixdə saat 15:10 radələrində Qaradağ rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları ilə Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Gülbaxt” əhəng daş yatağına gedən yolda saxlanılaraq RPİ-nin inzibati binasına gətirilmiş, orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən həmin 02 şəffaf polietilen bükümdə, kimyəvi komponent tərkibəlrinə və xarici əlamətlərinə görə eynilik təşkil edən, ayrı-ayrılıqda çəkiləri 0,752 qram və 0,782 qram, ümumi təmiz çəkisi 1,534 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd kibrit qutusunda, tərkiblərinə görə eyni olan, ayrı-ayrılıqda çəkiləri 1,784 qram və 2,273 qram, ümumi təmiz çəkisi 4,057 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürüldükdən sonra istintaq-əməliyyat tədbirləri davam etdirilmiş və həmin gün saat 20:30-da Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində “Gülbaxt” əhəng daş yatağında quraşdırılmış, müvəqqəti yaşadığı vaqon tipli dəmir konstruksiyanın içərisinə keçirilmiş baxış və götürmə zamanı orada olan çarpayının altından 02 ədəd qara rəngli polietilen bağlamada, tərkiblərinə görə eyni olan, ayrı-ayrılıqda çəkiləri 7860 qram və 8155 qram, satış məqsədi ilə külli miqdarda ümumilikdə 16019,057 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1,534 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroinin istifadəçisidir. Heroindən təxminən iki il orlar ki, istifadə etmiş və heroini təsadüfi adamlardan əldə edirdi. O, evlidir, ailəsi Cəlilabad rayonun Cəfərli kəndində yaşayır, o isə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Gülbaxt” əhəng daş karxanasında qaldırıcı kran işlədir, həmçinin həmin daş karxanasında olan mühafizəçi otağında qalır. Narkotik aludəçisi olduğu üçün əvvəllər məhkum olmuş, 2019-cu ilin may ayında cəzasının sonu ilə azad olunmuşdur. 21 aprel 2021-ci il tarixdə saat 15 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində dükandan siqaret alıb piyada işlədiyi daş karxanasına gedərkən daş karxanasının yolunda 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələri ilə özlərini polis əməkdaşları kimi təqdim etmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu Qaradağ rayon polis idarəsinə polis avtomobil ilə aparıb Qaradağ rayon polis idarəsində xidməti otaqların birində təhqiqatçıya təqdim etmişlər. Həmin vaxt heroinin istifadəsi ilə bağlı ağrılara olmuş, polis əməkdaşlarından biri onların dediklərini etdiyi halda ona ağrılarını kəsmək üçün heroin verəcəklərini bildirmişlər, əks halda onun ailə üzvlərini də məsuliyyətə cəlb edəcəklərini bildirmişlər. Bu səbəbdən polis əməkdaşının təklifi ilə razılaşmış və polis əməkdaşları onun cins şalvarının cibinə 02 ədəd kibrit qutusunda narkotik vasitə marixuananı, həmçinin 02 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” adlandırdığı narkotik vasitə heroini və narkotik çəkdiyi 01 ədəd falqanı qoymuşlar. Bundan sonra təhqiqatçı ona vəkil təqdim etmiş, lakin o vəkilə heç b ir şikayət etməmiş, sonra müdafiəçinin iştirakı ilə polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Təhqiqatçının üzərində olan əşyaları masaya qoyması təklifinə əsasən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd kibrit qutusunda narkotik vasitə marixuananı, həmçinin 02 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” adlandırdığı narkotik vasitə heroini və narkotik çəkdiyi 01 ədəd falqanı çıxarıb masanın üzərinə qoymuşdur. Polislərin öyrətdiyi kimi sorğu-sual zamanı həmin narkotik vasitələri Cəlilabad rayonunda özünü “Hüseyn” kimi təqdim edən İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün 105 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu daş karxanasında olan vaqona aparıb, özləri ilə gətirdiyi və içərisində təxminən 15-16 kq olan qurudulmuş marixuana olan iki ədəd sellofan torbaları divanın altına qoymuş, sonra isə çəkiliş aparmaqla guya həmin torbaları aşkar edərək bununla bağlı protokol tərtib etmişlər. O, etiraf edir ki, üzərinə və yaşadığı vaqona baxışla bağlı protokolları imzalamış, həmin imzalar ona məxsusdur, polislərin öyrətməsi olan izahları vermişdir ki, guya o, təxminən 2020-ci ilin noyabr ayında Lökbatan qəsəbəsində təsadüfən “Həsən” adlı şəxslə tanış olmuş, həmin “Həsən” adlı şəxs onda külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsi olduğunu, əgər həmin narkotik vasitəni sata bilsə ona yaxşı hörmət edəcəyini, o da həmin narkotik vasitəni sata biləcəyini deyib “Həsən” adlı şəxslə razılaşdığını və “Həsən” adlı şəxs növbəti gün saat 14:00-da Yardımlı rayonunda avtovağzala bir maşınla gəldiyini, həmin maşınla rayonun mərkəzindən aralıda yerləşən dağ kəndlərinin birinə getmələrini, kənddə “Həsən” ona avtomobildə gözləməyini tapşırıb çıxıb getməsini, təxminən 40 dəqiqə sonra “Həsən” adlı şəxsin geri qayıdıb ona iki ədəd sellofan torbalarda qurudulmuş marixuana təqdim etməsini, həmin narkotik vasitələri kibrit qutularında qablaşdırmağını və bir kibrit qutusunu 30 manatdan satmağı tapşırdığını, həmçinin özü həftədə bir dəfə daş karxanasına gələrək ona baş çəkəcəyini, narkotik vasitədən əldə olunmuş gəlirdən ona 20 faiz pul hörmət edəcəyini demişdir. Lakin bu ifadələri həqiqətə uyğun deyildir, məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğundur. Ona qarşı tutulan və istintaq gedən zaman fiziki zor tətbiq olunmamış, lakin hədə-qorxu gəlinmişdir. Özündə olmadığı üçün barəsində həbs qətimkan tədbiri seçilən zaman hakimə polisin qanunsuz hərəkətləri barədə bir söz deməmişdir. Təcridxanada saxlanılan müddətdə özünə qəsd edərək dəmir parçası udmuş, lakin ona tibbi yardım olunduğundan sağalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Qaradağ RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, ona etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, əslən Cəlilabad rayonundan olan və Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən «Gülbaxt» əhəng daş yatağında işləyən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Məlumat barədə rəhbərliyə məlumat verilmiş, əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılmasına dair əmr verilmiş, qrupa rəhbərlik ona həvalə edilmiş, qrupun üzvləri isə Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və Qaradağ RPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid3 təyin olunmuşlar. 21 aprel 2021-ci il tarixdə qrupun üzvləri ilə birlikdə saat 15:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Gülbaxt” əhəng daş yatağına gedən yola çıxmaqla keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlayaraq Bakı şəhəri Qaradağ rayon polis idarəsinə gətirmişlər. İdarədə Təqsirləndirilən şəxs təhqiqatçı polis mayoru Elbəyi Allahverdiyevə təhvil vermişlər. Sonuncu Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə hərəkəti keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər ot kütləsini, 02 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroinə bənzər maddəni çıxarıb masanın üzərinə qoymuşdur. “Kakos” adlandırdığı narkotik vasitə heroini bir müddət əvvəl Cəlilabad rayonunda Hüseyn adlı İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd üzərində “Magna” yazıları yazılan siqaret qutusu, 01 ədəd alışqan və şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı həmin narkotik vasitələri zərfə qoyaraq möhürlə möhürləmiş, bu barədə Qaradağ RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Elbəyi Allahverdiyev tərəfindən tərtib olunmuş protokola , o cümlədən möhürlənmiş zərfə, baxışın iştirakçıları və Təqsirləndirilən şəxs imzalamışlar. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs özü könüllü olaraq bildirmişdir ki, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində işlədiyi “Gülbaxt” əhəng daş yatağında müvəqqəti yaşadığı vaqonda çarpayının altında iki iri sellofanda içində təxminən 15-16 kiloqram çəkidə narkotik vasitə marixuana olan torba gizlətmiş, həmin narkotik vasitəni təxminən 5-6 ay bundan əvvəl Yardımlı rayonunda tanımadığı şəxsdən satış məqsədilə almış, lakin marixuana keyfiyyətli çıxmadığı üçün sata bilməmişdir. Əməiyyat tədbirinin davamı olaraq həmin tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs razılığı ilə onun göstərdiyi ünvana gedərək vaqona baxış keçirmişlər. Baxış videoçəkilişlə keçirilmiş, orada Təqsirləndirilən şəxs bir daha hüquq və vəzifələri izah edildikdən sonra sonuncu vaqona girişdən sağ tərəfdə yerləşən çarpayının altından iki ədəd iri sellofan bükümü çıxardaraq bildirmişdir ki, narkotik vasitə marixuana məhz həmin qara rəngli sellofanların içərisindədir. Daha sonra həmin sellofanların içərisinə baxış keçirilmiş və həqiqətən də hər birində yaşıl rəngli ot şəkilində, speksifik iyə malik, narkotik vasitə marixuanaya bənzər maddələr aşkar edilmişdir. Sellofan bükümlər möhürlə möhürlənmiş və protokol tərtib edilmişdir. Orada iştirak edənlər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən möhürlənmiş sellofan və tərtib edilmiş protokol imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı saxlanıldığı vaxt heç bir təzyiq və fiziki zor tətbiq olunmamış, bundan sonrakı hərəkətlər müdafiəçi və təhqiqatçının iştirakları ilə aparılmış, təhqiqatçı narkotik vasitələrinə dair ekspertiza rəyi aldıqdan sonra material istintaqa təqdim edilmişdir. Bu prosedurlar demək olar ki, 1-2 gün ərzində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Belə ki, həmkarı Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, həmin məlumata əsasən yaradılmış əməliyyat qrupuna Şahid1lə yanaşı, digər həmkarı Şahid2 da daxil edilmişlər. Bundan sonra 21 aprel 2021-ci il tarixdə onlar birlikdə saat 15:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Gülbaxt” əhəng daş yatağına gedən yola çıxmaqla orada müəyyən etdikləri Təqsirləndirilən şəxs saxlayaraq Bakı şəhəri Qaradağ rayon polis idarəsinə gətirib təhqiqatçı, polis mayoru Elbəyi Allahverdiyevə təhvil vermişlər. Bundan sonra təhqiqatçının dəvət etdiyi vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs videoçəkilişlə keçirilmiş üzərinə şəxsi axtarışda iştirak etmişlər. Axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər ot kütləsini, 02 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroinə bənzər maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs “kakos” adlandırdığı narkotik vasitə heroini Cəlilabad rayonunda bir nəfər İran İslam Respublikası vətəndaşından aldığını bildirmiş, tərtib olunmuş protokola , o cümlədən içində olan maddi sübut möhürlənmiş zərfə, baxışın digər iştirakçıları ilə birlikdə imzasını qoymuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs özü könüllü olaraq bildirmişdir ki, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində işlədiyi “Gülbaxt” əhəng daş yatağında müvəqqəti yaşadığı vaqonda çarpayının altında iki iri sellofanda içində təxminən 15-16 kiloqram çəkidə narkotik vasitə marixuana olan torba gizlətmiş, həmin narkotik vasitəni təxminən 5-6 ay bundan əvvəl Yardımlı rayonunda tanımadığı şəxsdən satış məqsədilə almış, lakin marixuana keyfiyyətli çıxmadığı üçün sata bilməmişdir. Əməiyyat tədbirinin davamı olaraq həmin tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs razılığı ilə onun göstərdiyi ünvana gedərək vaqona baxış keçirmişlər. Baxış videoçəkilişlə keçirilmiş, orada Təqsirləndirilən şəxs bir daha hüquq və vəzifələri izah edildikdən sonra sonuncu vaqona girişdən sağ tərəfdə yerləşən çarpayının altından iki ədəd iri sellofan bükümü çıxardaraq bildirmişdir ki, narkotik vasitə marixuana məhz həmin qara rəngli sellofanların içərisindədir. Daha sonra həmin sellofanların içərisinə baxış keçirilmiş və həqiqətən də hər birində yaşıl rəngli ot şəkilində, speksifik iyə malik, narkotik vasitə marixuanaya bənzər maddələr aşkar edilmişdir. Sellofan bükümlər möhürlə möhürlənmiş və protokol tərtib edilmişdir. Orada iştirak edənlər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən möhürlənmiş sellofan və tərtib edilmiş protokol imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı saxlanıldığı vaxt heç bir təzyiq və fiziki zor tətbiq olunmamış, bundan sonrakı hərəkətlər isə müdafiəçi və təhqiqatçının iştirakları ilə aparılmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ RPİ-nin rəisinə ünvanlanan 21.04.2021-ci il tarixli raportdan müəyyən olunur ki, “Gülbaxt” karxanası ərazisində Aqil adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanlanan 05.11.2020-ci il tarixli raportdan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X3 05.11.2020-ci il tarixdə, saat 11:50-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» 21.04.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən axtarış zamanı iki bükümdə narkotik vasitə hesab olunan heroin və iki kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs “kakosu” 20 gün əvvəl Cəlilabad rayonunuda “Hüseyn” adlı İİR-sı vətəndaşından 3 bükümdə təxminən 3 qrama yaxın 105 manata aldığını və həmin şəxsin 2 ədəd kibrit qutusunda olan marixuananı şəxsi istifadəsi üçün payverdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “baxış və götürülmə aparılması haqqında” 21.04.2021-ci il tarixli protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs fərdi qaydada işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “Gülbaxt” əhəng daş yatağındakı vaqon tipli dəmir kostruksiyanın içərisində olan çarpayının altından iki polietilen bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 21.04.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 23.041.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 aprel 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2021-ci il tarixli, 6/1579 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən...” yazısı olan zərfdəki 2(iki) şəffaf polietilen bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,752 qram və 0,782 qram, ümumi təmiz çəkisi 1,534 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Bir ədəd “gümüşü” rəngli kağız parçasının üzərində narkotik vasitələrə məxsus izlər yoxdur. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in l siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2021-ci il tarixli, 7/385 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 1,784 qram və 2,273 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümümi çəkisi – 4,057 qramdır. Məhkəmədə elan edilib araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2021-ci il tarixli, 7/384 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “...əhəng daş yatağında vaqon tipli ...bir ədəd sellofan bağlamada kütlə...” yazısı və imzalar olan 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi – 8155 qram (8 kq 155 qram), üzərində “...əhəng daş yatağında vaqon tipli ...bir ədəd sellofan bağlamada kütlə...” yazısı və imzalar olan 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi – 7860 qram (7 kq 860 qram) olan bitki mənşəli kütlələr tərkibinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi – 16015 qramdır (16kq 015 qram) Təqsirləndirilən şəxs üzərindən götürülmüş 02 (iki) ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidirlər, təqdim olunmuş 02 (iki) ədəd qara rəngli polietilen bağlamalarda olan marixuanalardan fərqlənirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 20 may 2021-ci il tarixli, 1555 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 17.06.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən və vaqon tipli dəmir kostruksiyanın içərisində olan çarpayının altından aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 1,434 qram heroin, kibrit qutulardakı qurudulmuş 3,935 qram marixuana, qara rəngli polietilen bağlamalardakı qurudulmuş 16014,8 qram marixuana saxlanılması üçün Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış arayış və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir, 2002 və 2004-cü il təvəllüdlü iki uşağı vardır, nümayəndliyə onun barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 15.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı iki gün çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 13.05.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, hal hazırda ittiham olunduğu cinayət əməlini 2020-ci ilin noyabr ayında törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə sasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq nəzərə alınmır. Beləliklə, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur və CM-nın 65.2-ci maddəsinə əsasən residivə görə ona təyin oluna bilən cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə hər hansı bir şəxslə əlbir olub narkotik vasitələr satmadığını, narkotik vasitələrin satışı ilə ümumiyyətlə məşğul olmadığını, həmçinin üzərindən və işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Gülbaxt” əhəng daş yatağındakı vaqondan çarpayının altından götürümüş narkotik vasitələrin ona aid olmadığını, həmin narkotik vasitələri cibinə və qeyd olunan yerə özünün qoymadığına dair ifadələrinə tənqidi yanayır. Belə ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatlar şahid ifadələri ilə, baxış və götürmə protokolları ilə, ekspertiza rəyləri və iş üzrə toplanmış digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən narkotik vasitə olan heroinin aşağı həddi 0,15 qramdan artıq miqdarı şəxsi istehlak miqdarından artıq, 2 qramı külli miqdar, qurudulmuş marixuananın aşağı həddi 50 qramdan artıq miqdarı şəxsi istehlak miqdarından artıq, 500 qramı külli miqdar şəxsi istehlak miqdarından artıq külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etdiyi narkotik vasitə olan heroinin ümumi təmiz şəkisi 1,534 qram, qurudulmuş marixuananın ümumi təmiz çəkisi isə 16015 qram təşkil edir ki, bu növ narkotik vasitələrə görə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində cinayətin residivin olmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 21 aprel 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş tədqiqatdan sonra çəkiləri 1,434 qram olpn heroin və 3,935 qram və 16014,8 qram qurudulmuş marixuana məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 271,64 (iki yüz yetmiş bir manat altmış dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 (hesabat arayış i/v 197), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 üçün Bakı şəhəri 10 saylı Vəkil Bürosunun nəfinə 306(üç yüz altı) manat, müdafəçi Müdafiəçi üçün isə 420 AZN (dörd yüz iyirmi manat) pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş tədqiqatdan sonra çəkiləri 1,434 qram olan heroin və 3,935 qram və 16014,8 qram qurudulmuş marixuana məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 271,64 (iki yüz yetmiş bir manat altmış dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X7 oğlu üçün 306 (üç yüz altı) manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosünün, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar