Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1510/2024 16.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 noyabr 2023-cü iİ tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək həmin şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda - 1015 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 30 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 21-ci Polis Bölməsinə aparılmış, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin cibindən 01 ədəd bükümdə təmiz çəkisi külli miqdar - 1015 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, özü narkotik vasitə olan marixuana istifadəçisi olmuşdur. Başqa növ narkotik vasitələrdən istifadə etməmişdir.30 oktyabr 2023-cü il tarixdə 10 qram narkotik vasitə olan marixuananı əldə etmək üçün “Qış parkı”nın yaxınlığında hadisə yerinə getsə də orada başqa narkotik vasitə görmüşdür. Narkotik vasitəni ona verəcək olan şəxs həmin narkotik vasitənin olduğu paketin şəklini ona əvvəldən atmışdır. Şəkildə narkotik vasitənin ölçüsü tam görünmədiyi üçün onun miqdarının çox olduğunu aydınlaşdıra bilməmişdir. Hadisə yerinə getdikdən sonra həmin bağlamanı, çəkisinin böyük olmasına görə götürməmişdir. Geri qayıdarkən 7 nəfər polis əməkdaşları tərəfindən tutulmuşdur. Polis İdarəsində narkotik vasitə qarşısına qoyulub ona məxsus olduğu bildirilmiş, həmçinin ona həm psixi, həm də fiziki təzyiq göstərilmişdir. O da bu təzyiqlərə dözməyərək narkotik vasitənin özünə aid olmasını qəbul etmişdir. Polis əməkdaşları onun başına və bədəninin aşağı nahiyyələrinə zərbələr endirmiş, narkotik vasitənin özünə aid olmasını deməyəcəyi təqdirdə evinə də baxış keçiriləcəyini, anasını və atasını da onunla birlikdə tutacaqlarını bildirmişlər. Əldə etməyi nəzərdə tutduğu 10 qram marixuana ona 1 ay müddət ərzində istifadə etmək üçün bəs edəcəkmiş. Şəxsi axtarış zamanı tərəfindən təqdim edilən göy rəngli bağlamada olan narkotik vasitə sonradan Polis Bölməsində onun qarşısına qoyulmuşdur. Onun qarşısına qoyulan narkotik vasitənin hadisə yerində olan narkotik vasitə olub-olmamasını bilmir. Polis əməkdaşları bölmədə həmin narkotik vasitənin “heroin” olduğunu bildirmişdlər. O, döyülərkən narkotik vasitənin ona aid olması ilə razılaşmasa da, psixoloji təzyiqdən sonra narkotik vasitənin ona aid olmasını bildirmişdir. İstintaq Təcridxanasında döyülməyi ilə bağlı müstəntiqə məlumat vermişdir. Narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Telefonda mesajlaşan zaman qarşı tərəfdən ancaq marixuana istəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, külli miqdarda narkotik vasitələrin daşınması ilə bağlı ona daxil olmuş əməliyyat məlumatı əsasında təqsirləndirilən şəxsi Şamil Əzizbəyov küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs 21-ci Polis Bölməsinə dəvət etdikdən sonra müdafiəçinin və təhqiqatçının iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü üzərində olan narkotik vasitəni onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən təxminən bir kiloqram narkotik vasitə aşkar edilmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitəni necə və kimə satacağını dair informasiyanı ehtiva etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni “zakladka” vasitəsilə İran vətəndaşından aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni götürdüyünü qeyd etdiyi ünvan onların onu saxladığı yerdən təxminən 200-300 metr uzaqlıqda olmuşdur. Təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təzyiq göstərilməmiş, sonuncu narkotik vasitəni öz üzərinə götürməsinə məcbur edilməmişdir. Əməliyyat qrupunda o və Şahid2 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin istifadəsi, satışı və qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. 03 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxsi Şamil Əzizbəyov küçəsində saxlayıb Polis Bölməsinə aparmışlar. X5 Məmmədovdan bir sellofan bağlamada olan narkotik vasitə və iki ədəd mobil telefon aşkar edilmişdir. Əməliyyat tədbirində o və Şahid1 iştirak etmişdir. Təqsirləndirilən şəxsi xarici görünüş əlamətlərinə uyğun olaraq tanımışlar. Təqsirləndirilən şəxs tutularkən onun üzərinə baxış keçirilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədlərini də sübut növləri kimi qəbul edir. 30 oktyabr 2023-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qısaqol gödəkçəsinin cibindən 01 ədəd üzərində “Levis orginal” yazısı olan göy rəngli sellofanın içərisindən 01 ədəd şəffaf yapışqanla yapışdırılmış qara rəngli bükümdə narkotik vasitə heroinə bənzər maddə və 02 ədəd “İphone” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı o, 01 ədəd qara sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin heroin olduğunu, 30 oktyabr 2023-cü il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində “zakladka” vasitəsilə “İnstagram” sosial şəbəkəsində tanış olduğu, adını bilmədiyi, lakin mobil nömrəsi +**********88 və +**********67 olan İran İslam Respublikasının vətəndaşından satmaq məqsədilə aldığını, heç bir ödəniş etmədiyini, satdıqdan sonra ödəniş edəcəyini, satdıqda heroinin üzərindən bir qismini özünə götürəcəyini, əldə etdiyi heroini sata bilmədiyini bildirmişdir (cild 1, iş vərəqə 48-51). 05 fevral 2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd mobil telefona baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefonlardan biri “iPhone X”, biri isə “iPhone 8” markalı olmaqla hər iki mobil telefon işlək vəziyyətdədir, üzərində işlənmiş olmasına dair cızıqlar vardır, mobil telefonların hər ikisinin qarşısı sensor ekrandan ibarət olmaqla hər iki mobil telefonun əsası qara rəngdədir. “iPhone 8” markalı mobil telefon açılaraq, mobil telefonun «Vatsapp» mobil tətbiqinə baxış keçirilən zaman həmin tətbiqdə Təqsirləndirilən şəxs +**********88 saylı mobil telefon nömrəsi ilə aralarında yazışmaların olması müəyyən edilir. Belə ki, +**********88 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs üzərində xüsusi işarələr olan fotoşəkillərin göndərilməsi müşahidə olunur. Həmçinin mobil telefonun «WatsApp» mobil tətbiqinə baxış keçirilən zaman həmin tətbiqdə Təqsirləndirilən şəxs +**********47 saylı mobil telefon nömrəsi ilə aralarında yazışmaların olması müəyyən edilmişdir. Belə ki, yazışmalarda Təqsirləndirilən şəxs +**********47 saylı mobil telefon nömrəsinə “«İnstagramda danışdıq», «necə işləyək», «mən kasıb oğlanam, pul tapsam strazi ataram sene, bele deyirəm ki gel nisye işləyək mənim alıcılarım varda satıb pulunu artıqlamasıynan atacam», «haralara ata bilersen», «at qaqa, gederem. bele nesimi uzaqdı mene. ama gede bilerem. 40-50 deq en uzaqı»” məzmunda mesajlar yazması müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs məxsus “iPhone X” markalı mobil telefon açılaraq, içərisində olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus «aliyev101_» adlı «İnstagram» sosial şəbəkəsindəki səhifədə «patikola» adlı istifadəçi ilə aralarında yazışmaların olması, həmin yazışmalarda Təqsirləndirilən şəxs «patikola» adlı səhifənin istifadəçisinə «ot lazımdı, götürüm səndən satım pulun verim Ticarət», «nə qədər vurmax lazımdı? otun qramın neceden verirsən», «meni pis başa düşme ama indi pul yoxdu işliyib vura bilerem ne qeder desen pul olmadığına görə deyirem iş gorek, narahat olma» məzmunda mesajlar yazması müşahidə olunmuşdur (cild 1,iş vərəqə 156-179). 30 oktyabr 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №189» dairəvi möhür əksi, «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 1015 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 1014, 8 qram təşkil etmişdir (cild 1, iş vərəqə 59-62). 05 dekabr 2023-cü il tarixli 19136 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır ( cild 1, iş vərəqə 110). 21 fevral 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1015 qram narkotik vasitə heroin, “İphone X” və “İphone 8” markalı mobil telefonlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına verilmişdir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks edən 01 ədəd disk maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir (cild 1,iş vərəqə 189-198). “İphone X” və “İphone 8” markalı mobil telefonlar məhkəmənin sorğusuna əsasən 21 iyun 2024-cü il tarixli məktubla Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 noyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir (cild 1, iş vərəqə 102). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 №-li qərarının 9cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X7 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci, 234.3-cü və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 16-cı bəndinin 3-cü abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıların” 1-ci Siyahısının 83-cü bəndinə əsasən – 800 (qram) və daha artıq çəkidə heroin xüsusilə külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışını həyata keçirtməməsi, 10 qram marixuana əldə etmək üçün telefonuna göndərilən şəkildə göstərilən ünvana getməsi, getdiyi ünvanda qoyulmuş narkotik vasitənin böyük olduğunu gördüyünə görə götürməsə də polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparılması, ibtidai istintaq dövründə psixoloji və fiziki təzyiqə məruz qalması səbəblərindən həmin narkotik vasitənin heroin olduğunu görsə də tərəfindən götürülməsi barədə etiraf edici ifadələr verməsinə dair məhkəmə iclasında dindirilən zaman qeyd etdiklərini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu, işin faktiki halları, o cümlədən özünün narkotik vasitənin satışı ilə məşğul olmasını birbaşa özündə əks etdirən sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Belə ki, məhkəmə əvvəla qeyd edir ki, Təqsirləndirilən şəxs ona qarşı fiziki güc tətbiq edilməsi, döyülməsi ilə bağlı ifadələri məhkəmə araşdırması zamanı Bakı İstintaq Təcridxanasından sorğu vasitəsilə əldə edilmiş tibbi müayinə sənədlərinin surətləri ilə inkar edilir. Həmin sənədlərdən görünür ki, Bakı İstintaq Təcridxanasına qəbul edilərkən təqsirləndirilən şəxs xəsarət almadığını qeyd etmiş, tibbi müayinədən keçirilərkən onun bədənində hər hansı xəsarət izləri aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılarkən məhkəmə iclasında narkotik vasitənin yerləşdirildiyi yerin göndərilən ünvana bir büküm narkotik vasitə marixuana əldə etmək üçün getsə də orada böyük bükümdə narkotik vasitə heroin olduğunu görüb həmin maddəni götürdüyünü bildirmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxsin tutulduğu gün, yəni 30 oktyabr 2023-cü il tarixdə şəkil üzrə narkotik vasitənin qoyulduğu yerə getməsinə dəlalət edən yazışmalar aşkar edilmişdir. Əlbir olduğu şəxslə əvvəlki yazışmalarından isə görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə satan həmin şəxsdən marixuana istəmiş, lakin pulunun olmadığını, işləyib verə biləcəyini bildirmiş, ona həmin yazışmalardan sonra “İnstagram” sosial şəbəkəsi üzərindən iran nömrəsi verilmiş, iran nömrəsi ilə əlaqə saxlayarkən səs danışıqları vasitəsilə hansı şərtlərlə işləyə biləcəkləri müəyyən edilmiş, 30 oktyabr 2023-cü il tarixdə saat 12:13 radələrində narkotik vasitənin qoyulduğu yerin şəkli və ünvanı (Mərdanov qardaşları, Friends restoranı ilə üzbəüz) Təqsirləndirilən şəxs göndərilmiş, 13:10 radələrində isə sonuncu həmin ünvana yaxın ərazidə, Şamil Əzizbəyov küçəsi 135-də saxlanılmışdır. Təqsirləndirilən şəxsin hansı növ və hansı miqdarda narkotik vasitə götürməsi üçün getməsini müəyyən etmək məqsədilə səs yazılarının məzmumunun dinlənilməsi üçün maddi sübut kimi tanınmış sonuncunun istifadəsində olan telefon məhkəmə iclasına gətirilsə də “WhatsApp” tətbiqi proqramının istifadə müddəti keçməsi səbəbindən həmin danışıqların məzmunu müəyyən edilə bilməmişdir. İnternet şəbəkəsinə qoşulması yolu ilə “WhatsApp” tətbiqi proqramının yenilənməsi üçün həmin telefon nömrəsinə pul yüklənmiş, lakin nömrənin şəbəkədən çıxarılması müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir.Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, törətdiyi cinayətin xarakteri və ictimai təlükəliliyini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 28-29), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 noyabr 2023-cü iİ tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 30 oktyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 92-95). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. 11 dekabr 2023-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( cild 1, iş vərəqə 128- 129). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1014,8 heroin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmənin təşəbbüsü ilə əldə edilərək tədqiq edilən “İphone X” və “İphone 8” markalı mobil telefonlar Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 114 (bir yüz on dörd) manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1,iş vərəqə 59). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1014,8 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus “İphone X” və “İphone 8” markalı mobil telefon ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1510/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1510/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver