Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1512/2025 17.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Namazov Fərid Arif oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi- Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 və Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclası təyin edilmiş və cinayət prosesi tərəflərinin iştirakı ilə aparılmış dinləmələr vasitəsilə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyü yoxlanmışdır. İttiham aktına görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 6,237 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 07 aprel 2025-ci il tarixdə saat 12:10da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 2aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə həmin tarixdə saat 14:22-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 6,237 qram olan külli miqdarda kustar üsulla hazırlanmış ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3-cü və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxır. Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Cinayət-Prosessual Məcəlləsinin 74.2.1-ci və 74.2.2-ci maddələrinin tələblərinə əsasən uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer, cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer isə davam edən cinayətin başa çatdığı yer hesab olunur. CPM-in 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərir. Həmin maddənin mənasına görə ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiala cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi yer başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 14 iyun tarixli 8 nömrəli Qərarının 5-ci bəndinin 4-cü abzasında izah olunmuşdur ki, narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyataxtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Bu izahın mənasına görə cinayət törətməsinə şübhənin olması ilə əlaqədar şəxsin polis orqanının əməkdaşları tərəfindən saxlanılması (yaxalanması), hətta polis əməkdaşları hazırkı iş üzrə ittiham aktında göstərildiyi kimi şübhəliyə üzərindəki narkotik vasitəni bir müddət (başqa yerdə şəxsi axtarış istintaq hərəkəti keçirilənədək) saxlamasına yol verdikləri halda belə, artıq şəxs tamamilə (o cümlədən üzərindəki narkotik vasitə) polis əməkdaşlarının nəzarəti altında olduğundan və zahirən narkotik vasitəni saxlaması və daşıması kimi görünən davranış əslində şəxsin öz iradəsinə uyğun olaraq hərəkət etməsindən deyil, polis əməkdaşlarının dövriyyəsi qadağan olunmuş və sübut əhəmiyyətli ola biləcək əşyanı şübhəlidən götürməmələrindən irəli gəldiyindən (onların iradəsi ilə tənzimlənən davranış olduğundan) cinayət əməlinin şəxsin polis əməkdaşlarının nəzarəti altına keçdiyi andan başa çatması anlamına gəlir və bu səbəbdən həmin (saxlanılma anından şəxsi axtarış istintaq hərəkəti keçirildiyi anadək davam edən) müddət ərzində də ictimai təhlükəli əməlin uzanması (törədilməsi) kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayətlər kateqoriyasına aid edildiyindən, həmin cinayət əməlinə məhkəmə aidiyyəti üzrə birinci instansiya məhkəməsi kimi ağır cinayətlər məhkəməsində baxılmalıdır. Hazırkı cinayət işinin materiallarından və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmunundan da görünür ki, Təqsirləndirilən şəxs 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 6,237 qram olan psixotrop maddə metamfetamini ünvan 1 ünvanının qarşısına üzərində saxlayaraq daşıdığından cinayət əməli törədildiyi yer baxımdan Sumqayıt şəhəri ərazisində, yəni Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə yurisdiksiyasına aid ərazidə başa çatmışdır. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş qərarın 8-1-ci bəndindən görünür ki, Sumqayıt şəhəri Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahidinə daxil edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.1. təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.2. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; 300.1.4. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 300.1.5. cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; 300.1.6. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; 300.1.7. cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən CPM-in 74.1-ci maddəsinin tələbi pozularaq bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinin baxılması Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən epizod üzrə cinayət əməlinin başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə, yəni Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət əməli kimi ağır cinayətlər məhkəmələrdə baxılmalı olduğundan və cinayətlərin başa çatdığı yer - əməliyyataxtarış tədbirlərinin gedişində saxlanıldığı ünvan 1 ünvanı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə başa çatdığından hazırki cinayət işinə baxılması aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Həmçinin, məhkəmə CPM-in 155.1-155.3-cü maddələrində nəzərdə tutulmu Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74, 75, 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
2. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılsın.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova